Məqalələr

Ramazan ayı başqa aylar kimi deyildir

Doğru və sidq ürəklə ibadətə başla

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bu qısa məktub, mübarək Ramazan ayına daxil olan hər bir sağlam müsəlmana yazılır. Bəlkə bu qısa məktubu oxuyaraq ibadətlərini gücləndirməyə bir səbəb tapa bilərlər, bəlkə bu məktub azacıq da olsa onların daxilində olan imanı tərpədər, onlara Allaha yönəlməyə kömək edər.

Ramazanı qarşılamaq, başqa ayları və mövsümləri qarşılamaq kimi asan deyildir. Məhz buna görə Ramazan ayını qarşılamağa belə əhəmiyyət veririk ki, heç olmasa bu ayın faydalarından məhrum qalmayaq.

Hörmətli müsəlman bacı və qardaşlarım, çalışaq bu mübarək ayı düzgün və doğru əməllərlə qarşılayaq. Qısaca olaraq on məsləhət vermək istərdik:

Birinci – Allaha dua et ki, səni bu mübarək aya sağ-salamat çatdırsın, Allaha ibadət etməkdə nə yorulasan, nə də tənbəllik edəsən. Ənəs bin Malikdən rəvayət olunduguna görə deyir ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Rəcəb ayı girən kimi belə deyərdi: “Allahım, Rəcəb və Şaban ayını bizə bərəkətli et və bizi Ramazana çatdır” (Əhməd və Təbərani rəvayət etmişdir)

Ikinci – Ramazan ayı daxil olarkən, bu nemətə görə Allaha çoxlu həmd-səna və şükürlər et. Çünki, Allahın ən böyük nemətlərindən biri də, qulunu ibadət etməyə müvəffəq etməsidir. Ramazan ayı daxil olar olmaz, müsəlman özünü sağ-salamat hiss edirsə, bu böyük bir nemətdir.

Üçüncü – Bu mübarək mövsümün gəlişi münasibəti ilə sevin və fərəhlən. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunur ki, Ramazan ayı gələrkən O (Allahın ona salavat və salamı olsun) öz səhabələrini müjdələyərək belə deyərdi: “Üzünüzə Ramazan ayı gəldi, Ramazan ayı mübarək aydır, Allah sizə oruc tutmağı əmr edib. Bu ayda cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır” (Əhməd rəvayət etmişdir).

Dördüncü – Ramazan ayından düzgün istifadə etmək üçün dəqiq və düzgün plan qur. Heyiflər olsun ki, çoxlarımız, hətta möminlər belə, dünya əməllərinə dəqiq plan qururuq, amma axirətimiz üçün dəqiq plan qura bilmirik. Bu da möminin bu həyatda olan məqsədini dəqiq dərk etməməsindən irəli gəlir.

Beşinci – Doğru və sidq ürəklə ibadətə başla, ixlasla davam et. Nə qədər ki, insan səmimi qəlbdən, sidq ürəkdən Allaha yönələrsə, Allah da onu ibadətlərində müvəffəq edər. Allahu Təala Muhəmməd surəsinin 21-ci ayəsində buyurur: “…onlar Allahla sadiq olsaydılar (doğru və düzgün olsaydılar), bu onlar üçün xeyirli olardı”

Altıncı – Ramazan ayının hökmləri və qaydalarını düzgün formada öyrən və bil. Çünki mömin bəndə, Allahu Təalaya elmli surətdə ibadət etməlidir, əsas qaydalara riayət edərək itaətini həyata keçirməlidir. Orucla bağlı bütün şərtləri və hökmləri öyrənməlidir. Belə ki, Allahu Təala Qur’ani Kərimdə buyurur: “…Bilmədiyiniz şeyləri elm əhlindən soruşun” (Əl-Ənbiya surəsi, 7-ci ayə)

Yeddinci – Ürəkdən və sidq qəlbdən günahları tərk etməyə qərar verməlisən. Bu ayda günahlarından tövbə edib, Allahdan əfv olunmanı diləməlisən. Bu mübarək ayda da Allaha tövbə etməsən, nə vaxt tövbə edəcəksən? Allahu Təala buyurur: “Hamınız Allaha tövbə edin ey möminlər, bəlkə nicat yolu tapasınız” (Nur surəsi, 31-ci ayə).

Səkkizinci – Ruhi və mənəvi qidanı əldən verməmək üçün, iradəni daim güclü saxlamaq üçün, dini elmlərdən və kitablardan oxu, Qur’ani Kərimi oxu, dini dərslərə və mühazirələrə qulaq as.

Doqquzuncu – Bu ayda başqalarını da unutma, onları da bu ayda savab əməllər etməyə çağır. Tanıdıqlarını, qohumlarını bu ayda ibadət etməyə çağır. Yaxınlarını miskin və kimsəsiz insanlara yardım əllərini uzatmağa dəvət et .

Onuncu – Bu mübarək ayı təmiz və yeni olaraq başla. Bütün günahlarından tövbə et, Peyğəmbərimizin(Allahın ona salavat və salamı olsun) yolu ilə davam et, Allahın buyurduqlarını et, halala riayət et, haramdan uzaq ol.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Müəllif: Səid İsrafilov