Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
«Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey möminlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız». (Nur, 31)
Bir iş də var ki, müsəlman olmayan qadının cəmiyyəti pozacaq şəkildə ortalıqda gəzməsi də düzgün deyil. Çünki, elə ictimai ədəblər var ki, bunlara müvafiq əməl etmək hər bir insan üçün vacibdir. Cəmiyyəti bu cür ədəbsizliklərdən qorumaq baxımından həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar eyni dərəcədədirlər.
Bu cür ictimai ədəblər İslamın şəriət siyasətidir ki, bunları hər bir müsəlman ölkəsində tətbiq etmək o ölkənin hakiminin borcudur. Müsəlmanların daha başqa bir borcu da 10 yaşına girən qız uşaqlarının başlarını örtməyə alışdırmaqdır. Bu da tərbiyə baxımından gərəklidir. Çünki, namazda da belədir. Məsələn: Rəsulullah (Allahın ona salavat və salamı olsun) demişdir: «Uşaqlarınız 7 yaşına girdikdə onlara namaza əmr edin. 10 yaşına girdikdə namaz qılmazlarsa onları döyün».
3. Üzünü örtmək barədə Suyutidən belə rəvayət edilir: «Sol gözdən başqa bütün üz örtülməlidir». Əbu Həyyan belə deyir: «İspaniyada da adət Suyutinin rəvayət etdiyi kimi idi. Qadın bütün üzünü örtür, yalnız tək gözü bayırda qalırdı”. (Əbu Həyyan, 3-cü cild, səh 372)
4. Abdurrəzzaq və bir camaatın rəvayətinə görə Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) zövcəsi və mö’minlərin anası Ümmu Sələmə (Allah ondan razı olsun) belə demişdir: «Bu ayənin enişindən sonra Mədinə qadınları qara çadralara büründülər, sanki hamının başına qarğa qonmuşdur».(Cəssas, 3-cü cild, səh. 372)
Şər’i örtülmənin şərtləri:
1. Örtük bütün vücudu örtməlidir.
Çünki, Allah təala ayədə qadınlara: «Cilbablarını geyinsinlər» buyurmuşdur. Cilbab bütün bədəni örtən geyim deməkdir. Ayədəki «Yudnina» kəlməsi «idna» kökündən gələn bir fe’ldir. İdna örtüyü aşağıya buraxmağı, yə’ni bütün bədəni örtməyi göstərir. Cələbib deyəndə bunun tək çadra yox, yə’ni baş, üz lazımi qaydada bağlanandan sonra, bədənin cizgilərini bəlli etdirməyən palto, manto, plaş və s. bu kimi geyimlərdə geyinmək olar.
2. Örtük altdakı geyimi göstərəcək qədər nazik olmamalıdır.
Çünki, hicab örtməkdə məqsəd bədəni gizlətməkdir. Nazik örtük isə altdakı paltar və bədən cizgilərini gizlədə bilməz. Baxışlara da mane ola bilməz. Bir dəfə: «Əbu Bəkrin (Allah ondan razı olsun) qızı Əsma (Allah ondan razı olsun) incə bir paltarda Rəsulullahın (Allahın ona salavat və salamı olsun) qarşısından keçdikdə Rəsulullah (Allahın ona salavat və salamı olsun) ondan üzünü çevirmişdir». (Bu hədisi Əbu Davud «Libas», Tirmizi «Fitən» səh. 24 kitablarında qeyd ediblər).
3. Örtüyün özü bir zinət əşyası və rəngli qumaşlardan olmamalıdır.
Çünki, Allah təala deyir: «Zinət yerlərini göstərməsinlər». Deməli, əgər qadın bər-bəzəkli və rəngli örtük örtürsə ki, bu da yadların nəzərini cəlb edirsə, buna hicab demək olmaz və bu örtük ilə örtülməyə icazə verilmir. Çünki, örtülməkdə məqsəd zinət yerlərinin başqaları tərəfindən görünmənin qarşısını almaqdır.
4. Örtük vücud xətlərini bəlli edəcək və fitnəyə səbəb olacaq qədər dar olmamalıdır.
Çünki, Rəsulullah (Allahın ona salavat və salamı olsun) “Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar”. Başqa bir hədisdə rəvayət olunur ki, «Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz». (Müslim, «Cənnət van-Nər» 2-ci cild, səh. 128).
Bu hədisi-şərif Rəsulullaha (Allahın ona salavat və salamı olsun) Allah təala tərəfindən göstərdiyi bir möcüzədir. Çünki, özündən 1400 il sonra gələn bir şeyi açıqlayıb başa salmışdır.
5. Örtükdən gözəl qoxu gəlməməlidir.
Çünki, gözəl qoxu kişiləri cəzb edir və şəhvət hissi oyadır.
Rəsulullah (Allahın ona salavat və salamı olsun) «Harama baxan göz və gözəl ətir vurub kişilərin arasına çıxan qadın zina etmişdir» demişdir. Digər bir rəvayətdə: «Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş sayılır» (Əbu Davud, Tirmizi-ədəb. Əhməd ibn Hənbəl, Müsnəd 400-4). Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.ə) ona: «Ey Cabbarın anası hara gedirsən?» — deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman Əbu Hureyrə (Allah ondan razı olsun):»Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (Allahın ona salavat və salamı olsun): «Allah təala sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim. (Tərcib və Tərhib, 3-cü cild, səh. 85).
6. Qadın nə kişi paltarı geyməməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir.
Çünki Əbu Hureyrə (Allah ondan razı olsun) «Rəsulullah (Allahın ona salavat və salamı olsun) kişi paltarı geyən qadını lə’nətləmişdir» — buyurmuşdur. (Əbu Davud, Libas 4098).
Digər bir hədisdə isə Rəsulullah (Allahın ona salavat və salamı olsun) «Allah özlərini qadınlara bənzədən kişilər və özlərini kişilərə bənzədən qadınlara lə’nət etmişdir» deyə buyurmuşdur.
Qadına üzünün örtməsinin faydası:
Nur surəsində göstərildi ki, qadının zinətlərini naməhrəmə göstərməsi haramdır. Üz gözəlliyin və zinətin mərkəzi olduğu üçün, fitnənin də mərkəzi sayılır. Ona görə də fitnəyə düşməmək və heç kəsi fitnəyə salmamaq üçün, üçün örtülməsi vacibdir. Ibn Cəvzi çadra ayələrinin təfsiri (açıqlaması) barədə ibn Kutəb’dən belə rəvayət edir: «Başlarını və üzlərini örtmələrini söylə ki, onların azad olduqları bilinsin» ayəsindəki, «Cəlabib» kəlməsinin mə’nası: «paltarların üstündən örtülən və vücud xətlərini gizlədən örtük deməkdir» (İbn Cəvzi, 6-cı cild, səh. 422). Cəsasi: «Bu ayə gənc qadınların yad kişilərdən özlərini və özlərini qorumasına dalələt edir. Qadınlar örtünməlidirlər ki, pis niyyətli kimsələr onlardan bir şey umaraq əziyyət etməsinlər» (Cəssas, 3-cü cild, 372).
Bütün göstərdiyimiz ayə və hədislər göstərir ki, qadının örtünməsi vacibdir. Bu örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsi üçün şərait yaratmağa imkan verir. Qadınların namus və izzətlərinin qorunması, onlara əziyyət edilməsinə səbəb olur.
Həqiqətən də hal-hazırda qadın və kişilər Allah təalanın dinindən, Rəsulullahın (Allahın ona salavat və salamı olsun) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-ne’mətini, axirətin əbədi həyatına satırlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mö’min qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var.
«Dünya keçici nemətlərlə doludur. Ən gözəl neməti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur» .
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmən ət parçası kimi çirkləndirib murdarlayır. O ət parçasını heç kəs almadığı kimi bu cür qadınlara da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq, bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşir. Ondan törənən uşaq da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edirlər. Cəmiyyət də belə pozulur. Amma bir alim deyir: «Qadın incidir, inci isə sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür».
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Leave a Comment