Quran Tövhid

Qurani-Kərim müqəddəsdirmi?

Aləmlərin rəbbi olan Allaha həmd-səna olsun. Sonuncu Peyğəmbər və Rəsulullah olan Muhəmmədə, onun ailəsinə, cəmi əshabələrinə Allahın salavatı və salamı olsun.

Quranın müqəddəs olub-olmaması bu gün bir çoxlarımızı maraqlandıran sualdır. Feqih.com heyəti olaraq bu sualın cavabını tapmaq üçün kiçik bir araşdırma apardıq və istərdik ki, sizi də bu araşdırma ilə tanış edək. Belə ki, xeyir bölüşdükcə artır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: “Xeyirə yönəldən, xeyiri etmiş kimidir.”

Keçək əsas mətləbə: Quran müqəddəsdirmi?

Bu sualın cavabını tapmaq və məsələnin mahiyyətini dərk etmək üçün əvvəlcə ərəb dilində “müqəddəs” sözünün hansı anlama gəldiyini öyrənək.

Ərəb dilinin izahlı lüğətlərinə baxdıqda görürük ki, “müqəddəs” sözü pak, təmiz mənasındadır.

əl-Əzhəri (Allah rəhmət etsin) adlı alim deyir ki, “əl-Quddus” Allahın adlarındandır, mənası isə pak, təmiz, nöqsan və eyiblərdən uzaq deməkdir.

Ərəblər “müqəddəs” dedikdə, təmiz, pak mənasını anlayırlar. “Təqəddəsə — Tətəhhərə” Müqəddəs oldu, yəni təmizliyə çıxdı. Daha ətraflı məlumat əldə etmək üçün “Lisənul Ərəb” (6/168-169) baxa bilərsiniz.

İlk dəfə Quranı təfsir edən kitabın müəllifi olmuş İbn Cərir ət-Təbəri (Allah rəhmət etsin) demişdir: “Müqəddəs, təmiz-pak, ehtiram olunan deməkdir. Zikrlərdə deyilən “Subbuhun Quddusun” – zikrində, “Subbuhun” sözünün mənası, Allahı nöqsanlardan uzaq tutmaq, “Quddusun” sözünün mənası isə Allahın pak və təmiz olduğunu təsdiqləməkdir. Ona görə də bəzi yerlərə “Müqəddəs yer” yəni, “Pak yer” adı verilmişdir….”

Uca Allah Adəmi yaratmaq haqqında mələklərə xəbər verdikdə, mələklər Allaha belə dedilər: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” (əl-Bəqərə: 30).

İbn Cərir ət-Təbəri (Allah rəhmət etsin) bu ayəni təfsir edərək deyir: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz” ayəsinin mənası budur ki, biz səni şirk əhlinin Sənə nisbət etdiklərindən uzaq bilir, Sənin üçün namaz qılırıq. “Səni müqəddəs tutduğumuz” ayəsi isə o deməkdir ki, biz Səni Sənə aid olan sifətlərlə vəsf edirik. Küfr əhlinin sənə nisbət etdikləri nöqsan və eyiblərdən pak və təmiz sayırıq.” (Bax: Təbəri, Təfsir kitabı, 1/475).

 

Dəyərli oxucu, ərəb dilində müqəddəs sözünün mənası haqqında hansı lüğət kitabına baxsan görərsən ki, hamısı eyni məna ifadə edir.

 

Gələk Quranın müqəddəs adlandırılması məsələsinə

Əvvəla onu qeyd edək ki, Qurani-Kərimi “Müqəddəs” sözü ilə vəsf etməkdə heç bir problem yoxdur. Çünki “Müqəddəs” sözü qeyd etdiyimiz kimi, pak və təmiz mənasını verir. Bu baxımdan Quranın müqəddəs olmasında heç kəs şübhə edə bilməz. Lakin Quranın daimi adı olaraq “Müqəddəs Quran” demək doğru deyildir. Çünki bu adı xaçpərəstlər “Müqəddəs Kitab” adı ilə İncil və Tövrata şamil edirlər. Biz müsəlmanlar isə onlara müxalif olaraq Quranı bu adla adlandırmırıq. Amma vəsf olaraq “Quran müqəddəs kitabdır” sözünü ağız dolusu, ürəklə işlədirik. Çünki həqiqətən də Quran müqəddəsdir, pak və təmizdir.

Qurani-Kərimin bizə onun özündən və səhih hədislərdən bizə məlum olan adları vardır. Məsələn, Qurani Kərim, Quranun Məcid, Quranun Mubin, Quranun Həkim və s.

Bu adların içərisində biz “müqəddəs” adına rast gəlmirik. Ona görə də biz Quranı Allahın adlandırdığı adlarla adlandırırıq.

Uca Allah buyurur: Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.(əl-Hicr: 1). Ayədə Qurani-Kərim “Quranun Mubin” adlandırılır.

Digər ayəyə baxaq: Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzamətli Quranı verdik.(əl-Hicr: 87). Ayədə Qurani-Kərim “Quranun Azim” adlandırılır.

Başqa ayəyə baxaq: “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad: 29). Ayədə Qurani-Kərim “Quranun Mubarək” adlandırılır.

Yasin surəsində isə belə deyilir: “1 — Ya, Sin! 2 — (Ya Rəsulum!) Hikmətlə dolu Qurana and olsun…” Bu ayədə isə Qurani-Kərim “Quranun Həkim” adlanır.

Əl-Vaqiə surəsində isə Qurani-Kərim adlandırılır: 77 — (Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır.

Əl-Buruc surəsində isə “Quranun Məcid” adlandırılır: “21 — Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır!” (əl-Buruc surəsi).

Gördüyünüz kimi uca Allah Qurani-Kərimi bir çox adlarla adlandırmışdır və biz də bu kitabı eyni adlarla adlandırmalıyıq.

Amma kiminsə “Quran müqəddəs deyil” – deməsi, əsla yolverilməzdir, bu söz kökündən yalnışdır. Belə deyən insanın nə Qurandan, nə də ərəb dilindən xəbəri yoxdur.

“Quran müqəddəs deyil” sözünün mənası budur ki, Quran pak və təmiz deyil. Bu isə təbii ki, əsla doğru söz deyildir. Quran müqəddəsdir, yəni, pak və təmiz kitabdır. Orada olanların hamısı haqqdır, kiminsə bu kitaba nəsə əlavə etməsi mümkün deyildir, çünki bu kitab pakdır, təmizdir, yəni, müqəddəsdir.

Daha doğrusunu bilən Allahdır. Allah bizi daima xeyir işlərə müvəffəq etsin…Amin!

 

Dərin hörmətlə Feqih.com heyəti.