Müxtəlif

Nə üçün Allah bizim dualarımızı qəbul etmir?

İbrahim bin Ədhəm (Allah rəhmət etsin) adlı alimdən soruşurlar: Uca Allah deyir ki, “Mənə dua edin, Mən də sizin duanızı qəbul edim!” (Ğafir: 60), amma biz dua edirik, duamız qəbul olunmur?! Səbəb nədir?!

 

Alim onların bu sualına belə cavab verdi

Çünki sizin qəlbləriniz on şey ilə ölmüşdür;

  • Allahı tanıyırsınız, amma Onun haqqını vermirsiniz;
  • Allahın kitabını oxuyursunuz, amma ona əməl etmirsiniz;
  • Şeytana düşmən olduğunuzu iddia edirsiniz, amma onu dost tutursunuz;
  • Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) sevdiyinizi iddia edirsiniz, amma onun kəlamlarını və sünnəsini tərk edirsiniz;
  • Cənnəti sevdiyinizi iddia edir, amma onun üçün heç nə etmirsiniz;
  • Cəhənnəmdən qorxduğunuzu deyir, amma günahlardan əl çəkmirsiniz;
  • Ölümün haqq olduğunu söyləyirsiniz, amma onun üçün hazırlaşmırsınız;
  • Başqalarının eyibləri ilə məşğul olub, öz eyiblərinizdən bixəbər qalmısınız;
  • Allahın ruzisini yeyir, amma Ona şükr etmirsiniz;
  • Nəhayət, ölülərinizi dəfn edirsiniz, amma heç ibrət almırsınız.

Feqih.com heyəti