Məqalələr

Qədəri inkar edənlərə rəddiyə (1-ci hissə)

Qədəri inkar edənlər səhabə dönəminin sonuna yaxın ortaya çıxmışdır

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Qədər mövzusunda bu cür çaşqınlığa düşüb, batil etiqada yönələnlər Qədəriyyə firqəsidir və bəzi digər firqələr də “Qədər” mövzusunda onlara müvafiq olmuşdur. Qədəriyyə firqəsi Cibriyyə firqəsinin (İnsanın Qədərə tabe olub, əməlləri məcbur etdiyini iddia edənlər) tam əksidir.

Qədəri inkar edənlər səhabə dönəminin sonuna yaxın ortaya çıxmışdır. Bu firqənin yaradıcısı Məbəd ibn Xalid əl-Cuhəni olmuşdur. O qədəri ixtiyar ilə əvəz etmiş və Quranın məxluq olduğunu söyləmişdir. O, Əməvi xəlifələrindən olan AbdulMəlik İbn Mərvan dövründə, Həccac tərəfindən öldürülmüşdür. Cuhəniyə bu məsələdə Mötəzilə alimlərindən olan Amr ibn Ubeydin böyük təsiri olmuşdur.

Bu firqə mənsubları əsasən qədəri düşüncələrdən çox, siyasi fikirlərə meyl etmişdirlər. Necə ki, Cuhəninin öldürülməsinə səbəb  qədər mövzusundakı çaşqınlığı deyil, məhz Əməvilərə qarşı başlanılan siyasi üsyana qatılması səbəb olmuşdur.

Bu batil etiqadı Cuhəninin vəfatından sonra onun tələbəsi olan Ğeylan ibn Muslim əd-Dəməşqi təbliğ etməyə başladı. O da Hişəm ibn AbdulMəlik tərəfindən öncə dili, sonra isə başı kəsilərək edam edildi.

Qədər mövzusunda Qədəriyyəlilərə digər batil firqələr olan- Mötəzilə, Cəhmiyyə, Rafizilər və s. müvafiq olmuşdur.
Onlar bəndənin əməlində ümumən Allahın istəyinin olmadığına və yalnız bəndənin öz istəyi olduğuna etiqad edirlər. Onlara görə bəndənin etdiyi bir əməldə Allahın istəyi nəzərə alınmaz. Onlar etiqad edir ki, Allahın istəyi olmasa da, bəndə o əməli öz istəyi ilə həyata keçirir. Onlara görə insan öncə öz elmi ilə edəcəyi əməli təyin edir, sonra o əmələ yönəlir, daha sonra isə bacarığı ilə onu həyata keçirir. Bu əməli Allah təyin etmir, Onun iradəsi burada yoxdur.
Beləliklə də, onlar iddia edirlər ki, insanın etdiyindən sonra Allah onun əməlindən xəbər tutur.
Həmçinin iddia edirlər ki, Allah (subhənəhu və təalə) qədərə öncədən heç bir şey yazmamışdır. Uca Allah bəndənin nə edəcəyini öncədən bilmirdi. Onlardan bəziləri isə daha da həddi aşaraq deyirlər ki, Allah bəndənin nə edəcəyini öncədən bilsə də, onun qarşısını almaqda acizdir.

Onlar etdikləri əməllərdə özlərinin qüdrəti, istəyi və bacarığı olduqlarını iddia edirlər. Onlar, insanların özlərinə xeyir və şər verməyə malik olduğuna etiqad edirlər. Həmçinin etiqad edirlər ki, özlərinə zərər və xeyir (mənfəət) verə bilər, istədikləri zaman asilik edər, istədikləri zaman isə itaət edə bilərlər, istədikləri zaman haqq yolda ola bilər, istədikləri zaman isə zəlalətə düşə bilərlər. Yəni, onlar bu əməlləri öz istəkləri ilə və Allahın elmi olmadan edirlər. Onların bu sözləri- yəhudi və nəsranilərin söylədikləri kimidir. Bu sözlər isə- zındıqlığın əslidir.

Onlar etiqad edir ki, xeyir Allahdandır, şər və günah əməllər isə Allahdan deyil, onları Allaha nisbət etmək xətadır.
Həmçinin deyirlər ki, Allahın heç bir köməyi və iradəsi olmadan insan xeyir işləri etməyə qadirdir, çünki Allah insana edə bilmək gücünü kamil olaraq vermişdir.

Onlar iddia edir ki, Allah zinadan doğulan bir uşaq yaratmaz. Bu Allahın iradəsi ilə deyildir. Allah bu uşağın olmasını diləməz və öncədən də bu uşağın doğulacağını bilməz. Yaxud deyirlər ki, Allah bəndəyə yalnız halal qazanc bəxş edir, oğrunun əldə etdiyində isə Allahın iradəsi yoxdur, Allah öncədən bəndənin bu əməli edəcəyini bilmir və onu qədərə yazmamışdır.

Onların əsaslandıqları yeganə qaynaq- öz ağıllarıdır. Quranı öz ağıllarına görə şərh edib, lüğəti mənasını götürürlər. Quran təfsirinin əvəzinə ədəbi əsərlərə, özlərinin yazdıqları kəlam və fəlsəfi kitablara etimad edirlər. Onlar dəlillərdən üz çevirirlər. Onların mənhəci Kitab və Sünnəyə zidd olub, əsassız olaraq ağıllarına söykənmişdir. Onların özlərinə tövhid əhli deməsi sadəcə boş bir iddiadır, çünki onlar Allahın Ad və Sifətlərində xətaya yol verərək haqdan azmışdırlar.

Onların tövhidi, Rasulullahın (Allahın ona salavat və salamı olsun) bizə öyrətdiyi tövhid deyildir. Onlar baş verənləri Allahın diləmədiyini və insanların əməllərindən Allahın qafil olduğunu iddia edirlər. Bununla da Allahın iradəsini və qüdrətini inkar etmiş olurlar. Onlar öz etiqadlarını Quran və Sünnədən götürdüklərini iddia etsələr də, əslində bu kimi fikirlər Allah və Rəsulunun (Allahın ona salavat və salamı olsun) söylədiklərinə ziddir. Bunlar –Quran və Sünnədən deyil, özlərinin şübhələrindən qaynaqlanır.

Bu firqəyə məcusilər də deyilmişdir. Onlar yalnız Allahın əmr və qadağalarına iman gətirmişlər. Onların ən azmışları isə Allahın elmini (bəndənin edəcəyi əməli öncədən bilməsini) və Qədərin yazılmasını inkar edənlərdir. Onların orta yolda olanları isə Allahın istəyini, xəlqini və qüdrətini inkar etmişlər.

Onlar deyirlər ki, Allahın xəlq etməsində, Onun şərikləri vardır. Xeyiri yaradan ilə şəri yaradan eyni deyildir. Həmçinin deyirlər ki, insanların etdiyi günahlar Allahın istəyi ilə deyildir. Onlar Allahın öz məxluqatından xəbər verdiyini yalan saymışlar.

Onlar deyirlər ki, İnsan kamil qüdrətə malikdir. İnsan öz istəyində tam sərbəst və müstəqildir. İnsanlar öz əməllərini xəlq edir. Allah isə bəndənin etdiyi əməllərinə qarışmır və bu əməlləri xəlq etməmişdir.
Onlar- Şəri iradəni isbat etsələr də, kövni iradəni inkar edirlər. Onlar etiqad etmişdir ki, kafirin küfrü, eləcə də günahkarın asiliyi Allahın iradəsi altına daxil deyildir, bu küfrü və ya asiliyi Allah xəlq etməmişdir. Çünki hər bir əmr Allahın istəyi ilə olmuşdur, Allah isə küfr və asiliyi istəməz. Demək ki, bu əməlləri Allah əmr etməmişdir.
Beləliklə də, bu batil etiqad sahibləri Allahın Kövni və Şəri iradəsi arasındakı fərqi ayıra bilməmiş və onlar arasında fərq görməmişdir.

Qədəriyyənin böyük alimlərindən sayılan Qazi Abdul-Cəbbar deyir:
— İnsanlar icma etmişdir ki, onlar öz əməllərində tam müstəqildir və öz əməllərini özləri xəlq edirlər. Bu əməlləri xəlq etməsi üçün Allah insana qüdrət vermişdir və əməlin xəlq edilməsində onlardan başqa heç kimin payı yoxdur. Kim Allahın burada payı olduğunu iddia edirsə, böyük xəta etmiş olur.
Həmçinin digər Qədəri imamlarından olan İbn Murtazi buyurur:
— Mötəzilələr icma edib ki, qulun əməlləri Allah tərəfindən xəlq edilməmişdir. 

Qədəriyyəlilərə “Qədər” mövzusunda müvafiq olan bidət əhlindən biri də Mötəzilələrdir.  Mötəzilələr Vasil ibn Atəyə nisbət edilənlərdir, hansı ki, onu böyük tabiin olan Həsənul Basri öz məclisindən qovmuşdur. Sonra Atəyə Amr ibn Ubeyd və başqaları qoşulur. Beləliklə, onlarda mötəzilə əqidəsi yarandı.
Onların beş üsul etiqadı vardır ki, bunların da birincisi Qədəri inkar etməkdir. Hansı ki, onlar özləri bunu “Ədalət” adlandırmışdır. Mötəzilələr həmçinin iddia etmişdir ki, qulun əməlləri lövhu məhfuzda yoxdur.

Əhli-Sünnəyə görə əməli və əməl etməyi insana izafə (xas) edən artıq küfr etmişdir. Çünki Əhli-Sünnəyə görə, insanın etdiyi əməllər istək və bacarığın nəticəsidir. Bu iki şey olmasa, əməl də olmaz. İstək və bacarıq isə Allahın yaratdıqlarındandır. Bir şeyi istəmək düşüncənin, onu həyata keçirmək isə bədənin məhsuludur.  Əgər Allah insanın ağlını kütləşdirmək istəsə, onun bir şeyi istəmək hissi olmaz, eləcə də insanın bacarığını əlindən alsa, onun üçün bir işi həyata keçirmək qeyri-mümkün olar.  Əgər bir insan hər hansısa bir işi həyata keçirməyə səy göstərirsə və onu bacarırsa, biz tam yəqinliklə bilməliyik ki, Allah (subhənəhu və təalə) bunu istəmiş və yazmışdır. Allah (subhənəhu və təalə) istəmədiyi halda isə onu öz niyyətindən döndərər və yaxud ona maneəçilik yaradaraq bu işi həyata keçirməsinə imkan verməz.

Bir bədəvi ərəbdən soruşdular:
— Allahı nə ilə tanıyırsan?
O belə cavab verdi:
— Bir işi etmək bacarığımı əlimdən alması və niyyətimi dəyişməsi ilə.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Hazırladı: əz-Zubeyr