Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Ramazan ayı daxil olduqda cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar isə zəncirlənərlər.” (Buxari, Muslim)
1 – Oruc, fəcr girdikdən gün batana qədər orucu pozan şeyləri tərk etməyə deyilir.
2 – Bu ibadət İslamın beş rüknündən biridir. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) buyurub: “İslam beş şey üzərində qurulub: Allahdan başqa haqq məbudun olmamasına və Muhəmmədin Onun Elçisi olmasına şəhadət, namaz qılmaq, zəkat vermək, oruc tutmaq, həcc etmək.” (Buxari və Muslim)
3 – Oruc tutan insan daim ixlasa önəm verməlidir. İbadətini xalis olaraq yalnız Allah üçün etməlidir.
4 – Oruc tutmaq hər bir ağlı başında olan, həddi buluğa çatan, gücü çatan, müsafir olmayan müsəlmana vacibdir.
5 – Orucu pozan şeylər: həyat yoldaşı ilə cinsi əlaqədə olmaq, yemək, içmək, şəhvətlə məni çıxartmaq, yemək içməyi əvəz edən şeylər (qüvvətləndirici iynələr və s), bilərəkdən qusmaq, hicamə etdirmək, heyz və nifas qanının çıxması.
6 – Unudaraq yemək və ya içmək orucu pozmur.
7 – Əgər günəşin batdığını zənn edərək yeyib içərsə orucu səhihdir, lakin xəbəri olan kimi yeməyi və içməyi dayandırmalıdır.
8 – Yuxuda olarkən ihtilam olmaq orucu pozmur.
9 – Oruclu insan misvakdan istifadə edə bilər.
10 – Oruclu insan diş çıxarda bilər.
11 – Sahur yeməyini sübh azanına yaxın vaxta kimi gecikdirmək sünnətdir.
12 – İftarı isə gün batan kimi yemək sünnətdir.
13 – Oruc tutan kəs sərinləmək üçün çimə bilər.
14 – Oruc tutmaq istəyən şəxs cunub olduğu halda oruca niyyət edir, qüsulu isə fəcrdən sonra ala bilər.
15 – Heyzli və nifaslı qadın sübh girməmişdən əvvəl təmizlənərsə həmin günün orucuna niyyət edir, qüsulu isə sübh girdikdən sonra da ala bilər. Bu oruc ona vacibdir.
16 – Oruclu insanın dodaqları quruduğu halda onları su ilə nəmləndirməsində bir maneə yoxdur.
17 – Həddi buluğa çatmamış uşaqlara oruc vacib deyil, lakin öyrəşmələri üçün indidən əmr olunurlar.
Şeyx İbnu Useyminin fətvalarından seçilmişdir
Topladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Leave a Comment