Əqidə

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sünnə’si — vəhydir!

«Mənə Quran və onunla birlikdə onun kimisi verildi…

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şübhəsiz ki Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) bizim kimi bir insandır. Lakin insanlara nümunə olaraq göndərilişi, Allahın Ona xitab etməsi üçün gərəkli olan kamal sifətləri  və ruh qüvvətinə sahib olması baxımlarından digər insanlardan, eyni zamanda digər peyğəmbərlərdən fərqli, çatılmaz xüsusiyyətlərə malik olmuşdur.

Davamlı olaraq ilahi nəzarət və kömək onunla birlikdə olmasa, insan olması baxımından, təbii ki səhv edə bilərdi. Halbuki həm səhv edə bilməsi, həm də Allahın məmnun olacağı şəkildə insanlara nümunə olması düşünülə bilməz. Bu ağıl cəhətdən belə olduğu kimi, bütün sünnələrinin vəhyə dayandı­ğını bildirən ayə və hədislər də eyni xüsusiyyəti isbat etməkdədir:

«O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir. « ([Nəcm surəsi, 4)

Miqdam b. Ma’di-kərib’in rəvayətinə görə Allahın elçisi (Allahın ona salavat və salamı olsun)  belə bu­yurmuşdur : «Mənə Quran və onunla birlikdə onun kimisi verildi… Bunu yaxşı bilin ki, Allah Rəsulunun haram etdiyi də Allahın haram etdiyi kimidir..» (Mişqat, 1/57)

Ayə, qüdsi-hədis və hədis arasındakı fərqləri yaxşı anlaya bilmək üçün, qısaca vəhyi və növlərini bilmək vacibdir.

 Vəhy:

Bu söz «vəhy etmək» və «vəhy edilən şey» qarşılığı olaraq -iki mənada- istifadə edilər.

Birincinin luğət mənası: Bir şeyi gizli (qeybi) bir yoldan və bir anda bil­dirmək və izah etməkdir.

Şər’i mənası isə: Qeybi bir yoldan Allahın Öz peyğəmbərlərinə bildirmək istədiyi xəbər və qaydaları -bütün bunların Allah dərgahından olduğunu biləcəkləri bir şəkildə- bildirməsidir.  («əl-Hədis va`l-Muhaddisun» (səh. 12))

Vəhy`in formaları:

 Aşağıdakı ayədə Allahın, dilədiyini Öz qullarına bildirmə formaları belə izah olunur: «Allah bəşər övladı ilə ancaq vəhylə (ilham və yuxu ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir! « ( Şura surəsi, 51)

Bu ayəyə əsasən Allahın qullarına xitab etməsinin üç cür olması aydın olur:

 1) Vəhylə: Yuxuda və ya oyaqkən, Allahın, peyğəmbərin qəlbinə istədiyi mənanı bir anda və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) (bu mənanın) Allahdan oldu­ğunu tam əminliklə biləcəyi şəkildə qoyması və gətirməsidir.

2) Pərdə arxasından: Yəni, peyğəmbər Allahı görmədən Onun sözünü eşidir. Necə ki Musa (Allahın ona salamı olsun) ilə belə bir hadisənin olduğunu Qurani Kərimdən bilirik. (Taha surəsi, 11-49)

3) Yuxuda və ya oyaqkən elçi (mələk) göndərib dilədiyini peyğəmbərinə çatdırması. Mələyin gəlməsi şəkli də iki cürdür:

   a) Görülərək:

I — Mələyi Allahın yaratdığı əsl formasında,

II — İnsan cildində görmək surətiylə.

 Bunlardan birincisi (ilk vəhy və miracda olduğu kimi) çox az baş vermişdir. İkincisi isə (məsələn, səhabələrdən Dihyə kimi) bir insana bənzər şəkildə mələyin gəlməsidir və bu, daha çox baş vermişdir.

   b) Bəzən də Allahın elçisi (Allahın ona salavat və salamı olsun)  mələyi görməz, lakin zınqırov səsinə (və ya arı vızıltısına) bənzər bir səs eşidərdi. Bu zaman səhabələr o`nu həmişə görmədikləri bir halda görərdilər. Bu şəkildə gələn vəhy də çox baş vermişdir.

Vəhyin növləri haqqında İmam əl-Buxari «Səhih»ində xüsusi bir «bab» (fəsil) mövcuddur. (1-ci cild, bab: 1)

 «Vəhy edilən Şey»mənasındakı vəhy`in:

 Bu baxımdan, vəhy edilənlər iki hissəyə ayrılır:

 a) Oxunan vəhy: Bu Qurani Kərimdir və bu məsələdə İslam ümməti yekdil rəydədir:

  1 — Peyğəmbərimizə (Allahın ona salavat və salamı olsun) oyaq olarkən Cəbrayıl (Allahın ona  salamı olsun) vasitəsiylə gəl­miştir.

 2 — Yuxuda və yuxarıda gördüyümüz digər vəhy yollarıyla gəl­məyib.

Bunlardan başqa Qurani Kərimin bu xüsusiyyətləri də vardır:

 3 — İstər namazda, istərsə də namaz xaricində oxunaraq ibadət edilir.

 4 — Yalnız mənası ilə nəqli (rəvayəti) caiz deyil.

 5 — Həm söz həm də mənasıyla mu’cizdir (bənzərini gətirmək mümkün deyil).

 6 — Şəkli və mənası Allah tərəfindən qorunur.

 7 — Dəstəmazı olmayanın ona toxunması haramdır.

 8 — Qüslu olmayan onu oxuya bilməz.

 9 — Hər hərfini oxumanın 10 savabı vardır.

 10 — Müəyyən qisimlərinə ayə və surə adı verilir.(«Qavaidu’t-Təhdis» (səh. 65) «əl-Hədis va’l-Muhəddisun» (səh. 15)

 b)  Oxunmayan vəhy: Bu da Sünnədir. Bunun xüsusiyyətləri:

  1 — Yalnız mənası Allah tərəfindən vəhy edilmişdir, sözləri Rəsulullaha aiddir.

 2 — Bu səbəblə də, mənanı başa düşən insan, hədisi (original mətnlə olmasa belə) yalnız mənasıyla nəql edə bilər.

 3 — Ləfzi mu’ciz deyil.

 4 — Oxunaraq ibadət edilməz (Namazda ayə yerinə oxunmaz).

 5 — Yuxuda və oyaq olarkən, mələksiz və mələklə… müxtəlif vəhy formaları ilə gəlmişdir.

 6 — Quran üçün yuxarıda sayılan digər xüsusiyyətlər burada axtarılmaz.

 Qeyd: Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun)  bəzi ictihadları (öz ağılıyla məsələləri həll edib hökmə bağlaması) olmuş və bunlar arasında bəzilərində isabət olmadığı Allah tərəfindən bildirilmiş və düzəldilmişdir. Buna görə bəzi kəslər Onun(Allahın ona salavat və salamı olsun) hər Sünnəsinin vəhyə söykənmiş olduğuna etiraz edirlər. Halbuki:

   a) İctihad etmə və bu zaman baş verə biləcək xətanın dində caiz olması da, Rəsulullahın (Allahın ona salavat və salamı olsun) ümmətinə təbliğ etməsi vacib olan məsələlərdəndir. Bunu təbliğ etmək üçün xəta etməsi də ola bilər.

 b) Xətası dini bir qayda olaraq qalıb, əməl edilməsi vacib edilməmişdir. Yuxarıda bəhs etdiyimiz İlahi idarə, bu səhvləri dərhal təshih etmiş və onun hər Sünnəsini beləcə vəhyin süzgəcindən keçmişdir.

 Qüdsi Hədislər:

 Hədislər arasında qüdsi, ilahi və ya rəbbani adıyla xatırlanan bir növ hədislər daha vardır ki — bunlar bizə mütəvatir olaraq (Mütәvatir — Yalan üzərində birləşməkləri mümkün olmayacaq sayda ravinin rəvayət etdiyi hәdisә deyilir) deyil, əhəd (Әhәd — mütəvatir olmayan, ondan aşağı dərəcədə olan hәdis rәvayәtinә deyilir.) yolla Allah elçisindən (Allahın ona salavat və salamı olsun)  nəql edilmiş və Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) tərəfindən də Allaha nisbətlə (ona aid söz kimi) ifadə edilmişdir.

Bunlar Allahın sözüdür, yoxsa Rəsulullahın? Qurani Kərimin xüsusiyyətlərini daşıyır, yoxsa Sünnənin? Bu mövzularda İslam alim­lərinin iki görüşü vardır :

 1) Qüdsi hədislərin həm sözləri həm də mənası Allahdandır. Bu fikiri irəli sürənlər bu xüsusları dəstəkləyirlər:

 a — Bunlar Allaha nisbət edilmiş və adlarına «qüdsi, rəbbani və ya ilahi» deyilmişdir.

b — «Ey qullarım…» kimi birinci şəxs (mütəkəllim) əvəzlikləri istifadə olunmuşdur.

c — Bunlar, Allahdan -Azzə va Cəllə- rəvayət edil­miş və bu rəvayət ifadələri istifadə edilməkdədir: (1- Rəbbindən rəvayət etdiyi hədisdə Rəsulullah (Allahın ona salavat və salamı olsun) belə buyurdu..  2- Özündən (Allahdan), Rəsulullahın (Allahın ona salavat və salamı olsun)  rəvayət etdiyi (hədisdə) Allah belə buyurdu..)

 Bu görüş sahibləri qüdsi hədislərin Allaha aid olduğunu irəli sür­məklə birlikdə, bunların Qurani Kərimin daşıdığı xüsusiyyətləri daşıdı­ğını iddia etmirlər. Onlara görə də bu hədislər də digər hədislər kimidir. Digər hədislərdən fərqli olduğu məqamlar (yuxarıda keçənlərdən başqa):

(a) — Allahın və nemətlərinin böyüklüyündən bəhs edir.

(b) — Əhəd yolla gəlmişdir.

 2) Qüdsi hədislər haqqındakı ikinci görüş: Bunların mənası, digər hədislər kimi Allahdan, sözləri isə Rəsulullahdandır. Yalnız Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bunları: «Allah dedi…» şəklində ifadə etməsi, bu hədislərdə keçən xüsuslara, ümmətinin diqqətini çəkmə məqsədi daşıyır. («əl-Hədis va’l-Muhəddisun» (səh.18); «Qavaidu’t-Təhdis» (səh. 64))

 Vəhyin bir qisminin həm söz, həm də məna olaraq; bir qisminin də yalnız mənasıyla göndərilməsi — Allahın bu ümmətə bir rəhməti və lütfüdür. Çünki əgər hamısında Quranda olduğu kimi söz də Allahdan olsaydı, kəlmə-kəlmə nəql edilməsi vacib olardı. Bu zaman, xüsusilə ilk dövr müsəlmanlar üçün çətinlik meydana gəlmiş olardı.

 Qüdsi hadisə misal olaraq:

 Əbu-Zər`dən (Allah ondan razı olsun) nəql olunur ki — Allahın elçisi (Allahın ona salavat və salamı olsun) Allahdan belə rəvayət edir:

 «Ey qullarım, mən zülmü özümə haram etdim, onu aranızda da ha­ram etdim, artıq bir-birinizə zülm etməyin!»

«Ey qullarım, (başlı-başına qalsanız) hamınız azğınsınız.. Yalnız Mənim doğru yolu göstərdiklərim müstəsna; məndən hidayət istəyin ki sizi ona çatdırım!»

«Ey qullarım, mənim yedirdiklərim müstəsna hamınız acsınız. Mən­dən ruzi istəyin ki, sizə verim!»

«Ey qullarım, mənim geyindirdiklərimdən başqa hamınız çılpaqsınız, geyindirməmi istəyin ki, sizi geyindirim!»

«Ey qullarım, siz gecə və gündüz günah işləyirsiniz, mən isə bütün günahları bağışlayaram. Təkrar olaraq — Mənə yönələrək — bağışlanma diləyin ki, sizi bağışlayım!»        

«Ey qullarım, siz Mənə zərər verə bilməzsiniz ki, bunu edəsiniz. Həmçinin Mənə fayda verə bilməzsiniz ki bunu edə biləsiniz!»

«Ey qullarım, sizin keçmişiniz, gələcəyiniz — insan və cin (hamınız) — içi­nizdən ürəyi ən təmiz olanınız kimi olsalar belə, bu Mənim mülkümdə heç bir şey artırmaz!»

«Ey qullarım, keçmişiniz, gələcəyiniz — insan və cin (hamınız) — ürəyi ən xarab bir adam kimi olsalar belə, bu da Mənim mülkümdə heç bir şeyi azaltmaz!»

«Ey qullarım, keçmişiniz gələcəyiniz — insan və cin (hamınız) — bir yerdə toplanıb məndən (bir şeylər) istəsələr, mən də hər insana istədiyiniz ver­səm, bu — Məndə olandan (mülkümdən), bir iynə ucunun dənizə batırıldığı zaman ondan azaltdığı qədərdən daha çoxunu azalda bilməz!»                                             

«Ey qullarım, sizin üçün sıralayıb saxladığım, sonra eynilə önünüzə təqdim edəcəyim işlər — ancaq və ancaq əməllərinizdir. (O əməllərin) yaxşı olduğunu görən Allaha həmd etsin, başqa bir şeylə qarşılaşacaq olan isə yalnız başına döysün!..» (Muslim, 4/1994 və s)

 

 Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment