Aktual Müxtəlif Seçilmişlər

Milad bayramı və ya biznesə çevrilmiş ənənə

İllərdir qadınlı-kişili, qocalı-cavanlı, böyüklü-uşaqlı bütün dünya əlbir olub Milad bayramını qeyd edir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İllərdir qadınlı-kişili, qocalı-cavanlı, böyüklü-uşaqlı bütün dünya əlbir olub “Milad bayramını” qeyd edir. Lakin, əksər insanlar bu bayramın haradan qaynaqlandığından, niyə qeyd edildiyindən xəbərdar deyil. Rəvayətlərə görə, bu bayramı Avropada ilk olaraq Martin Lüter təsis edib. Bəzi mənbələrə əsasən, bu bayram qədim alman bütpərəst mifologiyasından qaynaqlanır. Pyotrun dövründə “yolka” (küknar) oradan Rusiyaya sızır. 1830-cu ildə bəzədilmiş küknar ağacına protestant alman ideyası kimi baxırdılarsa, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli bəzədilmiş küknar ağacını artıq əsassız olaraq “milad küknarı” adlandırırdılar. Küknar ağacı yalnız aristokratların evində quraşdırılır, dindar təbəqə isə buna qarşı mübarizə aparırdı. Kilsələrdə bu bidətə qarşı moizələr oxunur, möminlər bu işdən çəkindirilirdi. Bundan əlavə, qədim slavyan aləmində küknar ölüm rəmzi sayılırdı. Yaxşı yanma qabiliyyətinə malik olduğu üçün, ölüləri küknar ağacının sıx budaqları və qozaları ilə örtüb yandırırdılar.

1917-ci il Oktyabr inqilabından sonra, Sovet hökuməti kütləvi şəkildə ateizmin təbliğinə başladı. Milli komissarlar Şurası Qrioqryan təqviminin tətbiqinə başladıqdan sonra, bir-birinə yad olan iki məfhum — Milad və Yeni il anlayışları bir-birinə qarışdı. “Milad bayramı” isə 1989-cu ilə qədər qadağan edildi. 1989-cu ildən başlayaraq isə, yeni il kommersiyalaşdırılmağa başladı! Gəzmək, bayram eləmək və şənlənməyə həris olan insanlar üçün yeni bir əyləncə bəhanəsinə çevrildi.

17-ci əsrdə, “Milad bayramı” İncilə zidd olduğu və bütpərəst mənşəyi səbəbi ilə İngiltərədə və bəzi Amerika koloniyalarında qadağan edilmişdi.

Ən etibarlı tarixi mənbələrə əsasən, “Milad bayramı” İsa peyğəmbərin ölümündən 200 ildən də çox sonra günah hesab olunurdu: “Eramızın 245-ci ilində [erkən katolik teoloqu] Origen…günah bir əməl kimi İsanın ad gününü qeyd etməyi təkzib edir”1.
Ümumiyyətlə, İsa peyğəmbərin doğulduğu Fələstinin Vifleem şəhərində küknar ağacının bu növü ümumiyyətlə bitmir. Orada digər iynəyarpaqlı ağaclar bitir. Lakin, o iynəyarpaqlı ağaclar şümal, sıx yarpaqlı küknarları qətiyyən xatırlatmır.

Bir çox ilahiyyatçılar İsa peyğəmbərin qış mövsümündə doğulmasının mümkün olmadığını bildirir. Buna dəlil olaraq onlar İncildən aşağıdakı sətirləri gətirirlər: “O ölkədə düzəngahda gecələr öz sürülərinin keşiyində duran çobanlar var idi”2. Vifleemdə dekabr ayı ən soyuq, yağşlı və qarlı aylardan biridir. Bu cür soyuq havada heç bir çoban öz sürüsünü düzəngaha çıxarmazdı.

Tarixçi Aleksandr Hislop, öz “İki Babil” əsərində yazır: “Fələstinin iqlimi bu ölkənin [İngiltərə] iqlimi kimi sərt deyil; lakin, günün isti keçməsi nəzərə çarpsa da, hətta orada da, dekabr ayından fevral ayına qədər gecələr kəskin soyuq olur və Yəhudeya çobanları öz sürülərini oktyabr ayının sonundan etibarən açıq düzəngaha çıxarmaq adətinə malik deyildilər”3.

“Amerika bayramlarının məcmusu” kitabında isə aşağıdakılar qeyd olunub: “…bu, İsanın yayda və ya payızın əvvəlində doğulmasına işarə edir. Çünki, Yəhudeya diyarında dekabr ayı soyuq və yağışlı olduğu üçün, çox güman ki, çobanlar öz sürülərini düzəngaha çıxarmamış və sığınacağa daldalanmışdılar”4.

Sky and Space jurnalının xəbərlər şöbəsinin redaktoru Deyv Reneke də əslində İsa peyğəmbərin nə 25 dekabrda, nə də 7 yanvarda doğulmadığını iddia edir. Avstraliyalı astronom İsa Peyğəmbərin böyük ehtimalla 17 iyun tarixində doğulduğunu bildirib. Deyv Reneke İsa Peyğəmbərin doğulduğu gün ulduz səmasının xəritəsini işləyib hazırlayıb və İsa əleyhissəlamın iyun ayında doğulduğunu bildirib. Öz hesablamalarında Deyv Reneke Matveydən rəvayət olunan İncilə və tamamilə yeni proqram təminatına əsaslanıb 5.

Maraqlıdır ki, astronomik tədqiqatların nəticələri Quran ayələri ilə üst-üstə düşür. Quran ayələrinə əsasən, İsa peyğəmbər məhz yay mövsümündə doğulub. Çünki, İsanın doğulması zamanı Cəbrayıl Məryəmə səslənərək, yaxınlıqdakı palma ağacını öz üstünə əyərək xurma yeməsini bildirir. Xurma ağacı isə yalnız isti mövsümdə bəhrə verən ağacdır: “(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün”6.

İohandan rəvayət olunan İncildə isə, İsa əleyhissəlamın Yerusalimə daxil olması və xalqın onu məhz xurma ağacının yarpaqları ilə salamladığı təsvir olunur.
Müasir dövrdə də, isti mövsümə malik ölkələrdə, məsələn, Havay adalarında, milad ağacı kimi palma ağacından istifadə olunur 7.

İeremiyadan rəvayət olunan İncildə, Milad küknarını bəzəmək adətini xatırladan bütpərəst adəti təsvir olunur:
“Rəbbin belə deyir: bütpərəstlərin yolunu öyrənməyin və bütpərəstlərin qorxduğu səma əlamətlərindən qorxmayın. Çünki, xalqların qayda-qanunları boşluqdur: meşədə ağacı kəsirlər, dülgər əlləri ilə baltanın köməyi ilə onu düzəldirlər, gümüş və qızılla bəzəyirlər, mismar və çəkicin köməyi ilə bərkidirlər ki, laxlamasın” 8.

Əhdi-Cədid İsa peyğəmbərin həyatının təqribən 60 ildən çoxunu əhatə edir, lakin, kitabın heç bir yerində biz Milad bayramının qeyd edilməsinə uzaqdan-yaxından işarə edən heç bir ipucu görə bilmərik. İncili vərəq-vərəq oxusanız da, o kitabda “milad bayramı”, “milad ağacı”, Santa Klaus” və ya “uçan maral” sözünə rast gələ bilməzsiniz.

Bəs necə olub ki, 25 dekabr İsa peyğəmbərin doğum günü kimi qələmə verilir? Tarixçilər Jerar və Patrisia Del Re öz “Xristian almanaxı” adlı kitablarında bu məsələnin izahını belə verirlər:
“Dekabr ayının 25-ini bayram etmək Romalılara farslardan gəlib. Farsların işıq ilahı olan Mitra dekabr ayının 25-i daşdan doğulub. Roma qəribə ilahlar və ayinlərinə görə məşhur idi və əqidəcə xristian olmayan imperator Avrelian dekabr ayının 25-ini Məğlubdedilməz Günəş günü elan edir.

Mitra günəşin təcəssümü idi, odur ki, onun doğulması dövrü, Romanın son rəsmi dini olan Mitraizmdə əsas gün sayılırdı…belə güman edilir ki, impereator Konstantin xristianlığı qəbul etməzdən əvvəl Mitraizm inancına malik olub. Çox güman ki, köhnə dininin əsas bayramını öz yeni inancına daxil etmək məhz onun vasitəsilə baş verib” 9.

“Britannika” ensiklopediyasında isə bu barədə bildirilir: “Ən məşhur qış festivallarından biri 17-24 dekabr tarixlərində keçirilən “Saturnaliya” festivalı idi. Bu, şənliklər və qızğın eyş-işrət dövrü olduğu üçün, heç kim işləmir, bütün məktəblər və məhkəmələr bağlı olurdu. İnsanlar yeyib-içir, rəqs edir, qumar oynayır və insanların adətən bayramlarda əyləndikləri əyləcələrə qapılırdılar. 25 dekabr xüsusi bir gün idi – iran günəş və işıq ilahı Mitranın doğum günü idi. Kilsə isə, qış festivalının bütpərəst ənənələri ilə mübarizə aparmaq üçün bu günü İsa peyğəmbərin doğum günü elan edir”10.

Ümumiyyətlə, Milad bayramının komponentlərinə nəzər yetirsək, onların müxtəlif inanclardan, mifologiyalardan qaynaqlandığının şahidi olarıq. Sizcə bəzədilmiş həmişəyaşıl ağacların, pırkal kolunun, xəzli qırmızı geyimli gombul kişinin, xizəklərin və uçan maralların İsa peyğəmbərin doğuluşu ilə nə əlaqəsi var? İtiuclu yarpaqlı, qırmızı meyvəcikləri olan zəhərli pırkal kolunu qədim Druidlər öz dini ayinləri zamanı istifadə ediblər. Yeri gəlmişkən, məhz qədim Druidlərin inancına əsasən, elflər şeytanlar və ya ağacların ruhlarıdır. Skandinaviyalılar inanır ki, ilahlar ağaclarda yaşayır. Və əgər kimsə ilahla danışmaq istəsə, ağacı taqqıdadır və daha sonra onunla söhbət edir. Bəla gəlməsin deyə “ağacı taqqıldatmaq” da məhz bu inancdan qaynaqlanır! Qədim skandinaviyalılar diqqət yetirib ki, payız mövsümündə, indi hər kəsin “Milad ağacı” adlandırdığı küknar ağacından başqa bütün ağaclar yarpağını tökür. Onlar inanmağa başlayıb ki, bu əbədi həyata işarədir və həmişəyaşıl olduğu üçün Tanrı məhz bu ağacın içində məskunlaşıb. Onlar bu ağacın kiçik versiyalarını evlərinə gətirərək ona ibadət etməyə başlayblar.

Santa Klaus və ya “milad ata” adlı obraz isə hollandlara məxsus “Saint Nikolaas”-ın təhrif olunmuş formasıdır. “Saint Nikolaas” 4-cü əsrdə Kiçik Asiyada yerləşən Mira şəhərində Roma Katolok kilsəsinin yepiskopu olub. Daim uşaqlara hədiyyələr verən yepiskopu Roma Katolik kilsəsi müqəddəsləşdirir və uşaqların xüsusi dostu və qoruyucusu elan edir. Qırmızı geyim isə, İtaliyada katolik yepiskopları və kardinalların qırımızı rəngli geyim geyinməsi ilə əlaqədardır. Daha sonra müqəddəs Nikolaasın obrazı Qərb tərəfindən təlxəkləşdirilərək hörmətdən salınır.
Həmçinin, Santa Klaus “Kriss Kringle” kimi tanınırdı. Bu isə almanlara məxsus “Christ Kindl” obrazından irəli gəlir. Skandinaviya ölkələrində də məşhur olan bu obrazın adı “Tanrının oğlu” kimi tərcümə olunur.

Mənşəcə isə Santa Klaus konsepsiyası Misir ilahı olan tosqun, qnoma bənzəyən və uşaqların himayədarı olan Bes adlı ilahdan qaynaqlanır. Guya Bes Şimal Qütbündə yaşayır, il ərzində valideynlərinin sözünə qulaq asmış uşaqlar üçün oyuncaq hazırlayır.

Dini aspektlərdən baxdıqda, Santaya föqvəltəbii güc və yalnız Allaha məxsus olan atibutlar şamil edilir. Amerikalı xristian inancına mənsub bir qadın yazdığı məqalədə Santa haqqında bunları deyir: “Biz Santanı görə bilmədiyimiz kimi, Tanrını da görə bilmirik. Mən istəmirəm ki, uşaqlarım bir gün Santanın fantaziya olduğunu anladıqları kimi, Tanrının da fantaziya olduğunu düşünsinlər”.

Xristian inancına malik amerikalı köşə yazarı Kal Tomas isə, 2003-cü ilin dekabr ayında Milad bayramı haqqında bu həqiqətləri ictimaiyyətin diqqətinə çatdırır:

“Bilmirəm, Milad bayramını davam etdirməyə dəyər ya yox. Bu bayram maralların, qış mənzərələrinin, elflərin və Tanrını əvəzləyən, ilin qalan hissəsini uşaqlarına məhəl qoymayan valideynlərin vicdanı bahasına pul qazanmağa can atan ticarətçilər üçün əsas rolunu oynayan Santa Klausun şousuna çevrilib”.

Bütün bu deyilənlərdən əlavə, hər il milyonlarla küknar ağacı bir neçə günlük əyləncə xatirinə vəhşicəsinə kəsilir. Halbuki, küknar ağacının 3 metrə qədər uzanması üçün 20 il vaxt tələb olunur. Guya təbii küknarları əvəzləmək üçün Çin fabriklərində istehsal olunan, plastik qoxan və mənşəyi bəlli olmayan kimyəvi maddələrdən hazırlanan süni küknarların zərərlərindən isə danışmağa çox güman ki, ehtiyac yoxdur.

Uşaqlıqda izlədiyimiz “Prostokvaşinoda qış fəsli” cizgi filmini xatırlayırsınız? Cizgi filminin əsas qəhrəmanlarından olan Şarik adlı köpək deyir ki, “Əgər yeni ilə qədər hər kəs küknar ağaclarını kəsməyə başlasa, meşədən bircə kötüklər qalacaq”…

Lakin, bütün bunlara baxmayaraq, hər il milyonlarla insan qeyri-ixtiyari olaraq və bu bayramın tarixi ilə maraqlanmadan və mənşəyinin hardan gəldiyinə məhəl qoymadan onu qeyd edir. Bütün bu insanlar hesab edir ki, 2 milyard xristian yanıla bilməz və ümumiyyətlə əgər niyyətin yaxşıdırsa, nə fərqi var Allaha necə ibadət edirsən. Amma təəssüf ki, hər şey bu qədər sadə deyil. Biz Allahın əmrlərinə zidd əməllər etməklə niyə düşünürük ki, Onun Sevincinə və ya Razılığına nail oluruq?

Sovet dövründə Raisa Kudashevanın qələmə aldığı, dillər əzbəri olan bu misraları xatırlayırsız? “В лесу родилась ёлочка…”. Axı küknar meşədə doğulub, elə qoy meşədə də yaşasın.

Mənbələr:
1. “Britannica” Ensiklopediyası, 11-ci buraxılış, 1910-cu il, 6-cı cild, səh. 293, “Milad bayramı”.
2. İncil Lukadan, 2:8.
3. Aleksandr Hislop, “İki Babil”, 1959-cu il, səh. 91.
4. “Amerika bayramlarının məcmusu”, səh.30.
5. www.davidreneke.com
6. Müqəddəs Quran, Məryəm surəsi, 25-ci ayə (www.quran.az)
7. İncil İohandan, 12:12
8. İncil İeremiyadan 10: 2-4
9. Jerar del Re, Patrisia del Re, “Xristian almanaxı”, 1979-cu il, səh. 17.
10. “Britannica” ensiklopediyası, 7-ci cild, 202-ci səhifə

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha