Məqalələr

Ramazan ayı bizlərə yetişdi…

Bu ayda Cənnətin qapıları açılar…

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Ramazan ayı yetişdikdə səhabələrinə deyərdi: «Ramazan ayı sizlərə yetişdi. Bu ayda Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar və şeytanlar zəncirlənər.» (Buxari və Muslim)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu hədisində sözünə «Bu ay sizlərə yetişdi» kəlimələri ilə başlayır. Peyğəmbərin (Allahın salavat və salamı olsun) bu ayın gəlişini xüsusi olaraq qeyd etməsi onun başqa aylardan fərqlənməsini bildirir. Bəli, bu ay başqa aylardan fərqlidir. Bu ay savablarla, məğfirətlə dolu bir aydır. Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) bu ayın gəlişi ilə bizləri müjdələməsinin mənalarından biri də odur ki, bu ayın haqqını, qiyamla, orucla, sədəqə ilə, günahlardan uzaq olmaqla, lazımınca verməliyik.

Bu ayda ən böyük ibadət orucdur. Oruc başqa ibadətlərdən fərqlidir. Belə ki, orucun mükafatını birbaşa Allah Özü verir. Əbu Hüreyrədən (Allah razı olsun) rəvayət olunur ki, Allahın elçisi (Allahın ona salavat və salamı olsun) belə buyurdu: Allah təala buyurmuşdur: «Adəm oğlunun bütün əməlləri özü üçündür. Ancaq oruc müstəsnadır. Həqiqətən də o Mənim üçündür. Onun mükafatını da ancaq Mən verəcəm». Oruc günahlara qarşı br qalxandır. Sizlərdən biri oruclu olan vaxt pis söz deməsin. Qışqırıb, bağırmasın. Adi, səviyyəsiz hərəkətlər etməsin. Əgər bir kimsə ona söyərsə və ya onunla dalaşarsa iki dəfə “mən orucam (oruc tutmuşam)” desin. Məhəmmədin nəfsini (ruhunu) əlində tutana and olsun ki, oruc tutanın ağzının iyi Allah qatında Qiyamət günü müşk ətrindən daha xoşdur. Oruc tutan üçün iki sevinc vardır. Birincisi, iftar etdiyi vaxt iftarıyla sevinər, ikincisi isə Rəbbinə qovuşduğu vaxt orucuyla sevinər! (Hədisi Muslim, Əhməd və Nəsəi rəvayət ediblər)

Orucun fəzilətini bildirən başqa bir hədisdə Abdullah bin Ömərdən (Allah razı olsun) rəvayət olunur ki, Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Oruc və Quran Qiyamət günü qula şəfaət edərlər. Oruc belə deyər: “Ey Rəbbim, gündüz bu qulu yeməkdən və şəhvətdən uzaqlaşdırdım. Ona şəfaət etməyimə icazə ver”. Quran da belə deyər: “Bu qulunu gecə yuxudan uzaqlaşdırdım. Ona şəfaət etməyim üçün mənə icazə ver”». (İmam Əhməd)

Əbu Uməmə (Allah razı olsun) deyir: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək belə dedim: “Məni Cənnətə qoyacaq bir əməli mənə de”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun): «Oruc tut, çünki, orucun bənzəri yoxdur» buyurdu. Sonra başqa bir vaxt ikinci dəfə gəlib eyni sözü soruşdum. Yenə də mənə: «Oruc tut” buyurdu». (Hədisi Əhməd, Nəsai və Həkim rəvayət etmiş, Həkim səhih demişdir)

Səhl bin Sə`d rəvayət edir: Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) belə buyurdu: «Cənnətdə Rəyyan adlanan bir qapı vardır. Qiyamət günü, oruclular haradadır deyə soruşulacaq. Orucluların ən sonuncusu bu qapıdan girəndən sonra qapı bağlanacaq.» (Hədisi Buxari və Muslim rəvayət ediblər)

• Oruc təkcə yemək və içməyi tərk etməklə deyil, bütün əzalar ilə tutulmalıdır.
• Oruc tutan gözlərinə görə Allahdan qorxmalı harama baxmamalıdır.
• Oruc tutan dilinə görə Allahdan qorxmalı, haram danışmamalıdır.
• Oruc tutan qulağına görə Allahdan qorxmalı, harama qulaq asmamalıdır.
• Oruc tutan əlinə görə Allahdan qorxmalı, haram qazanmamalıdır.
• Oruc tutan ayağına görə Allahdan qorxmalı harama getməməlidir.

Bu o aydır ki, Quran nazil olmuşdur. Bu o aydır ki, min aydan xeyirli olan Qədr gecəsi bu aydadır. Bu o aydır ki, şeytanın ən zəif halı məhz bu ayda olur.

Aşağıdakıları tətbiq etdiyimiz halda Ramazan ayından faydalana bilərik:

1. Ramazan ayının gəlişinə görə sevinməliyik

Nə qədər insanlar vardır ki, bu ayın necə gəlib — getdiyini belə bilmirlər. Bu ayın onların həyatında digər aylardan heç bir fərqi yoxdur. Buna görə Allaha daha çox şükr etməliyik ki, bizi bu ayı tanımağı müvafiq edib. Həmçinin şükr etməliyik ki, bu aydan savab əməllərimizi artıraraq faydalana bilməyimiz üçün bizim bədənimizə güc verib. Çünki ətrafımızda nə qədər qoca, xəstə insanlar vardır ki, bu aydan lazımınca istifadə edə bilmirlər. Gərək biz hər birimiz bu barədə düşünək və bunu dəyərləndirək.

2. Günahlarımıza, etdiyimiz xətalara görə tövbə edib bu aya təmiz girməliyik

Ramazan ayı günahlara tövbə edə bilmək üçün bir fürsətdir. Amma elə tövbə etməliyik ki, tövbənin şərtlərinə uyğun olsun. Belə ki, pis əməllərimizə tövbə edərkən həmin əməlin günah olduğunu anlamalı, həmin günaha görə peşman olmalı, bu əmələ bir daha qayıtmamağa özümüzə söz verməli və əgər günah işi edərkən bir kəsin haqqına girmişiksə halallıq almalyıq. Yalnız bu halda etdiyimiz tövbə Allahın izni ilə qəbul olar.

3. Orucu yalnız Allah üçün tutmalıyıq

Yəni ətrafda olan kəslərin oruc tutması səbəbi ilə, onlardan geri qalmamaq üçün, oruc tutmadığımıza görə insanların qınamasından qorxduğumuz və s. başqa bu cür səbəblərə görə deyil, yalnız Allah üçün, Allahın əmri olduğu, İslamın şərtlərindən olduğu üçün oruc tutmaq lazımdır.
Belə ki, Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Kim Ramazan ayını imanla, mükafatını Allahdan umaraq oruc tutarsa keçmiş günahları bağışlanar.» (Buxari) Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim Allah yolunda bir gün oruc tutarsa, Allah onun üzünü Cəhənnəm odundan yetmiş illik (məsafəyədək) uzaqlaşdırar». (Buxari, Muslim, Tirmizi).

4. Niyyət etmək

Ramazandan bir gün əvvəl axşamdan niyyət etmək lazımdır.

5. Orucumuzu qorumalıyıq

Oruc tutanların hamısı sübh namazından məğrib namazına qədər ac qalmalarına baxmayaraq, Ramazan ayının bu müqəddəs günlərini keçirmə baxımından bir — birindən fəqrlənirlər. Necə ki, Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) «Hansı oruc tutanlar daha çox savab qazanırlar» soruşulduqda, O, «Allahı daha çox zikr edənlər» — deyə cavab vermişdir. Oruc olan kəs vaxtından maksimim yararlanmalı, bu ayı başqa aylardan fərqli yanaşmalı, belə ki, Allahı daha çox zikr etməli, istiğfar (bağışlanma) diləməli, Quran oxumağı artırmalı və s. bu kimi ibadətlərlə gününü keçirməlidir. Hətta bu işləyən kəs olsa belə işindən ayrılmadan dili ilə Allahı zikr etməklə savab əmllərinə savab qatmış olar.

6. Orucumuzu elə tutmalıyıq ki, pis əməllərdən çəkinməyimizə səbəb olsun

Orucu tutmağın ən başlıca məqsədi də məhz elə budur. Allah Təala buyurur: «Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz». (Bəqərə, 183). Oruc müsəlman üçün bir ibrətdir. Oruc ola — ola günaha getməyən müsəlman oruc olmadığı hallarda da düşünməlidir ki, oruclu halda onu görən Allah oruc tutmayanda da onu görür və ona nəzarət edir. Alimlərdən birindən soruşurlar: «Ramazan ayında vacibləri yerinə yetirən, günahlardan çəkinən , ancaq Ramazan çıxdıqdan sonra bunları etməyən insanlar barədə nə deyə bilərsən?» Alim cavab verir: «Onlar bədbəxt insanlardır. Allahı ancaq Ramazanda tanıyırlar».

Nə qədər müsəlmanlar vardır ki, Ramazanda günlərini məscidlərdə keçirirlər, Ramazan bitdikdən sonra isə məscidləri unudurlar. Fərz namazlarını vaxtı — vaxtında qılırlar, Ramazan bitdikdən sonra isə sübh namazına yatıb qalırlar. Nə qədər müsəlmanlar vardır ki, Ramazan ayında gün ərzində günahlardan çəkinərlər, oruclarını açdıqdan sonra isə günah edərlər. Oruc olduqda dəfələrlə zərərini və dinimizə zidd olduğunu qeyd etdiyimiz, siqaretdən uzaq olan insanlar oruclarını açan kimi siqaret yandırarlar. Düşünməzlər ki, Oruc vaxtı siqareti haram edən Allah onu iftardan sonra da haram edib. Oruclu halda bizi görən Allahiftar etdikdən sonra da bizi görür. Həmçinin digər günahları da buna aid etmək olar.

Xatırlayaq ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurur: «Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməzsə yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur». (Buxari)

Cəbir (Allah ondan razı olsun) demişdir: «Oruc tutduqda qulağın da , dilin də , gözün də yalan və haramlardan oruc tutsun».

7. Allahın kitabını oxumağı daha da artırmalıyıq

Bu ay Quran ayıdır. Quran bu ayda nazil olmuşdur. Allah Təala buyurur :
«İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir» (Bəqərə, 185)

Ona görə bu ayda Quran oxumağı çoxaltmaq lazımdır. Hətta Cəbrail (Allah ondan razı olsun) özü hər il Ramazanda gələrək Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) Quranı xətm edərlərdi.

Sələfilər bu ayda Quran oxumağı çoxaldardılar və deyərdilər: «Bu ay Quran ayı, kasıblara əl tutmaq ayıdır».

8. İftarı gecikdirmədən açmaq

Peyğəmbər (Allahın salavat və salamı olsun) buyurmuşdur: «İnsanlar oruclarını erkən açacaqları müddətcə xeyir içində olacaqlar.»  (Buxari və Muslim)

9. Təravih namazlarını qılmaq

Camaat namazının fəziləti haqqındə hər kəs bilir. Buna görə də təravih namazlarını camaatla qılmağa çalışmaq lazımdır. Ramazan günlərində ən aktual suallardan biri «təravih namazının neçə rükətli olmasıdır». Dinimiz mübahisələrdən uzaq olmağı tövsiyə etdiyi, xüsusən də Ramazan ayı olduğu üçün bu və ya digər məsələlərdə ixtilaflardan uzaq olmaq gərəkdir. Belə ki, əgər hər hansı bir məscidə gedib camaatla bərabər namaz qılarıqsa, imama tabe olaraq, o təravih namazını neçə rükət qılarsa o qədər qılmaq lazımdır. Bəzi qardaşlar vardır ki, məscidə gedib camaatla təravih namazı qılarkən 10 cu rükətdən sonra məscidi tərk edirlər. Bu cür etməyi Useymin, İbn Baz, Fəuzən və s. kimi boyük alimlər qəti şəkildə pisləyiblər. Çünki bu hərəkəti etməklə həmin kəs müsəlmanların parçalanması üçün nümunə və səbəb ola bilər. Həmçinin bunu edən kəs böyük savabdan məhrum ola bilər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim imamla başlayıb imamla bitirərsə ona bütün gecəni namazda keçirmişin savabı yazılar». 

Təsəvvür edin! Əgər imamla namazı başlayıb, imamla bitirəriksə, evə qayıdıb yatarıqsa belə səhərə qədər qıldığımız namazın savabı bizə yazılmış olar. Allahu Əkbər! Bu cür savabdan məhrum olmaqmı olar!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment