Fiqh Elmi Seçilmişlər

Qablar haqqında (2-ci hissə) – 12-ci dərs

Bu məqalədə daha üç məsələdən danışılacaq inşallah.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Ötən məqalədə qablara aid yeddi məsələdən danışılmışdı. Bu məqalədə isə daha üç məsələdən danışılacaq inşallah.
..əvvəli ötən məqalədə..

8. Özbaşına həlak olan heyvanların dəriləri:
Əti yeyilən heyvanların dərilərini istifadə etmək olar. Lakin həmin heyvanlar şəriət qaydaları ilə kəsilmədən özbaşına ölsələr necə?

Cavab: Allah rəsulu (Allahın ona salavat və salamı olsun) buyurub: «(Ölü heyvanın) dərisini təmizləmək onu kəsmək kimidir» (Muslim, Heyz kitabı, Ölü heyvanların dərilərinin təmizlənməsi fəsli, hədis 633).

Hədisdə qəsd olunan dəri şəriət qaydaları ilə kəsilmiş deyil, özbaşına ölmüş heyvanların dərisidir. Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) buyurduğuna görə bu cür heyvanların dərilərini xüsusi məddələrlə təmizlədikdə, şəriət qaydaları ilə kəsilmiş heyvanların dərisi kimi istifadəsi icazəli olur. Belə təmizləməyə ərəbcə «dəbğ» və ya «dibəğ» deyilir.
Xülasə olaraq tərifi isə belədir: «Dərinin xüsusi maddələrlə təmizlənməsinə «dəbğ» və ya «dibəğ» deyilir.
Belə dəriləri quru və ya sulu halda olan şeylər üçün istifadə etmək olar.

Misal üçün: təmizlənmiş dəridə su saxlamaq olar Buna dəlil Allah Rəsulunun (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin müşrik qadının su qabından dəstəmaz almalarıdır (İmam Buxari öz səhihində bu hədisin mənasına yaxın olaraq rəvayət edib,344. İmam Muslim öz səhihində, Təyəmmüm kitabı, 682).

Həmin qab dəridən hazırlanmışdı. Məlumdur ki, muşriklərin kəsdikləri heyvanlar nəcis hesab olunurlar. Lakin hədisdən görünür ki, belə heyvanların dəriləri xüsusi üsullarla təmizləndikdən sonra təmiz hesab olunurlar və buna görə suyun saxlanılması üçün qab kimi istifadə edilməsi icazəlidir. Belə dərilərdən hazırlanmış paltarlarıda geyinmək olar.

Xülasə olaraq qayda belədir: «Əti yeyilən heyvanlar şəriət qaydalarına uyğun kəsilməsə belə onların dərilərini istifadə etmək olar. Yeganə tələb olunan şey onların xüsusi maddələrlə təmizlənməsidir.»

9. Qablarda olan sınığı qızıl və ya gümüş ilə birləşdirmək olmaz.
Yalnız gümüş ilə müəyyən hallarda birləşdirmək olar. Buna ərəb dilində «dabbə» deyilir. «Dabbə»-nin nə olduğunu daha yaxşı başa düşmək üçün oxucuya aşağıdakı şəkil təqdim olunur:

 

qab-hazir-1   qab-hazir-2

Gümüşlə dabbə edilməsi üçün dörd şərt vardır:
1. Gümüş materialı sınıq əvəzi kimi istifadə edilsin.
2. İstifadə edilən gümüşün miqdarı az olsun.
3. Yalnız gümüş istifadə edilsin, qızıl isə olmaz.
4. Ehtiyac üzündən olsun.

10. Sınmış qablardan istifadə etmək olar.
Lakin həmin qabı istifadə edərkən sınmış hissəsindən ehtiyat edilməlidir.
Məsələn: su içərkən qabın sınmış hissəsindən içmək olmaz. Buna dəlil isə Əbu Səid əl-Xudri radiyallahu anhunun rəvayət etdiyi hədisdir. Hədisdə buyurulur: «Allah rəsulu (Allahın ona salavat və salamı olsun) qabın ağzındakı sınmış yerdən içməyi və içilən mayeyə üfürməyi qadağan etmişdir.» (Sunən Əbi Dəvud, İçkilər kitabı, hədis 3722).
Bu həsidi şərh edən elm əhli buyurur ki, qabın ağzındakı salamat hissəsindən içmək olar, çünki hədisdə gələn qadağa yalnız sınıq olan yerə aiddir.

İstifadə olunmuş ədəbiyyat:
1. İbn Həcər (Allah ona rəhmət etsin), «Fəthul-Bəri»
2. «Umdətul Fiqh» kitabının şərhi, Əbul Abbas Əhməd ibn Əəbdulhəlim ad-Diməşqi
3. Muəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin), «əş-Şərhul Mumti»
4. «əl-Məusuətul Fiqhiyyə əl-Kuveytiyyə», Kuveytin İslam işləri və Vəqflər nazirliyi tərəfindən çap edilmişdir
5. əl-Ayni (Allah ona rəhmət etsin), «Umdətul Qari»

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Məqalələrlə bağlı sual və təkliflər üçün: seymur.posta@gmail.com

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha