Məqalələr

Qardaşlara Nəsihət

Hər kəs öz həddini bilsin!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əziz qardaşlarım, bir toplumdakı insanlar elm əhlinin ləkələnməsinə çalışır, o toplumda heç bir zaman izzət olmayacaqdır. Hətta çox sayda olsalar belə…

Daima münafiqlərin hədəfi öndə olanları gözdən salmaq və ləkələmək olub, onlarda olmayan bir şeyi, onların dili ilə ifadə etmək olub. Baxın, münafiqlər Rasulullaha (Allahın ona salavat və salamı olsun) nə qədər iftira atdı?! Ondan öncəki Peyğəmbərlərə nə qədər iftira atıldı?! Nə üçün? Çünki onlara inanmayıb, ətrafına yığılmasınlar – deyə…

Hər bir elm əhlinin də Rasulullahın (Allahın ona salavat və salamı olsun) çəkdiklərindən payı vardır. Çalışın bu fitnəyə səbəb olmayasınız.

Əziz qardaşlarım, bu gün bir müsəlman dinində sabit qalmaq istəyirsə, çalışsın özünə aid olmayan məsələlərə baş qoşmasın. Hər kəs öz həddini bilsin! Çəkisini, enini və uzunluğunu bilsin!

İnsan nə qədər özünə aid olmayan məsələlərə girərsə, o qədər də özünə aid olan məsələləri tərk edər. Çünki insanın qəlbi məhduddur. Necə ki, bir stəkana eyni anda su və benzin tökdükdə, miqdarı çox olan, miqdarı az olanı sıxışdırıb stəkandan çıxaracaq.

Əziz qardaşlarım, bilin ki, İslam dinində bəzi məsələlər var ki, o səviyyəli məsələlər elm əhlinə aiddir. Bu gün sən özünə aid olmayan məsələlərlə özünü məşğul etsən, bil ki, qəflətdə qalıb, özünə aid olanları tərk edəcəksən.

Bəzi kəslər vəsvəsəyə uyub deyirlər: Haqq bilinməlidir, haqqı gizlətmək olmaz!

Bu adam öz dediyini ortaya atmaq üçün öncə ordan-burdan elm əhlinin sözlərini yığır ki, düşünsünlər ki, bu elmin təməlindən xəbərdardır.

Əziz qardaşlarım, şəriətə baxsanız, görərsiniz ki, hər bir məsələnin qayda-qanunu, şərti və rükunu vardır. Hər bir şey tərtiblədir. Öncə Allahu təalə insanlara Tövhid kəlməsini anladıb. Bu kəliməni söyləməyəndən namaz tələb olunmaz. Namazı olmayandan zəkat tələb olunmaz və s…

O kəslər ki, özlərinə aid olmayan məsələlərə girir, əqidə və fiqh kitablarının sonlarına yazılan məsələlərdən danışırlar, onlara söylədiyim əhkamlardan sual versək, bəlkə də onları kiçik sayarlar, hətta əqidə məsələlərini belə kiçik sayıb, önə bu məsələləri çəkərlər.

Əziz qardaşlarım, bəzi məsələlər vardır ki, o məsələlərə bizim kimi kiçik elm tələbələri girə bilmirik və o məsələlərin məsuliyyətini daşımırıq. Lakin bəzi kəslər var ki, nə qədər məsələlər qaldığı halda, ancaq bu məsələlərə girməyə çalışırlar. Əgər görsələr ki, elm tələbələri bu məsələlərdə susmağı məsləhət bilir, onlar bunu qorxaqlıq adlandırıb, tənə etməyə başlayırlar.

Əziz qardaşlarım, çalışın şişirtmələrə baş vurmayın və müsəlmanları parçalayacaq mövzulara yaxınlaşmayın. Bu gün arada gəzən -təkfir, cihad, səhlənkarlıqdan namazı tərk edənin hökmü, islam və küfr diyarı – kimi çətin və elm əhli arasında geniş ixtilaflı məsələlər haqda elm tələbələri susduqları və bu məsələləri alimlərə qaytardıqları üçün onlar qorxaqlıqda ittiham olunurlar. Ona görə də, hal-hazırda müsəlmanlar arasında parçalanma vardır. Səbəb isə soruşulan kəsi tanımamaqdır. Öncə onun həddini bilin, sonra soruşun! Əgər 50-60 il elmdə saç ağartmış kimsə bu məsələlərdə susursa, 5 il, 7il, 10 il elm almış bir kəsdən, bu məsələləri necə tələb etmək olar? Bu artıq hikmətsizlikdir.

Əziz qardaşlarım, bilin ki, şəriətdə bəzi məsələlər var ki, onları ancaq öz əhli söyləməlidir. Əgər onlar bu məsələlərdə susursa, məsuliyyəti bizim kimi siravi müsəlman deyil, məhz onlar daşıyırlar. O səbəbdən bizim buna görə narahat olmağımıza lüzum yoxdur. Əks halda tapdalanan ancaq müsəlmanlar olacaqdır.

Bəziləri bir-birinin arxasında namaz qılmır, bir-birinə salam vermir, bir-birinin kəsdiklərini yemir, hətta mallarını da halal görürlər.

Əziz qardaşlarım, hikmətsizlik etməyin! Parçalanmağın qarşısını alın!

Sünnəyə nəzər salsaq, görərik ki,Rasulullah (Allahın ona salavat və salamı olsun) bəzən haqqın çatdırılması lazım bilmədiyi bir vaxtda susardı. O zaman Əbubəkr, Ömər , Osman gəlib irad tuturdularmı ki, «Yə Rasulullah! Axı nə üçün haqqı gizlədirsən?» Xeyr! Çünki bilirdilər ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hər işində hikmət vardır.

Əziz qardaşlarım, fitnənin qarşısını almaq lazımdır. Elm əhlinin qədir-qiymətini bilmək lazımdır. Hər universiteti bitirən, hər kitab oxuyan, harasa gedib-gələn bir kəs isə İslam dinində elm əhli sayılmır. Çalışın elm əhli arasında tərəfkeşlik etməyin! Bilin ki, elm əhli təbəqələrə bölünmüşdür. Bəzilərində çatışmayan cəhət digərlərində mövcuddur. Lakin onlar bütövlükdə bir-birini tamamlayırlar. Onun üçün çalışın bir elm əhlini götürüb, digərindən üz çevirməyəsiniz. Kim hansı mövzudan daha gözəl danışır, o elm əhlindən həmin mövzunu mənimsəyin!

Əziz qardaşlarım, əhli-sünnədə elm məsələsində bir metod var ki, xeyirli olduğu haqda ittifaq olunan kəslərin kitabları oxunmamış, zəlalətdə olması haqda ittifaq olunan kəslərin kitabları oxunmaz. Lakin bəziləri var ki, bu gün haqq ilə batili seçə bilməyir, azca da ərəb dilini bilir və başlayır bidət əhlinin kitablarını vərəqləməyə ki, mən əqidəni gözəl bilirəm və haqq ilə batili ayırd etmək istəyirəm. Belə deyildir! İmam Məlik buyurur: “ Mədinədən səksən alim mənə danışmağa izn vermədikcə, mən danışmağıma haqq qazandırmadım.”

Bu gün danışanlara baxın! Onların hansı elm əhlindən icazələri vardır? Hansı kitabları bilirlər? Hansı elm əhli ilə bağlılıqları olub? Məgər bir məsələdə elm əhlinə zəng vurub, hökmünü soruşub onu demək, elmi yaymaqdırmı? Xeyr. Bilin ki, hökm başqadır, fətva isə başqadır. Hər hökm fətvadır, lakin hər fətva hökm deyildir.

Əziz qardaşlarım, nə qədər ki, bir toplumda insanlar sağlam əqidə üzərindədir, o zaman da İslam yüksək səviyyədə yaşanılır. Nə zaman ki, insanların əqidəsi düz olmur, o zaman da onların vəhyə sarılmağı zəif olur və aralarında ixtilaflar çoxalır. Onlar çözüm tapa bilməyib, daim heyrət və heyranlıq içində qalırlar.

İnsanın elm almasında, onu çatdırmasında və tətbiq etməsində metodu olmalıdır, Kitab və Sünnədə göstərilən yolları bilməlidir.

Yaşadığımız zamanda gecə getdikcə zülmətə qərq olduğu kimi fitnələr də getdikcə çoxalır.

Əziz qardaşlarım, əqidəni sağlam kəslərdən öyrənin və bilin ki, buna bir-iki il deyil, bir ömür lazımdır. İbn Teymiyyə -rahiməhullah- deyir ki, mən əhli-sünnənin etiqad kitablarını tam oxuyub, öyrənmədikcə, heç bir bidət əhlinin kitablarını açmadım. Onun üçün öz əqidəsini gözəl bilən insan, bidət əhlinin əqidəsini onlardan daha gözəl anlayır. Onun üçün mötəzilələr, cəhmiyyələr, xəvariclər və bəzi İslama nisbət edilən fəlsəfə firqələri etiraf edirdilər ki, biz öz məzhəbimizdə bilmədiklərimizi İbn Teymiyyədən öyrənirdik.

Əziz qardaşlarım, əgər hər hansısa bir dövlətdə dəvət ilə yüklənmiş elm əhli varsa və onlar müəyyən məsələlərdə susurlarsa, bunun məsuliyyətini onlar daşıyır, siz araya girib fitnə yaratmayın. Əgər danışmağa cəsarətiniz varsa, öncə gedin həmin elm əhlindən daha çox oxuyub-öyrənin, sonra gəlib minbərə çıxıb danışın!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin məzunu, Veysəl

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha