Məqalələr

Müjdələr olsun!

Öz eyiblərilə məşğul olub, başqalarının qüsurlarıyla maraqlanmayanlara müjdələr olsun!

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (Allahın ona salavat və salamı olsun ) Allaha həmd edib, təriflər dedikdən sonra belə buyurdu:

 «..Ey insanlar!..

Sanki, ölüm — yalnız bizdən başqalarının Qədər`indədir..

Sanki, haqqa tabe olmaq — yalnız başqalarına vacibdir..

Bizə elə gəlir ki, cənazəsini torpağa tapşırdığımız ölülər, az bir müddət sonra yenidən bizim yanımıza (dünyaya) geri qayıdacaqlar..

Qəbirlərini hazırlayırıq, özlərindən sonra dünyada buraxdıqları miraslarını mənimsəyirik; amma elə zənn edirik ki, onlardan sonra biz (dünyada) əbədi qalacağıq..

Həqiqətən, bütün ibrətləri unutduq və bütün bəlalardan özümüzü güvəndə hiss edərək, arxayınlıq hisslərinə qapıldıq..

 

Öz eyiblərilə məşğul olub, başqalarının qüsurlarıyla maraqlanmayanlara müjdələr olsun!..

Müjdələr olsun o kəsə ki — qazancı halal,

yaşayışı asudə və aşkar,

davranışları gözəl,

niyyəti təmiz,

vicdanı dürüstdür..

 

Rahatlıq anında Allahın əmrlərinə tabe olub, Ona boyun əyənə,

topladığı malı halal şeylərə xərcləyənə,

elm və hikmət məclislərinə gedənə,

çarəsiz və ehtiyyaclılarla oturub-durana — müjdələr olsun!..

 

Müjdələr olsun o kəsə ki — nəfsini bütün artıq şeylərdən təmizləmiş,

əxlaqi gözəlliklərlə bəzənmiş,

dürüst bir həyat yaşamış və insanlara bir pisliyi toxunmamışdır..

 

Mal-dövlətinin -ehtiyyacını təmin etdiyi qədərindən- artığını sədəqə edənə,

boş və lazımsız sözlərdən uzaq olana,

Sünnə ilə kifayətlənib, bid’ətə həvəs göstərməyənə — müjdələr olsun!..»

 

Əbu Nuaym «əl-Hilyə» (3/202-203)

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha