Aktual Oruc Ramazan ayı

Qədr Gecəsində edilən Əməllər

Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: » Qədr gecəsini Ramazanın son on günün tək gecələrində axtarın». Buxari, Müslim

Tirmizi (Allah ona rəhmət etsin) demişdir: «Allah Rəsulundan (Alalhın ona salavat və salamı olsun) Qədr gecəsinin 21, 23, 25, 27 və 29 cu gecələrə təsadüf etməsinə dair rəvayətlər gəlmişdir» . Tirmizi, “Sünən”

İbn Huzeymə (Allah ona rəhmət etsin) Qədr Gecəsinin hansı gecə olması barədə bütün səhih rəvayətləri cəmləyərək, bildirmişdir ki, o, hər il dəyişərək müxtəlif gecələrə təsadüf edir. Səhih ibn Huzeymə” 3/329

İbn Həcər (Allah ona rəhmət etsin) də bu rəyə üstünlük verərək demişdir: «Racih rəyə əsasən, Qədr Gecəsi Ramazanın son on gününün hər il fərqli vaxtlarda  tək gecələrinin birinə təsadüf edir». “Fəthül Bari

İbn Teymiyyə (Allah ona rəhmət etsin) isə bildirmişdir ki,  Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun)  rəvayət edilən “Səhih Müslim”dəki hədisdəki Qədr gecəsinin hesablanma qaydasına əsasən getdikdə, ay 29 deyil, 30 gün olduğu təqdirdə, tək günlərə yox, cüt günlərə də düşə biləcəyini qeyd edir”. “Məcmu əl-Fətəva”

Əgər  Qədr gecəsinə yetişməyə müvafiq olsaq o zaman necə keçirmək lazımdır ?

Qədr gecəsini xüsusi çalışqanlıq və ibadətlə keçirmək lazımdır.

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: «Qədr gecəsini ibadət edərək və mükafatını Allahdan diləyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar». Buxari, Müslim

Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla”(Allahummə, innəkə afuun, tuhibbul afua fa`fuanni) – deyə cavab verdi.   Tirmizi

Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) deyərdi: “Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Ramazan ayında gecə namazlarında Quran qiraət edərkən, rəhmət ayələrini oxuduğu zaman, Allahdan bunu istəyər, əzab ayələrində isə Ona sığınaraq dua edərdi. Beləliklə də, namaz, Quran oxumaq və dua kimi əzəmətli ibadətləri bir yerə cəmləmiş olardı”. Lətaiful-maarif, 204.

Bir çox müsəlman qadınlar heyz səbəbi ilə, Ramazanın son on günü Qədr gecəsini tapmaq niyyətlərinin yerinə yetməyəcəyini düşünərək, ibadətdən çəkinir və beləcə də böyük bir savabdan özlərini məhrum edirlər. Halbuki əsl həqiqətdə heyzli qadın namazdan, Kəbəni təvaf etməkdən, oruc tutmaqdan və məsciddə etikaf etməkdən əlavə bütün digər ibadət növlərini yerinə yetirə bilər.

Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki: «Ramazan ayının son on günü yetişəndə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı.» (Buxari, Muslim).

Bu barədə İbn Həcər (Allah ona rəhmət etsin) hədisə verdiyi şərhdə bildirərək belə deyir: «Gecələri yaşatmaq, yəni ibadətlə keçirmək deməkdir.»

İmam Nəvəvi isə demişdir: «Gecələri yaşatmaq, yəni onları namazla, zikrlə, Quran oxumaqla keçirmək deməkdir.» (Əunul Mə`bud) 

Beləliklə aydın olur ki, hədisdəki “gecələri yaşadardı” ifadəsi ümumi məna kəsb etdiyindən, qəsd olunan təkcə namaz yox, həm də digər ibadət növləridir. Əlbəttə ki, Qədr gecəsində qiyamul-leyl qılmaq (gecə namazları) əməllərin ən əfzəlidir. Lakin heyzli qadına Şəriət baxımından namaz qılmaq icazəli olmadığından, o, Allahdan bu gecənin savabını umaraq, digər ibadət növləri ilə keçirə bilər.

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim Qədr gecəsini fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və itatətlə keçirərsə, keçmiş günahları bağışlanar.» (Buxari)

Beləliklə, heyzli qadın bu xeyirli gecədə namazdan başqa digər ibadət növlərinə üz tuta bilər. Məsələn:

 Mushafa toxunmadan Quran oxuya bilər.

Buna dəlil Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Amr bin Hazma yazdığı məktubda, Yəmən əhlinə müraciətlə bildirdiyi kəlamlarıdır: «Qurana tahir (təmiz) olandan başqası toxunmamalıdır.» (İbn Hibbən, Nəsəi, Beyhəqi. Şeyx Albani hədisin səhih olduğunu bildirmişdir.) hədisində qadağanın məhz toxunmaq barədə olduğu aydın olur.

– Dua edə bilər.

Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Dua ibadətdir.» (Tirmizi. Şeyx Albani hədisi səhihləmişdir.)

– Zikr.

Məsələn, Subhənəllah, lə iləhə illəllah, əlhəmdulilləh zikrlərini yaxud Subhənəllah və bihəmdihi Subhənəllahil Azım və sair zikrləri deyə bilər.

– İstiğfar edə bilər.

Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) «Allahım, Sən Bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. “Allahummə, innəkə Əfuvvun, tuhibbul Əfuə fə`fuənni”» – deyə cavab verdi. (Tirmizi, Şeyx Albani səhihləmişdir.)

Bu gecə Uca Allahdan bağışlanma diləmək üçün ən xeyirli gecələrdən biridir. Odur ki, müsəlman tam bir səmimiyyətlə“Əstəğfirullah” deyərək, günahlardan təmizlənməyə mümkün qədər çox çalışmalıdır. Və sair ibadət növləri.

Elə isə, ey müsəlman bacım! Yuxunu bir kənara ataraq, bu gecənin savabından payını almağa tələs! Bu gecədə oyaq qalmaq hamımız üçün yatmaqdan daha xeyirlidir.

Allah Subhənəhu və Tə`ələ bizi Ramazanın, xüsusən Qədr gecəsinin xeyirlərinə nail olanlardan etsin. Amin!

Müəllif: FeqihCom heyəti