Məqalələr

Niyə “Yeni il”i qeyd etmirəm?

Bu “bayram” insanların yaradılış qayəsinə ziddir!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Miladi təqvim yanvar ayına yaxınlaşdıqca, küçələrdə və parklarda, mağazaların vitrinlərində bəzənmiş, rəngli işıqlarla alışıb yanan küknar və şam ağaclarının peyda olmasının şahidi olursan. Adama “gəl-gəl” deyən bu keçici dəbdəbə, bu parıltılı, aldadıcı təmtəraq bir anlıq səni də öz içinə çəkmək istəyərkən nəfsinlə mühasibən başlayır, nə üçün bu “bayram”ı qeyd etmədiyini xatırlayır, niyyətini yeniləyirsən..

“Yeni il”i qeyd etmirəm! Çünki Rəbbim məni yalnız Özünə ibadət üçün xəlq edib. Bu “bayram” insanların yaradılış qayəsinə ziddir. “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.” (Quran, Zəriyət, 56).

“Qoy yeni il sizə xoşbəxtlik, sevinc, sağlamlıq, rifah gətirsin” deyirlər. Xoşbəxtlik və sevinci, sağlamlıq və rifahı Uca Allahdan başqa heç kimin və heç nəyin nəsib etməyəcəyinə etiqad etdiyim üçün “yeni il”i qeyd etmirəm.
“Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, Onun (edəcəyi işin) qarşısını kim ala bilər?” (Quran, Fəth, 11).

Mən “yeni il”i qeyd etmirəm, çünki dinimin kamil olduğunu, heç bir çatışmamazlıq olmadığını, onda ta ki, Qiyamət Gününədək bütün insanların yaşayışı üçün lazım olan hər şeyin əmr edildiyinə iman gətirmişəm. “Yeni il” lüzumlu bayram olsa idi, hər bir xeyirdə öndə gedən Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) onu müsəlmanlara əmr edərdi. “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Quran, Maidə, 3).

“Yeni il”i qeyd etmirəm, çünki dinimi ilkin saflığında, heç bir yenilik və bidət əlavə etmədən yaşamaq, Rəsulullahın (Allahın ona salavatı və salamı olsun) Sünnəsi üzərində Kövsər ətrafında onunla qarşılaşmaq istəyirəm.
Səhl ibn Səd əl-Ənsari və Əbu Səid əl-Xudridən (Allah onlardan razı olsun)rəvayət edilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Hamıdan əvvəl hovuzun başına gələn kəs mən olacağam. Sonra mənim yanımdan keçən kimsə hovuzdan su içər, ondan içən isə əsla susamaz. Onda yanıma mənim tanıdığım və məni tanıyan bir qövm gələcəkdir. Sonra onları məndən ayıracaqlar. Onda Mən: “Onlar mənim ümmətimdəndirlər”– deyəcəyəm. Mənə belə deyiləcək: “Sən bilmirsən, onlar səndən sonra nə yeniliklər ediblər.” Və mən: “Məndən sonra yeniliklər edənlər məndən uzaq olsunlar”– deyəcəyəm. Buxari, Muslim.

“Yeni il” nəsrani bayramıdır. Onlara bənzəyib, Qiyamət Günü kafirlərlə birlikdə həşr edilməmək üçün onu qeyd etmirəm. “Kim bir qövmə bənzəməyə çalışarsa o da onlardandır” Əbu Davud, şeyx Albani səhihləmişdir.

İçki, musiqi, qadın və kişilərin bir-birinə qarışdığı məclislər, israf, qəflət və daha nələr…“Yeni il”i günahlardan və pis əməllərdən uzaq durmaq üçün qeyd etmirəm. “Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır.” (Quran, Zəlzələ, 8)

“Yeni il”i qeyd etmirəm. Çünki Uca Allah mənə ondan qat-qat şərəfli və gözəl iki bayram bəxş edib.
Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin oynayıb əyləndikləri iki bayram günü var idi. Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun): Bu günlər nədir? deyə soruşdu. Mədinəlilər: Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər. Bunu eşitdikdə Allahın rəsulu belə buyurdu: Şübhəsiz ki, Allah Təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir”. ƏbuDavud, Nəsəi, İmam Əhməd. Şeyx Albani (Allah ona rəhmət etsin) səhihləmişdir.

“Yeni il”i qeyd etmirəm, çünki dini mənliyimi dərk edirəm. Anlayıram ki, bu kimi “tolerantlıq”, “müasirlik” nümunələri ilə heç kimi razı sala bilməyəcəm. “Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar.” (Quran, Bəqərə, 120)

“Yeni il”i qeyd etmirəm, çünki bilirəm ki, bir müsəlmanın ən əsas qayəsi Allahı razı salmaqdır.
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa, Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar”. Tirmizi, şeyx Albani səhihləmişdir.

“Yeni il”i övladlarıma gözəl nümunə olmaq üçün qeyd etmirəm. Qoy onların uşaqlıq xatirələri İslam mayası ilə yoğrulsun, nəsrani və yəhudi ənənələri ilə yox. Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) demişdir: “Hər doğulan uşaq yalnız fitrət üzrə doğular. Sonra atası, anası onu ya Yəhudi, ya Xristian, ya da Məcusi edər.” Buxari.

Mən “yeni il”i qeyd etmirəm, çünki Uca Allahla görüşəcəyimi yəqinliklə bilirəm. Onun hüzurunda əməl dəftərim oxunduğu zaman saleh əməllər əvəzinə fani dünyaya aldanışım üçün utanmaqdan qorxuram.
“Axı son dönüşün Rəbbinədir!” (Quran, Ələq,8).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

fəqih.com heyəti