Müxtəlif Seçilmişlər

Nədir səni ağladan?

Nədir səni ağladan? Göz yaşın yağış-leysan…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Nədir səni ağladan?
Göz yaşın yağış-leysan,
O damlalar dəyərmi?
Düşün bir dəqiqə, dayan…

Bəlkə ağlayırsan,
Dünya qalmaqalından,
Pisliyin qələbəsindən,
Narazısan dövrandan?

Nədir səni ağladan?
Gələcək? Gün-güzəran?
Yoxsulluq, kasıbçılıq…
Bezmisən qayğılardan?

Bəlkə də yorulmusan,
Artan bahaçılıqdan,
Vaxtında verilməyən
O cüzi pensiyadan?

Nədir səni ağladan?
Geyimindəki nöqsan,
Yoxsa səbəb qüssənə
Pis qiymətli imtahan?

Yainki qovuşmadan,
Ayrılmısan yarından?
Uzun-uzun qurduğun
Nakam arzularından…

Ya göz yaşı axıdırsan,
Qəfil gələn sondan,
Ölüm uzaqmı saldı,
Sevdiyin doğmalardan?

Nədir səni ağladan,
Kədər içində boğan,
Bəlkə həzin musiqi
Arxa fonda çalınan?

Yoxsa ki, ağlayırsan
Baxdığın tamaşadan,
Təsirlənib aktyorun
Sentimental rolundan?

Ya islanıb yağışdan,
O canını tapşıran,
Bapbalaca küçüyün
Halına acıyırsan?

Nədir səni ağladan?
Düşün bir dəqiqə, dayan…
Bəsdir qəflətə uydun,
Silkələn, haydı, oyan!

Ey Adəm oğlu, insan…
Bu dünyanı yaradan,
Tək Xaliqin önündə,
Nə az ağlayırsan?!

Əgər Allahı ansan,
Layiqincə tanısan,
O əzəmət önündə
Halından utanarsan.

Axıtdığın yaşlardan,
Onların puçluğundan.
Fani olana möhkəm
Bağlanma sən, həyalan.

Ehtiraslarına uyan,
Həvanı ilahlaşdıran,
İki dünyada da bil ki,
Xar olar, həm uduzan.

Məgər əlacsızmısan?
Bəyəm tənha qalmısan?
Rəbbin daim səninlə,
Neçin unudursan?

Allahdan nazil olan,
Möcüzə Kəlam- Quran
Dəva olar dərdinə,
Düşünərək oxusan.

Ətrafına bir boylan,
Bu yer, bu göy, bu ümman…
Şükr etməkçün səbəbdir,
Hər nemət əta olan.

Dinlə… Oxunur azan.
Hər azan yeni başdan,
Möhlətdir təmizliyə,
Pay götür o avazdan.

Allahın hüzurundan,
İlahi sığınacaqdan,
Daha səlim yer hanı?
DOST görüşünə yollan.

Bu görüşdə yox üsyan,
Qürrə eyləməz tüğyan,
Təslim olar nəfs Rəbbə,
Utanar cılızlığından…

“MƏN”inin ovsunundan,
O sərtləşib, daşlaşan,
Qəlblər həlimləşər,
Qurtular öz torundan.

Əgər ağlayacaqsan,
Ağla, bax, elə o an…
Ruhun təmizlənsin,
Axan göz yaşlarından.

Əgər ağlayacaqsan,
Ağla günahlarından,
Sığınaraq Rəbbinə,
Cəhənnəm alovundan.

Əgər ağlayacaqsan,
Çətin olan imtahan
Gözləyir səni. Ağla ,
Qiyamət sorğusundan.

Əgər ağlayacaqsan,
Səfil qayğısızlığından,
Daha layiq qüssənə
Hədər etdiyin zaman.

Əgər ağlayacaqsan,
Ağla, sən, ey müsəlman,
Qardaşının halına,
Zülmə məruz qalan.

Əgər ağlayacaqsan,
Təmtəraq caynağından,
Qaça bilmədin, ağla,
Şan-şöhrət batağından.

Əgər ağlayacaqsan,
Dilinin bəlasından,
Qəhərlən için-için,
Kimlərə vurdun ziyan…

Əgər ağlayacaqsan,
Ağla arxayınlığından,
Miskinlə bölüşmədən,
Nuş etdiyin loxmadan.

Əgər ağlayacaqsan,
Ağla, eylə sən tufan,
Mala, daşa, insana,
İlahtək bağlılıqdan.

Əgər ağlayacaqsan,
Süzülsün damlalardan,
Hər naqis ibadətin,
Xilas ol, səhlənkarlıqdan.

Əgər ağlayacaqsan,
Xeyir yarışından
Arxaya qaldın, ağla
Əzm göstər, savab qazan.

… Dinlə, oxunur azan …
Hər azan yeni başdan,
Fürsətdir təmizliyə,
DOST görüşünə yollan.

Əgər ağlayacaqsan,
Ağla, bax, elə o an!

 

Umm Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha