Məqalələr

Nəsihəti necə etməli?

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hər bir insanın təbiətində xəta etmək vardır. Bu xətalardan bəzilərində isə Allaha asilik olduğu üçün Onun qəzəbinə düşmə təhlükəsi də vardır. Ona görə insan xəta etdikdə tez xətasını düzəltməyə çalışmalıdır. Çünki xəta üzərində qalmaq, davam etmək insanın özünə, hətta cəmiyyətə belə ziyan gətirir. İnsanların etdikləri xətaya görə ümumi bəla gəldikdə həmin yerdə olan bütün insanları bürüyür.Ona görə İslam dini xəta edənlərə nəsihət etməyi müsəlmanın müsəlman üzərində haqqı kimi qoymuş və vacib buyurmuşdur. Nəsihət etmək təkcə dini deyil, həmçinin dünyavi məsələlərə də aid edilə bilər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: »Din nəsihətdir. (Səhabələr) »Kimin üçün ey Allahın elçisi!’ dedikdə, O (Allahın ona salavat və salamı olsun) , buyurur »Allah üçün, kitabı üçün, Peyğəmbəri üçün, müsəlmanların imamı üçün və bütün insanlar üçündür». (Muslim)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) nəsihətin nə qədər önəmli olmasını nəzərə alaraq bir çox işlərdə şura quraraq səhabələrin nəsihətlərini  dinləyərdi. Necəki səhabələrinə »Xəta etdikdə işarə edin», »Məndə sizin kimi bir bəşərəm, sizdə unutduğunuz kimi məndə unuduram. Unutduqda mənim yadıma salın» və s. buna oxşar ifadələr işlətmişdir.

Əhzab döyüşündə Salman əl-Farisi (Allah ondan razı olsun) xəndək qazılması fikrini irəli sürdükdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu qəbul etmişdi. Baxmayaraq ki bütün insanlara ən düzgün nəsihət edən onun özü idi.

Nəsihət olunan kəs bilməlidir ki ona Allah üçün nəsihət edən qardaşı onu həqiqi sevgi ilə sevdiyindən bu əməli edir. Onun etdiyi xətalara göz yumub əzaba düçar olmasını istəmir. Həqiqi sevgi ilə sevməyən isə qardaşında xəta gördükdə onu düzəltməyə çalışmır, onunla münasibətinin pozulmasından ehtiyat edir. Halbuki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: »Sizlərdən biriniz özünə istədiyini müsəlman qardaşına istəməyincəyə qədər iman gətirmiş olmaz».

Bir kəsdə xəta gördükdə onu söyləyən hər kəs »mən nəsihət edirəm» desə də bu heç də belə deyildir. Çünki nəsihət Quran və sünnəyə uyğun olmadıqda nəsihət sayılmaz. Belə ki,

— Batil əqidələrə yönəldən kəsin etdiyi nəsihət, nəsihət sayılmaz.

— Haram işlərə yönəldən kəsin etdiyi nəsihət, nəsihət sayılmaz.

Unutmayaq ki, İblis də Adəm (Allahın ona salamı olsun) və Həvvaya nəsihət qapısından yaxınlaşmış, onları azdırmağa çalışmışdı. Bu əməli edəcəyinə and içmiş və istəyinə nail olmuşdu.

»(Üstəlik) onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi.  Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi«.(Əraf, 21)

Məhz buna görə də müsəlman kimlə otur-dur etdiyinə baxmalıdır. Əgər dostu onu batil əqidəyə, pis, haram yollara dəvət edirsə demək ki şeytan Adəm (Allahın ona salamı olsun) və Həvvanı azdırdığı kimi dostu vasitəsilə onu da azdırmaqdadır.

Gözəl söz, yaxşı üslub və münasib məkan edilən nəsihətin qəbul olmasında mühüm rol oynayır. Uca Allah buyurur:

«Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar«. (Ali İmran, 159)

Digər bir ayədə buyurur:

«Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Ta Ha, 17-18)

Yalnız bu cür üslubla  qəlbləri fəth etmək mümkündür. Nəticəyə çatmaq mümkündür. Düzgün nəsihət etməyənin, nəsihət etməyindənsə susmağı daha yaxşıdır. Bilin ki, daxilində təhqir ifadəsi olan nəsihətlər qəbul olunmayan nəsihətlərdir.

Həmçinin bir kəsin öz zənninə əsasən qacrdaşında xəta tutub, nəsihət etməyə haqqı yoxdur. Nəsihət etmək istədikdə xətanı dəqiqləşdirmək lazımdır. Əks halda qardaşına  qarşı zülm etmiş olarsan.

Nəsihət edən kəs nəsihət etdiyi məsələnin əhli olmalıdır ki qarşısındak kəsi düzgün yönəltmiş olsun. Nəsihət edən kəs kim  olduğunu bildirməlidir ki qarşısındakı kəs nəsihəti kimdən götürdüyün bilsin. Nəsihəti edən kəs qarşısındakının halını düzgün qiymətləndirməyi bacarmalıdır ki, nəsihətinin sonunda istədiyi nəticəyə nail ola bilsin.

Nəsihət gizlində edilməlidir. Əks halda bu nəsihət yox təhqir sayılır. Bəzən insanlar camaat arasına çıxaraq nəsihət edirmişlər kimi bir kəsin eyibini deməyə başlayırlar. Belə olan halda qarşıdakı insan ondan nəsihəti qəbul etməz, əksinə bu əməlinə görə qınayar. Beləliklə, nəsihəti edən kəsin lap başlanğıcdan onu düz etmədiyinə görə nəsihəti rədd edilər!

Fuddeyil ibn İyad buyurur: »Mömin gizlədər və (düzgün) nəsihət edər. Facir isə təhriq edər, onu yayar».

Bəli gizlətmək və nəsihət etmək möminin sifətlərindəndir. Yayamaq, acılamaq isə facir pis zalım insanın sifətlərindəndir.

Kim qardaşına gizlində nəsihət edərsə, ona düzgün nəsihət etmiş, gözəlləşdirmiş olur. Kim ki, hamının qarşısında nəsihət edirsə onu alçaltmış, təhqir etmiş olur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Leave a Comment