Aktual Əxlaq

Öz eyibinə bax!-Ey özünə aşiq!

Alimdən soruşdular: “Niyə insanlar başqalarının eyiblərini görür, özlərinin eyiblərini görə bilmir?. Alim cavab verdi: “Çünki insan özünə aşiqdir, aşiq isə məşuqunu eyiblərini görə bilmir!”
İnsan qəlbində bir və ya bir neçə şəxsə qarşı həsəd, kin, paxıllıq və ya intiqam almaq, qısqanmaq kimi günah hisslərin təsiri ilə əlaqədar olaraq həmin adamın gözəl xüsu¬siyyətlərini gizlədərək, yalnız onun eyibləri barəsində danışmaqla qeybət edər!

Bu göz nöqsan görür hər bir hünərdə,
Bir ləкə axtarır hər saf gövhərdə

Qeybətin içərisində müsəlmanların eyiblərini açmaq, qəlblərinə kin toxumu səpmək və beləliklə də, onların birliyini pozmaq kimi bədnam səbəblərin payı vardır.
Əgər bir müsəlman ətrafındakıların və ya məclisdəkilərin hörmətini qazanmaq məqsədi ilə qeybət edir və ya edilən qeybəti dinləyirsə, üstəlik bu qeybəti inkar etmək əvəzinə ona etiraz da etmirsə, o zaman düşünməlidir ki, bu əməllə o, Xaliqin qəzəbinə tuş gələcəkdir. Bəs belə olan halda müsəlman kəs nə üçün Yaradanın deyil, insanların ondan razı qalmasını üstün tutur?! Məgər hər bir şey Allahın əlində deyilmi? Unutmayaq ki, əgər kim insanların razılığını qazanmaq üçün Allahı qəzəbləndirərsə, Allah da ona insanların qəzəbinin tutmasını nəsib edər. Bunun tam əksi olaraq Uca Allah kimi sevərsə, yer və səma əhli də onu sevər. Yox, əgər kiməsə nifrət edərsə, yer və səma əhli də ona nifrət edər. Odur ki, Allahın razılığını qazanmaq üçün Onun buyurduqlarına qəlbən və səmimi şəkildə əməl edək ki, həm Allahın, həm də insanların sevgisini qazanaq.
Bu əməldən qəlbən çəkinməyin əsas yollarından biri odur ki, hər bir müsəlman qeybət barədə olan ayə və hədisləri oxumalı və tövbə edərək, bir daha qeybətlə məşğul olmamalı, vaxtını boşuna sərf etməməli, başqalarının eyiblərindən danışmaqdansa, öz eyib¬lərini islah etməyə çalışmalıdır. Müsəlman qardaşı barədə eşitdiyi şeylərə görə isə qarda¬şına haqq qazandırmalı və onun eyiblərini ört-basdır etməyə çalışmalıdır ki, Allah da onun eyiblərini ört-basdır etsin. Haqq qazandıra bilmədiyi halda isə, yəqin ki, onun bir səbəbi var, amma mən bilmirəm — deyə düşünməlidir. Əgər qardaşında olan nöqsan həqiqətən xətalıdırsa, o zaman dində qəbul edilmiş yollarla onun səhvlərini düzəltməyə çalış¬ma¬lıdır ki, qardaşı günah sahibi olmasın.
Həqiqətən də qeybət insanı məhvə doğru aparır. Çünki bu əməllə bəndə öz Yaradanı ilə bağlılığına xələl gətirir, nəfsinə uyub zaman — zaman yol verdiyi və bağışlanma diləmədiyi bu xətası ilə Rəbbi qatındakı dəyərini itirməyə doğru gedir. Beləliklə, qeybət iradəni zəiflədir, imanı azaldır, savabları yox edir, insanın dəyərini, cəmiyyətdəki nüfuzunu və Rəbbi yanında dualarının qəbul olunma ehtimalını aşağı salır, qeybətini etdiyi müsəlmanın eyiblərini üzə çıxarır və camaat arasında yaymağa başlayır, qəlblərə kin salır, qəlbin kindən təmizlənməsi isə özlüyündə çox çətin başa gəlir, bundan başqa qeybət etmək qardaşlıq əlaqələrini də qırır. Halbuki, Uca Allah öz Rəbbinin razılığını qazanmaq üçün məhəbbətlə bağlı olanları sevir.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «İman gətirmədikcə Cənnətə daxil olmazsınız. Bir-birinizi sevmədikcə də iman gətirmiş olmazsınız». (Muslim 203)
Bəs elə isə bir tək nəfsi məmnun etmək üçün bu qədər itki verməyə dəyərmi?
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: «Meracda olduğum zaman bir qism insanlara rast gəldim. Onlar dırnaqları ilə üzlərini və sinələrini cırmaqlayırdılar. Cəbraildən onların kim olduğunu soruşdum. O, «Onlar insanların ətlərini yeyən və onların eyiblərini danışanlardır» – deyə cavab verdi.(Əbu Davud 4880) Bu hədis qeybətin haram və böyük günah olmasına dəlalət edir. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu əməl sahibini cəza gözlədiyini bəyan etmişdir.
Bəra ibn Azib isə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Ey dili ilə iman gətirib qəlbinə iman daxil olmayan kimsələr! Müsəlmanların qeybətini etməyin, onların eyblərini axtarmayın. Kim müsəlmanların eyblərini axtararsa, Allah onun eyblərini evdə gizlətsə belə üzə çıxarar”.(Əbu Davud 4882) Bu hədisdən aydın olur ki, qeybət etmək münafiqliyin əlamətlərindəndir.
Amr ibn As (Allah ondan razı olsun) bir dəstə yoldaşı ilə ölmüş və şişmiş bir qatırın yanından keçərkən dedi: “Allaha and olsun ki, sizdən biriniz qarnını doldurana qədər bu qatırın ətindən yeməsi onun üçün müsəlmanın ətini yeməsindən daha xeyirlidir”.(Ədəbul Mufrad)
Abdullah ibn Abbas (Allah onlardan razı olsun) demişdir: “Başqalarının xətalarından danışmaq istəyən kəs öz qüsurlarını xatırlasın”. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuşdur: “Allahı çox zikr edin, çünki zikr şəfadır. İnsanların qeybətini etməyin, çünki qeybət xəstəlikdir”.( Kitabus-Samt və Ədəbul-Lisən, 204)
İnsanın dili ilə qazandığı günahlardan biri də elm əhlinə tənə vurmaqdır. Elm əhli haqqında pis fikirlər yayan insan onun ziyanını həm bu dünyada, həm də axirətdə görəcəkdir. Alimlərin İslam üçün xidmətləri göz qabağındadır. Onların Quran və Sünnənin başa düşülməsi üçün etdikləri şərhlər, qoyduqları qaydalar, verdikləri fətvalar və s. hamımıza məlumdur. Bəzən bu nemətləri bir gün itirəcəyimizdən qorxuruq. Çünki nemət, şükr etdikdə artır, nankorluq etdikdə isə azalır. Bu nemətin itməsinə aparan ən böyük amillərdən biri də alimlərə dil uzatmaqdır. İbn Əsakir (Allah ona rəhmət eləsin) həmçinin demişdir: “Kim alimlərin eyib və nöqsanlarını danışarsa, Allah onu ölümündən qabaq qəlbini öldürməklə imtahan edər”.

O, sirr saxlayandır, heç bir кimsənin
Eyibini yanında söyləməz sənin

Müəllif: Feqihcom heyəti