Aktual Müxtəlif Oruc Ramazan ayı

Ramazan ayı- Faydalı keçərsə!

Allah Təala bizə bu fürsəti verdiyinə görə biz də bu aydan — Ramazandan daha çox  faydalanmalıyıq.

 

Qeyd edilənləri tətbiq etdiyimiz halda biz bu ayı faydalı keçirmiş və bu ayın şükrünü layiqincə vermiş olarıq.

 

  1. Ramazan ayının gəlişinə görə sevinməliyik. Və buna görə çoxlu şükr etməliyik. Nə qədər insanlar vardır ki, bu ayın necə gəlib — getdiyini belə bilmirlər. Bu ayın onların həyatında digər aylardan heç bir fərqi yoxdur. Buna görə Allaha daha çox şükr etməliyik ki, bizi bu ayı tanımağı müvafiq edib. Həmçinin şükr etməliyik ki, bu aydan savab əməllərimizi artıraraq faydalana bilməyimiz üçün bizim bədənimizə güc verib. Çünki ətrafımızda nə qədər qoca, xəstə insanlar vardır ki, bu aydan lazımınca istifadə edə bilmirlər. Gərək biz hər birimiz bu barədə düşünək və bunu dəyərləndirək.

 

  1. Günahlarımıza, etdiyimiz xətalara görə tövbə edib bu aya təmiz girməliyik. Ramazan ayı günahlara tövbə edə bilmək üçün bir fürsətdir. Amma elə tövbə etməliyik ki, tövbənin şərtlərinə uyğun olsun. Belə ki, pis əməllərimizə tövbə edərkən həmin əməlin günah olduğunu anlamalı, həmin günaha görə peşman olmalı, bu əmələ bir daha qayıtmamağa özümüzə söz verməli və əgər günah işi edərkən bir kəsin haqqına girmişiksə halallıq almalıyıq. Yalnız bu halda etdiyimiz tövbə Allahın izni ilə qəbul olar.

 

  1. Orucu yalnız Allah üçün tutmalıyıq. Yəni ətrafda olan kəslərin oruc tutması səbəbi ilə, onlardan geri qalmamaq üçün, oruc tutmadığımıza görə insanların qınamasından qorxduğumuz və s. başqa bu cür səbəblərə görə deyil, yalnız Allah üçün, Allahın əmri olduğu, İslamın şərtlərindən olduğu üçün oruc tutmaq lazımdır. Belə ki, Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın salavat və salamı olsun) buyurur: » Kim Ramazan ayını imanla, mükafatını Allahdan umaraq oruc tutarsa keçmiş günahları bağışlanar». (Buxari) Başqa bir hədisdə Peyğəmbər (Allahın salavat və salamı olsun) buyurmuşdur; »Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik  (məsafəyədək) uzaqlaşdırar». (Buxari, Muslim, Tirmizi).

 

  1. Niyyət etmək. Ramazandan bir gün əvvəl axşamdan niyyət etmək lazımdır. Ramazan orucu üçün gecədən »Sabah mən orucam»niyyəti edilməlidir.

 

  1. Orucumuzu qorumalıyıq. Oruc tutanların hamısı sübh namazından məğrib namazına qədər ac qalmalarına baxmayaraq, oruc tutanlar Ramazan ayının bu müqəddəs günlərini keçirmə baxımından bir — birindən fəqrlənirlər. Necə ki, Peyğəmbərdən (Allahın salavat və salamı olsun) »Hansı oruc tutanlar daha çox savab qazanırlar» soruşulduqda, O, »Allahı daha çox zikr edənlər» — deyə cavab vermişdir.

Oruc olan kəs vaxtından maksimim yararlanmalı, bu ayı başqa aylardan fərqli yaşamalı, belə ki,  Allahı daha çox zikr etməli, istiğfar (bağışlanma) diləməli, Quran oxumağı artırmalı və s. bu kimi ibadətlərlə gününü keçirməlidir. Hətta bu işləyən kəs olsa belə işindən ayrılmadan dili ilə Allahı zikr etməklə savab əmllərinə savab qatmış olar.

 

  1. Orucumuzu elə tutmalıyıq ki, pis əməllərdən çəkinməyimizə səbəb olsun. Orucu tutmağın ən başlıca məqsədi də məhz elə budur. Allah Təala buyurur: ‘Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz». (Bəqərə, 183)

Oruc müsəlman üçün bir ibrətdir. Oruc ola — ola günaha getməyən müsəlman oruc olmadığı hallarda da düşünməlidir ki, oruclu halda onu görən Allah oruc tutmayanda da onu görür və ona nəzarət edir.

Alimlərdən birindən soruşurlar; »Ramazan ayında vacibləri yerinə yetirən, günahlardan çəkinən , ancaq Ramazan çıxdıqdan sonra bunları etməyən insanlar barədə nə deyə bilərsən. Alim cavab verir; »Onlar bədbəxt insanlardır. Allahı ancaq Ramazanda tanıyırlar».

Nə qədər müsəlmanlar vardır ki, Ramazanda günlərini məscidlərdə keçirirlər, Ramazan bitdikdən sonra isə məscidləri unudurlar. Fərz namazlarını vaxtı — vaxtında qılırlar, Ramazan bitdikdən sonra isə sübh namazına yatib qalırlar.

Nə qədər müsəlmanlar vardır ki, Ramazan ayında gün ərzində günahlardan çəkinirlər, oruclarını açdıqdan sonra isə günah edirlər.

Xatırlayaq ki, Peyğəmbərimiz (Allahın salavat və salamı olsun) buyurur: »Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməzsə yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur» (Buxari).

Cəbir (Allah ondan razı olsun) demişdir: »Oruc tutduqda qulağın da , dilin də  , gözün də yalan və haramlardan oruc tutsun».

  1. Allahın kitabını oxumağı daha da artırmalıyıq. Bu ay Quran ayıdır. Quran bu ayda nazil olmuşdur. Allah Təala buyurur: »İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran Ramazan ayında nazil edilmişdir». (Bəqərə, 185)

Ona görə bu ayda Quran oxumağı çoxaltmaq lazımdır. Hətta Cəbrail (Allah ondan razı olsun) özü hər il Ramazanda gələrək Peyğəmbərlə (Allahın salavat və salamı olsun) Quranı xətm edərlərdi.

Sələfilər bu ayda Quran oxumağı çoxaldardılar və deyərdilər: »Bu ay Quran ayı, kasıblara əl tutmaq ayıdır».

 

  1. İftarı gecikdirmədən açmaq. Peyğəmbər (Allahın salavat və salamı olsun) buyurmuşdur: “İnsanlar oruclarını erkən açacaqları müddətcə xeyir içində olacaqlar”. (Buxari və Muslim)

 

  1. Təraveh namazlarını qılmaq. Camaat namazının fəziləti haqqındı hər kəs bilir. Buna görə də təraveh namazlarını camaatla qılmağa çalışmaq lazımdır. Peyğəmbər (Allahın salavat və salamı olsun) buyurmuşdur; »Kim imamla başlayıb imamla bitirərsə ona bütün gecəni namazda keçirmişin savabı yazılar».

Təraveh namazı 11 rükətə qədər qılınır. İki rükətdə tamamlayaraq, yəni beş dəfə iki rükət və sonda bir rükət qılmaq olar. Fatihə surəsindən sonra uzun surələr oxumağa çalışmaq lazımdır. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) təraveh namazını uzun qılarmış. Səkkiz rükəti işa namazından sonra qılıb, üç rükəti gecəyə də saxlamaq olar. Yəni sübh namazının azanına kimi qılmaq olar. İki rükət və bir rükət Vitr namazı. Toplam on bir rükət. Təraveh namazı Ramazan ayı boyunca hər gün qılınır. Bu namazda səcdədə çox dua etmək olar …

Müəllif- FeqihCom