Məqalələr

Müsəlmana “kafir” deməyin hökmü

Müsəlmanın dili ilə qazandığı böyük günahlardan biri də onun digər bir müsəlmana «kafir» deməsidir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Müsəlmanın dili ilə qazandığı böyük günahlardan biri də onun digər bir müsəlmana «kafir» deməsidir. Özü ilə düşmənçilik, fitnə-fəsad, səbəbsiz yerə günahsız insanların qanlarının tökülməsi kimi fəlakətlər gətirməsi, bu əməlin böyük bəla olduğunu səciyyələndirən başlıca xüsusiyyətlərdir.

Bu günahın tarixi çox qədimdir və təəssüf ki, dövrümüzdə də geniş yayılmışdır. Ən acınacaqlı hal isə budur ki, belə harama baş vuranlar bunun cəmiyyətdə hansı fəsadlara gətirib-çıxaracağının fərqində deyillər. Unutmamalıyıq ki, bu əməlin sahibi günah qazanmaqla yanaşı, həm də çoxlu savablarını itirir.

Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Bir nəfər o birinə «fasiq» və ya «kafir» deməsin. Əgər onun dediyi kimi deyilsə, (bunun günahı) söyləyən kəsin özünə qayıdar. (Buxari 6103).

Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (Allahın ona salavat və salamı olsun)demişdir: “Bir nəfər qardaşına «kafir» dedikdə, onlardan biri həmin günaha batar” (Buxari 1/97).

Qeyd etdik ki, bu əməl, xüsusən də, dövrümüzdə ən çox fitnə-fəsada yol açan günahlardandır. Odur ki, gəlin kiməsə «kafir» deyilməsi məsələsinin bir az təfsilatına varaq ki, bu xəstəliyə əksərən, cahilliyi ucbatından tutulmuş gənclərimi­zə faydalı bir nəsihət olsun.

Hər şeydən öncə, kimi isə təkfir edən şəxs (yəni kimə isə «kafir» deyən) bilməlidir ki, bunu deməklə, şəxsin İslamdan çıxdığına, malının və canının halal, müsəlmanın yoldaşı varsa, nikahının batil olduğuna, öldükdə qüsl edilməyib kəfənlənmədiyinə, onun üçün cənazə namazı qılın­madığına, müsəlmanların qəbiristanlığında dəfn edilmədiyinə və əbədi olaraq Cəhənnəmdə qalacağına etiqad etmiş və eyni zamanda, bütün bunlara şahidlik etmiş olur.

İndi gəlin düşünək, bu işin altına girmək böyük bir məsuliyyət deyilmi? Məhz buna görə də bir kəsin kafir olduğunu etiqad etmək üçün dəlillərə əsaslanıb alimlərin qoyduqları qaydalara əməl etmək lazımdır. Bunlardan bəzilərini müxtəsər olaraq sizə xatırladırıq:

1. Küfr edən şəxs etdiyi əməlin küfr olmasını bilməlidir
Cahil olduğu halda küfr əməl edən kəs kafir olmur. Buna dəlil olaraq, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bir hədisini misal gətirmək olar.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Ömrü boyu xeyir bir iş görməyən bir kişi ölüm ayağında olarkən, övladlarına öldükdən sonra onu yandıraraq, külünü şiddətli küləkdə dənizə səpmələrini əmr edib deyir: “Allaha and olsun ki, O, məni təzədən yığmağı bacararsa, mənə elə bir əzab verəcək ki, heç kəsə elə əzab verməmişdir”. Uca Allah onu bağışlayır” (Buxari 3478, 3481. Muslim 2756, 2757).

Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) bu hədisi zikr etdikdən sonra demişdir: “Bu kişi Allahın qüdrətində şəkk edir. Hətta Allahın onu yenidən dirildə bilməyəcəyinə etiqad edir. Müsəlmanlar bu cür etiqadın küfr olmasında ittifaq etmişlər. Lakin cahil olub, Allahın əzabından qorxduğu üçün Allah həmən şəxsi bağışlayır” (“Məcmu`ul Fətəva”, 3/231, 230).

2. Etdiyi küfr əməli qəsdən etməlidir
Çaşıb və ya unudub etdiyi küfr edən müsəlman hələ kafir olmur. Buna dəlil olaraq, Bir kişinin səhrada ikən üzərində yeməyi və içməyi olan miniyinin itirməsi ilə bağlı olan hədisdir. Həmin şəxs ağacın kölgəsinə gələrək ölümünü gözlədiyi zaman miniyi onun yanına gəlir və o, sevincinin şiddətindən «Allahım sən mənim qulum və mən də sənin rəbbinəm»— deyir. (Muslim 7136) Bu kişi çaşqınlıqla kufr sözü işlətməsinə baxmayaraq, ona heç bir günah yazılmır.

İmam Şafi (Allah ona rəhmət eləsin) demişdir: “Ona hüccət qaldırıldıq­dan sonra, haqqa müxalif olarsa, onda kafir olur. Hüccət qaldır­mazdan öncə cahil olduğu üçün üzrlüdür ”. (Muxtəsarul Uluvv, 177. İctiməul Cuyuş əl-İsləmiyyə, 165)

3. Etdiyi küfrü öz ixtiyarı ilə etməlidir
Məcburiyyət qarşısında edilən küfr insanı İslamdan çıxarmır. Ammar ibn Yasiri (Allah ondan razı olsun) məcbur edib: “Allahdan başqa ibadətə layiq olan tanrı var”-dedirtdikləri zaman onun İslamdan çıxmadığı barədə Uca Allah ayə nazil etdi: “Qəlbi imanla sabit qaldığı halda (haqqı danmağa) məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır”  (ən-Nəhl surəsi, 106).

4. Təvil etməməlidir
Təvil; küfr olan şeyin halal və ya caiz olmasına, əsaslandığı dəlilin isə səhih olmasına etiqad etmək deməkdir. Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) demişdir: “Təvil edən kəs həqiqətdə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) tabe olmağı qəsd edərək ictihad edib xəta etmişsə, nəinki kafir, hətta fasiq belə olmur. Bu, insanlar arasında aydın olan məsələdir. Etiqad məsələsində çox insanlar xəta edənləri təkfir edirlər. Bu rəy nə səhabədən, nə tabiindən, nə də müsəlman alimlərdən heç birinin rəyi deyildir. Həqiqətdə isə, bu bidət əhli rəylərinin əslidir”. (Minhəcus Sunnə, 5/239).
İbn Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: “(Küfrü) Cahillik və ya təvil üzündən inkar edən şəxs üzrlü sayılaraq, təkfir olunmur” (Mədəricus Səlikin, 1/367).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti