Əqidə

«O dünyadan kim gəlib ki?!» — Bir sualın cavabı

Bəzi insanlar belə deyirlər: «O dünyadan kim gəlib ki, biz də inanaq?!»

Biz isə onların bu sualına aşağıdakı bəndlərlə cavab veririk:

Birinci: İnsanın bir şeyi görməməsi, o şeyin mövcud olmamasına dəlalət etmir; Havanı gözlə görmədiyimiz kimi…. İnsanların beynini görmədiyimiz kimi…. Mikrobu böyüdücü cihazın köməyi olmadan adi gözlə görmədiyimiz kimi….

Bunu həm elm, həm də ağıl qəbul edir. Eləcə də bu qaydaya əsasən biz cənnəti, cəhənnəmi görməsək də, artıq Allahın bu yerləri yaratdığına inanırıq. Mikrobun mövcudluğunu hər birimiz təsdiqləyirik. Lakin, mikrobun bu əsrdə elmə bəlli olması o demək deyil ki, mikrob bu əsrdə var və başqa əsrlərdə olmayıb!… Əksinə, mikrob bundan əvvəlki əsrlərdə də mövcud olmuşdur. Bunun kimi də başqa gözlə görmədiyimiz və sonradan varlığı isbat edilən şeyləri də buna misal çəkmək olar.

İkinci: O dünyaya olan ehtiyac; Heç kim bu dünyada istəmir ki, əbədi həyatı olmasın. Hər kəs qayğısız və firavan yaşamağı, əbədi yaşamağı, heç ölməməyi arzulayır. Heç kəs qocalmaq istəmir. Qocalsa da ölmək istəmir. Əslində sağlam düşüncəli hər bir insan axirət aləmini, haqq ədalət aləmini arzulayır. Bu dünyada zülmə, haqsızlığa məruz qalmış insanların öz haqlarını almadan, yaxşılıq edənlərin mükafatlanmadan, pislik edənlərin də öz cəzasını çəkmədən bu dünyadan köçməsini, başqa bir aləmdə də bu ədalətin baş tutmayacağını demək sadəcə bir iddiadır. Elə bir insan yoxdur ki, əbədi yaşamağı, ölməməyi və firavan yaşamağı arzulamasın! Bu arzu isə əslində cənnətdə gerçəkləşəcəkdir. Yəni, o insanlar özləri də bilmədən cənnəti arzulayırlar. Cənnətə daxil olan bir də oradan əbədi çıxmaz və naz-nemətlər içində firavan yaşayar. Cənnətdə qocalmaq, ölüm, ağrı-əzab yoxdur. Hətta, orada yorğunluq da olmayacaqdır! Allah biz insanların fitrətini elə yaradıb ki, biz bəzən özümüz də bilmədən cənnəti arzulayır və elə xəyallar qururuq ki, bu yalnız cənnətdə mümkündür! Lakin, heç bu barədə düşünmürük.

 

Üçüncü: Əslində ordan (o dünyadan) bu dünyaya kimsə gəlmir! Lakin, bu dünyadan kimsə o dünyaya gedir; Bu, ümumi bir haldır. Allah insanların belə suallar verəcəklərini bildiyi üçün son peyğəmbərinə o dünyanı, cənnəti və cəhənnəmi göstərmişdir. Bu normalda baş verməyən hal olduğu üçün bizə nisbətdə möcüzə hesab edilir. Lakin, bu o demək deyil ki, insanların əksəriyyəti o dünyanı görməlidirlər. Zatən bu vacib olsaydı, onda bu imtahan dünyasının bir mənası olmazdı. Bu vacib olmayan halı Allah möcüzə ilə gerçəkləşdirmiş, qullarından bəzilərini öldükdən sonra diriltmiş, bəzilərini illərlə yuxuya verib sonra ayıltmış, bəzisinə isə o dünyanı göstərmişdir. Sonuncu Peyğəmbərə cənnəti və cəhənnəmi göstərdiyi kimi. Allah bizdən həqiqi iman sahiblərini bu yolla ayırd edir. Allahın Peyğəmbərinə o dünyanı göstərməsi əslində iman əhlinə kifayət edir və bu Allahın hər şeyə Qadir olmasına dəlalət edir. Lakin, Peyğəmbər o dünyanı görsə də, inananlar və inanmayanlar oldu. Əgər inanmayanlar o dünyanı görən bir insanın, yəni, Peyğəmbərin zamanında olubsa, onda bu günümüzdə də belə insanların olması təbiidir. Dediyimiz kimi insan bu dünyadan o dünyaya gedir, lakin, ordan bu dünyaya gəlmir. İnsan ruhlar aləmindən ana bətninə, oradan da dünya həyatına keçid edir. Heç kiminsə bu dünyadan ana bətninə qayıtdığını görmüsünüzmü?! Onda niyə ölən insanın yenidən dirilməsi istənilsin ki?!! “O dünyadan kim gəlib?” — deyənlər “orada kim doğulub gəlib və ya kim gedib gəlib?” deyə dəqiq bir sual versələr, birinci sualın cavabında oradan kiminsə doğulub gəlməsi mümkünsüzdür. Çünki, insan bu dünyada doğulur, öldükdən sonra o dünyaya, yəni, axirət həyatına gedir. İkinci suala isə cavabı isə odur ki, Muhəmməd Peyğəmbər o dünyaya gedib gəlib və o dünyada gördüklərini ətraflı şəkildə danışmışdır. Lakin, bunun baş verməsi hər bir dövrdə vacib deyildir.

 

Uca Allah Qurani-Kərimdə buyurur:

«Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı məhşərə gətirəcəyik!» (əl-İsra, 104)

 

«Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin!» (əl-Ənam, 27)

 

Son ayədən də göründüyü kimi bu gün Allahı inkar edib öz şəhvəti ilə yaşamaq istəyənlər min cürə bəhanə axtarsalar belə, “o dünyadan kim gəlib” desələr belə, o dünyaya getdikdə əzabın qorxusundan bu dünyaya qayıtmaq və yaxşı əməllər etmək istəyəcəklər. Lakin, artıq o zaman çox gec olacaqdır. Ona görə də gec olmadan tövbə etmək və Allahdan bağışlanma istəmək lazımdır.

 

Dördüncü: Ölüm gerçəyi; İnsan mütləq öləcəkdir. İnsan özünün öləcəyini qətiyyətlə bildiyi halda ölümdən sonrakı həyata, o dünyaya hazırlıq görməməsi özü ağıla ziddir. Çünki, əgər bir insan bilsə ki, səfərə çıxmalıdır, istər istəməz, bu səfərə hazırlaşır və tədarük görür. Səfər çətin olduqca isə daha çox tədarük görülür. Bizə çətin bir səfərə çıxacağını dəqiq bilə-bilə bu səfərə heç bir hazırlıq görməyən bir insan barədə sual verilərsə, çoxumuz o insanın ağılında qüsur olmaqda ittiham edərik. Lakin, nədənsə, axirət səfərinə, ölümə və ya bəzilərinin təbirincə desək “o dünyaya” gedəcəyini dəqiq bilən bir insan bu səfərə heç bir hazırlıq görmür.

 

 Beşinci: Allah Muhəmməd Peyğəmbərə o dünyanı (cənnəti, cəhənnməmi, səmanın yeddi qatını və s.) göstərmişdir;
Allah Muhəmməd Peyğəmbəri İsra gecəsi göy üzünün yüksəkliklərinə (merac səfərinə) qaldırmış, ona səma aləmini, cənnəti, cəhənnəmi və «o dünyadakı» çox şeyi göstərmişdir. O Məhəmməd Peyğəmbər ki, artıq uşaq yaşlarından bütün Qureyşlilərin sevgisini qazanmış, doğru danışmağı ilə məşhur olmuş və hətta «Muhəmmədul-Əmin» adını qazanmışdı. Bütün ömrü boyu doğru danışan, bir dəfə yalan danışdığına şahidlik edilməyən bir şəxs Allah Elçisi olduğunu dedikdə artıq onu yalanlayanlar oldu. Bu da insanların təbii halıdır. İnananlar da olur, inanmayanlar da… «Axirət günü var, yenidən dirilmək var, etdiyimiz əməllərə görə Allah qarşısında cavab verəcəyik» dedikdə, inananlar da oldu, inkar edənlər də. Xülasə, onu deyirik ki, Allah Öz peyğəmbərini merac səfərinə qaldırmış və ona o dünyanı, cənnəti, cəhənnəmi göstərmişdir.

 

Allah bunu Qurani-Kərimdə təsdiqləmişdir. İsra surəsində belə buyurulur:

«Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.»
(əl-İsra, 1)

Altıncı: Sonda isə gəlin Qurani-Kərimdə o dünyadan kim gəlib deyənlərə verilən bəzi cavabları oxuyaq:

«Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.» (Yasin, 77-79)

«Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır? Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər. Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər. Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.» (Tur, 32-36)

«Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar.
Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların dəlili: “Əgər doğru deyirsinizsə, atalarımızı dirildib gətirin!”– deməkdən başqa bir şey deyildir. De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi gələcəyinə heç bir şəkk-şübhə olmayan Qiyamət günü dirildib bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bunu bilmir.

Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar. Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir! Bu Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!”

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir.

Kafir olanlara gəldikdə isə, onlara deyiləcəkdir: “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz. Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!”– deyirdiniz”.

Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri əzab onları bürüyəcək.
və onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz Cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır.

Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır.

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Casiyə surəsi, 24-37)

 

Sonda həmd olsun aləmlərin Rəbbinə!

 

 

Yazdı: Sahib Əsədov.