Ramazan ayı

Qan vermək orucu pozurmu?

Bismilləhir Rahmənir Rahim.

Aləmlərin rəbbi Allaha həmd-səna olsun, Peyğəmbəri Muhəmmədə salavat və salam olsun.

 

Əssələmu aleykum və rahmətullahi və bərəkətuh

 

Qardaşlarımızdan biri belə sual verir ki: «Oruclu ikən qan aldırmaq və ya hicama elətdirmək orucu pozurmu?»

 

Cavab: İlk öncə qeyd edək ki, bu məsələ ətrafında elm adamları müxtəlif fikirlər söyləmişlər.

Imam əbu Hənifə, imam Şafi və imam Malik (rahiməhumullah)  deyirlər ki, qan aldırmaq orucu pozmur.

İmam Əhməd isə deyir ki, qan aldırmaq orucu pozur.

 

Belə fikir ayrılığının səbəbi, bu haqda fərqli hədislərin olmasına görədir.

Həmin hədislər aşağıdakılardır:

İbn Abbasdan (Allah ondan razı olsun) rəvayət olunur ki: Allahın elçisi (sallallahu aleyhi və səlləm) oruclu olarkən və ehramdaykən hicama elətdirərdi (qan aldırdı).” (Buxari rəvayət edib).

 

Tirmizi rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur ki: «Hicama edən və elətdirən orucu açmışdır.»

İbn həcər (rahiməhullah) Fəthul Bəridə «Allah elçisi (sallallahu aleyhi və səlləm) oruclu olarkən və ehramdaykən hicama elətdirərdi.» hədisini şərh edərək deyir: «İbn Abdul Bərr və başqa alimlər deyirlər ki, bu hədisə görə «Hicama edən və elətdirən orucu açmışdır» — hədisi mənsuxdur, yəni hökmdən düşmüşdür. Çünki, bu hədisin bəzi rəvayətlərində, bunun vida həccində olduğu deyilir.

Ona görə də alimlər deyirlər ki, «Hicama edən və elətdirən orucu açmışdır.» — hədisi mənsuxdur.

Qeyd edək ki, vida həcci Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ömrünün axırına yaxın olub və Peyğəmbər (sallallahu aleyhi və səlləm) «Oruclu olarkən və ehramdaykən hicama edərdi.» — hədisi sonuncu hadisə haqqında xəbər verir. Bu əsasla demək olar ki, digər hədis mənsuxdur.

 

Bəzi alimlər isə, «Hicama edən və elətdirən orucu açmışdır» hədisini şərh edərkən  deyirlər ki, bu orucu açmağa səbəb verir, ona görə də Peyğəmbər (sallallahu aleyhi və səlləm) «orucunu açmışdır» — deyir. Hicama edənin orucunun pozulmasına səbəb odur ki, o zamanlar günümüzdə olan müasir hicama (qanalma) alətləri yox idi. Onlar hicamanı ağız vasitəsi ilə soraraq edirdilər. Bu səbəbdən ola bilər ki, hicama edənin boğazına çəkilən qandan nə isə bir şey getsin və orucunu pozmuş olsun.

 

Hicama elətdirənin orucunun pozulmasına səbəb isə onun qanalmadan sonra zəif düşməsidir. Məlum məsələdir ki, hicama edəndə insanın bədənindən çox miqdarda qan çıxır və bu, insanın bədəninin zəifləməsinə səbəb olur. İnsan həm də oruc olarsa,  bədəni daha da zəifləyir.  Ola bilər, insan məcbur olub orucunu açsın. Allah daha doğrusunu bilir.

 

İmam Malikin “Muvatta” kitabında rəvayət olunur ki, ibn Ömər (radiyallahu anhumə) oruclu olduğu halda hicama elətdirərdi. Sonra isə bunu etmədi. Hicama elətdirmək istədikdə, bunu ancaq iftardan sonraya saxlayardı.

Digər rəvayətdə Zuhridən (rahiməhullah) rəvayət olunur ki, ibn Ömər (radiyallahu ahnumə) Ramazanda və başqa vaxtlarda, oruclu ikən hicama elətdirərdi. Daha sonra bədəninin zəifliyinə görə bunu etmədi.

 

Alimlər xəstəyə qan vermək məsələsini, hicama ilə müqayisə edirlər.

Ona görə də, qan verməyin orucu pozub-pozmamasında,  hicamadakı kimi  fikir ayrılığı var.

 

Alimlər test, analiz və başqa işlər üçün alınan cüzi qanın alınmasının oruclu adam üçün problem yaratmadığını deyiblər.

Şeyx ibn Bəz, şeyx Cibrin və başqa alimlər, az miqdarda alınan qanın bu ixtilafa daxil olmadığını deyiblər. Allah daha doğrusunu bilir.

 

Bu yazılanlardan sonra yekun nəticə olaraq onu deyə bilərik ki, haqqında deyilən fikir ayrılığını nəzərə alaraq oruclu olan şəxs çalışmalıdır ki, özünü bu hal ilə qarşı-qarşıya qoymasın.

Bu məsələdə fikir ayrılığına düşməmək üçün, hicamanı iftardan sonraya saxlamaqdır.

Həm hicamə elətdirənin bədəni zəif düşməsin, həm də bu ixtilafdan çıxmış olsun. Bu, həm də ehtiyat baxımından təqdirəlayiq sayılır.

Allah daha doğrusunu bilir.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun.