Məqalələr

Qədr gecəsi

Qədr gecəsini xüsusi çalışqanlıq və ibadətlə keçirmək lazımdır.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

«Həqiqətən, Biz onu (Qu­ranı) Qədr gecəsində nazil et­dik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-aman­lıq olur.» (Qadr 1-5)

Qədr gecəsi haqda bir neçə hədis varid olmuşdur. Ən əfzəli onu Ramazanın axır on günündə, xüsusən də tək günlərdə axtarmaq lazımdır.

İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Onu -yəni qədr gecəsini- axır on gündə axtarın. Sizlərdən biriniz zəifləsə və ya aciz olsa, nə badə özünü qalan yeddi gündən məhrum etsin.» (Muslim)

Abdullah ibn Uneys (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Qədr gecəsi mənə göstərildi sonra isə unutduruldu. Onun səhəri palçıq və suya səcdə etməyim mənə göstərildi.» İyirmi üçüncü gecə yağış yağdı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə namazı qıldırdıqdan sonra çevrilərək getdiyində alnında və burnunun ucunda palçığın və suyun izi qalmışdı. Ravi Abdullah ibn Uneysin (Allah ona rəhmət etsin) belə dediyini qeyd edir: «İyirmi üçüncü gecə.» (Muslim 1168).

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə rəvayət edir: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Qədr gecəsini ona hələ bildirilmədən öncə Ramazan ayının orta on günündə etikaf etdi. Etikaf günləri bitdiyində çadırının sökülməsini əmr etdi. Sonra ona onun axır on gündə olması bildirildi. Çadırının yenidən qurulmasını əmr etdi və quruldu. Sonra insanların yanına çıxıb belə buyurdu: «Ey insanlar! Mənə qədr gecəsi bildirilib. Mən bunu sizə xəbər vermək üçün çıxmışdım. Yanıma haqlarını tələb edən iki kişi gəldiyində yanlarında olan şeytan mənə onu unutdurdu. Onu Ramazan ayının axır on günündə axtarın. Onu doqquzuncu, yeddinci və beşinci günündə axtarın.» Mən (ravi) Əbu Səidə (Allah ondan razı olsun) belə dedim: “Ey Əbu Səid! Ədədi sən bizdən daha yaxşı bilərsən.” O: “Bəli, biz buna sizdən daha haqlıyıq” deyə cavab verdiyində, Ondan: “doqquzuncu, yeddinci və beşinci nədir?” deyə soruşdum. O belə cavab verdi: “Iyirmi birinci gecə keçdikdə ondan sonra gələn iyirmi ikinci gecə doqquzuncudur. İyirmi ücüncü gecə keçdikdə ondan sonra gələn yeddincidir, iyirmi beşinci gecə keçdiyində ondan sonra gələn beşincidir” deyə cavab verdi. (Muslim 1167)

Zirr ibn Hubeyş belə rəvayət edir: Ubey ibn Kəabdən (Allah ondan razı olsun) belə soruşdum: Qardaşın İbn Məsud belə deyir: «İl boyu gecə namazına duran qədir gecəsinə müəvəffəq olar.» O belə dedi: «Allah ona rəhm etsin! İnsanlar arxayınlaşmasın deyə deyib. Amma onun Ramazan ayında olduğunu və onun axır on gündə olmasını və onun iyirmi yeddinci gecə olduğunu bilir. Sonra onun istisnasız iyirmi yeddinci gecə olmasına and içdi.» Ondan: «Bunu nəyə əsəsən deyirsən Ey Əbu Munzir?» — deyə soruşduğumda, belə cavab verdi: «Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) xəbər verdiyi əlamətı ilə və ya ayəsi( nişanəsi) ilə: “O gecənin səhəri günəş şuasız olaraq doğar.”» (Muslim 762).

Eləcə də Həfiz ibn Racəb (Allah ona rəhmət etsin) Qədr gecəsi insanları ibadətlərə səsləyərək belə deyərdi: «Ey ömrünü bada vermiş, xeyirdən məhrum olmuş! Qədr gecəsindən itirdiklərini qazanmaq üçün istifadə et, çünki bu Gecə bir ömrə bərabərdir.» (Lətaiful Məarif, 191).

Qədr gecəsinin fəziləti

Uca Allah buyurmuşdur: «Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur». (Qadr 1-5)

AbdurRəhman əs-Sə`ədi (Allah ona rəhmət etsin) öz təfsirində «Həqiqətən qədr gecəsi min aydan xeyirlidir» ayəsini şərh edərək bildirmişdir: «Bu, həmin gecənin min gecədən daha xeyirli, ondan görülən əməllərin isə min ayda görülənlərdən daha xeyirli olduğunu göstərir. Həqiqətən düşündükdə, ayə adamı heyrətə salır. Belə ki, xüsusi bir gecə olan Qədr Gecəsində əməllərin hesabı minə aya vurulur, bu isə 80 ildən çox uzun ömür yaşayan insanın həyatını yalnız xeyir iş görməklə keçirməsinə bənzəyir».  (Təysirul Kərimir-Rahmən fi təfsiri kələmil mənnən)

İbn Kəsir (Allah ona rəhmət etsin) öz təfsirində bildirir ki, Qədr Gecəsində yer üzünə enən mələklərin sayı başqa gecələrdən daha çox olur ki, bu da xüsusi bərəkətin göstəricisidir. Onlar öz qanadlarını hər bir Quran oxuyanın, Allahı zikr edən məclisin və elm tələb edən bəndələrin üzərinə xeyir və bərəkətlə əyərək, yaxşı işlər görənləri Allahın əmri ilə ucaldırlar.

Eləcə də Əbu Hureyrədən (Allah razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Qədr gecəsi yer üzündə mələklərin sayı, çınqıldan (xırda daşlar) daha çoxdur». (İbn Huzeymə. Şeyx Albani hədisin həsən-səhih olduğunu bildirir.)

Həmçinin: «And olsun (bu) aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o (gecədə) ayırd edilir – dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (kitabları və elçiləri) Biz göndəririk.» (Duxan 2-5)

Qatadə (Allah ona rəhmət etsin) demişdir: «Bu gecədə gələn ilin qədəri təyin olunur». (Təfsir ət-Tabəri)

Eləcə də bilmək gərəkdir ki, Qədr gecəsi öz adını Allah qatında olan öz yüksək mövqeyinə, fəzilətinə görə almışdır. Belə ki, həmin gecə qarşıdakı bir il ərzində ömürlərinin uzunluğu və ruziləri, habelə baş verəcək işlər yazılır. (Təysirul Kərimir-Rahmən fi təfsiri kələmil mənnən).

İbn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət etmişdir: «Allah təala bütün Quranı Lövhi Məhfuzdan dünya səmasında olan ulduzların batma yeri olan İzzət evinə nazil etmiş və iyirmi üç il ərzində müxtəlif hadisələrlə əlaqəli olaraq Cəbrayıl (Allahın ona salamı olsun) vasitəsi ilə hissə-hissə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) göndərmişdir.» (Həkim. Hədisi İbn Həcər, Şeyx Albani və şeyx Arnəut təsdiqləmişdir.)

Şeyx Albani (Allah ona rəhmət etsin) əlavə olaraq bildirmişdir ki, «İbn Abbas (Allah ondan da, atasından da razı olsun) bu kimi qeybi məsələlərdə öz fikirini söyləməz, yalnız Allah Rəsulunun(səllallahu aleyhi və səlləm) sözlərini çatdırardı.» (Silsilətil hudə vən-nur, 410)

Necə keçirməli?

Qədr gecəsini xüsusi çalışqanlıq və ibadətlə keçirmək lazımdır.
Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: «Qədr gecəsini ibadət edərək və mükafatını Allahdan diləyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar.» (Buxari, Muslim)

Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) «Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla. “Allahummə, innəkə Əfuvvun, Kərimun, tuhibbul Əfuə fə`fuənni”» – deyə cavab verdi. (Tirmizi, Şeyx Albani səhihləmişdir.)

Hafiz ibn Racəb (Allah ona rəhmət etsin) deyərdi: «Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) Ramazan ayında gecə namazlarında Quran qiraət edərkən, rəhmət ayələrini oxuduğu zaman, Allahdan bunu istəyər, əzab ayələrində isə Ona sığınaraq dua edərdi. Beləliklə də, namaz, Quran oxumaq və dua kimi əzəmətli ibadətləri bir yerə cəmləmiş olardı.» (Lətaiful-Mə`arif, 204)

Nə vaxt?

Qədr gecəsinin dəqiq vaxtına dair İslam alimləri arasında bir çox ixtilafların olmasına baxmayaraq, onların hamısı bu gecənin Ramazan ayının son on gecəsinə təsadüf etdiyi fikrində həmrəydirlər.

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə rəvayət edir: Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Qədr gecəsini ona hələ bildirilmədən öncə Ramazan ayının orta on günündə etikaf etdi. Etikaf günləri bitdiyində çadırının sökülməsini əmr etdi. Sonra ona onun axır on gündə olması bildirildi. Çadırının yenidən qurulmasını əmr etdi və quruldu. Sonra insanların yanına çıxıb belə buyurdu: «Ey insanlar! Mənə qədr gecəsi bildirilib. Mən bunu sizə xəbər vermək üçün çıxmışdım. Yanıma haqlarını tələb edən iki kişi gəldiyində yanlarında olan şeytan mənə onu unutdurdu. Onu Ramazan ayının axır on günündə axtarın. Onu doqquzuncu, yeddinci və beşinci günündə axtarın.» Mən (ravi) Əbu Səidə (Allah ondan razı olsun) belə dedim: “Ey Əbu Səid! Ədədi sən bizdən daha yaxşı bilərsən.” O: “Bəli, biz buna sizdən daha haqlıyıq” deyə cavab verdiyində, Ondan: “doqquzuncu, yeddinci və beşinci nədir?” deyə soruşdum. O belə cavab verdi: “Iyirmi birinci gecə keçdikdə ondan sonra gələn iyirmi ikinci gecə doqquzuncudur. İyirmi ücüncü gecə keçdikdə ondan sonra gələn yeddincidir, iyirmi beşinci gecə keçdiyində ondan sonra gələn beşincidir” deyə cavab verdi. (Muslim 1167)

Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Qədr gecəsini Ramazanın son on günün tək gecələrində axtarın.» (Buxari, Müslim

Tirmizi (Allah ona rəhmət etsin) demişdir: «Allah Rəsulundan (Allahın ona salavat və salamı olsun) Qədr gecəsinin 21, 23, 25, 27 və 29 cu gecələrə təsadüf etməsinə dair rəvayətlər gəlmişdir» (Tirmizi «Sunən»)

İbn Huzeymə (Allah ona rəhmət etsin) Qədr Gecəsinin hansı gecə olması barədə bütün səhih rəvayətləri cəmləyərək, bildirmişdir ki, o, hər il dəyişərək müxtəlif gecələrə təsadüd edir. (Səhih ibn Huzeymə 3/329)

İbn Həcər (Allah ona rəhmət etsin) də bu rəyə üstünlük verərək demişdir: «Racih rəyə əsasən, Qədr Gecəsi Ramazanın son on gününün hər il fərqli vaxtlarda tək gecələrinin birinə təsadüf edir.» (Fəthul Bəri)

İbn Teymiyyə (Allah ona rəhmət etsin) isə bildirmişdir ki, Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilən “Səhih Muslim”dəki hədisdəki Qədr gecəsinin hesablanma qaydasına əsasən getdikdə, ay 29 deyil, 30 gün olduğu təqdirdə, tək günlərə yox, cüt günlərə də düşə biləcəyini qeyd edir. (Məcmu` əl-Fətəva)

Həqiqətən də Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) bu günlərdə ibadətlərinə baxdıqda görmək olar ki, o son on günün heç birini ayırd etmədən vaxtını daim ibadətə həsr edərdi.

Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki: «Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı.» (Buxari)

Alimlər Qədr gecəsinin dəqiq hansı gecəyə düşməsinin bilinməməsində Uca Allahın hikmətinin olduğunu qeyd edərək bildirirlər ki, bu ona görədir ki, müsəlman hansısa bir gecəyə ümidini bağlayıb rahatlaşmasın, ümidlə Rəbbindən o gecənin axtarışına çıxsın, bağışlanma istəsin.

Əlamətləri

Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Muhəmməd (Allahın ona salavat və salamı olsun) Qədr Gecəsinin əlamətlərini belə bildirmişdir: «Gecənin təmiz və işıqlı olması, ayın parıldaması əlamətlərdəndir. Həmin gecə sakit, nə isti nə də soyuq olur, ulduz sürüşməsiniə səhər açılıncayadək icazə verilmir. Bu gecənin əlamətlərindən biri də günəşin düz, şüasız, sanki bütöv ay kimi doğmasıdır, şeytanlara isə onunla birlikdə çıxmaq qadağandır.» (İmam Əhməd, bütün ravilər etibar ediləndir. İbn Kəsir hədisin isnadını yaxşı hesab etmişdir.)

Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: «Həmin gecə itlərin hürməməsi yaxud nadir hallarda hürməsinə gəldikdə isə, bu haqda səhih heç bir şey yoxdur.» (Şərh əl-Mumti)

Hazırladı: Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha