Məqalələr

Müsəlmanın həyatında Tövhidin yeri

Həqiqətən bu həyatda məqsədlərin ən böyüyü və hədəflərin ən ucası Göylərin və Yerin Rəbbi olan Uca Allahı təkləşdirmək

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Həqiqətən bu həyatda məqsədlərin ən böyüyü və hədəflərin ən ucası Göylərin və Yerin Rəbbi olan Uca Allahı təkləşdirmək, Onun varlığını təsdiq edərək, Ona təslim olaraq, Onun qarşısında zəlil olaraq qorxu, ümid, sevgi ilə ilə dini yalnız Ona yönəltmək, ixlasla Ona ibadət etmək və bununla birlikdə şirkdən, onun böyük və kiçiyindən, gizli və aşkarından çəkinməkdir.

Bəli, məhz bu ən uca məqsəddir. Uca Allah məxluqatı məhz elə buna görə yaradıb.

Uca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56)

Bu o uca məqsəddir ki, Allah Təalə buna görə peyğəmbərlər göndərib və  kitablar endirib. Uca Allah buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!”  (Nəhl, 36)

Digər bir ayədə isə buyurur: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək. ” (Ənbiya, 25)

Insanların ALLAH qatında mömin və kafir kimi ikiyə ayrılması, məhz Cənnət və Cəhənnmin yaradılması yalnız və yalnız tövhidə görədir.

Tövhidin möminin həyatənda yeri olduqca mühüm və böyükdür. Bunlardan bir neçəsini zikr edə bilərik:

1) Tövhidin sayəsində qul həqiqi həyat yaşayır və bununla da Bağışlayan və Rəhimli olan Allahın kərəmini və nemətlərini qazanır. Tövhidsiz isə o, heyvanların həyat tərzi kimi həyat sürür. Necə ki, Uca Rəbbimiz Quranda buyurur: “Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.”  (Furqan, 44)

2) Həqiqətən əgər bir qulda tövhid itərsə, o meyit hesab olunur, hətta o, yer üzündə gəzib dolaşsa belə. Lakin tövhidi yaşayan kəs həqiqi həyata sahib olur. Allah Təalə buyurur: “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.” (Anam, 122). Ayədə məqsəd: yəni Biz onu iman və tövhidlə diriltdik-anlamına gəlir.

Digər bir ayədə Uca Allah buyurur: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.” (Anfal,  24)

3) Tövhidlə məmləkətlər və bədənlər əmin amanlıqda olur.

Hər bir insan istəyər ki, dünyada ikən o, sıxıntılardan və qorxulardan əmin-amanlıqda olsun və o, dünyada ikən əmin-amanlığı özü üçün böyük bir nemət hesab edir. İnsan aclıqdan əmin olmaq üçün özünə ruzi toplayır, xəstəlikdən əmin olmaq üçün özünü qoruyur, düşməndən əmin olmaq üçün güc toplayır. Hər bir insan insan istəyər ki, əmin-amanlıqda olsun. Bəs axirətin əmin-amanlığını necə qazanmaq olar?! Halbuki o əbədi həyətın əmin-amanlığıdır… Uca Allah bizə dünya və əbədi həyat olan axirət yurdunun əmin-amanlğını qazanmamız üçün hidayət yolunu göstərmişdir. Allah Quranda buyurur:  “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam, 82)

Digər bir ayədə isə buyurur: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə — yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə — onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!” (Nur, 55)

4) Tövhidlə qulun rahatlığı və səadəti təmin olunur. Uca Rəbbimiz buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (Nəhl,97).

Digər bir ayədə buyurur:  Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.(Ta ha, 123).

Başqa bir ayədə buyurur:  “Ta, Ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi). (Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). ” (Ta hə, 1-3). Yəni onu sənə ancaq sən və sənə tabe olanlar səadət tapsın deyə endirdik.

 Ardı var…

AbdulMuhsin AbdurRazzaq Al-Badri “Tövhidin müsəlmanın həyatındakı yeri” 

                                                Ərəb dilindən tərcümə və əlavələr etdi: Abu İsmayil

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha