Fiqh Elmi

Qablar haqqında — 11-ci dərs

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Sular mövzusunu qurtardıqdan sonra Allahın izni ilə qabların hökmlərindən danışacağıq. İlk baxışdan hörmətli oxucuda belə sual yarana bilər: «Qablar mövzusuna yeməklər haqqında danışarkən toxunmaq daha münasib olmazdımı?»

Cavab: Bəli, qabların hansı növlərinin istifadə edilib edilməməsi haqda danışmaq yeməklər bölümündə danışılsa münasib olar, lakin su maddəsi axıcı, şəffaf olduğuna görə fiqh alimləri tərtibatı belə edərdilər. Yəni əvvəlcə su, sonra isə qablar haqqında danışardılar.

Bu məqalədə Allahın izni ilə qablar mövzusunda olan yeddi məsələyə toxunulacaqdır:

1. Əslində bütün qablar halaldır. Buna dəlil olaraq aşağıdakı ayə və hədisi göstərmək olar. Ayə: «Yerdə nə varsa sizin üçün yaratdı…» (Bəqərə sürəsinin 29-cu ayəsindən parça). Hədis: (Allah) nəyin barəsində susubsa o sizin üçün əfv (olunmuşdur)”. (İmam əl-Həkim «Mustədrak» kitabında rəvayət etdiyi hədisdən bir parça, 7113 )

2. Nəcis qablardan istifadə etmək olar. Buna dəlil isə aşağıdakı hədisdir: Peyğəmbər (Allahlın ona salavat və salamı olsun) buyurmuşdur: «Allah və Rəsulu şərabın, (heyvan) leşinin, donuzun və bütlərin satışını haram etmişdir. Bu zaman onun ətrafındakı səhabələr xabər verirlər ki, ölü heyvanlardan alınan piyi müxtəlif sahələrdə istifadə edirlər. Lakin Allah rəsulu sallallahu aleyhi və səlləm deyir: «Xeyr, o (yəni bunların satışı) haramdır». (Bu hədis mənaca zikr olundu, dəqiq mətni üçün bax: Buxari 2236, Muslim 1581).

Hədisdən görünür ki, Allah rəsulu (Allahlın ona salavat və salamı olsun) leşlərin piylərinin satışını qadağan etsə də istifadəsinə etiraz etmədi. Deməli, nəcis olan qablardan istifadə etmək olar. Bu zaman tələb olunan şərt odur ki, həmin nəcis ətrafa yayılmasın. Buna misal kimi, nəcis qabdan torpaq daşınması üçün istifadə etməyi göstərmək olar. Belə etmək icazəlidir.

3. Qızıl və gümüşdən hazırlanmış qablardan yemək və içmək üçün istifadə etmək olmaz. Buna dəlil aşağıdakı hədisdir: “Qızıl və gümüşdən olan qablarda yeyib içməyin. Belə qablar onlar (kafirlər) üçün bu dünyada, sizin üçün isə axirətdədir.” (Hədisi Buxari rahiməhullah rəvayət etmişdir, 5632-mənaa nəql olundu).

4. Qızıl və gümüş qablardan istifadə etmək, onları evlərdə saxlamaq olar. Buna dəlil üçüncü məsələdə qeyd olunan hədisdir. Çünki, həmin hədisdə yalnız yemək və içmək qadağan olunub.

5. Qadınlara qızıl əşyaları ilə bəzənmək olar. Buna dəlil Əli ibn Əbu Talibdən (Allah ondan razı olun) gələn hədisdir: “Peyğəmbər (Allahlın ona salavat və salamı olsun) ipəyi sağ əlinə, qızılı isə sol əlinə götürrək belə deyir: «Bu ikisi mənim ümmətimin kişilərinə haram edilmişdir.» (Əbu Davud, 4057, ən-Nəsəi 5144)

6. Qızıl və gümüşdən başqa digər növ qiymətli daşlardan istifadə etmək olar. Lakin bəzi elm əhlinə görə elə etmək bəyənilmir.

7. Kafirlərin qablarından istifadə etmək olar. Yalnız həmin qabın nəcisə bulaşdığı dəqiq bilinərsə istifadədən öncə yumaq lazımdır. Buna dəlil olaraq yuxarıda qeyd olunan əl-Bəqərə sürəsinin 29-cu ayəsini göstərmək olar. Həmçinin, Allah rəsulunun sallallahu aleyhi və səlləm yəhudilərin yeməklərindən yeməsi, onların qablarından dəstəmaz alması sünnədə varid olub.

Məqalənin hazırlanmasında istifadə olunan ədəbiyyat:
1- «əş-Şərhul Mumti», müəllif: Şeyx Muhamməd ibnu Salih əl-Useymin, səh 68-85.
2- əl-Muğni, müəllif: İmam İbnu Qudəmə əl-Məqdisi, səh 101-104.
3- əl-Fiqhul Muyəssər, Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyi tərəfindən nəşr edilmişdir, səh 6-7

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Məqalələrlə bağlı sual və təkliflər üçün: seymur.posta@gmail.com

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha