Önəmli günlər

Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  mövludu

 

 

Aləmlərin rəbbi Allaha həmd-səna olsun, Peyğəmbəri Muhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun.

 

Uca Allah insanlara mərhəmət olaraq sonuncu Peyğəmbəri Muhəmmədi (ona Allahın salavatı və salamı olsun)  göndərmiş və qiyamətə qədər ondan başqa heç bir peyğəmbər gəlməyəcəkdir. Bu Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  özündən əvvəlki peyğəmbərləri təsdiq edən və bütün bəşəriyyətə mərhəmət olaraq göndərilən peyğəmbərdir.

O, bizə dinimizə aid nə varsa, hamısını öyrətmiş, layiqincə təbliğ etmişdir. Bir qarış da olsa dində boşluğa yer qoymamışdır. Bunun təsdiqini isə uca Allah Qurani-Kərimdə belə buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.” (əl-Maidə: 3).

Uca Rəbbimiz bizə İslamı din olaraq tamamladığını xəbər verir. Bəzi səhabələr bu ayənin nazil olmasını eşidəndə, dərhal başa düşdülər ki, artıq Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  öz missiyasını yerinə yetirmiş, işini tamamlamışdır.

Bizə dinin hər bir sahəsini öyrədən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun), nə də onun əshabələri heç vaxt özlərinə ad günü, doğum günü deyərək bir bayram, şənlik, zikr məclisi və s. təşkil etməyiblər.

Bu gün bir çoxları “Peyğəmbərin Mövludu” adı ilə “zikr məclisi” təşkil edirlər.

Əvvəla bu münasibətlə onu qeyd etmək olar ki, elm adamları Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  doğum gününün təyini haqqında fərqli fikirlər söyləyiblər. Məsələn, İbn Əbdül Bərr adlı alim deyir ki, rabiul əvvəl ayının ikisi, İbn Həzm səkkizi, Əbu Cəfər əl-Baqir və digərləri ayın onu, İbn İshaq on ikisi, Zubeyr bin Bəkkar isə ümumiyyətlə onun Ramazan ayında doğulduğunu deyir. Bu haqda ətraflı məlumat almaq istəyənlər İbn Kəsir əd-Dəməşqinin “Peyğəmbərin həyatı” kitabına (səh.199-200) baxa bilərlər.

Elm adamlarının doğum günü haqqında söylədikləri fikir ayrılığı əyani sübut edir ki, sələflərimiz Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  ad gününü əsla qeyd etməyiblər. Əks halda onlar onun doğum günü haqqında yekdil rəydə olardılar.

Doğum gününü ilk dəfə Fatimilər hakimiyyəti qeyd etmişdir.

Belə ki, hicrətin dördüncü əsrində Fatimilər hakimiyyəti altı nəfərin ad gününü qeyd etməyi dinə bidət olaraq gətirdilər: Peyğəmbərin mövludu, İmam Əlinin mövludu, Fatimeyi Zəhranın mövludu, Həsən və Hüseynin mövludu, bir də həmin vaxtın xəlifəsinin mövludu. Beləliklə bu hakimiyyət dövründə mövlud rəsmi bayram kimi qeyd olunmağa başladı. Bir müddət sonra Əfzəl Əmir əl-Cuyuş (rəhbərlik dövrü 458-515 hicri, 1066-1121 miladi) adlı xəlifə tərəfindən ləğv edildi, sonra hicrətin 524-cü ilində əl-Əmiru Biəhkəmilləh adlı xəlifənin dövründə yenidən rəsmi şəkildə qeyd edilməyə başladı.

Tarixi faktlar sübut edir ki, mövlud dinə əlavə edilmiş bidətdir və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bidətləri qadağan edərək demişdir: “Kim bizim dinimizə yenilik əlavə edərsə, rədd olunar.” “Dinə edilən hər bir yenilik bidətdir, hər bir bidət isə zəlalətdir…”

Kimsə belə iddia edə bilər ki, “məgər hər etdiyimiz əməlin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun), səhabələrin, yaxud tabiinlərin vaxtında olması şərtdir?!”

Əslində bunu iddia edən insan bidət məfhumunu təmamən yanlış anlayır.

Sual olunur ki, mövludu nə üçün keçirirsən?

Cavabı bu və ya buna oxşar olar: Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun)  olan sevgini göstərməklə Allaha ibadət edirəm.

Elə isə sual olunur, məgər Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun)  din etmədiyi bir ibadətlə Allaha ibadət etmək olarmı?! Əlbbətə olmaz.

Huzeyfə bin əl-Yəman (Allah ondan razı olsun)  demişdir: “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  əshabələrinin ibadət etmədikləri bir ibadət növünü, özünüzə ibadət növü etməyin!”

İmam Malik bin Ənəs (Allah ona rəhmət etsin) demişdir: “O gün dindən olmayan bir şey, bu gün də, dindən olmamalıdır.” Yəni Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  vaxtında dindən olmayıbsa, bu gün də dindən olmamalıdır.

Hər bir müsəlman Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun)  sevməlidir. Bu sevgi quru dildə deyil, onun əmrlərinə itaət etməkdə, qadağalarından çəkinməklə olmalıdır. Əsl Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  sevgisi budur.

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Bəzi insanların uydurduqları (mövlud) özlərini İsa əleyhissəlama ad günü keçirən nəsranilərə oxşadaraq, yaxud Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun)  olan sevgiyə görə edilir. Əslində Allah onların bu sevgisinə savab verər, lakin Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  döğum gününü qeyd etmək kimi bidətlərinə görə savab verməz. İnsanlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  hansı gündə doğulmasında da ixtilaf ediblər. Sələflər bunu etmək imkanları olduğu halda, etməyiblər. Bunu etməyə maneələri də yox idi. Halbuki əgər bu yalnız xeyir və doğru əməl olsaydı sələflər bunu mütləq edərdilər.  Çünki onlar Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun)  bizdən daha çox sevir, hörmət edirdilər. Onlar xeyir işlərə daha çox can atırdılar. Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun)  olan kamil sevgi və hörmət, ona itaət etməkdə, əmrinə tabe olmaqda, gizlidə və aşkarda onun sünnəsini yaşatmaqda, gətirdiyi dini təbliğ etməkdə və bunun üçün: qəlb, əl və dil ilə cihad etməkdədir. Ötüb keçən əvvəlki zümrələrin: mühacirlərin, ənsarların və onların yolu ilə doğru gedənlərin yolu budur. ” (İqtida Sirat əl-Mustəqim: 294-295).

Bəli, doğrudan da Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)  sevgisi ona itaətlə, sünnəsini insanlara təbliğ etmək, onu yaşamaq və yaşatmaqla olmalıdır. Əshabələrin yolu da budur. Allah onlardan razı olsun.

Hər bir müsəlmanı Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun)  əsl sevgi bəsləməyə dəvət edirik.

Hörmətlə, Feqih.com heyəti