Məqalələr

Qəhrəman olmaq istəyirsən?

ƏSL QƏHRƏMANLAR, TƏQVA SAHİBLƏRİDİR!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əgər birimizin qarşısına tikanlı yolu qət etmək şərti qoyularsa, o, ya tikanlardan yan keçəcək, ya onların üstündən adlayacaq, ya da daha çox ehtiyat edəcəkdir.

Qarşımızda: çətin və ya asan, məşəqqətli və ya rahat – olmaqla, iki seçim qoyularsa, hər birimiz könül xoşluğu ilə asan və rahat olanı seçərdik.

Çətin və məşəqqətli yol əzab-əziyyətdən keçirsə, aqil insan əsla bu çətin yola yaxın durmaz, əksinə asan və rahat yollara üz tutar. Yalnız axmaq insan əzab-əziyyətli yola baş vurar.

Birimiz əlində qaynar qab aparırsa, özünü bu qabın istisindən qorumaq üçün əlindən gələn tədbiri görər. Əgər kimsə “qabın istisindən qorunmaq lazım deyil” – deyərsə, biz buna dəlilik və axmaqlıq kimi baxarıq.

Ayağına ayaqqabı geyinmək imkanı ola-ola tikanlı yolu ayaqyalın keçən insan yolda qalar. Ayağına ayaqqabı geyinərsə, yolu salamat keçib məqsədinə çatar.

Allah qorxusu da belədir. Allah qorxusu səni bu tikanlı yoldan salamat keçirmək üçün bir səbəbdir.

Tənhalıqda səni xilas edən və aşkarda səni izləyən məhz Allah qorxusudur.

Allah qorxusu cəhənnəm atəşindən və ora aparan səbəblərdən qaçmaq, cənnətə aparan səbəbləri etməkdir.

Allah qorxusu düz yoldur.

Allah qorxusu imandır, saleh əməldir.

Allah qorxusu faydalı elmdir, saleh əməldir.

Allah qorxusu əmr olunanı etməkdir, qadağadan çəkinməkdir.

Allah qorxusu özünlə Allahın əzabı arasında sipər qurmaqdır.

Allah qorxusu Əzəmətli Allahdan çəkinmək, nazil olana əməl etmək, az ilə qane olmaq, gedəcəyin mənzilə hazırlıq görməkdir.

Allah qorxusu bütün günahları tərk etməkdir.

Allah qorxusu Allahı daim gözünün önündə görməkdir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Muaz bin Cəbəl (Allah ondan razı olsun) adlı səhabəsinə belə tövsiyə etmişdir: “Harada olursan ol, Allahdan qorx. Pis işdən sonra yaxşı iş gör ki, onu bağışlasın. İnsanlarla gözəl əxlaqlı davran.” (Tirmizi və Əhməd rəvayət etmişdir).

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bir nəfərə olan tövsiyəsi, bütün ümmət üçün edilən tövsiyədir. Heç bir varlığına möhtac olmayan uca və nöqsansız Allah cəmi insanlara belə vəsiyyət etmişdir: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!…” (ən-Nisa: 1).

Qurani-Kərimdə Allahdan qorxmaq əmri 79 yerdə deyilmişdir. Bu ayələrdə uca Allah bəndələrinə əmrlərə tabe olmağı və qadağalardan çəkinməyi əmr edir.

Həqiqi qəhrəmanlıq, Allah qorxusundadır.

Allah qorxusu, maddi libasdan həm önəmli, həm də xeyirlidir. Uca Allah buyurur: “Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)…” (əl-Əraf: 26). İnsanları cənnətə daha çox daxil edən amil, məhz Allah qorxsudur. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) insanları daha çox cənnətə daxil edən əməl haqqında soruşulduqda belə demişdir: “Allah qorxusu və gözəl əxlaq.” (Tirmizi rəvayət etmişdir. Şeyx Albani hədisin həsən olduğunu demişdir).

Ey qaranlıq gecədə ən xırda hərəkətləri görən RƏBBİM, zəif bəndələrinə sadiq tövbə və təqva nəsib et… Amin.

Həqiqətən müttəqilər altından çaylar axan cənnətlərdə olacaqlar.

Hörmətə layiq olan ən ali insanlar, təqva sahibləridir.

Onlar iki yurdda həqiqi səadət əhlidir.

Onlar elm və qorxu sahibləridir.

Onlar Allahla birlikdə olan kimsələrdir. Uca Allah buyurur: “Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!” (ən-Nəhl: 128)Bu birlik, müvəffəqiyyət, qorumaq, dəstək, kömək və himayə etmək birliyidir.

Təqva sahibləri Allah dərgahında ən ali məqama sahib olan kimsələrdir. Uca Allah buyurur: “Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər…” (əl-Bəqərə: 212).

Təqva sahibləri xatırlatma, moizə və Qurani-Kərimdən daha çox təsirlənənlərdir. Uca Allah buyurur: “1 — Əlif, Lam, Mim. 2 — Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.” (əl-Bəqərə: 1-2).

Təqva sahibləri faydalı elm və saleh əməl daşıyıcılarıdır. Uca Allah buyurur: “Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir.” (əl-Bəqərə: 282). Kim Allahdan qorxarsa, Allah onun qəlbini və könlünü genişlədərək onu öyrədər və onu Allaha itaətə müvəffəq edər.

Təqva sahibləri, cənnət əhlidir. Onlar daimi nemət, əbədi səadət sahibləridir. Uca Allah buyurur: “Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar.” (Ali İmran: 15).

Onlar cənnət mərtəbələrinin sakinləridir. Belə ki, onlar dəstə-dəstə Allahın hüzuruna gələcək, cənnət onlara göstəriləcəkdir. Onlar üçün cənnətdə şəffaf otaqlar olacaqdır — otağın içindən çölü, çölündən içi görsənəcəkdir. Onların Allah dərgahında əminlik məqamı, sadiqlik mükafatı olacaqdır. Allah onları sevir. “Həqiqətən Allah müttəqiləri sevir.” (Tövbə: 7).

Ey gözəl insan, sən heç bu vəziyyət haqqında düşünmüsənmi?

İnsan öz halına bəsirət gözü ilə baxdıqda, kədərli halını dərk edə bilər.

O özünün nə qədər nöqsanlara yol verdiyini anlayar. Lakin xoşbəxt insan öz həyatını və vaxtını düzgün dəyərləndirən, tədarük görüb hazırlaşan, Rəbbinin hüzuruna gedəcəyini bilən kimsədir.

Həyatda vaxtı düzgün qiymətləndirmək üçün insan təqvanın mahiyyətini, səmərəsini və faydasını bilməlidir. Təqvanın ən böyük səmərəsi insanın saleh əməllərinin məqbul olmasıdır. “Həqiqətən Allah müttəqilərdən qəbul edir.” (əl-Maidə: 27).

İnsanın haqq ilə batili ayırd etməsi də təqvanın səmərəsidir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar.” (əl-Ənfal: 29).

İnsan təqva ilə Allahın dostluğunu qazanar: “Allah müttəqilərin dostudur.” (əl-Casiyə: 19).

Təqva sahibi olan insan qorxu və kədərdən salamat olar. “Allahdan qorxaraq pis işlərdən çəkinib özlərini islah edən şəxslərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (əl-Əraf: 35).

Təqva, insan üçün yerdən və göydən bərəkət gətirər. “Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (əl-Ənam: 155).

Təqva, insanın şeytanın həmlələrindən qorunması üçün sipər, dünya və axirət müjdəsidir. “Ən gözəl sonluq müttəqilər üçündür.” (Hud: 49).

Təqva, fitnələrdən çıxış yolu, ruzi qapısıdır. “Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər, və ona gözləmədiyi yerdən ruzi verər.” (ət-Talaq: 2-3).

Təqva, ən böyük hörmətdir, ehtiramdır. “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” (əl-Hucurat: 13).

Bu hörməti yalnız uca Allah təmin edir. Nə bir təşkilat, nə də bir hüquq müdafiəçisi bu ehtiramı təmin edə bilməz. Bu, ilahi bir təminatdır.

Ey gözəl insan, görmək və eşitmək bəxş edən Rəbbinin adı ilə səndən soruşuram:

Məgər sən qəhrəman olmaq istəmirsən?!

Məgər təqva əhli ilə həşr olunmaq istəmirsən?!

Məgər Allah qatında hörmət sahibi olmaq istəmirsən?!

Məgər Allah dərgahında sənin üçün mükafatın olmasını istəmirsən?!

Məgər sözün hər mənasında xoşbəxt olmaq istəmirsən?!

Məgər qiyamət günü təqva əhli ilə birlikdə çağırılmaq istəmirsən?!

Məgər Allahın bəxş etdiyi nur ilə Allaha itaət edib, vəd etdiyi savaba qovuşmaq istəmirsən?!

Məgər rəbbinin sənin üçün hər sıxıntıdan, kədərdən və bəladan bir çıxış yolu etməsini istəmirsən?!

Məgər əməllərinin Allah dərgahında qəbul olmasını istəmirsən?!

Məgər bütün bunları istəmirsən?!

Əlbəttə istəyirəm, belə bir mükafatı kim istəməz?!

Demək ey mübarək insan, təqva əhlinə qoşulmağa, Allahın qırılmayan ipindən tutunmağa tələs.

Allah bizi də səni də təqva əhlindən etsin.

ƏSL QƏHRƏMANLAR, TƏQVA SAHİBLƏRİDİR.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti