Məqalələr Müxtəlif

«Qanuni oğru», «vorzakon aləmi», İslami prizmadan yanaşma

Hər kəs bilməlidir ki, şərəfli olmaq Allahın doğru yolunda olmaqla bağlıdır. Odur ki, Uca Allah Qurani Kərimdə buyurmuşdur:

«Halbuki qüdrət (şərəfli və izzətli olmaq) yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.» (əl-Münafiqun surəsi, 8)

Kimsə dürüst insan ola bilər. Amma, həyatda həqiqi şərəf sahibləri Allah və Rəsulunun doğru yoluyla gedən möminlərdir. Necə ki, bunu Uca Allah buyurmuşdur:

«Allahdan daha doğru danışan kim ola bilər?» (Nisa surəsi: 122)

Gəlin özümüzü aldatmayaq! Cinayətkarları, oğruları cəmiyyətə «qəhrəman» kimi sırımaq lazım deyil. Cəmiyyətə Quran və hədisləri öyrədən, Peyğəmbərin (Allahın Ona salavatı və salamı olsun) varisləri sayılan böyük alimləri tanıtmaq lazımdır. Ömürlərini Allahın pak yoluna çağırmağa həsr edən, bu yolda saçı-saqqalı ağarmış, həqiqi insan yetişdirən böyük, rəbbani alimləri insanlara tanıtdırmaq lazımdır!
Hansı ki, onlar haqqında Uca Allah buyurmuşdur:

«Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır.» (Fatir surəsi, 28)

Hörmətli və şərəfli olmağın mizanı və meyarı Allah qorxusuyla ölçülür. Allah nə gözəl buyurmuşdur:

«Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır!» (Hucurat surəsi, 13)

Hörmətli olmaq, insanın özündən ixtira etdiyi haqsızlığa qarşı mübarizə üsullarıyla olmur. Məgər kiminsə pulunu əlindən zor gücü ilə, hədə qorxu ilə alıb başqasına vermək (ən yaxşı halda), bir hissəsini də özü üçün xərcləyən adam səxavətli sayıla bilərmi? Guya ki, onlar pulu zalımdan alıb məzluma verirlərmiş, amma, heç özlərinə xərcləmirlərmiş! və yaxud da ancaq məzlumu düşünürlərmiş. Bəzi insanlar «qanuni oğrular»ın «savab» iş gördüyündən dəm vururlar. Lakin, onların günahlarını küçümsəyir və cinayətlərini ört-basdır edirlər.

Əgər kiminsə pulunu kiminsə əlindən zorla alıb başqasına verən biri kimlərəsə görə hörmətli olursa, o insanlar nəyə görə varlıların zor gücü olmadan könüllü şəkildə verməli olduqları zəkatı əmr edən Qurandan, Peyğəmbərdən və möminlərin yolundan uzaq düşürlər? Əgər məntiq istəyirsinizsə, bu da sizə məntiq! İslamın beş rükunundan biri zəkatdır! Zəkata əməl olunsa, kasıblara yardım olunar! Varlılar könüllü şəkildə kasıblara mallarından verərlər! Bəli, sənin üçün xəyal olan bu qanun İslamda var! İslamda zor gücü yoxdur. İslam qəlbləri fəth edir! Əgər varlılar İslamdakı zəkata əməl etsələr, kimlərsə bu boşluqdan istifadə edib nə isə edirmiş kimi görünməz!

Ey cinayətkarları cəmiyyətə şərəfli kimi sırımaq istəyənlər! Tövbə edib Allahın yoluna qayıdın! Nə qədər ki, bu dünyada sağsınız, pis əməllərdən əl çəkib Allaha tərəf gəlin! Bu Quran ayəsindəki şərəfli kimsələrdən olun!

«Halbuki qüdrət (şərəfli və izzətli olmaq) yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.» (əl-Münafiqun surəsi, 8)

Bu «qanuni oğru» sözü elmi cəhətdən də doğru deyil.

Oğurluğun qanuni olanı olmur. Bütün oğurluqlar qanunsuzdur.
İslam dininə görə oğurluq böyük günahlardandır.

Qəsbkarlıq, quldurluq da böyük günahlardandır! «Qanuni oğru» sözüylə öz nəfsinin, havasının köləsi olmuş, bir qrup təkəbbürlü insan tayfasının etdiyi əməllərə bəraət qazandırılması, guya onların da doğru bir yol tutduqlarını insanlara göstərmək istəyiblər. Halbuki, bu yol möminlərin yolundan başqa bir yoldur.

Uca Allah Qurani-Kərimdə buyurmuşdur:

«Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.» (Ən-Nisa, 115)

Allah ədalət axtaran hər insana doğru yolu, hidayəti nəsib etsin! Gücün çatsa, Allahın kitabını əlinə al oxu! Özünü niyə aldadırsan! Gec olmadan Quranı oxu!

Bu Quran «mollalar» üçün yox, məhz sənin üçün gəlib ki, «vor (oğru, cinayətkar) zakonlarını deyil, Allahın qanunlarını (zakonlarını) oxuyub əməl edəsən! Allahdan istəyirəm ki, sənə imanın ləzzətini daddırsın! Bütün ləzzətləri
dadsan da ən böyük «İman ləzzətindən» hələ ki, məhrumsan! O ləzzət səni daxilən təmizləyəcək! Mənə inan!

Elə indidən namazın sözlərini axtarıb öyrənsən yaxşı olar! Əgər Allahla sadiq olsan, ondan başqa heç kimdən qorxmayacaqsan!
Axı Allah səni ona ibadət etməyin üçün yaradıb. Gör səni Yaradan Allah nə buyurur:

«Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım» (Zəriyat surəsi, 56)

Elə isə ey sən Allahın istədiyi kimi yaşamasan, ona ibadət və qulluq etməsən, «yaxşı oğlan» ola bilməzsən! Əgər ədalətli olmaq və haqsızlığı aradan qaldırmaq istəyirsənsə, bunu İslamda tapa bilərsən! Amma birinci tövbə ilə özünü dəyiş və namaza başla!

Yazdı: Sahib Əsədov