Əqidə

Quranda hər şey yazılıbmı?

Dəyərli oxucu! Günümüzdə bəzi şəriət və İslam inkarçıları müxtəlif şübhələr yaymaqla məşğuldurlar. Onların şübhələrinin əsas qayələrindən biri də müsəlmanların ilahi elm məsdərlərini etibarsızlaşdırmaq və müsəlmanları dinləri barədə şəkk-şübhədə saxlamaqdır. Bildiyimiz kimi Quran İslam dininin birinci əsas mənbəsidir. Quran barədə gətirilən şübhələrdən biri də «Quranda hər şeyin yazıldığı deyilir, lakin, quranda filan, filan şeylərdən heç danışılmayıb» demələridir. Birbaşa keçirik mövzumuza:

🔹 Birinci məsələ: Bu iki ayənin mənası Qurana aiddirmi?

«Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.» (Nəhl, 89)

Bu ayənin mənası Qurana aiddir.

«Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. » (əl-Ənam, 38)

Bu ayənin mənası isə Lövhi-Məhfuza aiddir.

Lakin, şəriət inkarçıları və bəzi İslamı sevməyənlər bu ayələrin mənasını insanlara təhrif edilmiş şəkildə göstərməyə çalışırlar. Göründüyü kimi hər şeyin yazıldığı kitab Quran deyil, lövhi məhfuzdur. Bəs Quranda hər şey necə izah edilmişdir? Bu məsələyə aşağıda toxunacağıq Allahın izniylə. Lakin gəlin əvvəlcə Lövhi-məhfuzun mənasını qısa şəkildə izah edək.

 

🔹 İkinci məsələ: Lövhi məhfuz nədir?

Lövhi Məhfuz: Elə bir kitabdır ki, Uca Allah o kitabda məxluqların yaranmadan öncə bütün qədərini yazmışdır. Uca Allah Quranda buyurmuşdur: «Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.» (əl-Ənam, 59)

Başqa ayədə Uca Allah buyurur: «Bəli, bu şanlı Qurandır. O, mühafizə edilən lövhədədir.(yəni, Quran Lövhi məhfuzda da yazılmışdır.)» (əl-Buruc, 21-22)

Başqa ayədə Uca Allah buyurur: «Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).» (Hud, 6)

Deməli, hər şeyin yazıldığı kitab deyəndə birinci olaraq «Lövhi Məhfuz» kitabı ağıla gəlməlidir. Bu məna, yəni hər şey haqqında elmin yazılı olduğu kitabın Lövhi Məhfuzda olması Qurani-Kərimdə bir çox ayələrdə təsdiqlənir. (Əlavə ayələr üçün bax, Fatir, 11/əl-Həcc, 70/ ən-Nəml, 75./əl-Hədid 22./Taha, 51-52/)

Bu ayələrdə də hər şeydən məlumat yazılan, hətta, baş vermədən öncə bütün hadisələrin yazıldığı kitabdan bəhs edilir ki, bu kitab Quran deyil, səmada olan Lövhi- Məhfuzdur. Qurana gəldikdə isə yuxarıda ən birinci qeyd etdiyimiz ən-Nəhl surəsi 89-cu ayədə Quranda hər şeyin yazıldığı deyilmir, əksinə, «Quranın hər şey üçün bir izah olduğu» deyilir.

 

🔹Üçüncü məsələ: Elə isə gəlin görək Quranı təfsir edən bəzi alimlər bu ayə barədə (yəni, ən-Nəhl, 89-cu ayə, artıq əvvəldə qeyd olundu) nə demişlər?!

İbn Cərir ət-Tabəri (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: «Ey Məhəmməd, biz sənə bu Quranda insanların halal və haramdan, savab və cəzadan bilməsi gərəkən hər şeyi izah etdik.» (ət-Tabəri, Cəəmiul-Bəyən, 14/333)

Təfsirul-Cəlaleyndə deyilir: «(Quran) İnsanların şəriətdən məsələlərindən ehtiyacları olan hər şeyə (bəyandır). (Təfsirul-Cəlaleyn, səh 358)

İbn Rəcəb (Allah ona rəhmət etsin) demişdir: Allah Quranda bu ümmətin halal və haramdan ehtiyacı olan hər şeydən xəbər vermişdir.» (Təfsiru ibn Racəb əl-Hənbəli, 1/615)

Peyğəmbərin səhabəsi Əbu Zərr (Allah ondan razı olsun) demişdir:

 «Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) bizi tərk etdiyi zaman (vəfat etdiyi zaman) hətta havada qanadlarını tərpədən quşdan belə bir elm (məlumat) vermişdi.»

Sonra (Əbu Zərr) dedi: Allah Elçisi (Allahın Ona salavatı bə salamı olsun) buyurdu: «Cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran elə bir şey yoxdur ki, sizə bəyan edilməsin.» (Silsilətus-Sahiha, 1803)

 İbn Kəsir isə (Allah ona rəhmət etsin) bu ayənin təfsirində alimlərin sözlərini bir araya cəm edərək İbn Məsud və Mücahidin sözlərini qeyd etdikdən sonra deyir:

 «Quran hər bir elmin, keçmiş xəbərlərin və gələcək elmlərin faydalı olanlarından, hər bir halal və haramdan, insanların dinləri, dünyaları, yaşayışları və axirətləri barəsində ehtiyacları olan hər şeydən xəbır vermişdir.» (İbn Kəsir, Təfsirul-Quranil-Azim, 4/510)

Ona görə də bəzi alimlər demişlər ki, Qurani-Kərim bütün elmlərə işarə etmişdir. Lakin, Qurani-Kərim nə bütün elmlərin qaydalarının yazıldığı kitab deyil, nə də Quranın Allahdan nazil olmasının məqsədi məqsədi heç bu deyildir. Onda əvvəla gərək Qurani-Kərim cildlərlə yazılmış və insanların oxuyub başa çıxa bilməyəcəyi bir kitab olaydı. Hansı ki, bu Quranın göndərilmə qayəsinə ziddir. Allah Qurani-Kərimin elə lap əvvəlində buyurmuşdur:

«Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.» (əl-Bəqərə, 2)

Elə bu müttəqilərə doğru yol göstərən kitabda halal, haram, savab, cəza, dünya və axirət üçün insanların ehtiyacı olan hər şeydən xəbər verilmiş və ya işarə edilmişdir.

Məlum olduğu kimi hər bir kitabın müqəddiməsi o kitabın nə barədə yazıldığından və məqsədindən xəbər verir. Bu kitabın müqəddiməsində isə Quranın Allaha inanıb ondan qorxanlar üçün doğru yol göstərən bir kitab olduğu deyilir. Deməli, Allaha inanan bir kimsənin bilməsi gərəkən ümumi məlumatlar Quranda vardır. Bu məlumatların təfsilatı və ya xırdalıqları isə Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) hədislərində gəlmişdir. Çünki, Quranda namazı necə qılacağımızın təfsilatı yazılmamışdır. Lakin, namaz qılın deyə əmr olunmuşdur.

Bunun kimi zəkat verin deyə əmr olunsa da, zəkatı necə verməyin gərəkdiyi barədə təfsilat (ətraflı məlumat) hədislərdə gəlmişdir. Deməli, Quran ümumi hökmləri, haramı və halalı, dünya və axirət üçün insana faydalı olan ümumi məsələlərin elmindən bəhs etmişdir. Sonra isə yenə Quranın tən ortasındakı İsra surəsində belə deyilir: «Həqiqətən, bu Quran insanları ən doğru yola yönəldir» (əl-İsra, 9) Deməli, insanların doğru yola yönəlməsi üçün Quranda ümumi lazım olan məlumatlar vardır, təfsilat məlumatları isə Peyğəmbərin hədislərindədir. Quranı qəbul edən, hədisləri də qəbul etməlidir. Çünki, hədislər Quranın ümumi mənasının xüsusi izahıdır.

Quranın axırlarında isə belə deyilir: «Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.» (ət-Tariq, 13)

Bütün bu mənalar quranın qayəsinə uyğundur. Quran həm doğru yolu göstərir, həm xeyirlə şəri, haqla batili ayırd edir, bəm də möminlərə mərhəmət və müjdədir.(bax, ən-Nəhl surəsi 89, ən əvvəldə qeyd etdiyimiz ayə)

 

🔹Dördüncü məsələ: İnsanlar niyə lövhi məhfuzla Quranı qarışdırırlar?

Bəli, Quran ayələrinin təfsirinə, təfsir elminə fikir verməməkdən qaynaqlanır. Lakin, bura qədər keçənlərdən aydın oldu ki, Quran ayrıdır, Lövhi Məhfuz ayrıdır. Gəlmiş, keçmiş və gəlıcək hər şeyin yazıldığı kitab Lövhi Məhfuzdur. İnsanları doğru yola yönəltmək, insanların dünya və axirəti üçün ehtiyac duyulan ən mühüm ümumi məlumatlar isə Quranda vardır.

🔹Beşinci məsələ: Bir şübhəyə cavab:

Əgər hər şey lövhi- məhfuzda yazılıbsa, onda əməl etməyə nə ehtiyac var?

Cavab: Bu sualı bu gün bəzi insanlar verdiyi halda, bilmək lazımdır ki, bu sualı ilk dəfə bu dinin müəlliminə onun səhabələri vermişdilər.

Əlidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər bir cənazədə idi. Əlinə yerdən bir şey alıb onunla (torpaq üzərində) cizgi (xətt) çəkərək dedi: «Sizdən elə biri yoxdur ki, onun Cəhənnəmdəki və Cənnətdəki yeri bilinməsin.»

Dedilər: Ey Allahın Elçisi! O zaman bizə yazılanla kifayətlənib (yaxşı) əməl etməyi tərk edəkmi?

Dedi: Siz əməl edin. Çünki, hər kəs nə üçün yaranıbsa, o (yol) onun üçün asanlaşar. Hər kim səadət əhlindən olarsa, ona səadət əhlinin yolu asanlaşar. Hər kim də bədbəxtlik əhlindəndirsə, ona həmin (yol) asanlaşar. Sonra isə bu ayəni oxudu: Kim haqqını verir və Allahdan qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik.» (əl-Leyl, 5-7) Buxari, 4949 və 2647)

Deməli, insanın oturub deməsi ki, «mənim taleyim yazılıb, onsuz da əməl etmək faydasızdır» — bunu deyən insan böyük bir yanlışa yol verir və bir neçə məsələdən qafil qalır:

Birincisi; O qafil qalır ki, Allah o qədər əzəmətli və qüdrətlidir ki, onun əvvəlcədən edəcəyi əməlləri bilir və bunu yazmışdır. Uca Allah buyurmuşdur: «Həqiqətən də, Allah hər şeyi bilir.» (Ənfal, 75)

«Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.» (Loğman, 34)

İkincisi: Allah onu hansısa əməli etməyə məcbur etmir.

«Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır.» (Şura, 30)

Həyatda əksər şeylər insanın ixtiyarındadır. İnsanın nəyi yeyib nəyi içəcəyi, nəyi geyinəcəyi, hara gedib kiminlə oturacağı, nəyi oxuyacağı, nəyi dinləyəcəyi, nə vaxt yatacağı və s. bir çox gündəlik görülən işlər öz ixtiyarındadır. Bəzi şeylər vardır ki, insanın ixtiyarında deyil. Məsələn; insanın doğulması və ölməsi öz ixtiyarında deyil. İnsan istədiyi vaxt dünyaya gəlmədiyi kimi öz öləcəyi vaxtı da bilmir.

Üçüncüsü: Allah hər şeyi qədərlə yaratmışdır və bu qəzavü qədərə iman gətirmək imanın şərtlərindən biridir. Məhz elə insan sınaq imtahanındadır. Bu dünya əməl dünyasıdır. Allahın bizə əməl etməyə fürsət verməsi də dəlalət edir ki, insan özü xoşbəxtliyin və bədbəxtliyin yolunu seçir və Allah insanı bu yolu seçməyə məcbur etmir. Lakin, necə olur ki, Allah əvvəlcədən hər şeyi bilir və yazmışdır? İnsan öz düşüncə çərçivəsinə görə hadisələri və ətrafını dərk edir. Allah isə hər şeyə Qadirdir. Bu kainatı Yaradan hər şeyə qadir olan bir qüvvə olmalıdır. Məntiq də bunu deyir. İnsanın beyni çox şeyi qavramır. Allahı insanla müqayisə etmək olmaz. İnsan zəifdir, Allah isə hər şeyə Qadirdir. Allahın hər şeyi əvvəlcədən bilməsi və yazması da yalnız Ona məxsusdur. Ona görə də Yaradanla yaradılan müqayisə olunmaz. Məxluqla (yaradılanla) məxluq (yaradılan) müayisə oluna bilər. Allah misli olmayan Xaliqdir (Yaradandır). Allah bu barədə Quranda buyurmuşdur: «Onun heç bir bənzəri yoxdur.»

 (Şura, 11) Əgər Allahın bənzəri yoxdursa, Onun hər şeyi əvvəlcədən bilməsində də bənzəri yoxdur. Onun hər şeyi bilməsi sonsuz Qüdrəti və Əzəmətinə layiqdir. Bu bənzərsiz, tayı-bərabəri olmayan Allah hər şeyi əvvəlcədən bilməklə kiminsə həyatdakı ixtiyarını və seçim hüququnu əlindən almır.

Dördüncüsü: Bəzi insanlar qəzavü-qədəri hüccət gətirib deyirlər: «Əgər Allah istəsəydi biz yolumuzu azmazdıq.» Lakin, bu doğru deyil. Buna əqidə elmində «əl-ihticəc bil-qadər» (qədəri hüccət gətirmək) deyilir. Beləcə bu sözü deyənlər günahlara dalır və özlərinə zülm edir, axirətlərini ziyana salırlar. Halbuki, onlar öz dünya mənfəətləri olan işlərdə oturub gözləmirlər. Dünyanı qazanmağa çalışırlar.

Allah insanı azmağa məcbur etmir. İnsan özü özünü azğınlığa salır. Zatən əgər əmələ ehtiyac olmasaydı, Allah dünyanı yaratmazdı və bu dünya həyatı və ölüm haqqında belə deməzdi. «Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.» (Mulk, 2) Bu mövzu ilə əlaqəli başqa bir yazıda daha ətraflı danışmaq mümkündür.

 

🔹Altıncı məsələ: Qurani Kərimdə bütün elmlərə işarə vardırmı?

 Artıq bu barədə yuxarıda alimlərin sözlərini qeyd edərkən danışdıq və daha müxtəsər olanı xatırladaraq deyək ki, Qurani-Kərimdə insanların dünya və axirətləri üçün ehtiyacları  olan hər bir faydalı elmə işarə edilmişdir.

 Bu suala cavab olaraq yuxarıda təfsir alimlərindən ibn Kəsirin sözünü oxumaq kifayət edir:

 Təkrar olsa da bir də oxuyaq, çünki, bu barədə deyilmiş ən gözəl və əhatəli izahlardan biridir:

 «Quran hər bir elmin, keçmiş xəbərlərin və gələcək elmlərin faydalı olanlarından, hər bir halal və haramdan, insanların dinləri, dünyaları, yaşayışları və axirətləri barəsində ehtiyacları olan hər şeydən xəbər vermişdir.» (İbn Kəsir, Təfsirul-Quranil-Azim, 4/510)

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

 

İstifadə edilmiş ədəbiyyat:

1 — Qurani kərim.
2 — əs-Sahih, Muhəmməd əl-Buxari.
3 — Cəmiul-Bəyən, İbn Cərir ət-Tabəri.
4 — Təfsirul-Cəlaleyn. əs-Suyuti.
5 — Təfsiru ibn Racəb, İbn Rəcəb.
6 — Silsilatus-Sahiha, şeyx Albani.
7 — əl-Aqidətut-Tahaviyyə. İbn Əbil-İzz.

 

Məqalənin müəllifi: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi

Sahib Əsədov