Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
Bu gün, demək olar ki, cəmiyyəti öz ağuşuna almış bir amil də musiqidir. Bu barədə tez-tez soruşulur və təəssüflər olsun ki, bu gün özünü dindar sayan, həqiqətdə isə, nəfsinin istəklərinə tabe olan insanlar ortaya çıxmışdır ki, musiqini halal bilib onun cəmiyyətdə hansı fəsadlar törətdiyinə göz yumurlar. Musiqinin haram olması barədə Quranda üç dəlil vardır. Bunlardan birincisinə Loğman surəsində rast gəlmək olar.
Burada Uca Allah buyurur: “İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini sarsıdıcı bir əzabla müjdələ!” Loğman 6-7.
Allahın kitabını daha yaxşı bilən, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) mədrəsəsindən çıxan səhabələr bu ayənin musiqi haqda olduğunu qəbul etmişlər. Abdullah ibn Məsud (Allah ondan razı olsun) həmin ayəni təfsir edərkən: “Şəriki olmayan Allaha and olsun ki, burada mahnı, musiqi nəzərdə tutulur”– deyərək üç dəfə təkrar etmişdi. Təfsir ibn Kəsir 3/442.
Həmçinin Abdullah ibn Abbas (Allah onlardan razı olsun) bu ayə haqqında buyurmuşdur: “Ayədəki “boş-boş sözlər” mahnı oxuma və ona bənzər şeylərdir”. Buxari, “Ədəbul-Mufrad” kitabı, 786.
Eləcə də, səhabələrdən olan Abdullah ibn Ömər və Cəbir ibn Abdullah (Allah onlardan razı olsun) da ayənin musiqi haqqında enmiş olması görüşündədirlər. O cümlədən Mucahid, İkrimə, Səid ibn Cubeyr, Qatədə və İbharim ən-Nəxəi bu fikri təsdiqləmişlər.
Həqiqətən də musiqi haram olan əyləncənin bir növüdür. Bu fikri təsdiqləyən başqa bir ayə isə ən-Nəcm surəsində nazil olmuşdur. Bu məqamla bağlı Uca Allah belə buyurur: “Siz bu kəlama təəccübmü edirsiniz, gülürsünüz, heç ağlamırsınız və oynayıb əylənirsiniz?” ən-Nəcm surəsi, 59-61.
Abdullah ibn Abbas (Allah onlardan razı olsun) və Mucahid (Allah ona rəhmət eləsin) bu ayə haqqında: “O, mahnıdır” — demişlər.
Digər bir ayədə isə Uca Allah belə buyurur: “Onlardan gücün çatdığı kimsələri səsinlə (günaha) təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər”. əl-İsra surəsi, 64.
İbn Qeyyim (Allah ona rəhmət eləsin) bu ayə ilə bağlı demişdir: “Allaha itaətdən kənarda olan istənilən növ səs şeytanın səsidir. Onu əmr etdiyi və onu bəyəndiyi üçün şeytana nisbət edilmişdir. Musiqi səsi, ölü üçün fəryadetmə, nəfəs alətləri, simli, elektron və başqa bütün növ calğı alətlərinin səsləri, Adəm oğullarının canını sıxan, onlara ehtiraslı vəsvəsələr verən və onları narahat edən şeytanın səslərindəndir. Musiqi səsi qəlblərə dinclik, sevinc verən, onları sakitləşdirən və Rəbbinə xuşu ilə ibadətə sövq edən Quran səsinin ziddinədir”. əl-Kəlamu Alə Məsələtus-Səma, 379-380.
Ardı var…
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Müəllif: Ramil Soltanov