Məqalələr

Nafilə namazlar

Könüllü qılınan namazların fəziləti

Rəhimli və mərhəmətli Allahın adı ilə

Həmd olsun Allaha. Peyğəmbəri Muhəmmədə, onun ailəsinə, əshabına və qiyamətə qədər onların yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.

Əziz qardaşım və bacım! Uca Allah bizə gün ərzində beş vaxt namaz qılmağı vacib etmişdir. Bu namazların dinin dirəyi və əsası olmasına heç kəs şübhə etmir. Lakin uca Allah bizə bu namazlardan savayı, “könüllü” adlanan namazlar da buyurmuşdur. Dinimizdə beş vaxt namazdan əlavə nə namaz varsa, onların hamısı “könüllü” (ərəb. tətavvu) adlanır.

Talha bin Ubeydullah (Allah ondan razı olsun) deyir ki, Nəcd əyalətindən bir kişi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlmişdi. Onun saçları pırtlaşıq, danışığı isə anlaşılmaz idi. O Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) yaxınlaşdıqda, onun İslam haqqında soruşduğu məlum oldu. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Gün ərzində beş vaxt namaz qıl.” Kişi dedi: “Bundan başqa mənə nəsə vacibdir?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Xeyr. Yalnız istəsən könüllü şəkildə əlavə namaz qıla bilərsən.” (Buxari rəvayət etmişdir).

Könüllü qılınan namazların fəziləti

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qiyamət günü bəndənin ilk hesab olunacağı əməli, namaz olacaqdır. Uca Allah Özü yaxşı bildiyi halda, mələklərinə belə deyəcəkdir: “Baxın görün bəndəm fərz namazlarını tam qılıb, yoxsa nöqsanlıdır?” Əgər namazları tamdırsa, tam olaraq qeydə alınar. Əgər namazlarında hansısa nöqsan olarsa, uca Allah belə deyər: “Baxın görün bəndəmin könüllü qıldığı namazı varmı? Əgər onun könüllü namazı varsa, bəndəmin fərz namazlarındakı nöqsanını tamamlayın.” Bundan sonra bütün əməllər bu əsasla ölçüləcəkdir.” (Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət edib).

Ratibə sünnətlər

Dəyərli qardaşım və bacım, Allah səni bağışlasın! Bil ki, dinimizdə ratibə sünnətlər dedikdə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) qıldığı, yaxud beş vaxt fərz namazlarla birlikdə, ya əvvəl, ya da sonra qılmağa təşviq etdiyi namazlar nəzərdə tutulur.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu namazlara aşağıdakı sözü ilə təşviq etmişdir: “Müsəlman bəndə gün ərzində fərz namazlardan savayı on iki rükət namaz qılarsa, Allah onun üçün cənnətdə mütləq ev tikər.” (Muslim rəvayət etmişdir).

Əziz oxucu!

  1. Sübh namazının ratibəsi fərz namazdan öncə iki rükətdir.

Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Fəcr namazının iki rükət sünnət namazı dünya və onun içindəkilərdən xeyirlidir.” (Muslim rəvayət etmişdir).

  1. Zöhr namazının ratibəsi dörd rükət öncə, iki, yaxud dörd rükət sonradır.

Ummu Həbibə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: “Kim zöhr namazından öncə və sonra dörd rükəti daima qılarsa, Allah onu cəhənnəmə haram edər.” (Tirmizi və İbn Macə rəvayət etmişdir).

Zöhr namazından sonra iki rükət də qılmaq olar. Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zöhrdən öncə mənim evimdə dörd rükət qılar, sonra çıxıb camaata fərz namazı qıldırar, sonra gəlib evdə iki rükət qılardı. (Muslim rəvayət etmişdir).

  1. Əsr namazının ratibəsi namazdan öncə dörd rükətdir.

İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Əsr namazından öncə dörd rükət qılan kimsəyə Allah rəhmət etsin.” (Əhməd, Tirmizi və Əbu Davud rəvayət etmişlər).

  1. Məğrib namazının ratibəsi namazdan sonra iki rükətdir.
    Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) camaatla məğrib namazını qılar, sonra evə gəlib iki rükət qılardı.” (Muslim rəvayət etmişdir). 
  1. İşa namazının ratibəsi fərz namazdan sonra iki rükətdir.
    İbn Ömər (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) on rükət ratibə öyrənmişəm… İşa namazından sonra evində iki rükət qılardı.” (Buxari və Muslim).

Gecə namazı və vitr

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Ramazan ayından sonra ən üstün oruc Allahın Muhərrəm ayında tutulan orucdur. Fərz namazdan sonra ən üstün namaz isə, gecə namazıdır.” (Muslim rəvayət etmişdir).

Abdullah bin Ömər (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Gecə ən sonuncu namazınız vitr olsun.” (Buxari və Muslim).

Aişə (Allah ondan razı olsun) deyir ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İşa namazını yekunlaşdırdıqdan sonra sübhə qədər on bir rükət qılardır. Hər iki rükətdə salam verər və sonda bir rükət vitr qılardı…” (Muslim rəvayət etmişdir).

Ramazan ayında qılınan təravih namazları da gecə namazı hesab olunur. Bu namazları camaatla qılmaq olduqca savablıdır.

İşraq namazı

Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Hər bir oynağınıza gündəlik sədəqə düşür. Hər bir “Təsbih” (sübhənəllah), “Təhmid” (əlhəmdulilləh), “Təhlil” (Lə iləhə illəllah), “Təkbir“ (Allahu əkbər) demək sədəqədir. Yaxşı işləri əmr etmək, pis işlərdən çəkindirmək sədəqədir. Amma duha vaxtı iki rükət namaz qılmaq bütün bunları əvəz edir.» (Muslim rəvayət etmişdir).

Bu namazı iki, dörd, altı, səkkiz, yaxud on iki rükət qılmaq olar.

Dəstəmazdan sonra iki rükət qılmaq

Osman bin Əffanın (Allah ondan razı olsun) mövlası Umran deyir ki, mən gördüm ki, Osman bin Əffan (Allah ondan razı olsun) bir qab su gətizdirdi. Suyu əlinə tökdü və əlini üç dəfə yudu, sonra sağ əlini suqabına salıb ağzına və burnuna su alıb yaxaladı, sonra üç dəfə üzünü yudu, sonra sonra hər iki əlini dirsəklərə qədər üç dəfə yudu, sonra başına məsh etdi, daha sonra isə ayaqlarını topuqlara qədər yudu və dedi: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: Kim mənim bu dəstəmazım kimi dəstəmaz alar, sonra fikri başqa işə yayınmadan iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar.” (Buxari və Muslim).

Məscidə salam namazı

Müsəlman məscidə daxil olarkən iki rükət namaz qılmalıdır.

Əbu Qatadə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Biriniz məscidə girərkən oturmadan öncə iki rükət namaz qılsın.” (Buxari və Muslim).

Azan və iqamə arasında iki rükət qılmaq

Abdullah bin Muğəffəl (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İki azan arasında namaz qılınır, iki azan arasında namaz qılınır, üçüncü dəfə eyni sözləri dedikdən sonra “kim istəyirsə” sözünü əlavə etdi.” (Buxari və Muslim).

Hədisdə deyilən iki azan sözündə, azan və iqamə nəzərdə tutulur.

Tövbə namazı

Əli bin Əbu Talib (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: “Bir insan günah edər, sonra qalxıb dəstəmaz alar və iki rükət namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu mütləq bağışlayar. Sonra bu ayəni oxudu: “O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.” (Ali İmran: 135).” (Tirmizi və Əbu Davud).

Cümədən öncə qılınan namaz

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim qüsl alar, sonra cüməyə gələr və qədərində olan qədər namaz qılar, sonra imam xütbəsini bitirənə qədər onu dinləyər, daha sonra imamla birlikdə cüməni qılarsa, növbəti cüməyə və əlavə üç günlük günahları bağışlanar.” (Muslim).

Cümənin sonrakı sünnəti

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Biriniz cüməni qıldıqdan sonra dörd rükət namaz qılsın.” (Muslim).

Səfərdən gəldikdə qılınan iki rükət

Kəəb bin Malik (Allah ondan razı olsun) deyir ki, “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səfərdən gəldikdə əvvəlcə məscidə gedər, orada iki rükət qılar, sonra camaatla həmsöhbət olardı.” (Buxari və Muslim).

İstixarə namazı

Cabir bin Abdullah (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə hər-hansı işə görə istixarə etməyi Qurandan öyrətdiyi bir surə kimi öyrədərdi. O belə öyrədirdi: “Biriniz bir iş görmək qərarına gəldikdə, fərz olmayan (könüllü) iki rükət namaz qılsın sonra isə bu duanı oxusun…(istixarə duasını oxuyardı.)” (Buxari).

Kusuf və Xusuf namazları

Bu cür namazlar Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) tərəfindən təkidlə deyilmiş sünnələrdən sayılır.

Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vaxtında günəş tutuldu. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) camaata namaz qıldırdı…”

Bu namazı məsciddə camaatla qılmaq daha məqsədəuyğundur. Lakin bu namaz üçün azan və ya iqamə oxumaq lazım deyil.

İki bayram namazı

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) iki bayram namazını daim qılmış və camaata da bu namazı əmr etmişdir.

Ummu Atiyyə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) iki bayram namazında dul qadınların və gənc qızların bayram namazına gəlməsini tələb edirdi…” (Buxari və Muslim).

Yağışın yağması üçün qılınan namaz

Müsəlmanlar qıtlıq və quraqlıqla üzləşdikdə, onlara namaz qılıb dua edərək yağış istəmək əmr olunub.

Aişə (Allah ondan razı olsun) deyir ki, insanlar yağış qıtlığından Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) şikayət etdilər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) minbərinin açıq sahəyə qoyulmasını əmr etdi və namaz qılmaq üçün camaata gün təyin etdi.

Aişə deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) günəş üfüqdən çıxmağa başlayanda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) minbərə çıxdı və Allaha həmd-səna edib dedi: “Siz quraqlıqdan və yağışın vaxtından gecikməsinə görə şikayət edirsiniz. Allah sizə belə halda dua etməyinizi əmr edib və sizin duanızı qəbul edəcəyini də vəd verib.”

Cənazə namazı

Dünyasını dəyişmiş müsəlman üçün cənazə namazı qılmaq lazımlı işdir və bunun böyük savabı vardır.

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim cənazə olan evdən başlayaraq cənazə ilə çıxar, ona namaz qılar, sonra dəfn olunana qədər onu müşayiət edərsə, onun üçün iki qirat savab olar. Hər qirat Uhud dağı böyüklükdədir. Kim ancaq cənazə namazını qılar və geri qayıdarsa, Uhud dağı qədər savab alar.” (Buxari və Muslim).

Təvafdan sonra qılınan iki rükət

Kəbə evinin ətrafında yeddi dəfə təvaf etdikdən sonra iki rükət qılmaq sünnədir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!”…” (əl-Bəqərə: 125).

Hədislərdə də deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) İbrahim Məqamına yaxınlaşır, onun arxasında üzü kəbəyə dayanıb orada iki rükət namaz qılır. İki rükətdə ixlas, fələq və nas surələrini oxuyardı. (Muslim).

Quba məscidində qılınan namaz

Səhl bin Huneyf (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim evindən çıxıb bu məscidə (Quba məscidinə) gələr və orada iki rükət qılarsa, ümrə etmiş kimi savab qazanar.” (Nəsai və İbn Macə).

Nafilə namazla əlaqəli əhkamlar:

1 – Nafilə namazı evdə qılmaq daha yaxşıdır;
2 – Nafilə namazı az da olsa daim qılmaq yaxşıdır;
3 – Nafilə namazı oturub qılmaq icazəlidir;
4 – Nafilə namazı minikdə qılmaq olar;
5 – Nafilə namazı səfərdə qılmaq olar;
6 — Nafilə namazda Quranı daha çox qiraət etmək yaxşıdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti