Məqalələr

Mübahisə etmək necə olmalıdır

Hidayət olduqdan sonra insanları azdıran şey mübahisə etmələridir

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Mübahisə etməyin iki növü vardır:

Birinci növ: Tərifə layiq olan, haqqa aparan, islah niyyəti ilə və hikmətlə edilən mübahisə. Uca Allah buyurur: «(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.» (ən-Nəhl 125) Başqa bir ayədə buyrulur: «İçərilərindən zülm edənlər istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin.» (əl-Ənkəbut 46) Gözəl tərzdə olan mübahisə dedikdə, niyyətin insanlara haqqı bəyan edib, onların hidayət olmasına çalışmaqla yanaşı elm, gözəl əxlaq, mülayimlik, gözəl davranmaq, haqqa dəvət etmək, batili inkar etmək, hirslənməmək və s. nəzərdə tutulur.

İkinci növ mübahisə: Xoşa gəlməyən, tərifə layiq olmayandır. Nəticəsi faydasız olan, elmsiz və hikmətsiz eləcədə əsəbi halda olunan mübahisə xoşa gəlməyən mübahisədir.

Uca Allah buyurur: «İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir inkarçı şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim (şeytanla) dostluq etsə, (şeytan) onu (doğru) yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər.» (əl-Həcc 3-4)

Başqa ayədə buyrulur: «Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil (dəlilləri) ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.» (əl-Kəhf 56)

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: «Hidayət olduqdan sonra insanları azdıran şey mübahisə etmələridir.» (Sunən ət-Tirmizi, 3250). Sələfilərdən bəziləri deyərdilər: «Allah kimə xeyir istəyirsə ona əməl qapısını açıb, münaqişə qapısını bağlayar. Şər istədikdə isə əməl qapısını bağlayıb, mübaqisə qapısını açar.»

Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuşdur: «Elmi üç şey üçün öyrənmə və üç şey üçün də tərk etmə. Elmi mübahisə etmək, öyünmək və riya üçün öyrənmə. Elmi utanaraq, alçalaraq, cahil qalacağına görə tərk etmə.» 

İmam Malik (Allah ona rəhmət eləsin) buyurmuşdur: «Elmdə mübahisə etmək qəlbi sərtləşdirir və tənə vurmağa gətirib çıxarır

İmam Şafi (Allah ona rəhmət eləsin) demişdir: «Mübahisə etdiyim elə bir kimsə yoxdur ki, haqqı rədd etsin və o mənim gözümdən düşməsin

Həmçinin, mübahisə etmək insanlar arasında kin-küdurətə gətirib çıxaran bir amildir. Meymun ibn Məhrandan (Allah ona rəhmət eləsin) soruşurlar ki, “Necə olar ki, sən qardaşına nifrət etmədən onu tərk edirsən?” O, cavab verir: «Çünki mən qardaşımla mübahisə etmirəm.»

Haqq olan halda mübahisə etməyi tərk edən kəsin mükafatı barədə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Mən haqq olaraq mübahisəni tərk edən kəsin Cənnətə sığınmağına, zarafat etdikdə belə yalanı tərk edənə Cənnətin ortasında, əxlaqını gözəlləşdirən şəxsin Cənnətin yuxarısında evi olmasına zamin duraram.» (Sunən Əbu Davud 4/253)

Qeyd: Hər bir kimsə mübahisə edib qalib gələrsə onu camaata yaymamalıdır. Bəzi insanlar mübahisə edib qalib gəldikdən sonra, hansı məclisdə olursa olsun həmin hadisə oturduğu məclisin meyvəsinə çevrilir. Elə bir məclis olmasın ki, orada onu danışmasın. Həmçinin bu riya, qeybət qapısını açır. Allaha şükür edib, susması onun üçün daha faydalıdır.

Hazırladı: Ramil Soltanov
23.11.2012

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha