Ramazan ayı

Ramazan ayının fəziləti və xüsusiyyətləri

Ramazan ayını mübarək, rəhmət və bağışlanma ayı edən tək Allaha Həmd olsun. Özündən sonra Peyğəmbər olmayan Muhəmmədə Allahın salavat və salamı olsun.

Həqiqətən Allahu Təalə öz hikməti ilə qullarını müyyən xüsusiyyətlərlə bir-birindən üstün etdiyi kimi, ayları, günləri və gecələri də müyyən xüsusiyyətlərlə biri-birindən üstün etmişdir. Allahu Təalə Ramazan ayını digər aylardan, cümə gününü digər günlərdən, qədir gecəsini isə digər gecələrdən üstün etmişdir.

 

Ramazan ayı hicri təqvimi ilə 9-cu ay hesab edilir. Ramazan ayı oruc ayı sayılır, bu aya Quran ayı da deyilir. Allah məhz Ramazan ayının qədir gecəsində Qurani-kərimi Peyğəmbərimiz Məhəmmədə (Sallallahu aleyhi və Səlləm) nazil etmişdir. Qədir gecəsi min gecədən daha xeyirlidir və bu gecə elə bir gecədir ki, o gecə Mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enər və O gecə sübh açılanadək əmin-amanlıq olar. Kim o gecəni imanla və savabını Allahdan umaraq keçirərsə, Allah onun keçmiş günahları bağışlayar.

 

Ramazan ayının fəzilətləri və xüsussiyyətləri:

 

Ramazan ayının çox böyük fəzilətləri və möhtəşəm xüsusiyyətləri vardır ki, onu başqa aylardan əzəmətli edir. Bu ay İslamda çox böyük yer tutur. Bu ayın orucunu tutmaq İslamın beş əsasından dördüncü əsas sayılır. Hər bir müsəlmana vacibdir ki, bu ayı oruc tutsun. Allahu Təala buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَما كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُون

«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.» (əl-Bəqərə surəsi, 183).

 

Bu ayın fəzilətinə dair bir çox ayə və hədislər varid olmuşdur. Bu ayə və hədislərdən bəziləri aşağıdakılardır:

 

1- Bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar və Şeytanlar zəncirlənər:

Əbu Hureyra rəvayət edir ki, Ramazan gəldikdə Peyğəmbər (sallallahu aleyhivə səlləm) Sahəbələrini müjdələyər və deyərdi: «Artıq sizə mübarək Ramazan ayı gəlmişdir. Allah sizə bu ayda oruc tutmağı fərz etmişdir. Bu ayda Cənnətin qapıları açılar Cəhənnəmin qapıları kilidlənər, Şeytanlar bağlanar. Bu ayda elə bir gecə vardır ki, min gecədən daha xeyirlidir.»

 

Başqa rəvayətdə isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: «Ramazan ayı gəldikdə cənnətin qapıları açılar cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər». (əl-Buxari, 1899).

 

2- Ramazan ayı və onun orucu keçmiş günahlara kəffarədir:

Ramazan ayını digər aylardan daha üstün edən başqa bir səbəb bu ayda Allahın keçmiş günahları bağışlamasıdır.

Əbu Hureyradan gələn hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurur:

«Beş vaxt fərz namazı, cümə ilə cümə arası və Ramazanla Ramazan arası böyük günahlar istisna olmaqla (kiçik) günahlar üçün kəffarədir.»

 

Başqa rəvayətdə isə belə buyur:

«Kim qədir gecəsini imanla və savabını Allahdan umaraq keçirərsə, onun keçmiş günahları bağışlanar və kim Ramazan ayının orucunu imanla və savabını Allahdan umaraq tutarsa onun keçmiş günahları bağışlanar.» (Səhih Buxari, 35).

 

3- Qurani Kərimin bu ayda nazil olması:

Ramazan ayınının mübarək və şərəfli olmasına ən böyük və ən əsas səbəb Quranı Kərimin bu ayda nazil olmasıdır.

Allahu Təalə buyurur:

شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَىٰ وَالْفُرْقَان

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran ramazan ayında nazil edilmişdir.” (Əl-Bəqərə surəsi,185).

 

Həmçinin Uca Allah buyurur:

إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ

«Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz xəbərdarlıq edirik.» (əd-Duxan surəsi, 3).

 

Başqa surədə isə Uca Rəbbimiz belə buyur:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

«Mərhəmətli və Rəhimli Allahın adi ilə. Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!» (əl-Qədr surəsi, 1)

 

4- Ramazan ayında ümrə etməyin Peyğəmbərlə (sallallahu aleyhivə səlləm) həcc etməyə bərabər olması:

Peyğəmbər (sallallahu aleyhivə səlləm) buyurmuşdur: «Ramazanda edilən ümrə, Həcc etməyə bərabərdir» (Səhih Buxari, 1863).

 

Həmçinin başqa rəvayətdə Peyğəmbər (sallallahu aleyhivə səlləm) belə buyurmuşdur: «Ramazanda edilən ümrə mənimlə Həcc etməyə bərabərdir.» (Səhih Buxari, 1782)

 

5- Təravih namazı:

Ramazan ayını digər aylardan fərqləndirən cəhətlərdən biri də bu ayda təravih namazlarının qəlınmasıdır. Bu namaz, qiyam namazı da adlanır. Bu namaz yalnız Ramazan ayında qılınır.

 

Əbu Hureyra Peyğəmbərin (sallallahualeyhi və səlləm) belə dediyini rəvayət edir: «Kim Ramazanı imanla və savabını Allahdan umaraq qiyamda keçirərsə, onun keçmiş günahları bağışlanar.» (Səhih Buxari, 1920).

İmanla: yəni fəzilətinə etiqad edib haqq olduğunu təsdiqləyərək.

Savabını Allahdan umaraq: yəni bu əməlində yalnız Allahın razılığını istəyib, insanlara özünü göstərmədən etməyidir.

«Kim Ramazanı qiyamda keçirərsə.» İmam Nəvəvi (rahiməhullah) bu sözləri belə izah etmişdir: «Bu ifadə rəğbətləndirmək mənasını verir, bu əməlin vacibliyinə dəlalət etmir. İslam ümməti icma etmişdir ki, Ramazanı qiyamda (Namazda) keçirmək müstəhəbdir vaciblərdən deyildir.» (Səhih Müslimin şərhi, səh 40).

 

6- Etikaf etmək:

Aişə (radiyAllahu anhə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Ramazanın son on gününü etikaf edərdi. O vəfat edənə kimi bu əməlinə davam etdi. Vəfat etdikdən sonra isə zövcələri etikaf etdilər.» (Səhih Buxari,1937)

 

Etikaf: yəni, ibadət üçün Məscidə qapanmaq. Bu əməlin hökmü müstəhəbdir, yəni vacib deyil.

 

7- Ramazan ayı Quran öyrənmək və comərdlik ayıdır:

Ramazan ayı Quran öyrənmək, oxumaq, xətm etmək, ayələrin mənalarını düşünmək, anlamaq üçün böyük fürsətdir. Bütün işlərdə olduğu kimi bu işdə də bizim üçün ən gözəl örnək Peyğəmbəimizdir (sallallahualeyhi və səlləm). İbn Abbas (radiyAllahu anhumə) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) insanların ən comərdi idi. Ramazan ayı gəldikdə isə daha comərd olar, Cəbrayılla (aleyhissələm) hər gecə görüşüb onunla Quran oxuyardı.» (Səhih Buxari, 1902).

 

Sonda: Bu Ramazanın fəzilətləri və xüsusiyyətləri barədə mənə yazması asanlaşan müxtəsər məqalədir. Allah bizi sevdiyi və razı qaldığı əməllərə müvəffəq etsin. Ediyimiz saleh əməlləri qəbul etsin və bu əməlimi də xalis Onun Üzü xətrinə edilən əməllərdən qəbul etsin!

 

Allummə salli və səllim və bərik alə Abdikə Rasulikə Məhəmməd və alə əlihi və sahbihi əcməin.

Elvin Movlayev

Mədinə şəhəri Beynəlxalq İslam Universitetinin tələbəsi