Əxlaq Məqalələr

Rəbbini zikr etməkdən yorulma!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Zikr qəlbi dirildən, ürəyi açan, şeytanları qovan ibadətlərdəndir. Bu ibadət təkcə dillə yerinə yetirilmir. Belə ki, zikr edərkən qəlb də oyaq olmalıdır. İbnul Qayyim (Allah ona rəhmət eləsin) demişdir: Şeyxul İslam İbn Teymiyyədən belə dediyini eşitdim: «Qəlbin zikrə olan ehtiyacı, balığın suya olan ehtiyacı kimidir. Balıq sudan ayrılsa halı necə olar?! Qəlb də belədir.»

Bu məqaləmizdə isə zikr barədə danışmağımızın səbəbi odur ki, bu ibadət növünü yerinə yetirmək üçün başqa ibadətlərdən fərqli olaraq xüsusi bir vaxt ayırmağa, məkan seçməyə ehtiyac yoxdur. Yəni hətta iş fəaliyyəti ilə məşğul olarkən də bu ibadəti edib, savab qazanmaq mümkündür. Bunun üçün isə edəcəyimiz ibadətin dəyər və mahiyyətini bilməliyik.

İlk olaraq bilməliyik ki, zikr Uca Allahın əmrlərindən biridir. Uca Allah buyurur: «Ey iman gətirənlər! Allahı tez-tez yada salın!» (əl-Əhzıb 41). Digər bir ayədə isə buyurur: «Səhər-axşam Onun şəninə təriflər deyin!» (əl-Əhzıb 42).

Allah Təala zikrin mükafatı barədə isə belə buyurur: «Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.» (əl-Əhzəb 35). ‘Həmçinin: «Ey iman gətirənlər! (Kafir) bir dəstə ilə üz-üzə gəldikdə möhkəm durun və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız.» (əl-Ənfəl 45)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «İki kəlimə vardır ki, Rəhmana sevimli, dilə yüngül, tərəzidə isə ağır gəlir. Bunlar ”Subhənəllahi və bihəmdihi, Subhənəllahu Azım.» (Buxari və Muslim)

Başqa bir hədisdə isə buyurur: «Kim “Subhənəllahi və bihəmdihi” deyərsə Cənnətdə onun üçün bir ağac əkilər.» (Həkim)

Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) buyurur: «Şirinliyi 3 şeydə dadın. Namazda, zikr etməkdə və Quran oxumaqda. Əks halda isə bilin ki, qapı (imanın şirinliyi qapısı) üzünüzə bağlıdır.»

Kim Allahı zikr etməkdən uzaqlaşarsa həyatı daralar. Beləki, Uca Allah buyurur: «Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.» (Ta Hə 124)

Zikr yalnız öz-özlüyündə deyil, həmçinin bütün ibadətlərdə mövcud olmağı ilə onları gözəlləşdirən və savabını artıran ibadətdir. Bir kişi Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşur: “Hansı cihad daha çox savab qazandırır?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «İçərisində Allah çox zikr olunan.» Kişi yenidən soruşur: “Hansı oruc tutanlar daha çox savab qazanırlar?”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Allahı daha çox zikr edənlər.» Sonra həmin səhabə namaz, zəkat, həcc və sədəqə barədə soruşur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hamısında «Allahı çoxlu zirk edənlər» — deyə cavab verir. (Əhməd)

Kim az və asan əməl etməklə çox savab qazanmaq istəyərsə o zaman daima zikr etsin. Abdullah ibn Busr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına bir kişi gələrək buyurur: “İslamın əməlləri mənə çox gəlir. Mənə elə bir şey öyrət ki, onunla az əməl edib çox savab qazanım”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Dilin Allahı zikr etməkdən qurumasın.» (Tirmizi)

Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim 100 dəfə ”Subhanallahi və bihəmdihi”- deyərsə günahları dənizin köpükləri qədər olsa belə bağışlanar.» (Tirmizi, Əhməd)

Qeyd etməliyəm ki, hədisdə bildirilən bağışlanma, kiçik günahlara aiddir. Çünki böyük günahlar üçün mütləq tövbə lazımdır.

Zikrin faydaları çoxdur. İbn Qayyim əl-Cəuziyyə (Allah ona rəhmət eləsin) “əl-Vabilus-Seyyib» kitabında zikrin 100-dən çox faydasını qeyd edir.

Bu faydalardan bəzilərini qeyd etmək istərdim:

Zikr — qəlbə həyat verir. Qəlb zikr etmədikcə ölür. Necə ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Zikr edənlə zikr etməyənin məsəli diri ilə ölünün məsəlinə bənzəyir.» (Buxari). Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hətta cansız sayılan evi belə, içərisində zikr olunmadığı halda ölüyə bənzədir. Necə ki, Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «Allah zikr olunan ev ilə, Allah zikr olunmayan evin fərqi diri ilə ölünün fərqinə bənzəyir.» (Muslim)

Ona görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) evlərimizdə daima zikr etməyi bizə tövsiyə edərək belə buyurur: «Evlərinizi qəbirstanlığa çevirməyin.» (Muslim)

Uca Allah zikrin ən əzəmətlisi olan Quran ayələrini vəhy şəklində nazil etmişdir. İçərisində zikr olan yer canlı, zikr edən dil sağlam, zikr edən qəlb oyaq olar. Oyaq olan hər bir şeydə isə ruh vardır. Məhz ona görə də Uca Allah vəhyi ruh adlandıraraq buyurur: «Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik.» (əş-Şura 52)

Zikr- şeytanları qovur. Bunun sayəsində mömin rahat halda Rəbbinə ibadət edə bilir. Necə ki, azan verildikdə şeytan azan səsinin gəlmədiyi məsafəyə qədər uzaqlaşır. Elə bu səbəbdəndir ki, şeytandan Allaha sığınmaq üçün Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhər və axşam “ən-Nəs” surəsini oxumağı bizə əmr etmişdir. Bütün bu deyilənlərdən məlum olur ki, Allahı zikr etməyən kəslərə şeytan daima yaxın olar. Allah Təala buyurur: «Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.» (əz-Zuxruf 36)

Həmçinin zikr kitablarını səbəbsiz yerə “Musəlmanın qalası” və ya “Qalxan” adlandırmırlar.

Zikr — qəlbi rahatlaşdırır. Uca Allah buyurur: «Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. (Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”.» (ər-Rad 27)

Həmçinin digər ayədə: «Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.» (ər-Rad 28)

Zikr — qəlbi sərtləşməyə qoymur. Allah Təala buyurur: «Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan (ayələr) üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?» (əl-Hədid 16)

Bir nəfər Həsən əl-Bəsrinin (Allah ona rəhmət eləsin) yanına gələrək qəlbinin sərtliyindən şikayət edərək deyir: “Ey Səidin atası! Qəlbimin sərtliyindən şikayət edirəm. Həsən əl-Bəsri “Allahı zikr etməklə onu əz”  — deyə cavab verir.

Zikr — Allahın zikr edən kəsi xatırlamasına səbəb olur. Çünki kim Allahı unudarsa Allah da o kəsi unudar. Uca Allah buyurur: «Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar.» (ət-Tövbə 67)

Əksinə kim Allahı zikr edirsə, Allah da onu zikr edər. Allah Təala buyurur: «Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!» (əl-Bəqara 152)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: Allah Təala demişdir: “Kim Məni nəfsində (öz-özlüyündə) zikr edərsə Mən də onu nəfsimdə (Öz-Özlüyümdə) zikr edərəm, kim Məni toplum arasında zikr edərsə Mən də onu daha xeyirli bir toplumda zikr edərəm.» (Buxari və Muslim)

Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «O qövm ki Allahın evlərinin birində yığışıb Allahın kitabını oxuyar, onu öz aralarında bir-birinə öyrədər, onlara sükunət nazil olar, onları Rəhmət bürüyər, mələklər onları əhatəyə alar, Allah da onları öz dərgahında zikr edər.» (Muslim).

Hər bir ibadətin xüsusi vaxtları vardır. Ancaq zikr elə bir ibadətdir ki, nə xüsusi məkan var, nə də xususi bir vaxtı. Müsəlman işləyə-işləyə, gedə-gedə, bir sözlə hər bir halında Allahı zikr edə bilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Qalxanlarınızı götürün!» Səhablər dedilər: ”Ey Allahın elçisi! Düşmənmi gəlir? O dedi: «Yox, Cəhənnəmdən qorunmaq üçün qalxanlarınızı götürün. Deyin: “Subhənəllah vəlhəmdulilləh və Lə iləhə illəllah vəllahu Əkbər.» (Hakim)

Zikrin fəzilətləri çoxdur. Bu fəzilətlərin çoxu barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizlərə xəbər vermişdir. Zikrlərdən ibarət kitabları daima oxumağı hər birimizə tövsiyə edirəm. Çünki belə kitablarda hər bir zikrin nə üçün deyildiyi və insana hansı fayda verdiyini görməklə, müsəlman zikrlərini çoxaltmaqla savablarını artırmağa həvəslənir. Beləliklə dilinə heç bir güc düşmədən əslində savab çəkisi ağır olan kəlimələri işlədərək ibadət etmiş olur.

Allahdan istəyirəm ki , dilimiz Allahı zikr etməkdən qurumasın!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment