Məqalələr

Ramazan fiqhi-sual və cavablar

Orucun hökmü, niyyətin hökmü, səhur və iftar…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Orucun hökmü

Sual: Oruc nə deməkdir?
Cavab: Oruc — niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir.

Sual: Ramazan ayında oruc tutmaq vacibdirmi?
Cavab: Bəli vacibdir. Uca Allah buyurur: «Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.»(əl-Bəqərə surəsi, 183.)
«(Oruc günləri) Ramazan ayıdır ki, onda (həmin ayda) insanlara doğru yol göstəricisi, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran nazil edilmişdir. Sizlərdən kim bu aya yetişərsə, onu (həmin ayı) oruc tutmalıdır.» (əl-Bəqərə surəsi, 185.)

Sual: Oruc tutmaq kimlərə vacibdir?
Cavab: Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman Ramazan ayının orucunu tutmalıdır. Xəstə və müsafir olanlar isə başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur: «Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.» (əl-Bəqərə surəsi, 185.)

Sual: Bütün oruclar eyni hökmdədirmi?
Cavab: Xeyr! Hər orucun öz hökmü vardır. Oruc hökmlərə görə aşağıdakı qisimlərə bölünür:
— vacib oruclar: Ramazan ayının orucu, qəza, nəzir və kəffarə orucları;
— qadağan olunmuş oruclar: Ramazan və qurban bayramlarında, heyz və nifas halında tutulan oruclar. Həmçinin şəkk edilən gün,(Şaban ayının 30-u yoxsa, Ramazan ayının 1-i olduğunu yəqin bilməmək və həmin gün oruc tutmaq) həcc ziyarətində Ərafa günü,(Zil-Hiccə ayının 9-u.) təşriq günləri (Zil-Hiccə ayının 11-i, 12-si və 13-ü.) tutulan oruclar və xəstənin halını ağırlaşdıran oruc da buna aiddir. Habelə ərin izni olmadan qadının tutduğu nafilə orucu, cümə və şənbə günlərini xüsusiləşdirib oruc tutmaq da bura daxildir;
— müstəhəb oruclar: Birinci və dördüncü günlər, hicri aylarının 13-ü, 14-ü və 15-i, Məhərrəm ayının 9-u, 10-u və 11-i, Şəvval ayının istənilən altı günü, zil-Hiccə ayının ilk doqquz günü və hədislərdə varid olan başqa bu kimi oruclar;
— məkruh oruclar: Xəstəyə çətinlik törədən oruc;
— mübah oruclar: Müsafirin orucu;

Niyyətin hökmü

Sual: Ramazan ayını oruc tutmaq istəyən kəs nə zaman və necə niyyət etməlidir?
Cavab: Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki, qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək isə dində yenilikdir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır. Kimin hicrəti Allah və Onun rəsulu (hər ikisinin buyruqlarını yerinə yetirmək) üçündürsə, onun hicrəti (etdiyi hər bir əməl) Allah və Onun rəsulu (hər ikisinin razılığını qazanmaq) üçündür. (Onun savabını Allah verir.) Kimin də hicrəti dünyaya nail olmaq və ya qadınla evlənmək üçündürsə, onun hicrəti niyyət etdiyində tamamlanır. (İstədiyinə yalnız bu dünyada nail olur.)» ( Buxari və Muslim)

Sual: Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidirmi?
Cavab: Bəli, etməlidir.

Sual: Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərtdirmi?
Cavab: Məlumdur ki, Ramazan ayında hər gün dan yeri sökülməmişdən əvvəl səhur (Oruc tutanın səhər yeməyi) edən kəs əlbəttə, bunu oruc tutmaq üçün edir. Hərgah o, sadəcə səhər yeməyi yemək niyyətində olsaydı, onu bu vaxt etməzdi. Səhura qalxmayıb yatıb qalan şəxsə gəlincə, qeyd etmək lazımdır ki, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir.

Sual: Orucu pozmağı qətiyyətlə niyyət edən kəsin orucu pozulurmu?
Cavab: Orucu pozmağı qətiyyətlə niyyət edən kəs heç nə yeməsə də, içməsə də belə tutduğu oruc batil olur. Həmin şəxs orucuna davam etməli və o günün əvəzinə başqa aylarda bir gün oruc tutmalıdır.

Sual: Həm Ramazan orucunun qəzasını, həm də nafilə orucunu niyyət edib — iki niyyətlə bir oruc tutmaq olarmı?
Cavab: Buna aid heç bir dəlil-sübutun olmamağı onu göstərir ki, bunu etmək caiz deyildir.

Səhur və iftar

Sual: Səhur etmək şərtdirmi?
Cavab: Xeyr! Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: «Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Səhuru nə vaxt etmək yaxşıdır?
Cavab: Zeyd ibn Sabit (Allah ondan razı olsun) demişdir: «Biz Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) birgə səhur edib sonra namaz qıldıq. Ənəs (Allah ondan razı olsun) Zeyddən: «Namazla səhər yeməyinizin arasında olan vaxt nə qədər idi?» – deyə soruşduqda, o dedi: «Əlli ayə miqdarı qədər.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Hədisdən görünür ki, səhuru axır vaxtlarda etmək əfzəldir.

Sual: Əgər sübh namazının azanı verilirsə bu zaman yeməyə son qoyulmalıdırmı?
Cavab: Bəli, son qoyulmalıdır. Lakin qeyd etmək lazımdır ki, azan başladıqda əlində olan loxmanı yeyib qurtarmaq olar. Həmçinin də qalan suyu içmək olar.

Sual: Əgər hər hansı bir şəxs Ramazan ayında dan yeri ağarana yaxın oyanıbsa və onun boynunda cənabət qüslü varsa bu şəxs öncə qüsl etməlidir, yoxsa səhur etməlidir? Onu da qeyd edək ki, əgər bu şəxs öncə qüsl etsə səhura vaxt qalmayacaqdır. Eləcə də əgər öncə səhur etsə qüslü dan yeri ağardıqdan sonra etməli olacaqdır.
Cavab: Bu şəxsin səhuru önə çəkməsi daha əfzəldir. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir) Qüslün vaxtı geniş olduğundan onu dan yeri ağardıqdan sonra da edə bilər. Onun bu cür qüsl etməsi oruca heç bir xələl gətirmir. Aişə (Allah ondan razı olsun) və Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.)

Sual: İftarı nə vaxt etmək lazımdır?
Cavab: İftarı gün batdıqdan sonra edilir. Uca Allah buyurur: «Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.» (əl-Bəqərə surəsi, 187)

Sual: İftarı nə vaxt etmək yaxşıdır?
Cavab: İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: «İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: İftar vaxtı hansı dualar edilir?
Cavab: İftar vaxtı bu dualar edilir: «Zəhəbəz-zamə’u vabtəllətil-uruq va səbətəl-əcru inşəAllah”
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).

«Allahummə inni əs’əlukə birəhmətikəl-ləti vasiat kullə şey`in ən təğfira li”
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Sual: Təyyarədə olan şəxs nə vaxt iftar etməlidir?
Cavab: Əgər hər hansı bir şəxs gün batdıqdan sonra iftarını edib təyyarəyə minərsə, təyyarə göyə qalxdıqdan sonra günəşi görsə də belə orucu səhih sayılır. Əgər bu şəxs təyyarədə olarkən hələ günəş batmamışdırsa, onda iftarını günəş batdıqdan sonra edir.

Sual: Hər kim Ramazan ayının başladığını dan yeri ağardıqdan sonra xəbər tutubsa o nə etməlidir?
Cavab: Bu şəxs günün qalan hissəsini oruc tutmalıdır. Bu günün qəzasını sonradan tutmağa gəldikdə isə, alimlər bu barədə ixtilaf etmişlər. Əksər alimlərin fikrincə bu günün qəzası sonradan tutulmalıdır. Çünki bu şəxs günün müəyyən bir hissəsini niyyətsiz keçirmişdir. Əməllər isə niyyətlərə görədir.

Sual: Hər kim Ramazan əsnasında İslam dinini qəbul etmişsə ona tutmadığı günlərin qəzasını tutmaq vacibdirmi?
Cavab: Xeyr, vacib deyil. Çünki əvvəl o, qafil idi və oruc tutmaq da ona vacib deyildi. Odur ki, İslamı qəbul edən şəxs, əvvəl etmədiyi saleh əməllərin qəzalarını yerinə yetirmir. Uca Allah buyurur: «Kafir olanlara de: «Əgər onlar (öz küfrlərindən) əl çəksələr, keçmişdəki günahları bağışlanır.» (əl-Ənfal surəsi, 38)
O ki qaldı İslamı günorta qəbul etmiş kimsəyə, o, günün qalan hissəsini oruc tutur və onun orucu kamil oruc sayılır. Bu şəxs, həmin günün qəzasını tutmur. Çünki ona İslamı qəbul edənə qədər heç bir əməl vacib deyildi.

Sual: Əgər bir şəxs üzrlü səbəbdən orucunu açarsa və həmin gün də üzür aradan qalxarsa, o nə etməlidir?
Cavab: Bu şəxs yemək-içməyinə davam etməlidir. Oruca yenidən davam etmək isə ona vacib deyildir. Çünki həmin gün bu şəxsə yeyib-içmək üzrlü səbəbdən halal olmuşdur. Yeyib-içməyin ona yenidən haram olması barədə isə heç bir dəlil yoxdur. Lakin bu şəxs həmin günün qəzasını sonradan tutmalıdır.

Sual: Oruclu halda unudub yemək yeyən şəxs nə etməlidir?
Cavab: Bu şəxs xatırlayan kimi dərhal orucuna davam etməlidir. Bu halda onun orucu düzgün sayılır və ona sonradan qəza tutmağa ehtiyac yoxdur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Kim oruclu halda unudub yemək yeyərsə və ya bir şey içərsə orucuna davam etsin. Çünki onu yedirdən də, içirdən də Allahdır.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Oruc tutanlar

Birinci: Uşaq, ruhi xəstə, yaşlılar və zəiflər

Sual: Uşağa nə vaxtdan oruc tutmaq vacibdir?
Cavab: Uşaq həddi buluğa çatdıqdan sonra ona oruc tutmaq vacibdir. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs…» (Bu hədisi Əbu Davud rəvayət etmişdir)

Sual: Uşaq oruc tutarsa onun bu orucu səhihdirmi? Bu orucun savabı kimə yazılır?
Cavab: Onun orucu səhihdir və bu orucun savabı həm uşağa həm də valideynə yazılır.

Sual: Yaşlı insanlara oruc tutmaq hansı yaşlarından vacib deyildir?
Cavab: Yaşlı insan, oruc tutmağı bacarmadığı gündən etibarən orucunu tərk edir və oruc tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirir. Uca Allah buyurur: «Oruc tutmağa taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.» (əl-Bəqərə surəsi, 184)

Sual: Əgər insan ağlını itirərsə, ona oruc tutmaq vacibdirmi, tutmadığı günlərin əvəzinə fidyə verməlidirmi?
Cavab: Xeyr, bu halda ona nə namaz, nə də oruc vacibdir. Eləcə də oruc tutmadığına görə fidyə vermək ona vacib deyildir. Amma bu cür şəxslərə öz mallarından zəkat vermək vacibdir. Çünki zəkat malın özü ilə bağlıdır. Ona görə də bu cür insanları himayə edən hər bir şəxs onların mallarından zəkat verməlidir. Uca Allah buyurur:
«Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlardan) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan.» (ət-Tövbə surəsi, 103)

İkinci: Xəstələr

Sual: Xəstəyə oruc tutmaq vacibdirmi?
Cavab: Əgər bu şəxsin xəstəliyi xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq ona zərər verirsə, o, orucu tərk etməli və tutmadığı hər günün əvəzinə bir kasıb yedizdirməlidir. Əgər onun xəstəliyi xroniki deyilsə, onda o, xəstə olduğu müddətdə oruclarını tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur: «Müəyyən sayda olan günləri [oruc tutmalısınız]. Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.» (əl-Bəqərə surəsi, 184)

Sual: Əgər həkim hər hansı bir xəstəyə bir neçə il oruc tutmağa icazə vermirsə bu şəxs nə etməlidir?
Cavab: Əgər bu həkim öz ixtisasında mahirdirsə və eyni zamanda e’tibarlı həkimdirsə onun dediklərinə tabe olmaq lazımdır. Tuta bilmədiyi günlərin qəzasına gəlincə, əgər bu şəxsin xəstəliyi sağalan xəstəlikdirsə o, həmin günlərin qəzasını sağaldıqdan sonra dərhal tutmalıdır. Hətta bu günlərin sayı bir neçə ay olsa da belə. Əgər bu şəxs sağaldıqdan sonra qarşıdan gələn Ramazan ayına qədər qəzalarını tutmayıbsa qəzalarla bərabər həmin günlərin sayı qədər kasıb da yedizdirməlidir.
Əgər bu şəxsin xəstəliyi xroniki xəstəlikdirsə, onda o, oruc tutmadığı günlərin sayı qədər kasıb yedizdirməlidir.

Sual: Hansı xəstəliklərə görə orucu tərk etmək olar?
Cavab: Əgər oruc tutmaq insanın hər hansı bir xəstəliyini artırarsa, və ya xəstəliyinin sağalmasına əngəl törədərsə, yaxud həmin şəxsə əziyyət verərsə, və yaxud da xəstəliyin sağalmasını gecikdirərsə bu şəxs sağalana qədər orucu tərk edir.

Üçüncü qisim: Müsafir

Sual: Müsafir üçün oruc tutmaq əfzəldir, yoxsa onu tərk etmək? Xüsusən də heç bir çətinlik olmayan səfərdə.
Cavab: Ümumiyyətlə, səfər ağır da olsa, yüngül də olsa müsafir üçün oruc tutmamaq daha əfzəldir. Həmzə bin Amr əl-Əsləmi Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) belə dedi: «Ey Allahın elçisi! Mən səfərdə olarkən özümdə oruc tutmağa qüvvə hiss edirəm. Əgər oruc tutsam mənə günah olarmı?» Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona belə cavab verdi: «Bu Allahdan (müsəlmanlara olan) rüsxətdir. Kim onu götürərsə yaxşı iş görmüş olar. Kim də oruc tutmaq istəyərsə ona heç bir günah olmaz.» (əl-Bəqərə surəsi, 184) Lakin kim səfərdə olarkən oruc tutarsa, heç bir ziyanı yoxdur. Çünki Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) səfərdə olarkən həm oruc tutmağı, həm də tutmamağı varid olmuşdur. Səhabələr də belə etmişlər. Ənəs ibn Malik demişdir: «Biz Ramazan ayında Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) birgə səfərdə idik və bizlərdən bəziləri oruc tutmuş, digərləri isə tutmamışdı. Nə oruc tutan tutmayanı, nə də tutmayan tutanı qınayardı.»(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)
Lakin səfər ağır və məşəqqətli olarsa müsafirin oruc tutması məkruh sayılır. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bir dəfə səfərdə ikən oruc tutan və istinin şiddətindən əziyyət çəkən bir kişini görüb belə dedi: «Səfərdə oruc tutmaq heç də yaxşı əməl deyil.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Ramazan ayında səfərdə olarkən günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olarmı?
Cavab: Ramazan ayında səfərdə olan şəxs orucunu, orucu pozan amillərdən hər hansı biri ilə poza bilər. Çünki oruc tutmaq onun üçün heç də vacib deyildir. Uca Allah buyurur: «Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.» (əl-Bəqərə surəsi, 184) Lakin bu şəxs sonradan həmin günün qəzasını tutmalıdır.

Sual: Oruc tutan şəxs həmin gün ərzində səfərə çıxarsa, orucunu poza bilərmi?
Cavab: Bəli, poza bilər.

Sual: Səfər üçün müəyyən bir müddət varmı? Bu müddət bitdikdən sonra oruc tutmaq vacibdirmi?
Cavab: Səfər üçün müəyyən bir müddət yoxdur. Odur ki, müsafir səfərdən qayıdana qədər Allahın ona verdiyi rüsxətdən istifadə edə bilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazan ayının iyirmisi Məkkəyə daxil olmuş və (müsafir olduğu üçün) bu ayın axırına qədər oruc tutmamışdır.(Bu hədisi Buxarı rəvayət etmişdir)

Sual: Oruc tutmayan müsafir gün batmamışdan əvvəl səfərdən qayıtsa, günün qalan hissəsini oruc tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Orucu pozmaq niyyəti ilə səfərə çıxmağın hökmü nədir?
Cavab: Bu, hiylə olduğu üçün haram sayılır.

Dördüncü qisim: Heyz və ya nifas halında olan qadın

Sual: Heyz və nifasa görə orucunu tərk edən qadın onun qəzasını tutmalıdırmı?
Cavab: Bəli tutmalıdır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, «Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı.»(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Sual: Heyz və nifas halında olan qadın gündüz vaxtı bundan təmizlənsə, günün qalan hissəsini oruc tutmalıdırmı?
Cavab: Xeyr, tutmamalıdır. Lakin həmin günün qəzasını tutmalıdır.

Sual: Qadın gün batmamışdan əvvəl heyz və ya nifas olarsa, həmin günün qəzasını tutmalıdırmı?
Cavab: Bəli, tutmalıdır.

Sual: Qadın dan yeri ağarmamışdan əvvəl heyz və ya nifasdan təmizlənib oruc tutsa və gün ərzində paltarında sarı ləkə görsə həmin günün qəzasını tutmalıdırmı?
Cavab: Xeyr! Ummu Atiyyə (Allah ondan razı olsun) rəvayət edir ki, «Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı ləkəni bir şey saymazdıq.«(Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Beşinci qisim: Hamilə və ya süd verən qadın

Sual: Hamilə və ya süd verən qadın məşəqqətə görə tutmadığı orucların qəzasını tutmalıdır, yoxsa buna görə kəffarə ödəməlidir?
Cavab: Hamilə və süd verən qadının halı xəstənin və müsafirin halına bənzəyir. Odur ki, o, sonradan bu orucların qəzasını mütləq tutmalıdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Həqiqətən, Allah müsafirə orucu və namazın yarısını, hamilə və süd verən qadına isə orucu keçmişdir.» (Bu hədisi Əhməd və «Sünən» əsərlərinin müəllifləri rəvayət etmişlər) Bu rəyi dəstəkləyən alimlər:
Mücahid,(Beyhəqinin «Sunən» əsəri, 4/230-231)
İkrimə,(Abdurrəzzaqın «Musannəf» əsəri, 7564)
Həsənul-Basri və İbrahim ən-Nəxəi,(«Fəthul-Bari» 8/225 – «əl-Bəqərə» surəsi, 184-cü ayənin təfsiri; Beyhəqinin «Sunən» əsəri, 4/230-231.)
əl-Əvzai,(«Fəthul-Bari» 8/226 – «əl-Bəqərə» surəsi, 184-cü ayənin təfsiri;)
Malik, Şafii və Əhməd,(Şövkaninin «Neylul-Əvtar» əsəri, 4/273; Tirmizinin «Sunən» əsəri, 3/94)
ibnul-Qeyyim,(«Zadul-Məad» 2/30-31)
Xəttabi,(«Avnul-Məbud» 6/309)
əl-Mubarakfuri,(«Töhvətul-Əhvvəzi» 3/329-331)
ibn Baz,(Useyminin fətvaları, 1/540-541)
Useymin və başqaları.(Ləcnənin fətvaları, 1/540-541)

Sual: Doğuşdan əvvəl hamilə qadından gələn su orucu pozurmu?
Cavab: Xeyr, pozmur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Toplayıb nəql etdi: Elman Qasımov