Əqidə Məqalələr

Quranilərin məşhur şübhələrinə cavablar

Dəyərli oxucu! Bu dəfəki yazımızda Quranilərin bəzi yayqın şübhələrinə cavablar verəcəyik.

Bu şübhələrdən bəzilərini qeyd edərək cavab vermək niyyətindəyik ki, insanlar maariflənsilər və bu təlbislərə aldanmasınlar.

Birinci şübhə:

Peyğəmbərdən ﷺ rəvayət olunur: «Məndən sizə çatan xəbərləri Quranla tutuşdurun. Əgər o Qurana uyğun gələrsə, (deməli) onu mən demişəm. Əgər Qurana müxalif gələrsə, mən onu deməmişəm. Mən yalnız Allahın kitabına müvafiqəm və Allah onunla məni hidayət etmişdir.» (Sunən əd-Darəqutni, 4/28; Beyhəqinin «əl-Mərifə» əsəri, 1/23)

Onlar bu rəvayəti dəlil gətirərək deyirlər ki:

Əgər hədisin (sünnənin) Qurana müvafiq gələni götürülürsə, onda hədisi hüccət kimi təqdim etmək doğru deyil. Ona görə ki, hüccət Qurana müvafiq olanda baş tutur, əgər müxalif olarsa, rədd edilir.

Bu şübhənin cavabı iki yöndəndir;

Birincisi: Bu hədis olduqca zəifdir. İbn Abdul-Bərr İbn Məhdidən nəql edib ki: «Bu rəvayəti zındıqlar və xəvariclər uydurublar. İbn Həzm, əl-Beyhəqi, İbn Abdul-Bərr və Suyuti də bu rəvayətin zəif olmasını qətiyyətlə demişlər.

İkincisi: Əsərin mətni münkərdir. əl-Beyhəqi demişdir: «Əksinə, bu özü batil bir şeydir. Çünki, Quranda elə bir dəlil yoxdur ki, o hədisi Quranla tutmuşdurmağa dəlalət etsin.» (əl-Mədxəl ilə dələilin-Nubuvvət, 1/27)

İbn Abdul-Bərr demişdir: Elm əhlindən bir qismi bu hədisə etiraz edərək demişlər: «Hər şeydən əvvəl biz bu hədisi Qurana ərz edirik və buna etimad edirik. O zaman ki, hədisləri qurana ərz edirik, bunun Qurana müxalif olduğunun şahidi oluruq. Çünki, biz Allahın kitabında peyğəmbərin ﷺ hədisindən Qurana müvafiq olandan basqasını qəbul etməmək barədə bir şey tapmadıq. Əksinə, Quranda gördük ki, Allah hamımıza peyğəmbərə ﷺ əsaslanmağımızı, ona itaət etməyi, əmr edir, onun əmrinə müxalif olmaqdan çəkindirir.» (Cəmiu bəyən əl-Elm, 2/1191)

İkinci şübhə:

«Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq.» (əl-Ənam, 38)

Bu ayəni gətirərək bu ayədəki «şey» sözünü dəlil göstərməyə çalışırlar ki, guya bu qeyri-müəyyənlikdə və nəfy (red-inkar: heç nəyi istisna etmədən — anlamında) olduğu üçün Quranın tam mənada əhkamlardan və s. hər şeyi əhatə etdiyi anlamına yozulur. Bu da guya Qurandan başqa şeylərə ehtiyac olmadığı anlamına gəlirmiş.

Bu şübhənin cavabı: ayənin gedişatı işarət edir ki, burada «Lövhi-Məhfuzda» olan kitab qəsd olunur. Uca Allahın eyni ayəsini əvvəldən axıra kimi oxusaq, hansı kitabdan söhbət getdiyi aydın olacaqdır. O qorunmuş «Lövhi-Məhfuz» kitabı ki, orada məxluqların qədəri barədə əvvəldən axıra kimi hər şey yazılmışdır. Ayə tam olaraq belədir:

«Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.» (əl-Ənam, 38) Deməli, aydın olur ki, burada Quran kitabı deyil, Lövhi-Məhfuzda olan kitab qəsd olunur.

 

Üçüncü şübhə:

Uca Allahın bu ayəsi: «Biz Kitabı sənə hər şey üçün bir izah etdik.» (ən-Nəhl, 89) Bu ayəni gətirərək deyirlər ki, artıq Quran dinin əhkamlarını bəyan edib, ona görə də peyğəmbərin ﷺ sünnəsinə ehtiyac yoxdur.  (Bax, Hucciyyətus-Sunnə, səh, 384)

Bu şübhənin cavabı:

       a) Quranın bəyan etməsi iki cürdür;

Birincisi: Ya açıq-aydın dəlil yolu ilə bəyan etmək; məsələn: Dinin bir çox əsaslarının, namazın, zəkatın vacibliyini, ticarətin və nigahın halallığını bəyan etmək kimi. (Lakin, bu hökmlərin təfsilatları, izahları hədislərdə gəlir).

İkincisi: Ya da başqa dəlillərə yönəltmək yolu ilə bəyan etmək; o dəlillər ki, Allah onu Quranda mötəbər hesab etmişdir. Ona görə də sünnədə və icmada bəyan olunan hər bir hökmü Quran bəyan etmiş kimidir. Çünki, Quran bizə bu yolu göstərmiş, biz də bu yola yönəlmişik.

Sonra Quranın hər bir şeyə bəyan olmasını peyğəmbər ﷺ bizə öz sünnəsində bu ayəyə əsasən izhar etmişdir:

«Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.» (ən-Nəhl, 44)

Deməli, bu ayə bizə açıq-aydın ifadə edir ki, peyğəmbərin sünnəsinin izahı olmadan biz Quranın hökmlərini özbaşına anlaya bilmərik. Bu ayəyə əsasən peyğəmbərin ﷺ Quranı etdiyi izaha, yəni, hədislərə, onun sünnətinə mütləq müraciət etməliyik.

      b) Bir də bu ayəyə fikir versək, ayə Məkkə ayələrindəndir. Peyğəmbər ﷺ Məkkədə olduğu zaman Quranın əhkam ayələrinin çoxusu hələ nazil olmamış və Quran ayələri hələ tamamlanmamışdı. Belə olduğu halda Quran «hər şey üçün bir izah» necə ola bilərdi? Hətta, belə olsaydı, Məkkə müşrikləri peyğəmbəri yalançılıqda ittiham edər və Qurana da tənə edərdilər. Deməli, Quranilərin ayəni bu cür yozmaları Quranda qəsd olunan və bizim yuxarıda izah etdiyimiz doğru mənaya ziddir.

Dördüncü şübhə:

Həmçinin, bu ayəni  «Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.» (əl-Hicr, 9)  gətirərək deyirlər ki: Əgər sünnə hüccət (dəlil) sayılsaydı, Allah sünnəni də Quranı qoruduğu kimi qorumağı öz öhdəsinə götürərdi. (Bax, Hucciyyətus-Sunnə, 390)

Bu şübhənin cavabı:

Birinci məsələ: Ayədə keçən «Zikr» sözü Qurana və Sünnəyə şamil olunur. Əgər deyilsə ki: Bu yalnız Qurana aiddir, çünki, Quranın qorunması onun hərflərinə və mənalarına da şamildir. Deyirik ki, Quranın mənalarının qorunmasını Allah peyğəmbərin vəkalətinə (öhdəsinə) vermişdir. Bu barədə ayəni yuxarıda qeyd etdik. (ən-Nəhl, 44) Ona görə də Quranın qorunmasına sünnənin qorunması da aiddir. Əgər peyğəmbərin kəlamı da vəhydəndirsə, deməli, Allah onu da qorumalıdır. Necə ki, Allah peyğəmbərin ﷺ   sünnəsinin də vəhydən olduğunu Quranda bəyan etmiş və buyurmuşdur: «O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.» (ən-Nəcm, 3-4) Gördüyünüz kimi sünnə də vəhydirsə, o məhz Allahın qoruyacağını buyurduğu Zikrə daxildir. Ona görə də Allah özünə itaətlə peyğəmbərə ﷺ itaəti bir tutaraq buyurmuşdur: «Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun.» (Ali İmran, 132) Allaha itaət Qurana tabeçilikdir. Peyğəmbərə ﷺ itaət isə sünnəyə (hədislərə) tabeçilikdir. Hətta, sünnəyə müxalif olmaq böyük bir təhlükədir. Ona görə də Uca Allah Quranda möminlərə bu barədə ciddi xəbərdarlıq etmişdir: «Qoy onun (peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.» (əl-Furqan, 63)

İkinci məsələ: Allah peyğəmbərə Quranı və Hikməti göndərmişdir. Quran ayələrində qeyd olunan Hikmət sünnədir. Gəlin bu ayələri oxuyaq:

1 — Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! (əl-Bəqərə, 129)

2 — Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. (əl-Bəqərə, 151)

3 — Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir.

4 — Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki əvvəllər onlar açıq-aydın azğınlıqda idilər. (Ali İmran, 164)

5 — Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı və Hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər. (əl-Cümə, 2)

6 — Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür. (ən-Nisə, 113)

7 — Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır. (əl-Əhzab, 34)

Bu ayələr barədə düşünən insan görər ki, hikmət kəlməsi ayədəki kitab (Quran) sözünə atf edilmişdir. Yəni, Qurana bağlı gəlmişdir. (Yalnız sonuncu ayədə hikmət kəlməsi Allahın ayələrinə atf edilmişdir.) Bu ona dəlalət edir ki, burada hikmət dedikdə Quran nəzərdə tutulmur. Çünki, ərəb ədəbi dilində (ərəb lüğətində) bir şey özünə atf (bağlı) edilmir. (Bağdadi, «Xizənətul-Ədəb», 5/108) Bu qaydanı əl-Mərzuqi «Şərhu Divanil-Həməsə, 1/148» kitabında bildirmişdir.

Deməli, peyğəmbərə verilən kitabla yanaşı hikmət sayılan sünnə də verilmişdir.

İbnul-Qeyyim demişdir: «Hikmət Quranla yanaşı qeyd olunarsa, bu Sünnə anlamındadır. İmam Şafi və başqa İmamlar da belə demişlər…(Sonda isə) deyir: Hikmətin sünnə olaraq təfsir edilməsi daha ümumi və daha məşhurdur.» (Təfsirul-Quranil-Kərim, İbnul-Qeyyim, 1141; səh 231)

Beşinci şübhə:

«Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.» (əl-Kəhf, 54) Onlar bu ayəni gətirib Quranda hər cür məsəl çəkildiyindən danışır və hər şeyin bəyan edildiyini deyirlər.

Bu şübhənin cavabı: Burada insanın doğru yolda, hidayət üzərində olmasına aparan və insanın azmasına səbəb olan bütün məsələlərin izah olunduğu və ya bu məsələlərə işarə olunduğundan söhbət gedir. Təfsir kitablarına müraciət etdiyimiz zaman da bunun şahidi oluruq. Ona görə də burada Quranilərin iddia etdikləri kimi ibadətlərin təfsilatlarının qəsd olunmadığını görə bilərik. Məsələn; İmam ət-Təbəri (Allah ona rəhmət etsin) öz təfsirində: «Biz insanlar üçün bu Quranda hər cür məsəl çəkdik. Onlara hər cür moizələr verdik. Onların xatırlayaraq Allaha dönmələri, tövbə etmələri, ibrət alıb faydalanmaları üçün hər cür dəlil gətirdik ki, onlar Allaha şərik qoşmaqdan və bütlərə ibadət etməkdən çəkinsinlər. Lakin, insanlar isə çox mübahisə və düşmənçilik edirlər, haqqa qayıtmır və öyüd nəsihətdən fayda almırlar.» (Təfsirut-Təbəri, Cəmiul-Bəyən, 18/48; təhqiq Əhməd Şakir)

Yenə məsələ insanın həlakı və səadətiylə bağlı bütün öyüd-nəsihətlərə qayıdır. Lakin, ən məşhur və qədim təfsir alimi ət-Təbəri Quranilərin dediyini demir və onlar kimi bu ayəni başa düşməyib.

İndi isə görək İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayəni necə təfsir edib: «Uca Allah buyurur: Biz bu Quranda insanlara haqq yoldan azmamaları və hidayət yolundan çıxmamaları üçün gərəkən məsələləri ətraflı izah etdik…» (Təfsiru İbn Kəsir, 18/54)

Göründüyü kimi burada heç də Quranilərin təsəvvür etdiyi ibadətlərin təfsilatından, ətraflı izahından bəhs edilmir. İbn Kəsir də İmam Təbəri kimi hidayətə və haqdan azmağa aid məsələlərin ətraflı izahından danışır. Digər məsələlərin ətraflı izahı üçün biz peygəmbərin sünnəsinə müraciət etməliyik.

Həmçinin, təfsir alimi Əbdür-Rəhman əs-Sədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: «”Hər bir məsəli ətraflı izah etdik”: yəni, əbədi səadətə, faydalı elmə aparan hər yolu və şərdən, həlak olmaqdan qoruyan hər yolu ətraflı izah etdik.» (əs-Sədi, Teysirul-Kərimur-Rahmən, səh 552. İbnul-Cövzi nəşriyyatı)

Xülasə, yenə də məsələ hidayət olunma və yoldan azmaqla əlaqəli məsələlərin ətraflı izahına qayıdır.  Quranı bizdən yaxşı bilən təfsir alimləri yenə də ayələri həqiqi mənasından başqa yerə yozanların batilini ifşa edirlər. Doğurdan da əgər Quranda bütün dini hökmlər ətraflı izah edilsəydi, onda biz Qurandakı «namaz qıl» əmrini götürüb onun ətraflı izahını hədislərdən götürməzdik. Eyni zamanda da Qurandakı «zəkat ver» əmrini götürüb lakin, onun ətraflı izahını hədislərdən götürməzdik. Ona görə də hər bir ağıl sahibi dərk edir ki, Quranda «bir şeyi edin» deyə işarə edilirsə, yəni, bir şey əmr edilirsə, lakin, onun təfsilatı, necə edilməsi barədə məlumat yoxdursa, bu təfsilatlı izah peyğəmbərin ﷺ    hədislərindən götürülür. Elə bu Quranın bizə əmridir ki, gərək biz bu əmrə tabe olaq: «Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.» (ən-Nəhl, 44) Lakin, görəsən bu cavabları oxuyan Quranilər bundan sonra peyğəmbərin ﷺ Quranı izah etməsi barədə fikirləşəcəklərmi? Müvəffəq edən Allahdır!

Altıncı şübhə:

Sünnəyə zəif və uydurma rəvayətlər daxil edilmişdir. Hədislərin mətni və isnadı tənqidə məruz qalmışdır. (Bax, əl-Quraniyyun və şubuhətuhum, səh 233).

Bu şübhənin cavabı: Peyğəmbərin ﷺ səhih sünnəsi tarix boyu hədis alimləri tərəfindən daim bəyan edilmiş, mötəbər hədislərin qorunduğu kitablar mətn və isnadlarıyla bərabər qorunmuşdur. Sünnə alimləri hətta, hədis uydurma cəhdlərini dəfələrlə ifşa etmişlər, onlar hədis qəbulunda o qədər titiz davranmışlar ki, onlardan məsələn; imam Buxari bir hədisə görə yüzlərlə kilometr yol getdikdən sonra evinə çatdığı şəxsin heyvana yem vermək istəyən kimi görünüb sonra əlini ora-bura aparıb yemi dala-qabağa çəkdiyini və heyvanla  oynadığını görüb: «Bu Allahın yaratdığı heyvana kələk gəlirsə, onda Allah Elçisinin adından da yalan uydura bilər» deyib yüzlərlə kilometr yolu gəldiyi kimi geri qayıtmış və ondan hətta, o hədisi eşitmək belə istəməmişdir. Peyğəmbərin ﷺ hədisləri belə doğruluğu, əmanəti və sadiqliyi ilə seçilən, dində imam olan şəxslər tərəfindən toplanmış və qorunmuşdur. Bu alim o alimdir ki, şəxsiyyətinin və etibarının ləkələnməməsi üçün səfərdə  gəmidə olarkən pulunu saydığı zaman onu görən və pulunu əlindən almaq istəyən oğrunun: “onda filan qədər pul var, o mənim pulumu götürüb” deyə böhtan atdıqda öz min dinar pulunu dənizə atacaq qədər sadiq bir kimsə idi. Onun üçün əsas öz etibarını qorumaq idi. Bu etibar onun üçün minlərlə dinardan üstün idi.  Sonda oğru məyus olmuş və onun bu hekayəsi dillərə əzbər olmuşdu. Bax, peyğəmbərin ﷺ sünnəsi belə böyük, etibarlı hədis imamları tərəfindən bizə nəql edilmişdir.

Həmçinin, hədis elmi o qədər inkişaf etmişdi ki, alimlər hətta hədis rəvayətinin silsəsindəki yaddaşı zəif və ya məchul (tanınmayan şəxs) və ya başqa naqis, fasiq adamların hamısını tanımış, bu şəxslər  barədə xüsusi kitablar yazmış, onların hədislərini qəbul etməmiş və tədris etməmişlər. Alimlər hədisləri etibarlılıq  baxımından qismlərə  bölmüş, uydurma və zəif hədisləri bəyan etmiş, mötəbər və səhih hədisləri də bəyan etmişlər. Bu barədə cildlərlə kitablar yazılmışdır. Bütün bunlar hədislərin qorunmasına xidmət edən addımlar idi. Bu, peyğəmbər ﷺ sünnəsinin qorunması baxımından İslam ümmətinin bir müvəffəqiyyəti hesab olunur…. ARDI VAR.

İstifadə edilmiş mənbələr:

  • Qurani-Kərim.
  • Səhih əl-Buxari.
  • Sunəni Əbu Davud.
  • Hucciyyətus-Sunnə.
  • Sunən əd-Darəqutni.
  • Cəmiu Bəyən əl-Elm.
  • İbn Sadın «Tabaqat» əsəri.
  • İbn Salah, «Ulum əl-Hədis».
  • əl-Beyhəqinin «əl-Mərifə» əsəri.
  • Bağdadinin «Təqyidul-İlm» əsəri.
  • əl-Mədxəl ilə dələilin-Nubuvvət.
  • əl-Quraniyyun və şubuhətuhum.
  • ət-Təbəri, «Cəmiul-Bəyən» Ə. Şakir.
  • İbn Kəsir, «Təfsirul-Quranil-Azim».
  • əs-Sədi, «Teysirul-Kərimur-Rahmən.»
  • Məkənət Sunnətun-Nəbəviyyə. Umar.
  • əs-Sunnətu və Məkənətuhə fit-Təşrii əl-İsləmi, dr. Mustafa əs-Sibəi.
  • əl-Quraniyyun, nəşə’uhum, aqaiduhum, ədillətuhum, Ali Muhəmməd Zeynu.
  • Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd əl-Əazami.
  • əl-Hədis Huccətun binəfsihi fil-Aqaidi vəl-Əhkam, şeyx Albani.

Yazdı: Sahib Əsədov.