Məqalələr Ramazan ayı

Oruc tutmağın fəziləti — Şeyx ƏbdürRəzzaq əl-Bədr

Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Peyğəmbəri Muhəmmədə, onun ailəsinə, əshabına və onlara gözəl şəkildə tabe olanlara Allahın salavatı və salamı olsun.

Bilmək lazımdır ki, oruc ən əfzəl və böyük ibadətlərdən sayılır. Onun fəziləti və əzəmətli şəni barədə çoxlu dəlillər varid olmuşdur. Orucun fəzilətlərindən:

  1. Allah oruc tutmağı bütün ümmətlərə yazmış və onların üzərinə fərz etmişdir.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz.» [Bəqərə surəsi, ayə 183]

Əgər bu əzəmətli bir ibadət olmasaydı Allah onu bütün ümmətlərə fərz etməzdi. Orucluqadan da qayə təqvanı həyata keçirtməkdir. Hansı ki, Allah təqvalı olmağı əmr edib və bütün ümmətlərə tövsiyə edib.

وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ

«Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq.» [Nisa surəsi, ayə 131].

  1. Orucun savabı müəyyən bir ədədlə məhdudlaşmayıb, əksinə orucluya savabı hesabsız veriləcək.

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: «Allah deyir: «Adəm övladının bütün əməli özü üçündür, oruc tutmaqdan başqa. O, Mənim üçündür və onun mükafatını Özüm verəcəyəm.» Oruc bir qalxandır. Sizlərdən birinizin oruclu günü olarsa, pis sözlər danışmasın, səsini qaldırıb mübahisə etməsin. Əgər kimsə onu söyüb onunla vuruşarsa, «Mən oruc tutmuşam!» — desin. Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, oruclunun ağzından gələn qoxu qiyamət günü Allah yanında misk qoxusundan da gözəldir. Oruclunun fərəhləndiyi iki an vardır. Belə ki, o orucunu açdığı zaman iftarı ilə fərəhlənər, rəbbi ilə görüşdüyü zaman orucu ilə fərəhlənər.»[1]

Başqa rivayətdə isə belə deyilir: «Adəm övladın bütün əməli qat qat artırılar. Bir yaxşı əməl on mislindən yeddi yüz mislinə kimi artırılar. Allah da belə deyər: «Orucdan başqa. O, mənim üçündür və onun mükafatını Özüm verəcəyəm. Belə ki, oruclu kimsə şəhvətini və yeməyini Mənim üçün tərk etmişdir.»[2]

Bu hədis bir çox yöndən oruc tutmağın fəzilətinə dəlalət edir. Bunu Şeyx Muhəmməd ibn Saleh əl-Useymin (Allah ona rəhmət etsin) belə açıqlamışdır:

Birinci: Allah Təalə orucun şərəfinə, ona olan məhəbbətinə və orucdakı ixlasın aşkar olmasına görə, bir çox əməllər içərisindən oruc tutmağın mükafatlandırılmasını Özünə aid etmişdir. Çünki oruc Allahdan başqa heç kimin bilmədiyi, qul ilə rəbbi arasındakı bir sirrdir. Oruclu birisi insanlardan xali bir yerdə Allahın ona oruc vaxtı haram etdiyi şeyləri pozmaq gücündə olduğu halda, bunu etmir. Belə ki, xəlvətdə ikən onu görən rəbbinin olduğunu bilir, yemək-içməyin haram olduğunu dərk edir, buna görə də Allahın əzabından qorxduğu və savabına rəğbətli olduğu üçün orucunu qoruyur. Allah da onu ixlasına görə mükafatlandırır və digər əməllərdən fərqli olaraq orucun mükafatını Özünə aid edir və bunun səbəbini belə açıqlayır: «Şəhvətini və yeməyini Mənim üçün tərk etmişdir.» Qiyamət günü bunun faydası da üzə çıxacaq. Necə ki, Sufyan ibn Uyeynə  (Allah ona rəhmət etsin) demişdir: «Qiyamət günü Allah Əzzə va Cəllə qulunu hesaba çəkər, etdiyi zülmləri bütün əmməllərindən qarşılayar, sonda ancaq orucu qalar (ona toxunmaz). Əgər yenə zülmləri olarsa, Allah onları Özü ödəyər və orucuna görə onu cənnətə daxil edər.»[3]

 

İkinci: Allah oruc haqda belə deyib: «Onun mükafatını Özüm verəcəyəm.» Onun mükafatını Öz kərim nəfsinə aid etmişdir. Çünki saleh əməllərin savabı ədədlə artırılar. Bir yaxşılıq on mislindən yeddi yüz mislinə qədər artırılar. Amma orucu Allah heç bir ədədlə əlaqələndirmədən onun mükafatını Özünə aid etmişdir. Allah ən səxavətli və ən comərd olandır. Hədiyyə də onu verənən dəyəri qədərdir. Buna görə də oruc tutanın savabı və mükafatı çox, böyük və hesabsız olacaqdır.

Orucda da səbrin bütün növləri cəm olmuşdur. Allaha itaətdə səbr, Allahın haramlarına səbr, bir də aclıq, susuzluq, bədənin və nəfsin zəifliyindən ibarət olan acı qədərə səbr. Deməli səbrin üç növü də orucluqda cəm olub və bununla da oruc tutan səbr edənlərdən olur. Allah Təalə belə deyib:

إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَيْرِ حِسَابٍ

«Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”. [Zümər surəsi, ayə 10]

Üçüncü: Oruc qalxandır. Yəni, oruc insanı pis sözlərdən və lağlağıdan qoruyan bir qalxan və örtükdür. Buna görə də peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir: «Əgər kimsə onu söyüb onunla vuruşarsa, «Mən oruc tutmuşam» — desin.» Oruc həmçinin oddan da qoruyur. Cabir ibn Abdullahdan rəvayət olunan hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Oruc — qulun onunla  özünü oddan qoruduğu bir qalxandır.»[4]

Dördüncü: Oruc tutanın ağzından gələn qoxu Allah yanında misk iyindən də gözəldir. Çünki bu qoxu orucluq səbəbilə baş verir. Bu səbəbdən deyilən qoxu Allah qatında daha gözəl və sevimli olur. Ön növbəsində bu, orucun Allah yanındakı əzəmətli şəninə də dəlalət edir. Ona görə insanlar arasında pis və xoşagəlməz görünən şey, Allaha itaətdən yarandığına görə Onun yanında sevimli və gözəl olur.

Beşinci: Oruc tutanın iki fərəhi vardır: İftar etdiyi zaman sevinci, rəbbi ilə görüşdüyü zaman olan sevinci. Allah təalə onu oruc kimi əfzəl və savablı bir ibadəti həyata keçirməyə müvəffəq etdiyi üçün fərəhlənir. Bu ibadətdən məhrum olan insanların çoxluğunu nəzərə alsaq, bu sevinc hissini dərk etmiş olarıq. Həmçinin oruclu ikən yemək-içmək və cinsi əlaqə kimi işlərin qadağadan sonra halal olmasına sevinir. Rəbbi ilə görüşdüyü zaman tutduğu oruca görə mükafatının kamil olduğunu görüncə sevinəcəkdir. O vaxt insanın belə bir savaba ehtiyacı olan vaxtdır. Qiyamət günü oruc tutanlardan başqa heç kəsin daxil ola bilməyəcəyi Rəyyan qapısından girmələri üçün onlara belə deyiləcəkdir: «Haradadır oruc tutanlar?»

3. Orucun fəzilətlərindən biri də odur ki, qiyamət günü sahibinə şəfaətçi olacaq. Əhməd, ət-Tabarani və Hakimin Abdullah ibn Amrdan (Allah hər ikisindən razı olsun) rəvayət etdikləri hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Oruc və Quran qiyamət günü qula şəfaətçilik edəcəklər. Oruc deyəcək: «Ey rəbbim, gündüz vaxtı ona yemək içməyə və şəhvətlərə mane oldum. Məni onun üçün şəfaətçi et.» Quran da belə deyəcək: «Ey rəbbim, gecə vaxtı yuxusuna mane oldum. Məni onun üçün şəfaətçi et.» Sonda şəfaət edəcəklər.»[5]

4. Oruc tutanlar üçün cənnətdə bir qapı vardır. Ona Rəyyan qapısı deyilir. O qapıdan ancaq oruc tutanlar daxil olacaqlar. əl-Buxari və Muslimin Səhl ibn Səddən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: «Cənnətdə bir qapı var. Ona Rəyyan qapısı deyilir. Qiyamət günü o qapıdan oruc tutanlar daxil olacaqlar. Onlardan savayı heç kəs o qapıdan daxil olmayacaq. «Oruc tutanlar haradadır» — deyiləcək. Ayağa qalxacaqlar. Onlardan başqa heç kəs o qapıdan daxil olmayacaq. Daxil olduqdan sonra qapı bağlanacaq və daha heç kəs o qapıdan daxil olmayacaq.»[6]

5. Qul şəri qaydada ixlaslı və peyğəmbərin yoluna tabe olduğu halda oruc tutarsa, haqq üzərində sabitqədəm qalmaq, imanın artması, yəqinin güclənməsi, gözəl əxlaqla zinətlənmək, şəhvətin sınması kimi çoxlu faydalar, qorxu, ümid, məhəbbət və sair qəlb əməlləri qazanmış olar. İbn Qayyim (Allah ona rəhmət etsin) demişdir: «Doğru düşüncə və sağlam fitrət orucun necə faydalı olduğunu təsdiqlədiyi üçün, Allah da qullarına mərhəmət, yaxşılıq  və qoruyucu qalxan olsun deyə orucu onlara vacib etmişdir.»[7]

Allahım, bizi sevdiyin və razı qaldığın əməllərə müvəffəq et. Bilmədiklərimizi bizə öyrət. Öyrətdiklərini bizə faydalı et. Bizi orucun qədrini bilən və orucun tələb etdiyi şəkildə ixlaslı, sənin razı qaldığın formada orucu bilib, kamil şəkildə əda edənlərdən eylə.

__________________

 

[1] Səhih əl-Buxari, 1905. Səhih Muslim, 1150.

[2] Səhih Muslim, 1150.

[3] Beyhəqi, «Sunən əl-Kubra, 4/274».

[4] İmam Əhməd, «əl-Musnəd, 3/396, 15200.

[5] İmam Əhməd, «Musnəd, 2/174, 6626.

[6] Səhih əl-Buxari, 1896. Səhih Muslim, 1152.

[7] Zəd əl-məad, 2/28.

 

Mənbə: Şeyx Abdur-Razzəq ibn Abdul-Muhsin əl-Bədrin (Allah hər ikisini qorusun) rəsmi saytından.

 

http://al-badr.net/muqolat/2507