Əqidə Məqalələr

Quranilərin məşhur şübhələrinə cavablar — II HİSSƏ

Peyğəmbər hədis yazmağı birdəfəlik qadağan etmişdirmi?

 

Yeddinci şübhə: Əgər sünnə (hədislər) hüccət olsaydı, peyğəmbər ﷺ onu yazmağı əmr edər, bundan sonra səhabə və tabeinlər onu toplamaqla məşğul olardılar. Lakin, biz görürük ki, peyğəmbər ﷺ yazılan hədislərin silinməsini əmr etmişdi. Rəvayətlərdə bəzi səhabələrin hədis yazmaq fikrindən daşındığı gəlmişdir. Bəziləri isə yazdıqlarını yandırmışdılar.

Bu şübhənin cavabı: Peyğəmbərin ﷺ hədisləri yazmağı əmr etməməsi və bunu qadağan etməsi hədislərin hüccət olmamasına dəlil deyildir. Çünki, həmin dövrdə yazanların az olmasına baxmayaraq məsləhət Quranın hədislərlə qarışmasının qarşısını almaq idi. Əsas məqsəd birinci Quranın yazılması idi. Bu məqsəd həyata keçdikdən sonra isə artıq hədislərin yazılmasında bir problem qalmadı və peyğəmbər hədis yazmağa mane olmadı. Buna dəlalət edən hədislərdən bəzilərini də cavab əsnasında qeyd edəcəyik.

Hüccət sayılmaq hədislərin tez yazılıb yazılmamasına bağlı deyildir, hətta, kimsə desin ki, əgər sünnənin hüccət olması məqsədi olsaydı, peyğəmbər ﷺ sünnənin yazılmasını əmr edərdi. Artıq qeyd etdik ki, hədislərin bir müddət Quranla qarışmasın deyə yazılmasına müvəqqəti qadağa qoyan hədislər olduğu kimi, hədis yazmağa icazə verən hədislər də var. Ədalət, insaf və elmi əmanət naminə deyim ki, araşdırma zamanı maraqlı bir halın şahidi oldum; deməli, Quranilərin hədis yazmağı qadağan edən hədis və rəvayətləri gətirdikləri əsas mənbələrdən biri olan imam  İbn Əbdil-Bərrin «Cəmiu Bəyənil-İlmi va Fadlihi» kitabında, təxminən kitabın əvvəllərində (14-cü fəsildə) elmi (hədisi) yazmağı (müvəqqəti) qadağan edən rəvayətlər olduğu halda, növbəti fəsildə  imam İbn Abdil-Bərr babın adını belə qoyub: «Elmi (hədisləri) yazmağın icazəli olmasının xatırlanması.» Yəni, bu barədə olan rəvayətlər. İmam Qurtubi birinci hədis yazmağı (Quranla qarışmasın deyə) müvəqqəti qadağan edən hədisləri gətirmiş, növbəti babda isə hədis yazmağı icazəli görən hədisləri gətirmişdir ki, insanlara bunun səbəbi aydın olsun və insanlar elə bilməsinlər ki, hədis yazmaq mütləq şəkildə olmaz. Əslində bu bir zaman çərçivəsində qadağan edilmişdi ki, sonradan hədislərin yazılmasına mane olan səbəb aradan qalxdıqdan sonra artıq hədisləri yazmaq icazəli oldu. Lakin, Quranilər özləri məsələni səhv anlamaqları bir yana qalsın, bu kitabdan özlərinə sərf edən rəvayətləri götürüb insanları da aldatmağa çalışmışlar. Mən bütün bu şübhədə olanları insafla və ədalətlə həmin kitabdakı hər iki fəsildə yazılmış rəvayətləri oxumağa dəvət edirəm. Ümid edirəm ki, bunu etsələr onlara həqiqət günəş kimi aydın olacaq və şübhələri aradan qalxacaqdır.

Dəyərli oxucu! Hədis elmi əzəmətli bir elmdir. Allah bu elm vasitəsilə peyğəmbərin hədislərini qorumuş və hədislər günümüzə gəlib çıxmışdır. Hədislərin qəbul edilməsinin müəyyən şərtləri vardır ki, İslam alimləri tarix boyu bu şərtləri tətbiq edərək hədislərin mötəbərliyini yoxlamış, hədisləri necə gəldi qəbul etməmişlər. Onlar sonradan gələn müsəlmanların hədisin mötəbərliyini araşdırmaqda əziyyət çəkməmələri üçün hədisin qəbul edilmə şərtlərini təyin etmişlər.

Səhih (sağlam, mötəbər) hədisin qəbul olunması üçün beş şərt vardır:
1) Sənədin bağlantısı düzgün olmalıdır.
2) Hədisin rəvayətçisi ədalətli olmalıdır.
3) Rəvayətçi hədisi düzgün yolla qəbul etməlidir.
4) hədis istisna və müxaliflikdən uzaq olmalıdır.

5) Hədisin problemlərdən uzaq olmalıdır.

Bu dediyimiz beş şərt sağlam hədisin qəbul edilmə şərtləridir. Gəlin indi bu şərtlərlə bir qədər də ətraflı tanış olaq:
Birincisi: Sənədin bağlantısının düzgün olması dedikdə qəsd olunan odur ki, burada sənədlə rəvayətçi arasında elmi əlaqə olmalıdır. Yəni, rəvayət zəncirindəki hər bir rəvayətçinin bir-birilə görüşüb məlumatı almasına şəkk gətirən zaman və məkan boşluğu olmalı deyildir ki, onların bir-birilə görüşməsinin mümkünsüzlüyü ağıla gəlməsin. Eyni əsrdə yaşamamaq və ya başqa uzaq ölkələrdə yaşayan insanlar olmaq kimi hallar bura daxildir.

İkincisi: Rəvayətçinin ədalətli olması dedikdə isə qəsd olunan onun doğru yolda olan, azğın fikirlərdən uzaq bir şəxs kimi tanınmasıyla yanaşı bu beş şərt də olmalıdır:
1) Müsəlman olmalıdır; qeyri müsəlmanın rəvayəti qəbul edilmir.
2) Yetkin yaşda olmalıdır; yetkinlik yaşına çatmayanların rəvayətləri qəbul edilmir.
3) Ağıl sahibi olmalıdır; Ağılı olmayan insanın rəvayəti qəbul edilmir.
4) Fasiq olmalı deyil; böyük günah və kiçik günahlar etməklə bilinən şəxsin rəvayəti qəbul edilmir.
5) Mürüvvət; bunun mənası odur ki, həmin şəxs cəmiyyətdə insana yaraşan əxlaq sahibi olmalı, sadiqlik (doğruluq) və əmanətlə danışan şəxs olmalıdır.
Üçüncüsü: Rəvayətçinin rəvayəti ən sağlam şəkildə qəbul etməsi və onu hifz edib qoruması; bu isə iki şeylə olur. Hədisi şeyxdən qəbul edərkən (tələqqi edərkən) doğru  şəkildə məlumatı qəbul etməlidir. İkincisi isə hədisi danışdığı zaman da onu düzgün şəkildə çatdırmalıdır.  Ümumiyyətlə, hədis rəvayətçiləri hədislərin nəqlini özbaşına etmir və bunun üçün ilk növbədə hədis elmini öyrənməli, dövrün böyük  alimlərindən elm almalı, onların elminə alimlər şahidlik etməlidir. Alimlər isə yalnız elmi, güclü zəkası və yaddaşı olan şəxslərə  müəyyən şərtlərlə hədisi yaymağa icazə verirdilər.  Əslində bu geniş mövzudur. Bu icazənin özü isə iki  şeylə olurdu:

1) Əzbərləmək; Bu barədə qarşıda ətraflı danışacağıq.

2) Yazmaq; Bu o deməkdir ki, rəvayətçi din alimlərindən öyrəndiyi hədisin isnadını hədislərin yazıldığı mötəbər bir qaynaqdan doğruluq və əmanət şərtilə başqa bir səhifəyə yazı yoluyla köçürür.

Bu məqamda kiçik bir haşiyəyə çıxaraq bunu qeyd etmək yerinə düşrərdi; bu iki şey, yəni yazmaq və əzbərləmək hədis əhlinin metodlarından idi. Hədis əhli həm yazır, həm də əzbərləyirdilər. Bu isə hədisin daha sağlam şəkildə nəsildən-nəsilə ötürülməsinin əsas amillərindəndir. Qarşıda isə əzbərin ilkin dövrlərdə və sonrakı vaxtlardakı əhəmiyyətindən danışacağıq Allahın  izniylə.

Dördüncüsü: Müxalifliyin olmaması; Bu o deməkdir ki, hədisdə müxalif bir məna və ya daha mötəbər bir hədisə müxalif məna olmalı deyil. O baxımdan ki, həmin hədis özündən daha qüvvətli hədisdən ziyadə və ya hansısa naqisliyi ilə seçilsin. Bu zaman iki hədis arasındakı ixtilaflı məna cəm edilə bilinmədikdə daha qüvvətli hədis önə çəkilir (etimad edilir) və daha zəif hədis tərk olunur.

Beşincisi: Hədisin problemlərdən uzaq olması; O baxımdan ki, hədis səhihliyinə xələl gətirəcək amillərdən uzaq olmalıdır. Bəzən bu amillər gizli ola bilir ki, bunu da yalnız din alimləri anlayıb bəyan edirlər.

Hədislərin səhifələrə yazılması məsələsi:

«hədislərin ilk yazıya köçürülməsi» halı Quranın hədislərlə qarışması qorxusu ola-ola, yəni peyğəmbərin sağlığında baş vermişdi.  Bu zaman yazı yazanların da sayı az idi. Bütün bu amillər hədislərin yazılması üçün başqa bir çox yazmağı bacaran şəxslərə, onların xüsusi əməyinə və xüsusi diqqətinə tələbat yaradırdı. Ona görə də əzbər yoluyla elmin ötürülməsi ərəblərdə çöx mühüm bir amil idi.

Artıq qeyd etdik ki, hədislərin yazılması həmin dövrdə qeyd olunan səbəblərdən məsləhət deyildi. Lakin, bu o demək deyildir ki, heç də peyğəmbərin ﷺ dövründə sünnədən heç nə yazılmamışdı. Buxarinin Əbu Hureyrədən rəvayət etdiyi nisbətən uzun hədisdə: «… Sonra isə Yəmən əhlindən bir kişi gəlib deyir ki, mənim üçün (dindən nə isə) yaz ey Allahın elçisi! Peyğəmbər ﷺ dedi: «Əbu Şah üçün yazın.» (Buxari, Kitəbul Elm)

Həmçinin, peyğəmbər  ﷺ  buyurmuşdur:

«Qoy burada sizdən iştirak edən gəlməyənlərə (bu xütbəm, vida xütbəsi) barədə xəbər çatdırsın. Ola bilsin ki, (sonradan eşidən) xəbər verilən şəxs (söhbətdə) iştirak edən kəsdən daha yaxşı əməl edər.» (Səhih əl-Buxari, 6667) Bu rəvayətdə peyğəmbər  ﷺ ifadə edir ki, mənim bu sözlərimi başqalarına çatdırın. Bir Quraninin çıxıb deməsi ki, “yox çatdırmayın, biz sizə inanmayacağıq” çünki…və s. bəhanələr yalnız peyğəmbərin ﷺ əmrinə xəyanətdən və insanları elmdən, elmi məsdərdən məhrum etməkdən başqa bir şey deyil.

Həmçinin, peyğəmbər ﷺ buyurmuşdur:

«Allah o kişinin üzünü ağ etsin ki, bizdən bir hədis eşidər, onu anlayar, əzbərləyər və onu eşitdiyi kimi çatdırar.» (İbn məsudun hədisi; Əhməd, 4157; Tirmizi, 2657; İbn Macəh, 232)  Çatdırmaq isə həm şifahi ola bilər, həm də yazı ilə.

Həmçinin, sabit olmuşdur ki, peyğəmbər ﷺ dövründə yaşayan  dövlət başçılarına və Ərəbistan yarımadasında olan liderlərə məktublar yazıb göndərmiş, onları İslama dəvət etmişdir. (Bax, Tabaqat İbn Səd, 2/22-56) Bu məktublar da hədis hesab olunur və hədis elmi vasitəsilə bizlərə nəql edilmişdir.

Həmçinin, peyğəmbər ﷺ bəzi işçilərinə qoyun və dəvədən zəkatın hansı miqdarda çıxarmaq gərəkdiyini yazdırmışdı. (İbn Abdul-Bərr, Cəmiu Bəyən əl-İlm)

Bu hədislər dəlalət edir ki, peyğəmbərin ﷺhədisləri yaymağa rəğbətləndirən rəvayətləri daha çoxdur. Bu da o deməkdir ki, peyğəmbər ilkin dövrdə Quranla hədislərin qarışmasından ehtiyat etdiyindən dolayı hədis yazmağı qadağan etmiş, bu problem aradan qalxdıqdan sonra isə hədislərin yazılmasına icazə vermişdir.

Səhabələrdən bəzilərinin peyğəmbərin sağlığında ikən hədis yazmaları da varid olmuşdur;

Abdullah İbn Amr ibnil-As’ın üzərində yazdığı səhifələri (papirusları) var idi. O bu səhifələri «əs-Sadiqa» adlandırırdı. İmam Əhməd və Beyhəqi Əbu Hureyrədən rəvayət edirlər ki, o dedi: «Peyğəmbərin ﷺ hədisini məndən yaxşı bilən biri yox idi, yalnız Abdullah İbn Amrdan başqa. Çünki, o (hədisləri) yazırdı, mən isə yazmırdım.» (Əhməd və Beyhəqi «əl-Mədxəl»)

Hətta, bəzi səhabələr Abdullah İbn Amra peyğəmbərdən  ﷺ yazmağının doğru və ya yalnış olduğunu soruşmağı tövsiyə edirlər. O da peyğəmbərin yanına getdikdə peyğəmbər ﷺ belə deyir: «Məndən yaz. Canım əlində olana and olsun ki, ağızımdan çıxan hər söz yalnız haqdır.» (İbn Abdul-Bərr, «Cəmiu Bəyənil-İlm, 1/76; İbn Amrdan rəvayət olunur)

Həmçinin, sabit olmuşdur ki, Əli İbn Əbu Talibin peyğəmbərin ﷺ sağlığında qanbahası hökmlərini yazdığı hədislər vardı. (İbn Abdul-Bərr, Cəmiyyəti Bəyənil-İlm)

«Səhabələrdən yazanlar və ya səhifələri (papirusları) olanların sayının əlli iki nəfər olduğu hesablanmışdır.» (Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd Mustafa əl-Əazami, səh 92-142)

1) Bu səhifələrdən səhabi Amr ibnil-Asın səhifəsi.

2) Əli İbn Əbu Talibin fiqhi məsələləri yazdığı kitab və peyğəmbərin hədisləri olan səhifəsi, Əbu Hureyrənin tələbəsi Əbu Saleh Səmmənin səhifəsi, başqa bir tələbəsi Həmməm İbn Münəbbihin səhifəsi, Uqbə İbn Əbil-Həsnənin Nüsxəsi, Bəşir İbn Nəhikin nüsxəsi, Muhəmməd İbn Sirinin nüsxəsi, Abdur-Rahmən İbn Yaqubun nüsxəsi, Valid ibn Rabəhin nüsxəsi, Musa İbn Yəsərin nüsxəsi. Bunların hamısı Əbu Hureyrənin tələbələri olmuşlar.

3) Həmçinin, səhabi Abdullah İbn Ömərin tələbələrindən olan Nəfinin səhifəsi.

4) Səhabi Ənəs İbn Malikin özü də hədis yazmış və yazdırmışdır. Bu səhabə peyğəmbərə on il xidmət etmiş səhabədir. Suməmə İbn Abdilləh isə Ənəsin nəvəsi idi və onun da hədis səhifəsi var idi. Ənəsin oğlu da atasının yazdırdığı, peyğəmbərdən dəqiq eşitdiyi xəbərləri yazmışdı.

5) Səhabi İbn Abbas da peyğəmbəri görmüş və ondan hədisləri lövhələrə yazmışdı. Peyğəmbər onun elmli olması üçün dua etmişdi. Əli İbn Əbi Talha da İbn Abbasdan təfsir səhifəsini rəvayət etmişdir.

6) Cabir İbn Abdilləh adlı səhabə də peyğəmbərin hədislərini yazan səhabələrdən idi. Onun tələbəsi Süleyman əl-Yəşkurinin və Əbuz-Zubeyrin də hədis nüsxəsi olmuşdur.

7) Səhabi Abdullah İbn Amr ibnil-As da peyğəmbərin hədislərini yazmışdır. Nəvəsi Şueyb də onun hədislərinin nüsxəsini sonrakı nəsillərə ötürmüşdür. Səhabi Əbu Musa əl-Əşarinin oğlu Əbu Burdənin atasından eşitdiyi hədisləri yazdığı nüsxəsi.

8) Səhabi Hucr İbn Adiyin səhifəsi.

9) Səhabi Muaz İbn Cəbəlin səhifəsi.

10) Səhabi Zeyd İbn Sabitin miras barədə səhifəsi.

11) Səhabi Müaviyə İbn Heydənin səhifəsi.

12) Səhabi Səd İbn Ubadənin səhifəsi.

13) Səhabi Səmura İbn Cundubun səhifəsi və s. səhifələri misal göstərmək olar.

«Elm əhli qeyd etmişlər ki, sünnənin yazılması barədə ixtilaf birinci əsrdə idi. Sonra ümmət hədis və elmin yazılmasının icazəli olması üzərində icma etdilər. Ümmətin halı bunun üzərində davam etdi.» (Şərhun-Nəvəvi alə Sahihil-Muslim, 3/1391)

 Ümumiyyətlə, hədislərin yazılmasına və yazıya icazə verilməsi məsələsinə gəldikdə bu barədə rəvayətlər cəm edildiyi zaman xülasə onu demək olar ki, peyğəmbərin yazını bir müddət qadağan etməsi, sonra bəzi hədislərdə yazmağa icazə verməsinin izahı alimlər arasında ixtilaflı olsa da, alimlərin əksəriyyəti bu qadağanın nəsx edilərək icazəli olmasına dəlalət etdiyini demişlər. (əs-Sunnətu va Məkənətuhə fit-Təşri əl-İsləmi, Mustafa əs-Sibəi, səh 105).

Amr İbn Şueyb atasından, o da babasından rəvayət edir ki, o dedi: «Dedim ki: Ey Allahın Elçisi! Səndən eşitdiyim hər şeyi yazımmı?! Dedi: Bəli. Dedim: Razı olduğun və qəzəbli olduğun halı da (yazımmı)?! Dedi: Bəli: Çünki, mən bunların (bu halların) hamısında yalnız haqqı deyirəm.» (Cəmiu Bəyənil-İlmi va Fadlihi, Elmin (hədislərin) yazılmasına icazə verilməsi babı, no: 388)

Bu rəvayətlərlə kifayətlənib növbəti mövzumuza keçirik:

Əzbər məsələsinə gəldikdə isə ərəblər əzbər məsələsində daim tanınmışlar. Onlar məlumatları, şeirləri və ən dəqiq şeyləri əzbərləməyi xoşlayırdılar. Ərəblər güclü yaddaşları ilə tanındıqları üçün bəzi alimlər hədislərin müəyyən bir dövrdə yazılmamasının səbəblərindən biri kimi hədislərin əzbərdə və yaddaşlarda saxlandığı üçün buna ehtiyac görülmədiyini demişlər. Sonradan isə hədislərin yaddaşlardan itməsi təhlükəsi yarandıqda bu hədislərin toplanması və yazılmasına qərar verilmişdir. Hədislərin toplanıb yazılması, bunun necəliyi ayrıca bir bəhs olduğundan bu mövzuda bu qeydlə kifayətlənirik. Yaddaş, əzbər məsələsi heç də etibarlılıq və əhatəlilik baxımından yazıya köçürməkdən aşağı deyildir. Bu üzdən də səhabələr hamısı yaza bilməsələr də Quranı əzbərləyirdilər. Hədislər də onların yaddaşında idi və lazım olduqda əzbərdən deyir, bu hədisləri əzbərdən başqalarına öyrədirdilər. Hətta, ərəblərdən Ömər İbn Əbi Rabia kimi bir məclisdə birdəfəyə bir qəsidəni tam şəkildə əzbərləyənlər də var idi. (Cəmiu Bəyənil-İlm, 1/69)

Əgər hədislərin qorunmasında yazı yazmaq metodu daha üstün olsaydı, onda tövratın qorunması daha ağlabatan olardı. Çünki, Uca Allah Qurani-Kərimdə buyurur:

«Biz onun üçün lövhələrdə hər şeydən öyüd-nəsihət və hər şeyin təfsilatını yazdıq…» (əl-Əraf, 145) Özü də bu yazıları Quranın da ifadəsinə görə Allah özü yazmışdı. Lakin, buna baxmayaraq, onlar sonradan həmin yazıları təhrif etdilər. Deməli, qorunma üçün yazı şərt deyil. Onların bu yazıları təhrif etmələri Quranda da vəsf edilmişdir:

«İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirdilər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular…» (əl-Maidə, 13)

Bunun başqa sübutu və əzbərin mötəbər bir metod olmasını da yenə Allah Quranda təsdiqləyərək buyurur: «Əksinə, bu Quran elm verilmiş kəslərin kökslərində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi ancaq zalımlar inkar edirlər.» (əl-Ənkəbut, 49)

Bu kökslərdə olan ayələr Qurandır. Yəni, Allah Quranın da əzbər metodu ilə qorunduğuna işarə edir. Elə isə hədislərin ilkin dövrdə əzbər yolu ilə qorunmasını aşağı görənlər Quranın da eyni metodla qorunmasına şəkk etmiş olurlar. Çünki, Quranın bir kitab halına salınması da məhz döyüşlərdən birində yetmiş Quran hafizinin (əzbərçisinin) öldürülməsindən sonra daha böyük əhəmiyyət kəsb etmiş oldu. Bundan sonra Quranın yazıya köçürülərək kitab halına salınması məsələsi gündəmə gəldi. Bundan əvvəl isə səhabələr Quranı əzbərləyirdilər. Onların çoxusu oxuyub yazmağı bilmirdilər. Buna baxmayaraq əzbər onlar üçün yazmaqdan daha faydalı idi.

Bu son qeyd olunan ayədə də elm verilmiş şəxslərin əzbərləməsinə diqqətləri yönəldir. Doğurdan da insan oxuduğu bir məlumatı unuda bilər, lakin, insanın dəfələrlə əzbərlədiyi, beyninə həkk etdiyi məlumatları unutması çox çətin bir şeydir.

Xülasə, bu yuxarıdakı ayələrdən aydın görünür ki, Allah tövratı özü yazsa da, insanlar onu öz əlləriylə sonradan dəyişdilər. Lakin, Allah Qurani əzbərləyənləri elm verilmiş kəslər adlandırdı ki, bu da bir növ əzbər metodudur ki, elmin qorunmasının əhəmiyyətini, xüsusən də həmin dövrdə əzbərin yazıdan daha qüvvətli olmasını göstərir. Ona görə də alimlərin elmi qorumaq üçün nə əziyyətlər çəkdiyini bilməyən biri əzbərin əhəmiyyətini anlamaya bilər. Məhz buna görə də səhabələrin çoxusu əzbərə üstünlük verirdilər.

Onu da qeyd edək ki, alimlərdən şifahi (əzbərlə) olan elmi icazə (şəhadət) yazmaqla götürülən icazədən (şəhadətdən)  daha üstün hesab olunur. Bu gün də elmin mərkəzi olan Məkkə, Mədinə və başqa yerlərdə bu elmi icazə metodu (şifahi, əzbər) yoluyla Quran, hədis və başqa mətnlər alim və şeyxlərə danışdıqdan sonra onlara həmin sahədə elmi icazələr (şəhadətlər) verilir. Bu adət peyğəmbərin ﷺ zamanından indiyə kimi davam etməkdədir.

İmam Şatibi «Muvafaqat» əsərində şifahi elm öyrənməklə yazılmış kitabdan elm öyrənməyin fərqindən danışarkən şifahi, əzbər yoluyla müəllimdən öyrənilən elmin daha bərəkətli olmasından bəhs edir. Bu cür elm öyrəndikdə qaranlıq qalan, aydın olmayan məqamları müəllimdən soruşmaq lazımdır deyə yerindəcə məsələ öyrənilir və daha yaxşı qavranılır. Bundan əvvəl isə o qeyd edir ki, kitabdan oxuyan neçə insanlar var ki, dəfələrlə oxusa da məqsədi anlamır, tək əzbərləsə belə yenə də başa düşmür. Amma, müəllimdən şifahi yolla elm öyrənən şəxs bu problemlə qarşılaşmır. (Bax, el-Muvafaqat, imam Şatibi, səh 147)

Ona görə də bəzi sələflər deyərdilər ki: «Elm öz əhlinin (alimlərin) köksündə (əzbər yolu ilə) qorunurdu. O zaman ki, elm yazıya alındı, elmə əhli olmayanlar daxil oldular.» bu mənada sözlər çox deyilmişdir.

Bir qədər yuxarıda qeyd etdiyim səbəbə uyğun və ilk dövrdə hədislərin yazılmadığı, əzbərləndiyi, lakin, bəzi səhabələr tərəfindən yazıldığını da göz önünə alaraq ilkin dövrdə bəzi səhabələrin əzbərə necə fikir verdiklərini qeyd etmək üçün bu rəvayəti qeyd edirik: Əbu Nədiradan rəvayət olunur ki, o dedi: Əbu Səid əl-Xudriyə dedim: Səndən eşitdiklərimizi yazmayaq? Dedi: «Siz bunu (eşitdiklərinizi) mushəflərə (səhifələrə) yazmaq istəyirsiniz? Sizin peyğəmbəriniz bizə hədis danışırdı, biz də onu əzbərləyirdik. Siz də (hədisləri) bizim kimi əzbərləyin.» (Cəmiu Bəyənil-İlmi va Fadlihi, 339; Zikri kərahiyyəti kitəbətil-İlm)

Bu rəvayətdə də ərəblərin əzbərə necə etibar etdikləri və necə əhəmiyyət vermələri anlaşılır.

Onlardan bəziləri bir məclisdə hədisi möhkəm şəkildə bir hərf belə buraxmadan əzbərləyə bilirdi. İmam Şafi və başqa alimlərdən varid olmuşdur ki, onların peyğəmbərin ﷺ hədislərini nəql  etməkdə yaddaşa etimad etmələri yazıya köçürməkdən  daha üstün idi. Bu baxımdan da qədim alimlər elmin yazıya köçürülməsi ilə insanların arxayınlaşmaları və tənbəlləşmələrindən qorxurdular. Onlar bu əzbər yoluyla elmin nəql edilməsi və ya bu bacarığın, bu xüsusiyyətin onlardan götürülməsindən də ehtiyat edirdilər. Ona görə də Hafiz İbn Abdul-Bərr səhabələrdən və tabeinlərdən elmin yazıya alınmasını xoş qarşılamayan kəslərdən bu barədə rəvayətləri nəql etdikdən sonra deyir: «Burada sözlərini (elmin yazılmasını xoş görməyənlər) qeyd etdiyimiz şəxslər bu məsələdə ərəblərin (əzbər, yaddaşa etibar etmək) məzhəbini götürüblər. Çünki, onlar fitrətdən əzbərə yönləmişdilər və bu onların xüsusiyyətlərindən idi. O kəslər ki, elmin yazıya alınmasını istəmirdilər, onlardan İbn Abbas, Şabi, İbn Şihəb, Nəxai, Qatadə və başqaları kimi bu məzhəblə gedənlər və bu fitrətdə olan alimlər elmi əzbərdən öyrənmək fitrəti üzərində idilər. Ona görə də onlar «hədisin eşidilməsi», (yəni: tələbənin müəllimindən elmi dinləyib, eşidib) əzbərlənməsi yoluyla bir şəxsin elmini təsdiqləyir və ona «elmi icazə» verirdilər. Ona görə də peyğəmbər ﷺ hədislərin birində buyurmuşdu: «Biz ümmi bir toplumuq, yazmağı və hesabı bilmirik!» (Cəmiu Bəyənil-İlm, 1/65)

Bu rəvayət də ona dəlalət edir ki, ərəblər ilkin dönəmdə əzbərə üstünlük verirdilər, əzbər yoluyla ötürülən məlumat isə heç də yazı yoluyla ötürülən məlumatdan zəif olmurdu. Həmçinin, biz «əzbərə üstünlük verirdilər» dedikdə “səhabələr yazmırdılar” da demirik, çünki, onlardan yaza bilənlər yazır, qeyriləri isə əzbərləyirdilər.

Bu yazıya almanın gecikməsinin səbəblərindən «vəra» (icazəli bir şeyi ehtiyatən tərk etmək) amili də nəzərə alınarsa, onlardan bəzilərinin xəta etmək qorxusuyla yazmaqdan vaz keçdikləri aydın olar. Necə ki, Əbu Bəkr və onun hədis yazmaqda tərəddüdü də bu amildən qaynaqlanırdı. Yaddaşı qüvvətli olan səhabələr isə heç nədən narahat olmadan hədisləri rəvayət edirdilər.

Amma, bəzilərinin hədis rəvayət etməkdən çəkinmələri, onların xəta etməkdən şiddətlə ehtiyat etmələrinə görə idi. Necə ki, əz-Zubeyr də bunu aydın şəkildə ifadə etmişdir. Amma, yaddaşı qüvvətli olanlardan İbn Abbas, İbn Məsud, Əbu Hureyrədən və başqaları bir problemsiz hədisləri rəvayət edirdilər. Onlar peyğəmbərin ﷺ səhabələri olmaqla yanaşı insanlar arasında ərəblərin elmi ötürmə yolu olan güclü yaddaşa etibar edilməsi yoluyla peyğəmbərin ﷺ hədislərini insanlara bildirir və sünnənin bu yolla qorunmasına çalışırdılar.

Hətta, səhabələrdən Zeyd İbn Sabit ondan hədis yazılmasına nə üçün razılıq vermədiyini izah edərək demişdi: «Bilirsinizmi, ola bilsin ki, mənim danışdıqlarımın hamısı danışdığım kimi olmasın.» (Cəmiu Bəyənil-İlm, 1/66) Ona görə də onlardan bəzilərinin hədis rəvayət etməmələri ehtiyat və ya dininə görə ehtiyatlı addım atmaq qəbilindən idi. Çünki, səhabə və tabeinlərin hədis yazmaları və bu barədə olan xəbərlər təvatür (yəni: birdən çox səhabədən rəvayət olunma yoluyla bilinən xəbər) həddində çox rəvayət olunmuşdur. Bu bilinən bir şeydir ki, haqqı istəyən bir kimsənin bunu inkar etməsi və ya buna şübhə ilə yanaşmasının yeri yoxdur. Əgər bu barədə daha çox və daha ətraflı məlumat almaq istəyirsənsə, onda İbn Abdul-Bərin «Cəmiu Bəyənil-İlm» kitabına müraciət edə bilərsən. (Bax, Cəmiu Bəyənil-İlm, 1/70-77)

Həmçinin, Xətib əl-Bağdadinin «Təqyidil-İlm» kitabında bu barədə yazdıqlarına nəzər yetir.

Artıq qeyd etdik ki, Quranın qorunması əzbərlə baş verdiyi kimi, hədislərin qorunması da əzbərlə baş vermişdi. Səhabələrin elmə həris olduqları kimi onlardan sonra gələnlər də elmə həris idilər. Uca Allah Quranda buyurur:

«Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur.» (ət-Tövbə, 100)

Beləcə səhabələr kimi onlardan sonra gələn nəsil də xeyirli nəsil olub sünnənin qorunması yolunda çalışmışlar. Allah onların içindən də elmə həris şəxslər çıxarmış və sünnəyə xidmət etdirmişdir. İstər onlardan sonra yüz il, istər iki yüz, istər də beş yüz il sonra olsun hədisləri sənədləriylə birgə əzbər bilən alimlər həmişə olmuşlar. Necə ki, hal-hazırda da da belə şəxslər mövcuddur. Bütün bunlar şeyxdən şeyxə şifahi əzbər yoluyla ötürülmüş, həmin əzbərin mənbəyi isə yazılarda mövcud olmuşdur. Səhabələrin əzbər yoluyla elmə xidmət etmələrini, onların vasitəsilə elmin qorunduğunu və onların fəzilətini qəbul edənlər gərək onlardan sonra gələn güvənilən İslam alimlərinin də bu yoldakı səylərini qəbul edib dəyərləndirsinlər. Çünki, Sünnənin qorunması peyğəmbərin zamanı  da  daxil olmaqla  üç ən xeyirli əsrdə də davam etmişdir. Peyğəmbər ﷺ buyurmuşdur: «Ən xeyirli insanlar mənim əsrimdədir. Sonra onlardan sonra gələnlər, sonra da onlardan sonra gələnlər.» (Səhih əl-Buxari, 2652; Səhih əl-Muslim, 2533)

Hədislər beləcə bu xeyirli əsrin əvvəllərində yazılmış, səhifələr və nüsxələr halında mövcud olmuş, birinci hicri əsrin sonlarında isə Ömər İbn Əbdul-Əzizin zamanında (99-100 hicri) kitab halında toplanmışdır.

Sonda isə müasir dövrümüzdə bəzi qədim hədis nüsxələrinin (papirusların) tapılmasını qeyd etmək yerinə düşərdi ki, bu olduqca mühümdür. 1880-ci ildə Misirin Fəyyum bölgəsində minlərlə qədim yazılar tapılmışdı ki, həmin yazılarda ən qədim hədis nüsxələrindən bəziləri mövcud idi.

 

İstifadə edilmiş mənbələr:

Səhih əl-Buxari.

Səhih əl-Muslim.

Sünən ət-Tirmizi.

Sunən İbn Macəh.

Musnədi imam Əhməd,

Tabaqatul-Kubra, İbn Səd,

Təqyidul-İlm, Xətib əl-Bağdadi.

Mustalah əl-Hədis, İbn Useymin.

İmam Şatibinin əl-Muvafaqat əsəri.

İbn Abdil-Bərr, Cəmiu Bəyən əl-İlmi va Fadlihi.

Dirasəət fil-hədis ən-Nəbəvi va tarixi tədvinuhu, Muhəmməd Mustafa əl-Əazami.

Şərhun-Nəvəvi alə Sahihil-Musli.

əs-Sunnətu va Məkənətuhə fit-Təşri əl-İsləmi, Mustafa əs-Sibəi.

əs-Sunnətu, Hucciyyətuhə va Məkənətuhə fil-İsləm var-Raddu alə Munkiriyhə, Muhəmməd Loğman.

 

Yazdı: Sahib Əsədov.