Əqidə Məqalələr

Ölüm mələyi haqqında üç çaşdırıcı suala cavab

Birinci sual: İnsan ölüm ayağında olarkən yanında it olarsa, ölüm mələyi onun canını necə alacaq?
İkinci sual: Birdən insan ayaqyolunda ölsə, onun canını da ölüm mələyi almış sayılır?
Üçüncü sual: Eyni vaxtda dünyada minlərlə insanlar ölür, bütün bu ölümləri ölüm mələyi eyni vaxtda necə yerinə yetirir?
İndi isə gəlin keçək sualların cavablarına:

Birinci sual: İnsan ölüm ayağında olarkən yanında it olarsa, ölüm mələyi onun canını necə alacaq?
Cavab: Bu haqda hədis belədir: Əbu Talhə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavat və salamı olsun) buyurmuşdur:
«Mələklər, içində it və təsvir (şəkil, heykəl) olan evə girməz».(1)
«İt və şəkil olan evə mələklər girməz» hədisindən istisna olan bir neçə mələk var, qoruyucu حَفَظَة mələklər, ölüm mələyi ملك الموت, bir də insandan ayrılmayan ملك ملازم بالإنسان mələk növləri. Çünki, qoruyucu mələklər insanın yanında olmaqla görəvlidirlər. Ölüm mələyinin isə girmədiyi yer yoxdur, onun qarşısını heç nə ala bilmir. Məlumdur ki, mələklərin müxtəlif növləri var. Onlardan bəziləri yalnız Allahın zikri ilə məşğul olub ona həmdü-səna etməklə məşğul olmaq üçün yaradılmışlar. Bəziləri kainatın idarəsi işində görəvli olan, təbiət hadisələrinin baş verməsində payı olan böyük mələklərdir. Bunlardan insanın əməllərini yazan mələk növü də var. Bu mələk növü də insandan ayrılmayan, daim onun yanında olmaqla görəvli olan mələkdir. İnsanın əməllərini yazan mələk haqqında Quran ayəsi isə belədir: «Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın». (Qaf surəsi. 18). Deməli, bu mələk növü də daim və bütün hallarda insanın yanında olur.

İkinci sual: Birdən insan ayaqyolunda ölsə, onun canını da ölüm mələyi almış sayılır?
Cavab: Bəli, onun canını da ölüm mələyi almış sayılır. Sadəcə bu mövzunun sonunda imam Süyutinin (Allah ona rəhmət etsin) sözünü ehtiyat babından dəlillərə əsasən necə demək gərəkdiyini qeyd edəcəyik. Ümumiyyətlə, alimlər ittifaq ediblər ki, insanların əməlləri qeydə alınır, yazılır, istər bu əməllər hörmətli yerlərdə edilsin, istər də xoşagəlməz yerlərdə edilsin, istər bu əməllər itaət halında edilsin, istər də günah və asilik halında edilsin. Uca Allah Qurani-Kərimdə buyurur: «Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!» (əl-Kəhf. 49). Qaldı ki, insanı iki halda (ayaqyolunda olduğu zaman və cinsi münasibət zamanı) mələklərin tərk etməsi haqda ibn Ömərdən rəvayət olan hədisə, bu hədis zəifdir. Tirmizi bu hədisi özü rəvayət etmiş və hədisin ğarib olduğunu demişdir(2). Bədruddin əl-Ayni də bu hədisin zəif olduğunu demişdir(3). Həmçinin, şeyx Albani də bu hədisi zəif hesab etmişdir(4).
Əməlləri qeyd edən mələklərin bu əməlləri necə yazması, bu işin necəliyi haqqında İslamın iki əsas ana məsdəri olan Quran və sünnətdə bir şey varid olmamışdır. Həmçinin, görəsən mələklərin qul ilə bərabər onun getdiyi hər yerə getməsi lazımdırmı? Onun etdiyi hər əməl əsnasında həmin mələklər onunla bərabər qalmalıdırlarmı? Yoxsa, Allah bu mələklərə elə bir qüdrət verib ki, onun etdiyi əməlləri bilməyi və yazmağı onun yanında olmağa ehtiyac duymadan, onun girdiyi hər yerə daxil olmadan edə bilirlər? Müsəlmana gərəkən budur ki, bu cür qeybi məsələlərdən və təfsilatlardan danışmasın. Süyuti (Allah ona rəhmət etsin) demişdir: «Amma əməlləri yazan mələklərin ayaqyoluna daxil olmasına gəldikdə cavab budur ki, biz biz bunu bilmirik, dinimizdə bunu bilməmək ayıblanmaz, bu haqda ümumi cavab odur ki, əgər o iki mələyə (yaxşı və pis əməli yazan) ayaqyoluna girmək əmr edilmişdirsə, onlar oraya girərlər, yaxud da əgər Allah bu iki mələyi ora daxil olmaqdan uzaq tutmuş və onlara ayaqyolu daxilində baş verənləri — yazmaları üçün — agah etmişdirsə, bu zaman onlara nə əmr olunmuşdursa, onu da edərlər(5).

Üçüncü sual: Eyni vaxtda dünyada minlərlə insanlar ölür, bütün bu ölümləri ölüm mələyi eyni vaxtda necə yerinə yetirir?
Cavab: ilk öncə bilmək lazımdır ki, öldürən Allahdır. Necə ki, Qurani-Kərimdə əmr edilmişdir: «De: “Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir.” (Yunus. 104). Həmçinin, uca Allah buyurur: «Sizi Allah yaradıb. Sonra O sizi öldürəcək». (Nəhl. 70). Deməli, Allah öldürməyi Özünə nisbət etmişdir. Sonra Allah ölüm mələyini yaratmış və onu canların alınmasından, yəni ölümdən sorumlu etmişdir. Bu haqda ayət belədir: «De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə. 11).
Uca Allah ölüm mələyi üçün yardımçılar da yaratmışdır. Necə ki, bir ayəti-kərimədə buyurur: «Nəhayət, sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz (mələklər) onun canını alır və bu işə etinasız yanaşmırlar». (əl-Ənam. 61).
İbn Cərir ət-Təbəri və Əbuş-Şeyx Rabi ibn Ənəsdən rəvayət edirlər ki: «Rabidən ölüm mələyi haqqında soruşdular, görəsən ölüm mələyi canları təkbaşınamı alır? Dedi: «Canların alınması işinə ölüm mələyi baxır, bu işdə isə onun köməkçiləri (olan mələklər) var. Sadəcə ölüm mələyi başçıdır. Günçıxandan günbatana doğru bütün addımlar onun tərəfindən olur»(6).
İmam Qurtubi təfsirində demişdir: Uca Allahın bu ayəsi: «elçilərimiz onun canını alır», bundan məqsəd ölüm mələyinin yardımçılarıdır. Bunu İbn Abbas və başqaları demişlər(7).
Həmçinin, ibn Əbi Şeybə, İbn Cərir, İbnil-Munzir, İbn Əbi Hatim və Əbu-Şeyx «elçilərimiz onun canını alır» ayətinin təfsirini ibn Abbasdan rəvayət edirlər ki, o demişdir: «Bunlar ölüm mələyinin mələklərdən olan yardımçılarıdır» (8).
Beləliklə aydın olur ki, ölüm mələyinin mələklərdən olan köməkçiləri var və o çoxsaylı insanların canını istər eyni zamanda və məkanda, istər də ayrı-ayrı zamanda və məkanda təkbaşına almır, onun göstərişi ilə köməkçi mələklər canları alırlar.

Qeydlər və istinadlar:
(1) Səhih əl-Buxari, no: 5949.
(2) Sünən ət-Tirmizi. no: 2800.
(3) Şərh Sünən Əbi Davud. 2/397.
(4) Silsilətud-Daifə. Albani. no: 2300.
(5) əl-Həbəik fi əxbəril-Mələik. səh. 90.
(6) İbn Cərir ət-Təbərinin təfsiri. Eyni ayənin təfsiri.
7) əl-Cəmiu li-Əhkəmil-Quran. Qurtubi. 7/7. Kutubul Misriyyə nəşriyyatı.
8) Hər biri eyni ayənin təfsiri haqqında danışarkən bu məsələni qeyd etmişlər.

Hazırladı: Sahib Əsədov