Məqalələr

Ramazan bitdi — İmanımız təzələndimi?

“Allahım, sən qəlbləri dəyişirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt! ”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Edilən əməllər baxımından Ramazan ayını başa vuran insanları 3 qismə bölmək olar.

Birinci, o kəslər ki, Ramazan ayında dayanmadan ibadət edirdilər, xeyir işlər görürdülər, xeyir işlərdə bir-biri ilə yarışırdılar, Ramazan bitdikdən sonra da xeyir işlərində davamlı olaraq qalarlar və bacardıqları qədər yaxşı əməllərini daha da artırarlar.

İkinci qism, Ramazanda var gücləri ilə ibadət etdikləri, xeyir işlər gördükləri halda, Ramazan ayı bitdikdən sonra ibadətlərində nəinki sabit qalarlar, hətta xeyir əməllərini azaldarlar. Ramazanda tərk etdikləri günahlara qayıdarlar.

Halbuki bizə Ramazanda günahlardan uzaq olmağı, ibadət etməyi əmr edən Uca Allah, Ramazandan sonra da, ömrümüzün sonuna qədər bu gunahları tərk etməyi və ibadəti bizə əmr etmişdir. Ramazan ayının Rəbbi(Ağası) olan Allah başqa ayların da Rəbbidir.

Ramazan ayında tövbə etməyə fürsət tapıb Allaha qayıdan insan günahlardan təmizləndikdən sonra necə təkrarən günahlara qayıda bilər ki?!
Dilini qeybətdən, yalandan, nəmmamlıqdan qoruyaraq, mən orucam deyən müsəlman, Ramazandan sonra necə bu günahları rahat edə bilər ki?!

Üçüncü qism insanlar isə o kəslərdir ki, Ramazandada Allaha ibadət etmirdilər, Ramazan çıxdıqdan sonra da halları bu cür qaldı. Bu kəslər ziyana uğrayan kəslərdir ki, tövbə edib Allaha dönmələri gərəkdir.
Birinci qism insanlardan olmaq üçün Ramazan ayında qazandığımız savab əməlləri daha da artırmalı, başladığımız ibadətləri davam etməliyik. Bunun üçün imanımızın hansı səviyyədə olduğuna nəzər salmalıyıq.

Çünki imanının artıb azalan vaxtları olur. Bəzən bu iman zəifliyi nəinki aradan qalxmır, hətta getdikcə aşağıya doğru enir. Allah təalanı daim zikr etməyən, Onun əzəmətini və hər şeyi görüb-bildiyini hiss etməyən müsəlmanın imanı həmişə zəifləyir və hətta yox dərəcəsinə belə çatır. Keçmişimizə, yəni İslamın ilk dövrünə nəzər salsaq, səhabələrin və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) davamçılarının necə yaşadığını öyrənsək, aramızdakı dəhşətli fərqi görərik.

Əbu Bəkr (Allah ondan razı olsun) bir gün bağçada bir nəfərlə gəzərkən, bir quş görür. O quşu diqqətlə izləyir, sonra başlayır ağlamağa. Yanındakı ondan niyə ağladığını soruşanda O: «Quş istədiyi yerə uçur, istədiyi yerə qonur, istədiyini yeyir, amma etdiklərinə görə hesaba çəkilmir. Kaş, bir quş kimi olaydım, etdiklərimə görə Rəbbim məni hesaba çəkməzdi.»

Səhabələr və onlardan sonra gələnlər hər əməl və addımlarında Allahın rizasını qazanmaq üçün hərəkət edirdilər. Çünki onlar bilirdilər ki, insanın qəlbi dəyişkəndir. Müxtəlif səbəblər üzündən çevrilə bilər və imanın zəifləməsinə səbəb olar.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurduğu kimi , «Qəlb çöldə torpaq üzərinə düşən lələk kimidir, külək onu o tərəf bu tərəfə çevirər» (İbn Əbi Asim, «Kitəb əs-Sünnə», № 227; «Zilal əl-cənnə fi təxricu əs-sünnə», 1/102. Sənədi səhihdir). Başqa bir hədisdə buyurur: «Adəm övladının qəlbi fikirlərlə coşub-daşdığı vaxt daha da dəyişkən olar» . (İbn Əbi Asim, «Kitəb əs-Sünn, № 226; «Zilal əl-cənnə fi təxricu əs-sünnə» 1/102. Sənədi səhihdir).

Allah sübhanəhu və təala qəlbləri dəyişdirən və yönləndirəndir. Necə ki, Abdullah bin Amr Amr bin As Rəsulullahdan belə eşitdiyini rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Həqiqətən, Adəm övladının hamısının qəlbi tək bir qəlb kimi ər-Rəhmanın barmaqlarının ikisinin arasındadır. Onu necə istəyər, elə də çevirər» . Sonra Rəsulullah (Allahın ona salavat və salamı olsun) dedi: «Allahım, sən qəlbləri dəyişirənsən! Bizim qəlblərimizi sənə itaət etməyə yönəlt!».(Müslim, № 2654) .

Etdiyimiz əməllərdə sabit qalmaq üçün imanımızı daima təzələməliyik. Bunun üçün isə imanın zəiflik təzahürlərini özümüzdə görməyi bacarmalıyıq. Bu barədə xatırlatma verəcəyəm ki, hər bir kəs özünü hesaba çəksin və imanın zəiflik təzahürlərini özündə görə bilsin. Çünki istənilən xəstəlikdən müalicə olunmaq üçün əvəllcə ona düzgün diqnoz qoyulmalıdır. Yəni xəstəliyin nə olduğu tapılmalıdır.

Əgər biz günah işlədiriksə və bu günahlara israrla davam ediriksə bir müddət sonra etdiyimiz günah bizim üçün qəbahət sayılmırsa və etdiyimiz günah barədə başqalarına da açıb danışırıqsa deməli bizdə artıq iman zəifliyi vardır.

Bu barədə Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Günahlarını yayan kəslərdən başqa bütün ümmətim bağışlanar. Bir kəs gecə bir günah iş görər, səhər açılarkən isə Allah onun günahını örtər. Bunun əksinə həmin şəxs, «ey filankəs mən dünən gecə filən işi gördüm» deyərsə, axşam yatarkən Allah onun günahını örtdüyü halda, səhər açılarkən Allah pərdəni ondan götürər» (Buxari, «Fəth əl-Bari», 10/486).

Həmçinin əgər qəlbimiz sərtləşmişsə, ölüm barədə danışıldıqda, cənazə gördükdə təsirlənib, Axirət, qəbir əzabı barədə düşünmürüksə deməli qəlbimiz xəstlənmiş, imanımıza zəifləmişdir. Necə ki, Allah təala daş qəlbli insanları daşla müqayisə edərək buyurur: «Bundan sonra qəlblərimiz yenə sərtləşərək daş kimi, bəlkə də daha sərt oldu» (əl-Bəqərə, 74) .

Namaz qılarkən, Quran oxuyarkən, səhər axşam zikrlərini edərkən mənaları haqqında dərindən fikirləşmiriksə, əzbərdən bildiyimiz zikirləri tez və cansıxıcı şəkildə deyiriksə imanımız zəifləmişdir demək. Halbuki hədisdə deyildiyi kimi Allah sübhanəhu və taala «… qafil qəlbin duasını qəbul etməz». (Tirmizi, 3479; «Səhih hədislər silsiləsi», 594) .

İbadətlərimizdə tənbəllik ediriksə, sünnə ibadətlərini yerinə yetirmiriksə, xeyir əməllər etmək üçün fürstələri qaçırırıqsa, birsözlə savab qazanmağa əhəmiyyət vermiriksə imanımız zəifləmiş və qəlbimiz xəstələnməyə doğru gedir demək. Uca Allah buyurur: «Onlar namaza durduqda yerlərindən tənbəlliklə qalxarlar». (ən-Nisa, 142).
İbadətin digər növləri də buna aiddir. Belə ki, imkan olduğu halda Həcc etməyi gecikdirmək, camaat və cümə namazlarına gecikmək də buna aiddir.

Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur : «Bir qövm nə qədər ki, ilk sıraya gecikir, Allah onları odda buraxar» .( Əbu Davud, 679; «Səhih ət-Tərğib», 510).
Hansı ki, belə insanlar vacib bilinən namazlara biganə yanaşaraq yatıb qaldıqda vicdan əzabı hiss etməzlər. O insanlar savab qazanmaq istəməz, əksinə buna ehtiyac belə duymazlar. Allah isə bu cür insanların əksi olanlar barədə buyurur: «Onlar xeyir işlər görməyə tələsər, rəğbət və qorxu ilə Bizə ibadət edərlər. Onlar bizə müti idilər» (əl-Ənbiya, 90) .

Əgər bizlərdən biri özünü ağır yükün altında olan kəs kimi hiss edirsə, tez əsəbləşirsə, adi bir şeyə görə qalmaqal yaradırsa, ətrafındakı insanların hərəkətlərindən qəlbi sıxılırsa bu insanın imanı zəifləmişdir. Çünki bu insanda səbirdən əlamət qalmamışdır. Halbuki Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «İman səbr və əliaçıqlıqdır» . («Səhih hədislər silsiləsi», 554, 2/86) .

Digər hədisdə isə Rəsulullah (Allahın ona salavat və salamı olsun) mömini bu cür vəsf edir: «Əsl mömin səmimi olan və dostluq yaradandır. Bunları etməyən insanda xeyir olmaz». («Səhih hədislər silsiləsi», 427) .
Əziz müsəlmanlar, zəif imanı olan kəs Qurana qulaq asmaqdan qaçar, ona davamiyyətli qulaq asmaqdan bezər, hər dəfə Quranı açdıqda isə az qalar ki, onu bağlasın. Çoxlarımız və bəlkə də demək olar ki, bir-ikimiz istisna olmaqla hamımız Allah təalanın kəlamını adi bir söz kimi qəbul edirik. Quran oxuyarkən, dinləyərkən və yaxud namazda oxunarkən bu sözlərin kimə məxsus olduğuna diqqət yetirmirik. Buna görə də Rəbbimizin buyurduqları bizə təsir etmir.

Həmçinin Allah taalanı zikr etməkdən, ona dua etməkdən uzaq olmaq da imanın zəifliyindən xəbər verir. Bu zaman zikr etmək zikr edən üçün çətin olur, qəzəbli olarkən şeytandan Allaha sığınmaq istəmir. Uca Allah buyurur: «Onlar Allahı olduqca az yad edərlər» (ən-Nisa, 142) .
Əziz müsəlmanlar, əgər qəlbdəki iman alovu sönübsə Allahın əmrinə qarşı çıxan birini gördükdə əzalar inkar etmək xüsusiyyətini tamam itirir. Həmin qəlb öz sahibinə yaxşı işlər görməyi əmr edib pis işləri qadağan etmir. Həmin qəlbin sahibi Allah qarşısında həya etmir.

Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Fitnələr qəlblə təkrar-təkrar üzləşər. O, fitnələr hansı qəlbə tamamilə daxil olarsa, orada qara nöqtə qoyar» . Rəsulullahın (Allahın ona salavat və salamı olsun) hədisin sonunda qeyd etdiyi kimi, iş o yerə çatar ki, «qəlb getdikcə qaralmağa başlayar, xeyir işlər görməz, pis işlərdən üz döndərməz, yalnız öz istəklərini yerinə yetirər» . (Müslim, 144).

Əgər bizim qəlbimizdə yaxşı işlər etməyə sevgi sönmüşsə , həmçinin pis işlərə nifrət etmək hissi sönmüşsə deməli imanımız zəifləmişdir. Çünki hər hansı bir yaxşılığı etmək və günah işlətmək qəlblə bağlı işdir. Günahı təsdiqləyən şəxs onu etmiş kimidir. Necə ki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) səhih hədisdə buyurur: «Əgər yer üzərində bir xəta işlənərsə, və kimsə o xətanın şahidi olarkən ona pis baxarsa, yaxud onu inkar edərsə, sanki onu görməmiş kimidir. Və əgər kimsə o xətanın şahidi olarkən onu inkar etməzsə, o kəs həmin xətanı işləmiş sayılar» (Əbu Davud, 4345; «Səhih əl-Cami», 689).

Əziz müsəlmanlar, əgər bu sadaladıqlarımdan hansısa biri bizim imanınızda kök salıbsa, o zaman Allahdan qorxub, bunları islah etməyə çalışmalıyıq.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: UmmuHamza