Məqalələr

Novruz “bayramı”nın tarixi və qeyd etmənin hökmü

“Kim bir qövmə (tayfaya, dinə) bənzəyərsə, o da onlardandır.”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Bayramlar — irqindən asılı olmayaraq — hər bir insanın böyük həvəslə gözlədiyi, təm-təraqla qeyd etdiyi xüsusi günlərdir. İslam dini də, bayram günlərinə xüsusi önəm vermiş və müsəlmanları, həmin günləri gözəl şəkildə qeyd etməyə təşviq etmişdir. Çünki İslam dini — bəzi dar düşüncəli insanların zənn etdikləri kimi «qara bayram» dini deyil, əksinə dinə zidd olmayan bayramları gözəl şəkildə keçirməyə həvəsləndirən mübarək bir dindir.

Cəmiyyətimizdə böyük təm-təraqla qeyd olunan bayramlardan biri də — «Novruz»-dur. Sözlərimizə başlayarkən qeyd etdiyimiz kimi, dinimiz bayram günlərinə xüsusi önəm vermişdir. Lakin, İslam dininin hər bir məsələ üçün həyat düsturu olduğu üçün -bəzi suallara aydınlıq gətirməliyik.. Dinimiz, müxtəlif millətlərin qeyd etdikləri hər bayramı qeyd etməyə icazə verirmi? Hansı bayramları qeyd etməyi dinimiz qadağan etmişdir? Bəzi «bayramların» qeyd olunması nəyə görə qadağan edilmişdir? Bu sualları bacardığımız qədər cavablandırmağa çalışacağıq..

İlk olaraq, «bayram» termininin nə kimi məna kəsb etdiyinə nəzər yetirək: «…Buradakı açıqlamalardan anlaşıldığına görə “Bayram” termini “müəyyən bir zaman içində, dönüşlü bir şəkildə təkrarlanan, «hər kəsin üzünə açıq bir toplantı» mənasına gəlir. Bu dönüşlü təkrarlama — ildən-ilə ola biləcəyi kimi, həftədən-həftəyə və ya aydan-aya ola bilər.. Bayram termini bu təməl mənadan başqa bir neçə mənada da anlaşıla bilər. Bu mənalardan biri “dönüşümlü şəkildə təkrarlanan gün” deməkdir. Ramazan bayramı və Cümə günü kimi.. Bayramın bir digər mənası da müəyyən günlərdəki toplantıdır. Bu terminin başqa bir mənası da, bayram günlərində edilən ibadət və adətlərin cəmidir.» («İqtida’us-Sirat əl-Mustəqim li Muxalifəti Əshəb’ul-Cəhim» 1/483)

İldən-ilə təkrarlanan və hər dəfə insanların böyük həvəslə gözlədikləri bu bayram günlərini əhəmiyyətli hala gətirən — onun səbəbi, mahiyyətidir. Çünki, səbəb və mahiyyət olmadan heç bir şey dəyər kəsb edə bilməz. Sual: «Novruz» bayramının İslam dini ilə əlaqəsi varmı? İnsanlar nə zamandan və hansı səbəbdən dolayı bu bayramı qeyd etməyə başlayıblar? Bu sualların cavabı üçün, Novruz bayramının tarixinə qısaca bir nəzər salaq..

Əvvəla məlumdur ki, Novruz gününün mahiyyəti haqqında müxtəlif fikirlər vardır. Onlardan bəziləri:

Oda (atəşə) ibadət edənlərin «peyğəmbər» olaraq qəbul etdikləri Zərdüşt, səadət və xoşbəxtlik gətirmək üçün xalqa bir «Tanrı» olaraq seçilməsi,

Əfsanəvi kral Təhmuras`ın, pis ruhları və mərhəmətsiz insanları zindana göndərməsi,

Quştasp, Qaetun kraliçası və Jamasp`ın — «yaxşılıq tanrısı» Əhəru-Mazdan`ın dinini — yəni Zərdüştlüyü qəbul etməsi və s.

Bununla yanaşı Novruz`un doğuşu, həmin gün üzərinə düşən günəş şüalarını hiss edən əfsanəvi kral Cəmşidlə də əlaqəlidir. Zərdüştlüyün (atəşpərəstliyin) gizli kitabı olan «Avesta»-nın ideologiyasına görə insanlar hər yaz, həyatın başlanğıcını dünya üzərində altı formada (hava, su, torpaq, bitkilər, heyvanlar və insan) qeyd etmək məcburiyyətindədirlər.

Cəmşidin istəyinə uyğun olaraq zərdüştlər sonradan bu «bayramı» altı gün qeyd etməyə başlamışlar. Fars kralı Cəmşidin adıyla bağlı olan bu «Şəm Nəsim» gününə «Novruz» deyilməyə başladı. «Novruz» sözü fars sözü olub, «yeni gün» deməkdir. Ərəb dilinə «Neyruz» kimi keçən bu bayram, zərdüştlərin (atəşpərəstlərin) ən böyük bayramı hesab olunur və Fars təqviminin ilk günü hesab olunaraq, beş gün (bayram olaraq) davam edir (toplam altı gün).

Bütün bu dediklərimizdən, Novruz bayramının İslam dini ilə heç bir əlaqəsinin olmamasını açıq şəkildə görmüş oluruq. Bu səbəblə də, qeyd etdiyimiz bayram, əslində heç bir millətin (farslar qismən istisna etmək olar) tarixi bayramı deyil, İslam dininə tam əks olan və atəşə sitayiş edən — zərdüştlüyün ən böyük bayramı hesab olunur. Allaha üsyan edərək, yaratmış olduğu atəş`i Ona şərik qoşan bir dinin bayramını qeyd etmək, heç bir müsəlmana yaraşmaz. Məhz bu səbəblə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim bir qövmə (tayfaya, dinə) bənzəyərsə, o da onlardandır.» (Əbu Davud və Əhməd rəvayət etmişdir, səhihdir).

Böyük İslam alimi Muhəmməd ibn Əhməd əz-Zəhəbi bu cür bayramların qeyd olunması barədə belə buyurur: «Doğum günü, Cümə axşamı (qeyd: «Cümə axşamı» deyə xristianların bayramı mövcuddur və bu günə «böyük cümə axşamı» deyirlər) və Novruz kimi bayramlarda zimmət əhlinə (qeyri-müsəlmanlara) bənzəmək, çirkin bir bidətdir. Bir müsəlman, bu cür bayramları bilmədən, (bu cür bayramları) dindən hesab edərək qeyd etsə, tənqid (tənbeh) olunmalı və İslam dininin bu məsələ haqdakı hökmü ona başa salınmalıdır. Əgər zimmət əhlinə sevgi bəsləyərsə və onların bayramlarını sevinclə qeyd edərsə, bu halda da tənqid olunmalıdır. Lakin, adət və əyləncə, habelə ailəsini məmnun edib uşaqlarını sevindirmək üçün bayram keçirərsə, bu zaman həmin insanın halına baxmaq lazımdır. Əməllər — yalnız niyyətlərə görə qiymətləndirilir. Cahil bir kimsə bu mövzuda üzrlüdür və İslam dininin bu mövzu haqdakı hökmü ona gözəl bir şəkildə açıqlanmalıdır. Daha doğrusunu Allah bilir!..» (ət-Təməssuku bi əs-Sunən)

Xalq arasında «Novruz adətləri» kimi qəbul olunan bir çox əməllər isə, özləri ayrıca bir haram hesab olunurlar. Misal üçün: Tonqal üzərindən yeddi dəfə tullanaraq odun günahları silməsinə etiqad etmək (ki, bu — şirk hesab olunur), qapı pusmaq, fala baxmaq və s. Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) iman gətirmiş bir insan, bu bayramın zahirən gözəl görünsə də, əslində necə batil bir bayram olduğunda şübhə etməməlidir. Axı necə ola bilər ki, belə bir «gözəl bayram» olsun və nə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun), nə Onun əhli-Beyti, nə də digər səhabələr bunu qeyd etməmiş olsun?! Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Mədinəyə gələrkən bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. «Bu günlər nədir?» — deyə soruşduqda, onlar: «Cahiliyyət dövründə bu iki gündə oynayardıq..» — dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun), buyurdu: «…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları.» (Əbu Davud. Hədis səhihdir)

Bəzi «dindar» insanların bu bayramı qeyd etməsi həqiqətən çox qəribədir. Əgər onlardan nə üçün bu bayramı qeyd etdiklərini soruşsanız, sizə belə söyləyəcəklər: «Bir dəfə xalq Novruz günü üçün Əli ibn Əbu Talib`ə (Allah ondan razı olsun) bir hədiyyə gətirdi.

Əli soruşdu: «Bu nədir?»

Onlar isə cavab verdilər: «Ey möminlərin əmiri, bu gün Novruz günüdür»

Əli (Allah ondan razı olsun) belə buyurdu: «O zaman hər günü Novruz edək.» 

(«əs-Sunən əl-Kubra», 9/532)

Əslində isə, Əli ibn Əbu Talib belə söyləmişdir «O zaman hər günü (Novruz yox) Feyruz edək!»

İbn Teymiyyə (Allah ona rəhmət etsin) bu haqda belə demişdir: «Əli (Allah ondan razı olsun) onların bayramlarına verdikləri adı belə istifadə etmək istəmədi. Onların bayramları boyunca etdikləri əməllər haqqında isə, heç danışmırıq..» («İqtida əs-Sirat əl-Mustəqim» 1/954)

Həqiqətən, bir bayramın mənşəyi məlum deyilsə və bundan da pisi — bir bayramın təməli — Allahı bir kənara buraxaraq atəşə ibadət edənlər tərəfindən qoyulmuşdursa, müsəlman olan insan, özünü aldatmamalı, belə bir «bayram»-ı qeyd etməməli və Əziz Peyğəmbərimizin tövsiyyəsinə uyğun olaraq iki mübarək bayram olan Qurban və Ramazanla kifayətlənməlidir. Bununla yanaşı, bu cür məsələlərdən «istifadə edərək» İslam dinini «qaranlıq», «bayramsız» bir din kimi qələmə verməyə çalışanlara isə demək istəyirik ki, İslam dini, yer üzündə mövcud olan dinlər arasında ən çox bayramı olan bir dindir. Müsəlmanlar, hər həftə öz bayramlarını — Cümə gününü gözəl şəkildə qeyd edirlər. Necə ki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Günəş cümədən daha xeyirli bir gündə doğmamış və batmamışdır..» (Tirmizi)

Xülasə, İslam dini bayramları qadağan etmir, əksinə, bayramların sayı kifayət qədərdir və əlavə hər hansı bir bayrama heç ehtiyac da yoxdur. Qadağa — batil inanclar üzərinə qurulmuş ideologiyaları təmsil edən «bayramlar»-a aiddir və qeyd etdiyimiz kimi, bunlardan biri də, Novruzdur.

Allahdan diləyirik ki, müsəlmanları bu cür günləri qeyd etmək əvəzinə, daha xeyirli əməllərlə məşğul olmağa, Axirət üçün gözəl işlər görməyə müvəffəq etsin!

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha