Aktual Oruc

Qədr Gecəsinin fəziləti

Ramazanda savab qazanmaq baxımından önəmli günlərdən sayılan son 10 günü qeyd etdik. Biz artıq Allahın izni ilə Ramazan ayının bu son 10 günlərini yaşayırıq. Həmçinin bu son günlərdə duaların qəbul olması, xeyirlərin çoxluğu baxımından əhəmiyyətli olan min aydan daha xeyirli olan Qədr gecəsi olduğunu da qeyd etdik. Allah, həmçinin bizə bu gecəyə qovuşa bilmyə imkan verdi. Bunu üçün uca Allaha şükürlər olsun.

Bu günlərdə Qədr gecəsini axtarmaq və onu lazımınca yaşamaq üçün bu gecənin əhəmiyyəti haqqında bilmək lazımdır.

Alimlərdən olmuş Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) Qədr gecəsi insanları ibadətlərə səsləyərək belə deyərdi: «Ey ömrünü bada vermiş, xeyirdən məhrum olmuş! Qədr gecəsindən itirdiklərini  qazanmaq üçün istifadə et, çünki bu Gecə bir ömrə bərabərdir».

 

Qədr gecəsini fəziləti ilə bağlı ,  Uca Allah buyurmuşdur:

«Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur».

(Quran, Qədr, 1-5)

Digər bir alim AbdurRəhman əs-Saadi (Allah ona rəhmət etsin) öz təfsirində «Həqiqətən qədr gecəsi min aydan xeyirlidir» ayəsini şərh edərək bildirmişdir:  «Bu, həmin gecənin min gecədən daha xeyirli, ondan görülən əməllərin isə min ayda görülənlərdən daha xeyirli olduğunu göstərir. Həqiqətən düşündükdə, ayə adamı heyrətə salır.  Belə ki, xüsusi bir gecə olan Qədr gecəsində əməllərin hesabı min aya vurulur, bu isə  80 ildən çox uzun ömür yaşayan insanın həyatını yalnız xeyir iş görməklə keçirməsinə bənzəyir».

İbn Kəsir (Allah ona rəhmət etsin) öz təfsirində bildirir ki, Qədr gecəsində yer üzünə enən mələklərin sayı başqa gecələrdən daha çox olur ki, bu da xüsusi bərəkətin göstəricisidir. Onlar öz qanadlarını hər bir Quran oxuyanın, Allahı zikr edən məclisin və elm tələb edən bəndələrin üzərinə xeyir və bərəkətlə əyərək, yaxşı işlər görənləri Allahın əmri ilə ucaldırlar.

Eləcə də Əbu Hureyrədən (Allah razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:Qədr gecəsi yer üzündə mələklərin sayı, çınqıldan (xırda daşlar) daha çoxdur». (İbn Huzeymə. Şeyx Albani hədisin həsən-səhih olduğunu bildirir).

Həmçinin başqa bir ayədə Uca Allah buyurur:

 

«And olsun (bu) aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o (gecədə) ayırd edilir –  dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (kitabları və elçiləri) Biz göndəririk». (Quran, Duxan, 2-5)

Alimlərdən biri Qatadə (Allah ona rəhmət etsin) demişdir: «Bu gecədə gələn ilin qədəri təyin olunur». (Təfsir ət-Təbəri)

Eləcə də bilmək gərəkdir ki, Qədr gecəsi öz adını Allah qatında olan öz yüksək mövqeyinə, fəzilətinə görə almışdır. Belə ki,  həmin gecə qarşıdakı bir il ərzində ömürlərinin uzunluğu və ruziləri, habelə baş verəcək işlər  yazılır. (“Taysirul Kərimi Rəhman, 1017)

İbn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət etmişdir: «Allah təala bütün Quranı Lövhi Məhfuzdan dünya səmasında olan ulduzların batma yeri olan İzzət evinə nazil etmiş və iyirmi üç il ərzində müxtəlif hadisələrlə əlaqəli olaraq Cəbrayıl (Allahın ona salamı olsun) vasitəsi ilə hissə-hissə Peyğəmbərə (Allahın ona salavt və salamı olsun) göndərmişdir». (Hakim. Hədisi İbn Həcər, şeyx Albani və şeyx Arnaut təsdiqləmişdir).

Şeyx Albani (Allah ona rəhmət etsin) əlavə olaraq  bildirmişdir ki, İbn Abbas (Allah ondan da, atasından da razı olsun) bu kimi qeybi məsələlərdə öz fikirini söyləməz, yalnız Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) sözlərini çatdırardı. («Silsilətil huda və-n-nur», 410)