Məqalələr

Qurban bayramı ədəbləri

Bayram namazına tez getməyə çalışmaq!

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Yuyunmaq, ətirlənmək və gözəl paltar geyinmək

İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir: «İbn Ömər (Allah ondan razı olsun) sünnəyə son dərəcə çox əməl etdiyi üçün bayram günü  namaza çıxmazdan öncə qüsl alardı». («Zəd-ul mə`ad» 1/442) Həmçinin O, hər iki bayrama ən yaxşı paltarını geyinərdi. İbn Cərir (Allah ona rəhmət etsin) demişdir: «İbn Əbi əd-Dünya və Beyhəqi səhih isnadla İbn Ömərdən (Allah ondan razı olsun) onun hər iki bayrama ən yaxşı palta­rını geydiyini rəvayət etmişlər». («Fəth əl–Bəri» 2/51)

Bu iki və başqa əsərlərə görə alimlərin çoxu bayram günü bəzənmək və qüsl almağın müstəhəb olduğunu vurğulamışlar.

Zikri çoxaltmaq

Uca Allah  buyurur:  «O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!» (ər-Rad, 28)

Nəfi (Allah ondan razı olsun) rəvayət edir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) bayram günləri evindən çıxdığı andan ibadətgaha gələnədək təkbir gətirərdi. Bəzi rəvayətlərdə təkbir gətirdikdə səsini qaldırardı. (Şərh Mişkəl əl-Əsər 5428, Mərifətis sunəni və əsər, 1869, Musnədi Şəfei 320)

Camaat şəklində zikr etmək isə sünnəyə ziddir. Çünki nə Peyğəmbər (Allahın ona salavat və salamı olsun), nə də səhabələri camaat şəklində zikr etməmişlər.

Sədəqələri çoxaltmaq

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edirək belə buyurur: «Rəsulullah (Allahın ona salavat və salamı olsun) Qurban və ya Ramazan bayramları günü məscidə çıxdı və iki rükət namaz qıldı. Nə ondan öncə, nə də sonra başqa bir namaz qılmadı. Sonra Bilal da yanında olmaqla qadınların yanına gəldi və onlara sədəqə vermələrini əmr etdi. Qadınlar qızıl və gümüşdən olan bilərzik və boyunbağılarını atmağa başladılar». (Muslim)

Sədəqə verməyin faydaları barədə bir çox hədislər varid olmuş­dur.

Həmçinin insanı sədəqə verməyə təhrik edən hədislər də vardır.

Əbu Hureyra  (Allah ondan razı olsun)  rəvayət edir ki, Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)  demişdir: «Hər səhər insan­lar yuxudan oyandıqda, yer üzünə iki mələk enir. Onlardan biri: “Allahım, malını (Sənin yolunda) xərcləyən hər kəsə (etdiyi yaxşılığın) əvəzini ver!”– deyir. Digəri isə: “Allahım, xəsislik edən hər kəsi tələf et!”– deyir». (Buxari 1442, Muslim 2383)

Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)  demişdir: «Gizlətmə, yoxsa Allah da (verdiyi nemətləri) səndən gizlədər. Bacardığın qədər (malın­dan Allah yolunda) xərclə!». (Buxari 1434, Əhməd 25125 )

Fəsad törətmədən birisinin əmri ilə başqasının malını qoruyub, sədəqəni veriləcək adama çatdıran kəsin sədəqə verən kimi savab qazanması növbəti hədisdə öz əksini tapmışdır.

Sədəqə verənlə xəsisin məsəli haqqında rəvayət edilir ki, Rəvayət edilir ki, Əbu Hureyra   (Allah ondan razı olsun) Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun)  belə dediyini eşitmişdir: «Xəsislə əliaçıq adamın məsəli, əyninə, (bədəninin) sinədən kör­pücük sü­mük­lərinə qədər olan hissəsini örtən, dəmir cübbə geymiş iki adamın məsə­linə bən­zəyir. Əliaçıq adama gəlincə, o, (hər dəfə öz malından) xərclədikdə (cüb­bəsi) genişlənir, yaxud böyüyür və (bu genişlənmə) cübbəsi ta onun barmaq­larının üstünü örtənə qədər və ayaq izlərini silənədək (beləcə böyüyüb genişlənir). Xəsislik edənə gəldikdə isə, o, (hər dəfə malından) xərcləmək istə­dikdə (cüb­bənin) dəmir həlqəsi yerinə yapışır və o, cübbəsini genişləndirməyə çalışsa da, cübbə genişlənmir ki, genişlənmir». (Buxari 1443, Əhməd 7477)

Dinimizdə buyurulur ki, hər bir müsəlman sədəqə verməlidir, bunu bacarmayan insan isə  yaxşı işlər görməlidir.

Bayram namazına tez getməyə çalışmaq

Rəvayət edilir ki, Əbu Səid (Allah ondan razı olsun) (rəvayətinə davam edib) demişdir: «Mən Mədinənin əmiri Mər­vanla (Mərvan miladi təqvimi ilə 661-ci ildə Mədinənin əmiri təyin edilmişdir) birlikdə orucluq ya da qurban bayramında namaz qılınan yerə get­diyim günədək camaat bu (sünnəyə) riayət edirdi. Biz namaz qılınan yerə gəlib çat­dıqda mən Kəsir ibn Səltin düzəltdiyi minbəri gördüm və bir də baxdım ki, Mər­van namazı qılmamış minbərə qalxmaq istəyir. Mən onun ətəyindən dart­dım, lakin o ətəyini dartıb (əlimdən aldı) və (minbərə) qalxıb namazdan əvvəl xütbə verdi. Mən ona dedim: “Vallahi, siz (Sünnəni) dəyişdirdiniz!” O dedi: “Ey Əbu Səid, sənin bildi­yin keç­mişdə qalmışdır.” Mən dedim: “Vallahi, mə­nim bil­di­yim, bilmədiyimdən daha xeyirlidir.” O dedi: “Camaat namazdan sonra oturub (xütbəni) dinləmir deyə, mən onu namazdan əvvəl verdim”». (Buxari 956)

Rəvayət edilir ki, ibn Abbas (Allah ondan razı olsun) demişdir: «Mən Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) , Əbu Bəkr, Ömər və Os­man­la  (Allah onlardan razı olsun) birlikdə bayram namazlarında iştirak etmişəm. Onların hamısı namazı xütbədən qabaq qılardı». (Buxari 962)

Bayram namazına piyada getmək

Əli (Allah ondan razı olsun) buyurmuşdur: «Bayram namazına piyada getmək sün­nədir». (Tirmizi 530, Albani əsərin “Həsən” olduğunu bəyan etmişdir.)

Qadınlar da bayram namazına getməlidirlər

Hətta heyzli olsalar belə, qadınlar bayram namazına çıxmalıdırlar. Namaz qılmasalar belə, müsəlmanlarla bu xeyirdə, dualarda iştirak etməli­dirlər. Ummu Atiyyə (Allah ondan razı olsun) rəvayət edərək buyurur: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günü bizə çıxmağı əmr etmişdi, heyzli olan qadınlar namaz qılmadan müsəlmanların dualarını müşahidə edərdilər. Mən Peyğəmbərə (Allahın ona salavat və salamı olsun): “Ey Allahın elçisi! Bizdən birimizn baş örtüyü olmasa, necə etsin?”-deyə soruşdum. O, “Bacısının örtüyünü geyinsin”, – deyə buyurdu”». (Muslim)

Bayram namazından əvvəl və sonra namaz qılmamaq

Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edərək buyurur: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Qurban və ya Ramazan bayramları günü məscidə çıxdı və iki rükət namaz qıldı. Nə ondan öncə, nə də sonra başqa bir namaz qılmadı. Sonra Bilal da yanında olmaqla qadınların yanına gəldi və onlara sədəqə vermələrini əmr etdi. Qadınlar qızıl və gümüşdən olan bilərzik və boyunbağılarını atmağa başladılar». (Muslim)

QEYD: Fərz namazlarını qılmaq istisnadır.

Qayıdanda başqa yoldan qayıtmaq

Bayram namazına bir yolla gedib, başqa yolla qayıtmaq sünnədir. Cabir (Allah ondan razı olsun) rəvayət edərək buyurur: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bayram günü (namazdan sonra evə) qayıtdıqda gəldiyi yolla qayıtmazdı». (Buxari 986)

Namazdan sonra camaatın bayramını təbrik etmək

İnsan­lar bir-birini “Allah bizlərdən və sizlərdən qəbul etsin”, – deyərək təbrik edə bilərlər.

Aişədən  (Allah ondan razı olsun) rəvayət edilir ki, o, Minada olarkən onun yanında iki qız uşağı dəf çalırdı, Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun)  də əbasına bürünüb (uzanmışdı). Bu vaxt Əbu Bəkr  (Allah ondan razı olsun) onun yanına daxil oldu və (uşaqların çalıb-oynadığını görüb) onlara acıq­landı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun)  üzünü açıb buyurdu: «Dəymə onlara, ey Əbu Bəkr, çünki bu gün­lər bayram günləridir. Bu günlər Minada (qalma) günləridir». (Buxari 987)

Qurban bayramından sonra qurban kəsmək

İmkanı olan hər kəsin bayramdan sonra qurban kəsməsi sünnədir. Rəvayət edilir ki, Bəra (Allah ondan razı olsun) demişdir: Mən Pey­ğəmbərin (Allahın ona salavat və salamı olsun) xütbə verərkən belə de­di­yini eşitdim: «Biz bu günümüzdə ilk əvvəl namaz qılmalı, sonra da qayıdıb qur­ban kəsməliyik. Kim belə etsə, Sünnəmizə uyğun iş görmüş olar». (Buxari 951)

Rəvayət edilir ki, Bəra (Allah ondan razı olsun) demişdir: «Qurban günü Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) namaz­dan sonra bizə xütbə verdi və buyurdu: “Kim bizim kimi namaz qılarsa və bizim kimi qurban kəsərsə, qurbanlıq heyvanını (şəriətə uyğun) kəsmiş olar. Kim (qur­banlıq heyvanı bayram) namazın­dan əvvəl kəsərsə, namazdan qabaq (özü üçün heyvan kəsmiş) olar və onun qurbanı qəbul olunmaz”. (Bu vaxt) Bəranın (Allah ondan razı olsun) dayısı Əbu Burdə ibn Niyar (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçisi, mən öz qoyunumu na­mazdan əv­vəl kəsdim; mən bilirdim ki, bu gün yemək-içmək günüdür, elə buna görə də istədim ki, mənim qoyunum evimdə kəsilən ilk qurbanlıq olsun. Odur ki, nama­za gəlməmişdən əvvəl qoyunu­mu kəsib (bir az ondan) yedim.” Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Sənin qoyunun ətlik qoyun­dur.” Əbu Burdə (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçisi, bizim bir çəpişimiz var ki, o, mənim üçün iki qoyundan sevim­lidir, mən onunla (qurbanlığı) əvəz edə bilərəmmi?” Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Bəli, ancaq o, səndən sonra heç kəsə əvəz sayıla bilməz”». (Buxari 955)

Sələmə ibn Əkva (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)  demişdir: «Sizlərdən kim qurban kəssə, (qoy bayramın) üçüncü gününün səhəri evində onun (ətindən) heç bir şey qalmasın.» Növbəti il (bayram günü yetişdikdə əshabələr) dedilər: “Ya Rəsulullah, keçən ildəki kimi edəkmi?” Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) dedi: «Özünüz ye­yin, (başqalarına) yediz­dirin, üstəlik ehtiyatınızı da götürün. Belə ki, (keçən) il insanlara qıtlıq üz vermişdi, bu səbədən də mən sizin onlara yardım etmə­yinizi istədim». (Buxari 5569)

Rəvayət edilir ki, Ömər ibn Xəttab  (Allah ondan razı olsun)  Qurban bay­ra­mında xütbədən qabaq namaz qıldı, sonra (camaata) xitab edib dedi: «Ey insanlar! Həqiqətən, Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) sizə bu iki bayramda oruc tutmağı qadağan etmişdir. Bunlardan biri orucunuzu tamamladığınız günün səhəri, digəri isə kəsdiyiniz qurban­dan yediyiniz gündür». (Buxari 5571, Əhməd 224)

Qohum və qardaşları ziyarət etmək

Rəvayət edilir ki, Amr ibn əl-As  (Allah ondan razı olsun)  demişdir: Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) uca səslə heç nəyi gizlətmədən belə dediyini eşitmişəm: «Atamın qohum-əqrəbası mənim hima­yədarım sayıla bilməz. Mənim himayədarlarım ancaq Allah və əməlisaleh möminlər­dir. Sadəcə məni onlara bağlayan qohumluq əlaqələridir və bu əlaqələri qoruyub saxla­yaca­ğam». (Buxari 5990)

Abdullah ibn Amr  (Allah ondan razı olsun) rəvayət edir ki, Pey­ğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Qohumluq əlaqə­lərini qarşılıqlı olaraq saxlayan adam əlaqə quran kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə də, onu yenidən qursun». (Buxari 5991)

Bayramdan sonra saleh əməllər üzərində sabit qalmaq və xeyir işləri artırmaq

Rəvayət edilir ki, Adiy ibn Hatim  (Allah ondan razı olsun)  demişdir: «Mən Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) yanın­da ikən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıbçılıqdan, digəri isə yol kəsən qul­durlardan şikayət etdi. Peyğəmbər  (Allahın ona salavat və salamı olsun)   (onları dinlədikdən sonra) dedi: “Yol kəsən qul­durlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafi­zəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, (bilin ki,) biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq. Sonra siz Allahın hüzurunda duracaqsınız və sızinlə Onun arasında heç bir pərdə olma­yacaq. (Dediklərinizi) tərcümə edəcək bir tərcüməçiniz belə olma­yacaq. Sonra Allah Öz qulundan soruşacaq: “Mən sənə mal-dövlət verməmiş­dimmi?” O: “Vermiş­din”– deyəcək. Sonra soruşacaq: “Mən sənə pey­ğəmbər göndərmə­miş­dimmi?” O: “Göndərmişdin”– deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna baxacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla (özünüzü Oddan qoruyun)». (Buxari 1413)

Aişə  (Allah ondan razı olsun)  rəvayət edir ki, Peyğəmbərin  (Allahın ona salavat və salamı olsun) zövcə­lərindən bəzisi Peyğəmbər­dən (Allahın ona salavat və salamı olsun) : “Hansımız sənə daha tez qovuşacaq?”– deyə so­ruş­dular. O: “Əli ən uzun olanınız”– deyə cavab verdi. (Belə deyəndə) onlar bir qamış götürüb qollarını ölçməyə başladılar. Ən uzun qollu Səudə idi. (Zeynəb bint Cəhş vəfat etdikdə) biz başa düşdük ki, uzun əl deyildikdə, sədəqə (vermək) qəsd edilirdi. O, hamımızdan tez Peyğəmbərə (Allahın ona salavat və salamı olsun)  qovuşdu. (Həqiqətən,) o, sə­dəqə verməyi sevirdi. (Buxari 1420)

Bayram günü sevinc və səxavət günüdür

Əbu Bəkrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) (vida həccində) dəvəsinə min­di. Bir nəfər dəvənin yedəyindən (yaxud noxtasından tutmuşdu). Peyğəmbər (Allahın ona salavat və salamı olsun) : “Bu, hansı gündür?”– deyə soruşdu. Biz susduq, hətta onun başqa bir ad deyəcəyi­ni zənn etdik. O dedi: “Məgər (bu gün) qurban günü deyilmi?” Biz: “Bəli!”– deyə cavab verdik. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) : “Bu, hansı aydır?”– deyə soruşdu. Biz susduq, hətta, onun başqa bir ad deyəcəyini güman etdik. O dedi: “Məgər (bu ay) zülhiccə ayı deyilmi?” Biz: “Bəli!”– deyə cavab verdik. O buyurdu: “Sizin qanı­nız, malınız və namusunuz, bu ayınız da və bu şəhəriniz də, bu gününüzün haramlığı kimi bir-birinizə haramdır. Qoy burada olanlar (eşitdiklərini) aramızda olmayanlara təbliğ etsin­lər. Ola bilsin ki, burada olan kəs (bunu) daha yaxşı qavrayan bir kimsəyə çatdırsın”. (Buxari 67, Muslim 4478, Nəsəi 4077, İbn Məca 3058)

Hazırladı: Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha