Aktual

niyə seçim axı???-İNTİHAR

Bir insan  mənəvi zorakılığa etiraz edərsə fiziki zorakılıqla üzləşəcək, etməzsə İntiharla. Daxilə etirazla kifayətlənib səbr edə bilmək güclü iradə tələb edir. Əgər istədiyin həyatı yaşamağa imkan verməyənlərə etiraz edə bilməsən daxilinə etiraz edəcəksən. Bu isə əgər hansısa bir qüvvədən güc almırsansa bir gün səni tükədəcək və nəticə nə olacaq?- İntihar. Bizim əslində cəmiyyətdə gördüyümüz intihar hadisəsi son olandır, yəni nəticədir. O vaxta qədər dözüb susan və etiraz etməyən biri vardır. Hər iki halda materiyaya, ötüb keçənə, əbədi olmayana,  zəif olana bağlılıqdır, onsuz qalmağa olan qorxudur səbəb. Odur ki yaradılış qanununa qayıtmağımız gərəkdir, bizi Yaradan vardır. Hansı ki, Yalnız Ona yönəlməyi, sevgidə də, ümiddə də, qorxuda da yalınız Onu mərkəzə qoymağı bizdən istəyir. Və bu qaydanı bizim doğru yaşamağımız üçün öyrədir.

İntihar edən insanlar əksəriyyəti ya dünyada hər bir ləzzətlərə çatıb , yəni özünün ləzzət saydığı hər bir şeyə. Bütün ləzətlərin yalnız bu dünyadakılardan ibarət olduğunu düşünür. Hər şeyə rahatlıqla çatmağa öyrəşdiyi üçün,  bir gün əldə etməsi çətin gələn şeylə rastlaşdıqda o adi bir şey  olsa belə çox ağır və dözülməz gəlir , sonu intiharla nəticələnir. Çünki yenə də yaradılış səbəbini düzgün öyrənməyib, “nə üçün bu dünyadadır?”, deyə düşünməyib. Halbuki insan ağıl sahibidi və mütləq düşünməlidir. Hər şey yalnız bu dünyada olanlardır düşüncəsində olmaqla ruhuna və fitrətinə qarşı çıxmamalıdır.

Başqa biri  intiharı ona görə edir ki, “həyatda nəyə əlimi atıram boşa çıxır, heç nə əldə edə bilmirəm, heç nəyim yoxdur, başqaları kimi ola bilmədim” düşüncəsindədir. Və o da hər nemətin yalnız bu dünyada gördüklərindən ibarət olduğunu düşünür. Beləcə o da fitrətininin əksinə çıxır. Ayağı olub ayaqqabısı olmayan ayağsıza baxmır, gözü olub eynəyi olmayan gözsüzə baxmır. Özündən aşağıya baxa bilmir. Və özündə olan nemətləri görə bilmir.

Lakin yaradılış həqiqətini anlayanlar sevginin mərkəzinə Ali qüvvəyə Yaradana olan sevgini qoyarlar. Onun qoyduğu qanunu oxuyarlar. Ona tabe olarlar. Və Ən üstün olanın qulu olmaq onlara ağır gəlməz. Ondan istəyərlər, Ondan asılı olarlar. Çünki insanlar Yaradandan asılı olmasalar, mütləq başqa qüvvədən asılı olmağa məhklumdurlar. Necə ki yaxşı bir işlə məşğul deyillərsə o zamanı doldurmaq üçün pis olmasa da ən azından faydasız işlə məşğul olacaqlar.

İnsanlar istəsələr də istəməsələr də müəyyən qaydalarla yaşayarlar. Bəşər yaranandan inkişaf etdikcə insanlar qaydalar qoymuşlar. Çünki qaydalar olmadan əmin-amanlığın olmayacağını anlamışlar. Bu qaydalar Ali qüvvənin qaydaları olduğu üçün ona tabe olmaq insana ağır gəlməz. Çünki nəticədə kiminsə zor tətbiq etməsi ilə qaydaya tabe edilməzlər. Və heç kəs bu qayda ilə yaşamağa insanı məcbur etməz. Özü xoşbəxt yaşamaq üçün bunu seçim edər. Və necə ki soyuducu alarkən yanında düzgün işləmə funksiyasını göstərən,  bununla da sıradan çıxmasının qarşısını alan bir kitabça vardır, eləcə də insanı yaradan Allah da müxtəlif dövrlərdə kitablarını  Tövratı ,İncili ,Quranı göndərmişdir. Məhz insanın rahat yaşaması, xoşbəxt olması beyninin şurunun düzgün işləməsi üçün. Bir gün son həddə çatıb İntihar etməsin deyə. Və Allah Öz  kitabında müxtəlif zamanlarda yaşamış ayrı- ayrı peyğəmbərlərin başına gələn imtahanlar çətinliklər onların çıxış yollarını misal çəkmişdir. Və bu tarixdir. Və bu həqiqətdir. Bunu həqiqət kimi qəbul edənlər oxuduqca terapiya kimi özlərini müalicə edərlər sanki. Oxuduqca öz imtahanlarını normal qəbul edər. Çıxış yollarını taparlar. Düzgün şəkildə dua və ümid edərlər.

 

Yusuf peyğəmbər (Allahın ona salamı olsun) quyudaikən, Əyyub peyğəmbər (Allahın ona salamı olsun) quyuda xəstəikən, Yunus peyğəmbər (Allahın ona salamı olsun) balığın qarnındaikən, İbrahim peyğəmbər  (Allahın ona salamı olsun) oddaikən, İsa peyğəmbər (Allahın ona salamı olsun) edamla üz-üzəikən, Zəkəriyyə (Allahın ona salamı olsun)  övlad arzusundaikən,  Məryəm ana (Allahın ona salamı olsun) insanlar tərəfindən tənə edilərkən nə etdilər? Çıxış yolunu nədə gördülər? Özünə qəsd, İntihar çıxış yolumudur? Bütün bunları Alalhın sənin xoşbəəxt olman üçün göndərdiyi qayda Qurani Kərimi oxuduqca anlayacaqsan!

Fitrətinə, sənə verilmiş xoşbəxtlik yoluna qayıt Ey insan, Ey cəmiyyət! Allahın öyrətdiyi bu ayələri oxu!

“Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (hec kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir”. (əl-Ənam,17)

                   

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”.  (əl-Bəqərə 155-157)

O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə rahatlıq tapmışdır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.(Rad surəsi, 28)

“Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır”. (əl-Bəqərə,  214)

“Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik”. (əl-Ənbiyə 35)

Bu kimi ayələri oxumaqla hər şeyin bu dünya ilə bitmədiyini düşünür insan . Və bu ona ümid verir. Axı bizi yaradıb yaşadan Allah bizi tanıyır və necə xoşbəxt və ya bədbəxt ola bilərik onu da bilir. Odur ki bu ayələri verib ki, buna uyğun yaşayaq  necə ki bir əşyanı ixtira edən onun necə işləyəcəyini hamıdan yaxşı bilir. Və əgər o işləmə qaydalarını yazmasa idi bu ağılsızlıq kimi görünər və ixtira edilən əşyanı düzgün işlətmək mümkün olmazdı. İnsanın da düzgün yaşaması üçün bu qaydaları oxuması onun şüurunda iz buraxır və həyatının hansısa bir anında onları düşünmək ona vəziyyətdən çıxış üçün yardımçı olur. Və sonra insan çıxılmaz vəziyyətə düşdükdə qaydaları ilə yaşadığı O qüvvəyə — Allaha rahatlıqla yönələ bilir və onun bu vəziyyətdən çıxarmasını sanki tələb edir, istəyir. Və bu inancı, etiqadı ona ümid verir. İntihardan çəkinir!

Müəllif: FEQİHCOM heyəti