Fiqh Oruc

Orucu pozan və pozmayan səbəblər

Orucu pozan səbəblər:

• Yemək-içmək,
• Oruc vaxtı cinsi əlaqədə olmaq,
• Qəsdən qusmaq,
• Şəhvətlə qəsdən məni (sperma) ifraz etmək,
• Qadınlarda heyz və nifas qanının gəlməsi,
• Bədəni qüvvətləndirən və qidalandırıcı iynələr,
• Siqaret çəkmək,

Qeyd: Hicamə etdirməyi çalışıb iftardan sonra etmək məsləhətdir. Çünki, bunda bədəni zəiflətmək və oruca taqətsizlik yaratma vardır.

Orucu pozmayan səbəblər:

• Çimmək (ağız, burun və qulaqdan su getməməsinə diqqət etmək şərtilə)
• Ətirlənmək,
• Sürmə çəkmək,
• Xına və ya makyajdan istifadə etmək,
• Ağız suyunu udmaq,
• Boğaza astma əleyhinə (oksigen spreyi) sprey vurulması,
• Suyu udmadan ağızı yaxalamaq və ya sərinləmək məqsədilə ağızı yaxalamaq, qarqara etmək,
• Misvakdan istifadə etmək və ya dişləri fırçalamaq,
• Analiz üçün qan vermək,
• Yuxuda ikən ehtilam (ixtiyarı olmadan məni gəlməsi) olmaq,
• Unudaraq yeyib içmək; kim unudub yeyib içərsə, xatırladığı zaman dərhal yeməyi-içməyi tərk edib orucuna davam etməlidir.
• Öpmək,
• Üzmək (bir şərtlə ki, daxilə su getməsin)
• (Yemək bişirən şəxsin) Yeməyi udmadan dadına baxması,
• Diş çıxartdırmaq, (qanı udmamaq şərtilə)
• Göz, qulaq, burun damcıları, (burun damcısının istifadəsində boğaza getməməsinə diqqət etmək lazımdır, lakin, səhih olana görə qidalandırıcı olmadığı üçün orucu pozmur)
• İynələrdən: keyləşdirici iynələr icazəlidir. (Uzun müddət keyləşdirici iynələrin isə başqa vaxt istifadə edilməsi məsləhətdir) Qidalandırıcı, qüvvətləndirici olmayan iynələr də icazəlidir. Həmçinin, pensilin, insulin və s. iynələr də icazəlidir.
• Bəlğəm; özündən asılı olmadan udularsa, yəni, birbaşa mədəyə gedərsə.
•Mədədən analiz götürmək, müayinə üçün mədə boşluğuna cihaz daxil edilməsi,
• Bədənə oksigen qazı verilməsi və s.

Orucun savabını azaldan əməllər:

Qeybət, nəmmamlıq, söyüş söymək, yalan danışmaq, yalan şahidlik və s. bir çox dildən edilən günahlar; bəzi alimlər demişlər ki, əgər insan bu əməllərə heç fikir verməz və çəkinməzsə, bu əməllər orucun savabını üstələyə də bilər. Ona görə də insan bu mübarək ayda (sonra da) dilini və əzalarını günahlardan qorumağa çalışmalıdır.

Yazdı: Sahib Əsədov