Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
1. Bu ayın xüsusiyərlərindən; İslamın beş şərtindən biridir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.” (əl-Bəqara 183) İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (Allahın ona salavat və salamı olsun) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq.” (Buxari)
2. Bu ayın xüsusiyərlərindən; Uca Allah bu ayda Quranı nazil etmişdir. “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.” (əl-Bəqara 185)
3. Bu ayın xüsusiyərlərindən; bu ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlara zəncir vurulur. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ramazan ayı yetişdiyi zaman Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları qapadılır və şeytanlara zəncir vurulur.” (əl-Buxari, Muslim)
4. Bu ayın xüsusiyərlərindən; Savablar dahada çoxalır.
5. Bu ayın xüsusiyərlərindən; bu ayda kim ki oruc olan bir nəfəri yedizdirərsə onada oruc tutan qədər savab yazılar. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim oruc tutan bir kimsəni yedizdirərsə onada oruc tutanın savabından azalmayaraq o qədər savab yazılar.” (Tirmizi)
6. Bu ayın xüsusiyərlərindən; bu ayda qədr gecəsi vardır. Bu gecə min aydan daha xeyirlidir. Kim bu gecənin xeyirindən məhrum olarsa böyük bir xeyirdən məhrum olmuş olar. “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur.” (əl-Qadr 1-5)
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər kəs Qədr gecəsində imanla, mükafatını (yalnız Allahdan) umaraq ibadət edərsə, keçmiş günahları bağışlanar.” (əl-Buxari, 35)
7. Bu ayın xüsusiyərlərindən; bu ayda mələklərin yerə enməsi çoxalır. “O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.” (əl-Qadr 4)
8. Bu ayın xüsusiyərlərindən; bu ayda bizi digər ümmətlərdən fərqləndirən səhur vardır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bizimlə kitab əhlinin orucunda fərqi səhur etməkdədir.” (Muslim)
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Səhur yeməyini yeyin! Həqiqətən, səhurda bərəkət var.” (əl-Buxari, 1923)
9. Bu ayın xüsusiyərlərindən; bu ayda əzəmətli Bədr döyüşü olmuşdur. Bu döyüşdə mələklər nazil olaraq möminlərlə birlikdə kafirlərə qarşı vuruşmuşlar və müsəlmanlar böyük qələbə qazanmışdılar.
10. Bu ayın xüsusiyərlərindən; bu ayda ümrə edən Peyğəmbərlə həcc etmiş kimi olur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ramazanda edilən ümrə həccə (və yaxud da buyurmuşdur) mənimlə birlikdə edilən həccə bərabərdir.”
11. Bu ayın xüsusiyərlərindən; bu ayda Məkkə fəth edilmişdir və həmin gündən Məkkə İslam diyarı olmuşdur.
12. Bu ayın xüsusiyərlərindən; günah və xətaların silinməsi. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Beş namaz, cümədən cüməyə, Ramazandan-ramazana böyük günahlardan çəkinərsə bunlar arasında olan kiçik günahlar bağışlanar.” (Muslim)
13. Bu ayın xüsusiyərlərindən; təravih namazı bu ayda qılınır. Müsəlmanlar bu ayda Allahın evlərində yığışaraq digər aylarda qılınmayan təravih namazlarını qılırlar.
14. Bu ayın xüsusiyərlərindən; bu ayda edilən əməllər digər aylardakından daha xeyirlidir. Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun): Hansı sədəqə daha xeyirlidir? – deyə soruşduqda “Ramazanda verilən sədəqə deyə cavab verdi.” (Tirmizi və Beyhəqqi)
15. Bu ayın xüsusiyərlərindən; insanlar bu ayda daha səxavətli olurlar. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir: “Allahın elçisi (Allahın ona salavat və salamı olsun) insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allahın elçisi (Allahın ona salavat və salamı olsun) xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı.” (Buxari və Muslim)
16. Bu ayın xüsusiyərlərindən; bu ayda xeyir, xeyir əhli, müsəlmanların məscidə gəlmələri çoxalır.
Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Solanov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Leave a Comment