Məqalələr

Peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilik — (II hissə)

✅ Dəvətin hədəfləri və məqsədləri

Peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilik.

(2-ci hissə)

Dəvətin hədəfləri və məqsədlərindən ikincisi Peyğəmbirimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilikdir. Çünki Peyğəmbərə (Sallallahu aleyhi və Səlləm) itaət etmək (tabe olmaq) vacibdir və bu tabeçilik Allaha itaət etməkdən sayılır.
Allahu Təala buyurur:

وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا ۚ فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَىٰ رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ

“Allaha itaət edin, Onun Elçisinə itaət edin və asi olmaqdan çəkinin! Əgər üz çevirsəniz, bilin ki, Elçimizin öhdəsinə düşən ancaq açıq-aydın təbliğ etməkdir.” (əl-Maidə surəsi, 92)

Başqa ayədə isə belə buyurur:

مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ وَمَنْ تَوَلَّىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا

«Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.» (ən-Nisə surəsi, 80)

Peyğəmbərə (Sallallahu aleyhi və Səlləm) müxalif olmaq isə bəlanın gəlməsinə və əzab üz verməsinə səbəbdir.
Allahu Təala buyurur:

فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ

“Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.” (ən-Nur surəsi, 63).

Pəyğəmbərə (Sallallahu aleyhi və Səlləm) tabeçilik dörd şeylə: əmrlərinə itaət etmək, verdiyi xəbərləri təsdiqləmək, qadağan etdiklərindən çəkinmək və Allaha yalnız Onun gətirdiyi şəriətlə ibadət etməklə gerçəkləşir.

Əmrlərinə itaət etməyin şərii əsası budur:
Allahu Təala buyurur:

قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ ۖ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ

“De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır.” (ən-Nur surəsi, 54).
Çatdırdığı xəbərləri təsdiqləməyin sübutu:
Allahu Təala buyurur:

وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ ۙ أُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ

«Haqqı gətirən və onu təsdiq edənlər isə əsl (Allahdan qorxanlar) müttəqilərdir.» (əz-Zumər surəsi, 33).

Qadağan etdiklərindən çəkinməyin dəlili:
Allahu Təala buyurur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

«Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.» (əl-Həşir surəsi, 7).

Allaha yalnız Onun gətirdiyi şəriətlə ibadət etməyə dəlil:
Allahu Təala buyurur:

وَأَنَّ هَٰذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيلِهِ ۚ ذَٰلِكُمْ وَصَّاكُمْ بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ

“Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.” (əl-Ənam surəsi, 153).

Həmçinin Peyğəmbərimizin (Sallallahu aleyhi və Səlləm) bu hədisi dəlildir: «Kim bizim əmrimizə müvafiq olmayan bir əməli edərsə, o (əməl) rədd olunar.» (Muslim, 2132).
Hədisin qısa mənası: «Kim bizim əmrimizə müvafiq olmayan bir əməli edərsə» yəni, istər ibadət, istərsə davranış, istərsə də digər məsələlər olsun fərqi yoxdur, əgər o işdə Allah və Rəsulunun əmri olmazsa, o əməl, sahibindən qəbul olunmaz.

Bu hədis İslamın əsaslarından sayılır. Artıq islam alimləri ittifaq etmişdirlər ki, əməllər yalnız iki şərtlə; İxlasla və Peyğəmbərə (Sallallahu aleyhi və Səlləm) tabeçilikə qəbul olunur.

Məqalədən çıxarılan xülasə bunlardır:
1) Dəvətin hədəflərindən və məqsədlərindən ikincisi Peyğəmbərimiz Muhəmmədə (Sallallahu aleyhi və Səlləm) tabeçilikdir. Peyğəmbərə (Sallallahu aleyhi və Səlləm) itaət etmək (tabe olmaq) vacibdir və bu tabeçilik Allaha itaət etməkdən sayılır.

2) Pəyğəmbərə (Sallallahu aleyhi və Səlləm) tabeçilik dörd şeylə; Əmrlərinə itaət etmək, verdiyi xəbərləri təsdiqləmək, qadağan etdiklərindən çəkinmək və Allaha yalnız Onun gətirdiyi şəriətlə ibadət etməklə gerçəkləşir.

3) Əməllər yalnız iki şərtlə; İxlasla və Peyğəmbərə (Sallallahu aleyhi və Səlləm) tabeçiliklə qəbul olunur.

 

Elvin Movlayev

Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi