Məqalələr

Quran oxumağın ədəbləri

“Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah Quranda buyurur: «Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qoruya­cağıq.» (əl-Hicr 9)

Başqa bir ayədə buyurur: «Məgər onlar Quran ba­rə­­sində dü­şünmürlərmi? Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu zid­diy­yət tapardılar.» (ən-Nisa 82)

Digər bir ayədə buyurur: «Məgər onlar Quran haq­qında dü­şünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?» (Muhəmməd 24)

Həmçinin Uca Allah buyurur: «Quranı da aramla oxu!» (əl-Muzzəmmil 4)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «O qövm ki, Allahın evlərinin birində yığışıb Onun kitabını oxuyar və öz aralarında onu araşdırarlarsa, onlara Allah tərəfindən sükunət nazil olar, Allahın rəhməti onları bürüyər, mələklər onları əhatə edər və Allah Öz dərgahında onları xatırlayar.» (Muslim 6793) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin belə buyurmuşdur: «Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədən kimsələrdir.» (Buxari, 5028) .

Digər bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmaqdadır: «Quran oxumaqda məharətli olan “Səfara” adlanan möhtərəm və itaətkar mələklərə bərabərdir. Ona çətin gəldiyi halda kəkələyərək Quranı oxuyan kəsə iki qat savab yazılır.» (Buxari 4937 və Muslim 798)

Quranın oxumağın ədəbləri

1. İxlas

Quran öyrənən və onu oxuyan ixlaslı olmalıdır. Çünki Quran oxumaq ibadətdir. Bütün ibadətlərdə olduğu kimi bu ibadəti də yalnız Allah üçün etmək lazımdır. İbadətin qəbul olunması üçün iki şərt vardır ki, bunlardan biri Allah üçün edilməlidir digəri isə odur ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) etdiyi və ya buyurduğu kimi yerinə yetrilməlidir. Əks halda isə bu əməl qəbul olunmayaraq sahibinə geri qayıdacaq və Qiyamət günü buna görə o, cəzalandırılacaqdır.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu barədə buyurur: «Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqdır. (Onlardan…) Elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: “Bu nemətlərin müqabilində nə etmisən?” O deyəcək: “Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və Quran oxumuşam”. Allah ona deyəcək ki: “Yalan deyirsən, sənə “alimdir” deyilsin deyə elm öyrənmisən və sənə qaridir (gözəl Quran oxuyan) deyilsin deyə Quran oxumusan” və ona da nail olmusan”. Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq.» (Muslim 4900)

2. Quranla əməl etmək

Quranla əməl etmək dedikdə Quranda halal buyurulan şeyləri halal görmək, haram buyurulan şeyləri isə haram görmək lazımdır. Həmçinin, qadağan edilən şeylərə yaxınlaşmamaq, əmr edilən şeyləri isə yerinə yetirmək lazımdır. Quran verilmiş, ancaq onunla əməl etməyən insanlar barəsində şiddətli hədis varid olmuşdur.

Rəvayət edilir ki, Səmura ibn Cundəb (Allah ondan razı olsun) demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) (çox vaxt sübh) namazını qıldıqdan sonra üzünü bizə tərəf çevirib: “Sizlərdən kim bu gecə yuxu görüb?”– deyə soruşardı. Yuxu görən adam öz yuxusunu danışar, o da ona: “Allahın istədiyi oldu!”– deyərdi. Bir gün yenə soruşdu: “Siz­lərdən bu gecə yuxu görən olubmu?” Biz: “Xeyr!”– deyə cavab verdikdə o, dedi: “Mən isə bu gecə yuxuda iki nəfər gördüm. Onlar mənim yanıma gəldilər və əlimdən tutub müqəddəs torpağa (Müqəddəs torpaq deyildikdə, Beytül-Müqəddəs və ya Şam nəzərdə tutulur) apar­dılar. … Biz yolumuza davam etdik. Nəhayət, arxası üstə yerə uzanmış bir nəfərin yanına gəldik. Onun başı üstündə başqa birisi dayanmışdı, əlində də böyük bir daş var idi. O, bu daşla uzanmış adamın başını əzirdi. Daşı (hər dəfə) onun başına vur­duqda daş yumbalanıb gedirdi. Gedib daşı götürüb uzanan adamın yanına qayıdanadək onun başı bitişərək əvvəlki halına qayıdırdı. Adam gəlib yenə onun başını əzirdi. Mən: “Bu kim­dir?”– deyə soruşdum. (Mənə): “Get!”– dedilər. (Sonra isə onlar bunları izah edərək dedilər): “Bəli! … Başı əzilən adam isə o kimsədir ki, Allah ona Quranı öyrətmiş, lakin o gecələr yatmış (Burada gecə namazına qalxmamaq nəzərdə tutulur.), gündüzlər isə onun içindəkilərə əməl etməmişdir. Qiya­mət gününə­dək onun başı beləcə əziləcək.» (Buxari 1386)

3. Daima Quran oxumaq və əzbərlənənləri təkrar etmək

Quranı əzbərləmək asan olduğu kimi daima təkrar edilmədikdə də asanlıqla unudulur.
Bu barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gözəl bir misal çəkərək buyurur: «Quranı əzbərdən bilən adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-başına buraxar­sa, onlar qaçıb gedərlər» (Buxari, 5031 və Muslim 789) . Başqa bir hədisdə isə belə buyurur: «Quranı daima oxuyun! Canim Əlində olan Allaha and olsun ki, o kəndirdən açılıb qaçan dəvədən daha tez (sahibini) tərk edir.» (Buxari 5033) . Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dəvəni ona görə misal çəkir ki, dəvə başlı-başına buraxıldıqda ən tez çıxıb gedən ev heyvanıdır.

4. Quranı tədəbbür ilə oxumaq

Uca Allah buyurur: «(Bu) mübarək Kitabı, (in­sanların) onun ayələrini düşü­nüb anlaması və ağıl sahibləri­nin də ondan ibrət gö­tür­məsi üçün sənə nazil etdik.» (Sad 29) .

Başqa bir ayədə buyurur: «Məgər onlar Quran ba­rə­­sində dü­şünmürlərmi? Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu zid­diy­yət tapardılar.» (ən-Nisa  82)

Səhabələr on ayə öyrənərdilər, tam olaraq mənasını başa düşərdilər, ona əməl edərdilər sonra yeni on ayə öyrənərdilər.

5. Quranı ayaq üstə, yeriyərək və uzanaraq oxumaq

Uca Allah buyurur: «O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uza­nanda da Allahı yad edir…» (Ali İmran  191)

Başqa bir ayədə isə buyurur: “onların belinə, (yaxud göyərtəsinə) qalxıb yerləşdiyi­niz zaman Rəb­binizin nemətini yada salıb deyə­si­niz: «Bunu bi­zə ram edən Allah pakdır, müqəd­dəs­dir. (Yoxsa) bi­zim ona gücümüz çatmaz­dı.» (əz-Zuxruf 13)

Abdullah ibn Muğaffəl (Allah ondan razı olsun ) buyurdu: «Peyğəmbəri Məkkənin fəthi günü miniyinin üzərində “əl-Fəth” surəsini oxuyan gördüm.» (Buxari 5034, Muslim 794)

Möminlərin anası Aişə (Allah ondan razı olsun) demişdir: «Mən heyzli ikən Peyğəm­bər (Allahın ona salavat və salamı olsun) başını qucağıma qoyub Quran oxuyardı.» (Buxari 297, Muslim 301)

6. Qurana yalnız pak halda olduqda toxunmaq

Uca Allah buyurur: «Ona yalnız pak olanlar toxunur.» (əl-Vaqiə 79)

Pak olmadıqda bir başa toxunmadan parça və ya digər vasitələr ilə Qurana toxunmaq, onu daşımaq olar. Həmçinin Quranı cibdə də daşımaq olar. Lakin murdar yerlərə daxil olduqda Quranı çıxararaq təmiz yerə qoymaq lazımdır.

Cunub halında olduqda Quranı nə kitabdan, nə də əzbərdən oxumaq olmaz. Dua və zikrlərdə keçən Quran ayələrini oxumaq isə istisnadır. Qadın aybaşı və ya nifas halında olarsa Qurana toxunmadan Onu oxuya bilər.

Müsəlman pak olduğu halda dəstəmazsız Quranı əzbərdən oxuya bilər. Buna dəlil olaraq bu hədisi zikr etmək kifayətdir. Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, bir gecə o Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zöv­cəsi, xalası Meymunənin (Allah ondan razı olsun) evində qaldı. (İbn Abbas (Allah onlardan razı olsun) deyir ki,) mən yatağın köndələninə uzandım, Peyğəm­bər (Allahın ona salavat və salamı olsun) və onun zövcəsi isə yatağın uzununa uzandılar. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yatdı. Nəhayət, gecə yarısı yetişdikdə, (və ya bundan bir az əvvəl yaxud bir az sonra yuxudan) oyandı və göz­lərini ovxalayıb yuxusunu dağıtdı. Sonra Ali-İmran surəsinin son on ayəsini oxudu. Sonra qalxıb (tavandan) asılmış köhnə cürdəyə yaxın­laşdı və kamil şəkil­də dəstəmaz aldı sonra durub namaz qıldı. (Buxari 183, Muslim 673)

Quranı üzündən və ya əzbərdən oxumağın əfzəl olması məsələsinə gəldikdə bu məsələ xuşuya qayıdır. Əgər bir kəsə Quranı üzündən oxumaq daha çox xuşu gətirərsə o zaman o kəs üçün üzündən oxumaq əfzəldir. Digərinə Quranı əzbərdən oxumaq daha çox xuşu gətirərsə o kəs üçün əzbərdən oxumaq daha əfzəldir. Hər ikisi bərabər olduğu halda üzündən oxumaq daha yaxşıdır. Çünki üzündən oxuduqda daha dəqiq oxumaq mümkün olur.

7. Dişləri sivak ilə təmizləmək

Quran Allah kəlamı olduğu üçün ədəb əlaməti olaraq dişləri sivak ilə təmizləmək yaxşıdır. Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gecə təhəccüd namazına qalxdıqda dişlərini sivak ilə təmizləyərdi. (Buxari 1136, Muslim 255, Əhməd 22802, ən-Nəsəi 2, Əbu Davud 55, İbn Məcah 286 )

Məlumdur ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gecə namazını uzun qılaraq çoxlu Quran oxuyardı.

8. Quranı təmiz yerdə, seçilmiş gözəl yerdə oxumaq

Məhz buna görə də Quranı məsciddə oxumaq daha çox bəyənilir. Murdar yerlərdə isə Quran oxumaq olmaz.

Hamamda Quran oxumaq barədə sələfilər ixtilaf etsələr də Əli ibn Əbu Talib, Əbu Vail Şəqiq ibn Sələmə, Şabi, Həsən əl-Basri, Məkhul, Qabisah bin Zueyb və digər sələfilər bu əməli bəyənməmişlər.

9. Gözəl geyim geyinib, ətirlənmək

Çünki Uca Allah bizi hər yerdə olduqda, nə əməl etdikdə görür. Allaha yaxınlaşan bir əməl etdikdə gözəl geyinib, ətir vurmaq bəyənilən əməldir.

10. Quran oxuduqda qibləyə tərəf dönmək

Bu əməl də Quran oxuduqda bəyənilən əməllərdəndir. Kəbə Uca Allahın ucaltdığı, yer üzərində ən hörmət etdiyi yerdir. Məhz ona görə Allahın nazil etdiyi Quranı da oxuduqda qibləyə tərəf dönmək bəyənilən əməllərdəndir.

11. Quran oxuduqda Allaha sığınmaq

Uca Allah buyurur: «Quran oxuduqda qo­vul­muş şey­tan­dan Allaha sığın!» (ən-Nəhl 98)

Şeytandan Allaha sığındıqda, şeytan, Quran oxuyanın qəlbindən uzaq olur və beləliklə tilavət etdikdə, ayələrin mənasını başa düşməkdə və daha çox faydalanmaqda öz müsbət təsirini göstərir.

Bəs Quran oxuyub bitirdikdən sonra «Uca Allah düz deyir (Sadəqallahul Əzım)» kəliməsini işlətmək caizdirmi? Bu kəlimənin mənası haqq olsa da Quranı oxuyub bitirdikdən sonra bu kəliməni demək barədə səhih bir dəlil varid olmamışdır. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və səhabələrinin çoxlu Quran oxumalarına baxmayaraq onlardan heç birinin Quranı bitirdikdən sonra belə bir söz dediyinə dair heç bir səhih dəlil yoxdur. Əksinə, Quran oxuduqdan sonra bu kəliməni söyləmədən Quranı bitirdiklərinə dair dəlillər çoxdur. Bunlardan birini nəzərinizə çatdırırıq. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Mənə Quran oxu!”– deyə buyurdu. Mən dedim: “Ya Rəsulallah! Quran sənə nazil olduğu halda, onu sənə mənmi oxuyacağam?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Bəli! Mən onu başqasından dinləməyi xoşlayı­ram”– dedi. Mən ən-Nisa surəsini oxu­mağa başladım. Nəhayət: “Biz hər üm­mətdən bir şahid gətirəcəyimiz və səni də onlara şa­hid gətirəcəyimiz zaman (onların halı) necə olacaq?” – ayəsinə çatdıqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Kifayətdir!”– dedi. Mən başımı qaldırıb Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gözlərinin yaşla dolduğunu gördüm”. (Buxari 5055, Muslim 800)

12. Quranı aramla oxumaq və tələsməmək

Uca Allah buyurur: «Quranı da aramla oxu!» (əl-Muzzəmmil surəsi 4)

Aramla oxumaq dedikdə hər hərfi düzgün çıxartmaq, təcvid qaydalarına riayət etmək nəzərdə tutulur. Quranı aramla oxuduqda mənalarını başa düşmək daha asan olur və qəlb daha çox təsirlənir. Rəvayət edilir ki, bir nəfər ibn Məsudun (Allah ondan razı olsun) yanına gəlib dedi: “Bu gecə mən bir rükətdə müfəssəl surələrin (Quranda Qaf surəsindən ən-Nas surəsinə qədər olan surələr Mufəssəl adlanır) hamısını oxudum.” İbn Məsud (Allah ondan razı olsun) dedi: “(Yə­qin sən surələri) şeir oxunulan kimi tələm-tələsik (oxumusan). Mən Peyğəmbə­rin (Allahın ona salavat və salamı olsun) (hər rükətdə) birləşdirərək oxuduğu, (mənaca) bir-birinə oxşar olan (surələri) bili­rəm.” Sonra da hər rükətdə iki surəni qeyd edərək müfəssəl surə­lərdən iyir­misini sadaladı. (Buxari 755, Muslim 822)

13. Quran oxuduqda səsi gözəlləşdirmək

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona nazil olan Quranı oxuduqda səsini gözəlləşdirərdi. Bəra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səfərdə ikən (qıldığı) işa nama­zının rükətlərindən birində: «And olsun əncirə və zey­tuna!” (Yəni “ət-Tin” surəsi.) surəsini oxudu. Mən onun səsindən və ya qiraətindən daha gözəlini eşitməmişdim.» (Buxari 769 )

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü Quran oxuduqda səsini gözəlləşdirməklə yanaşı, öz səhabələrinə də, bütün ümmətinə də bunu məsləhət görərdi. Bara ibn Azib (Allah ondan razi olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Quran oxuduqda səsinizi gözəlləşdirin.» (Əbu Davud 1468. Albani hədisi səhih olduğunu bəyan etmişdir)

Həmçinin, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Quranı gözəl oxuyan səhabələrini tərifləyərdi. Necə ki, Quranı gözəl oxuyan səhabə Əbu Musaya (Allah ondan razı olsun) demişdir: «Dünən görsəydin mən sənin qiraətinə (necə) qulaq asırdım. Sənə artıq Davud ailəsinin mizmarından (gözəl səs, avaz) bir mizmar verilmişdir.» (Muslim 793)

Quran oxuduqda səsi gözəlləşdirməyin fəziləti barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Allah Quranı səsi gözəlləşdirərək (avazla) oxuyan Peyğəmbərinə verdiyi savab qədər heç bir şeyə savab verməmişdir.» (Muslim 1885)

Səhabələr içərisində Useyd ibn Hudeyr, Huzeyfənin mövlası Səlim, Uqbətə ibn Amir və s, təbiinlərin arasında Alqama ibn Qeys, Ömər ibn Abdul-Əziz və s. gözəl səsləri ilə Quran oxumaqda iz qoymuşlar. Abdullah ibn Məsud (Allah ondan razı olsun) Alqama haqqında demişdir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səni görsəydi sevinərdi.» (Ğayətun-n-Nihəyə, 1-516)

Həmçinin, İslamda beşinci xəlifə adlanan Ömər ibn Abdul-Əziz (Allah ona rəhmət eləsin) bir gün gecə uca səslə Quran oxumağa başladı və insanlar onu dinləməyə başladılar. Bunu görən Səid ibn Museyyib (Allah ona rəhmət eləsin) dedi: «İnsanlar fitnəyə düşdülər.» (Ğayətun-n-Nihəyə, 1-593)

Həmçinin İmam Şafii (Allah ona rəhmət eləsin) Quran oxuduqda insanlar onun gözəl oxunuşundan ağlayardılar. Bunu görən İmam Şafii oxumağını dayandırardı. (Uyun ət-Tavarix, 5)

Məhşur qarilərdən olmuş, hicrətin 156-cı ilində vəfat etmiş Həmzə (Allah ondan razı olsun) gecəni yatmayıb Quran oxuyardı, və o qədər gözəl oxuyardı ki, qonşuları onun oxumağını dinləyərdilər. (Tabaqat əl-Qurra, 1-96)

Yəhyə ibn Vasab, Əbu Babr əd-Darir, İbn Şafi əl-Əndəlösi, Muhəmməd ibn Səd, Abdullah ibn Ali ibn Abdullah əl-Bağdadi, Vasid əl-Xayyat, Əbu Amr əl-Əşbili, Xəlil ibn Osman, Əhməd ibn Muhəmməd əl-Balqini və s. kimi sələfilər gözəl Quran oxumağı ilə tarixdə iz qoymuşlar.

14. Quran oxuduqda və ya eşitdikdə ağlamaq

Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Mənə Quran oxu!”– deyə buyurdu. Mən dedim: “Ya Rəsulallah! Quran sənə nazil olduğu halda, onu sənə mənmi oxuyacağam?” Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Bəli! Mən onu başqasından dinləməyi xoşlayı­ram”– dedi. Mən ən-Nisa surəsini oxu­mağa başladım. Nəhayət: “Biz hər üm­mətdən bir şahid gətirəcəyimiz və səni də onlara şa­hid gətirəcəyimiz zaman (onların halı) necə olacaq?” – ayəsinə çatdıqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun): “Kifayətdir!”– dedi. Mən başımı qaldırıb Peyğəmbərin(Allahın ona salavat və salamı olsun) gözlərinin yaşla dolduğunu gördüm.” (Buxari 5055, Muslim 800)

Quran oxuduqda bərkdən ağlamaq xoşa gəlməyən haldır. Səhabələr və saleh insanlar Qurana qulaq asdıqda ağlasalar belə bunu gizlədərdilər. Bəzi insanlara rast gəlmək olur ki, Allahın kitabı oxunduğu zaman ondan təsirlənmədiyi halda, imam qunut duasını oxuduqda, onu başa düşməmələrinə baxmayaraq hönkür-hönkür ağlayırlar. Uca Allah buyurur: «Allah Sözün ən gözəlini – (ayələri) bir-birinə bənzəyən və təkrarlanan Ki­tab kimi nazil etdi. Rəbbindən qor­xan­la­rın on­dan dəriləri ür­pəşər.» (əz-Zumər 23)

15. Fəsada gətirib çıxarmadığı halda Quranı uca səslə oxumaq

Riya təhlükəsi olarsa onda Quranı zəif səslə oxumaq, riyadan uzaq olduqda, bir kəsə əziyyət vermədikdə və fəsada gətirib çıxarmadığı halda isə uca səslə oxumaq bəyənilir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) məsciddə etikaf etdikdə (səhabələrin) uca səslə Quran oxuduqlarını eşidir və pərdəni açaraq deyir: “Məgər hamınız Rəbbini çağırmır?! Oxuduqda biri-birinizdən səsinizi yüksəltməyin! Biri birinizə əziyyət verməyin.” (Əbu Davud 1332. Albani hədisi səhih olduğunu bəyan etmişdir)

Naməhrəm qadınların yad kişilərin yanından səslərini qaldıraraq Quran oxumaları caiz deyildir.

Quranı yavaş səslə oxuduqda belə dodaqları tərpətmək lazımdır. Tərpədilmədiyi halda qiraətin savabına nail olunmur.

16. Mürgülədikdə Quran oxumağı saxlamaq

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Sizlərdən biriniz gecə qalxıb Quran oxuyarsa, və (mürgülədiyindən) nə oxuduğunu bilməzsə gedib yatsın.» (Muslim 787)

Hətta insan yuxusu gəlməsə belə Quran oxuduğu zaman əsnədiyi anda Quran oxumağı dayandırmalıdır. Çünki özü də bilmədən hərifləri düzgün çıxartmaya bilər.

17. Quran oxuduqda söhbət etmədən oxumaq

Allahın kəlamlarına hörmət əlaməti olaraq Quran oxuduqda onu yarıda kəsib söhbət etmək olmaz. Xüsusən də dünya ilə bağlı söhbətlər etmək olmaz. Quran oxuduğu zaman vacib bir söz demək lazım gəldikdə belə mütləq ayəni tamamlamaq lazımdır. Nəfii (Allah ona rəhmət eləsin) rəvayət edir ki, «Abdullah ibn Ömər (Allah onlardan razı olsun) Quran oxumağa başladıqda onu bitirməyəncəyə qədər danışmazdı.» (Buxari 4526)

18. Təsbih ayəsinə rast gəldikdə təsbih etmək, əzab ayəsinə rast gəldikdə ondan Allaha sığınmaq, rəhmət ayəsinə rast gəldikdə rəhmət diləmək. Quran oxuduqda bu əməllərə riayət etmək xoşagələn əməllərdən hesab olunur

19. Fikirləşmək üçün ayələri təkrar etmək

Quran oxuduqda bu əməli etmək sünnədir. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gecədən səhərədək, «Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!»(əl-Məidə surəsi, 118) bu ayəni təkrar edərək oxudu.» (Nəsəi, 2-177)

Belə etmək Abdullah ibn Məsud, Təmimin-Dərimi, Abbad ibn Həmzə, Səid ibn Cubeyr, Dahhak və s. səhabə və sələfilərdən də varid olmuşdur.

20. Səcdə ayəsini oxuduqda səcdə etmək

Səcdə ayəsini oxuduqda səcdə etmək sünnədir. Səcdə etdikdə ilk olaraq “سبحان ربي الأعلى” deyilir. Sonra isə bu və ya başqa varid olan duaları demək sünnədir:

اللهم لك سجدت، وبك آمنت، ولك أسلمت، سجد وجهي للذي خلقه وصوره وشق سمعه وبصره، تبارك الله أحسن الخالقين

«Allahım! Sənə səcdə etdim, Sənə iman gə­tirdim, Sənə təslim oldum! Üzüm onu yara­dana, ona surət verənə, on­da göz və qulaq aça­na səcdə etdi. Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır!» (Muslim, 1/534 və digərləri.)

Quranda on beş yerdə səcdə ayəsi var. Bu səcdəni etmək üçün dəstamazlı olmaq şərt deyildir. Həmcinin, Quranın oxunduqda ona qulas asan səcdə ayəsini eşidərsə səcdə etməsi lazımdır. Lakin Qurana qulas asmayan insan qəflətən səcdə ayəsini eşidərsə səcdə etməsinə ehtiyac yoxdur.

21. Quranı unutdum deməmək, unutduruldum demək

Unutdum demək bəyənilməyən sözlərdəndir və Quranın ədəblərinə ziddir. Bu barədə Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Bir kimsənin bu və bu ayələri unutdum deməsi nə pisdir. Əksinə o ayələr o kimsəyə unutdurulmuşdur. (Quranı oxuyun) müzakirə edin. Quranın kişilərin könüllərindən tərk olunması dəvənin kəndirlərindən (açılıb) qaçmasından daha tezdir.» (Səhih əl-Buxari 5039, Səhih Muslim 790)

Bir kəs Quran əzbərlədikdən sonra onu unudarsa buna görə həmin şəxsə günah yazılmır. Çünki Quranı əzbərlədikdən sonra unudanın cəzalandırılması barədə heç bir şey varid olmamışdır.

22. Quranı xətm etməyin vaxtı

Müsəlmanlar Quranı xətm etmə vaxtlarına görə müxtəlif fikirə malik idilər. Onlardan bəziləri Quranı iki aya, bəziləri bir aya, bir həftəyə, üç günə hətta bir günə belə xətm edərdilər. Abdullah ibn Amra (Allah ondan razı olsun) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müraciət edərək buyurur: «Quranı bir aya xətm elə.» Dedim: “Mən daha tez xətm eləməyə özümdə qüvvə tapıram”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Onda yeddi günə xətm elə və bundan tez eləmə.» (Səhih əl-Buxari 5054)

Əbu Davudun rəvayət etdiyi hədisdə isə Abdullah ibn Amr “Mən daha tez xətm eləməyə özümdə qüvvə tapıram” dedikdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona: «Onda üç günə xətm elə» deyə buyurduğu rəvayət edilir.(Sunənu Əbu Davud 1391. Albani Hədisin həsən olduğunu bəyan etmişdir)

Sələfilərin həyatlarını oxuduqda bu vaxtdan da tez Quranı xətm edənlərə rast gəlmək mümkündür. Bu barədə varid olan hədisləri cəm etdikdə belə nəticəyə gəlmək olar ki, Quranı xətm etdikdə əsas şərt, düzgün oxumaq, oxunulan haqqında düşünməyə nail olmaqdır.

Beləliklə, Quran oxuduqda bu keyfiyyətlərə neçə müddət ərzində nail olunarsa, o müddət ərzində də xətm etmək lazımdır. Məhz bu səbəbdəndir ki, Quranı xətm etmək müddətdən yox, birbaşa olaraq onu xətm etməyi qarşısına məqsəd qoyan şəxsdən asılıdır .

Qeyd etmək lazımdır ki, Quranı xətm etdikdən sonra xətm duası adlanan bir dua varid olmamışdır. Ona görə Quranı xətm etdikdən sonra xətm duasını oxumaq sahibinə xələldən başqa bir şey gətirmir.

23. Quranı öpərək gözün üstünə qoymamaq

Bəzi insanlar Quranı ucaltmaq, əzəmətləşdirmək məqsədi ilə Quranı öpüb gözlərinin üstünə qoyurlar. Nə Peyğəmbər (Allahın ona salavat və salamı olsun), nə də onun tərbiyəsini almış səhabələri bu əməli etməmişdirlər. Sünnədə belə bir əməlin edilməsi barədə heç bir şey varid olmamışdır. Necə ki, Səid ibn əl-Museyyib (Allah ona rəhmət eləsin) bir nəfərin fəcr namazından sonra çoxlu ruku və səcdə etdiyini görür və ona bunu qadağan edir. Həmin kişi isə deyir: “Ey Muhəmmədin atası! Allah mənə namaz qıldığıma görə əzab verəcək?!”. Səid ibn əl-Museyyib ona «Namaz qıldığına görə xeyir, ancaq sünnəyə müxalif olduğuna görə isə bəli» -deyə cavab verir.(İbn Abdul-Bərin “Təmhid” kitabını 20/104) Əksinə Quranı ucaltmaq onun ayələrini oxumaqla, içindəkilərə əməl etməklə mümkündür. Quran, onu oxumaq, onun haqqında düşünmək və ona əməl etmək üçün nazil olmuşdur.

24. Quran yazılmış ayələri divarlara asmamaq

Bir çox evlərin divarlarında Quran ayələri yazılmış lövhələrə rast gəlmək olur. Bəziləri bunu təbarruk etmək üçün, bəziləri isə gözəllik üçün asırlar. Quranın divarlara asılması aşağıdakı səbəblərə görə düzgün deyildir.

a) Quranın divarlara asılması barədə nə Uca Allah, nə də onun Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) əmr etmişdir. Məhz əmr etmədiklərinə görə də, bu cür etmək Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yoluna ziddir.

b) Quranın nazil olma səbəblərinə ziddir. Çünki Quran onu oxumaq, düşünmək və ona əməl etmək üçün nazil olmuşdur.

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Ramil Soltanov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha