Fiqh Fiqh Elmi Məqalələr

Məzhəblər, ixtilaflar və bunların səbəbləri — 2-ci dərs

Şeyx Useymin (Allah ona rəhmət etsin) belə deyib: «Allah Təalənin bu ümmət üzərində olan nemətlərindən biridə odur ki, onların aralarında olan ixtilaf dinin köklü məsələlərində və əsas məsdərlərində deyil, onların birliyini parçalamayan məsələlərdə baş verir…»

Rəhmli və Mərhəmətli Allahin adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx Abdul-Muhsin əl-Abbəd (Allah onu qorusun) belə deyib: «Fiqh sahəsində tanınan alimlər çoxdur. Bu sahədə ən çox tanınanlardan dörd məzhəb imamlarıdır. Bunlar: İmam Əbu Hənifə Nu`mən ibn Səbit (hicrətin 150-ci ilində vəfat edib), İmam Məlik ibn Ənəs, kunyəsi Əbu Abdilləh (hicrətin 179-cu ilində vəfat edib), İmam Muhəmməd ibn İdris əş-Şəfi`i (hicrətin 204-cü ilində vəfat edib), İmam Əhməd ibn Hənbəl (hicrətin 241-ci ilində vəfat edib).»

Bu İmamların yaşadıqları dövrdə digər böyük alimlərdə olub. Lakin onların məzhəbləri bu dörd imamın məzhəbi kimi məşhurlaşmayıb….

Bu dörd məzhəbə mövqeyimiz necə olmalıdır?

Şeyx Muhəmməd əl-Əmin əş-Şinqıti (Allah ona rəhmət etsin) belə buyurub: «Bil ki, bizim dörd imamlara qarşı olan mövqeyimiz digər insaflı müsəlmanların onlara qarşı olan mövqeləri ilə eynidir. Mövqeyimiz: onları sevmək, hörmət etmək, elm və təqvalarına görə onları tərifləmək, Kitab və Sünnəyə əməl etməkdə onlara tabe olmaq, o ikisini onların rəylərindən üstün tutmaq, onların rəylərini qövllərini öyrənmək, haqq işlərdə onlardan istifadə etmək, Kitab və Sünnəyə müxalif olanlarını isə tərk etməkdir.»

Məzhəblərdən birini təqlid etməyin hökmü

Şeyx Abdul-Muhsin əl-Abbəd özünün «Təfsir, hədis və fiqhə fikir verməyin əhəmmiyyəti» adlı kitabında bu barədə danışıb. Şeyxin sözünün məzmunu qısa şəkildə belədir: «Haqqı dəlilləri ilə axtara bilən bir kimsəyə vacibdir ki, dəlili götürüb insanların rəylərini tərk etsin. Lakin savadsız, fiqhi məsələlərdən baş açmayan və onu öyrədəcək bir elm əhli tapmayan şəxs isə bu dörd məzhəbdən birini təqlid edə bilər. Çünki, o buna məcburdur. Allah Təalə buyurur: «Allahdan bacardığınız qədər qorxun.» (ət-Təğabun 16)». («Şeyx Abdul-Muhsin əl-Abbədin kitabları və risalələri» 5-ci cild)

Fəqihlərin ixtilaf səbəbləri

Şeyx Useymin (Allah ona rəhmət etsin) belə deyib: «Allah Təalənin bu ümmət üzərində olan nemətlərindən biridə odur ki, onların aralarında olan ixtilaf dinin köklü məsələlərində və əsas məsdərlərində deyil, onların birliyini parçalamayan məsələlərdə baş verir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dövründə insanlar öz aralarında ixtilaf baş verərkən onun yanına gələrdilər, o da onların arasında hökm verərdi… Lakin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vəfat edəndən sonra şəri hökmlərdə ümmətin ixtilafı başladı. Bu ixtilafların dinin köklü məsələlərinə və əsas məsdərlərinə təsiri yox idi.» (Muhəmməd ibn Saleh əl-Useymin «Fəqihlərin ixtilafı, bunun səbəbləri və bizim buna münasibətimiz» kitabı)

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) bu barədə ayrıca kitab yazıb. Kitabın adı belədir: «Böyük alimlərdən qınağın qaldırılması» (ərəbcə: رفع الملام عن الأئمة الأعلام). Həmən kitabda müəllif belə buyurur: «Bilinməlidir ki, ümumi şəkildə qəbul olmuş imamlardam heç biri Allahın Rəsulunun (Allahın ona salavat və salamı olsun) sünnəsinə hər hansı bir şeydə müxalif olmağı qəsd etməyib. Bu, istər kiçik, istərsədə böyuk məsələlərdə olsun eynidir. Əksinə, onlar Allahın Rəsuluna (Allahın ona salavat və salamı olsun) tabe olmağın vacib olması barədə qətiyyətlə ittifaq etmişlər. Həmçinin Allah Rəsulundan (Allahın ona salavat və salamı olsun) başqa hər kəsin sözünün ya götürüldüyünə, yada tərk olunduğuna inanırlar. Lakin bununla belə onlardan birindən səhih hədisə muxalif olan bir söz gələrsə, onun tərk etməsində mütləq üzrü vardır. Alimlərin üzrləri üç qismdir:

Birincisi: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) o hədisi dediyini etiqad etməmək.

İkincisi: Bu sözü ilə məhz o məsələni qəsd etdiyini etiqad etməmək.

Üçüncüsü: Həmən hökmün mənsux olduğunu etiqad etmək.

Bu üç növdən bir neçə səbəb şaxələnir:

Birinci səbəb: Ola bilsin ki, həmən hədis ona yetişməyib.

İkinci səbəb: Ola bilsin ki, hədis ona çatıb, lakin həmən alimə görə bu hədis sabit deyil.

Üçüncü səbəb: Ola bilsin ki, onun rəyinə görə bu hədis zəifdir və başqası isə həmən hədisi səhih sayır.

Dördüncü səbəb: Ola bilsin ki, həmən alim bir nəfərin rəvayət etdiyi xəbərin qəbul olunması üçün digərlərinin qoymadığı şərtlər qoyur.

Beşinci səbəb: Ola bilsin hədis ona yetişib və onu sabit sayır, lakin sonradan onu unudub…». (Ətraflı məlumat üçün kitabın özünə bax.)

Fiqhi məsələlərdə olan ixtilaflar alimlərin hörmətini, qədir-qiymətini heçdə azaltmır. Əksinə onlardan kim doğru olarsa iki əcr qazanar, kim də səhv edərsə bir əcr qazanar. Çünki, Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) belə buyurub: «Hakim hökm verər və ictihad edib doğru olarsa ona iki əcr var, əgər hökm verər və ictihad edib səhv edərsə ona bir əcr var.» (Buxari 7352) Həmçinin, qeyd etmək lazımdır ki, onların hər biri böyük imam, dəvətçi, zahid, abid və saleh insanlar olublar. Allah onlara rəhm etsin.

Sonda Allah subhənəhu və təalədən istəyirik ki, bizi və bütün müsəlmanları öz dinində fəqih etsin. Həmçinin Ondan istəyirik ki, bizi Özünün razı qaldığı və sevdiyi işlərə müvəffəq etsin. Sonda Allahın salamı və salavatı olsun Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə.

 Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Seymur Camalov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment