Məqalələr

Məscidə gedən qadın

Dəyərli bacım, bu baxımdan sənə bəzi faydalı tövsiyələrimiz var!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Aləmlərin rəbbi Allaha həmd olsun. Peyğəmbərlərin və elçilərin ən şərəflisi Muhəmmədə (Ona Allahın salavatı və salamı olsun), onun ailəsinə, əshabına və qiyamət gününə qədər onların ardınca haqq yolda gedənlərə Allahın salavatı və salamı olsun.

Dəyərli bacım!

Məscidə getmək üçün şəriətin tələb etdiyi ədəb qaydaları vardır ki, bunlara əməl etmək vacibdir. Yalnız bu halda uca və nöqsansız Allahın tam razılığını, böyük savabı əldə edə bilərsən.

Dəyərli bacım, bu baxımdan sənə bəzi faydalı tövsiyələrimiz var:

  • Əvvəlcə niyyətini düzəlt, onu sırf Allah üçün et

Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Həqiqətən əməllər niyyətlərə görədir. Hər kəs niyyət etdiyinə nail olur.” (Buxari rəvayət etmişdir).

  • Evdən çıxmadan öncə valideynindən, yaxud həyat yoldaşından icazə al

İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Qadın ərinin icazəsi olmadan heç kəsi evinə buraxmasın, nə də ərinin icazəsi olmadan nafilə (vacib olmayan) ibadət etməsin…” (Buxari rəvayət etmişdir).

  • Sadəlik libasın olsun. Gedərkən sakin və təmkinli ol
  • Ətir vurma

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Hansı qadın ətirdən istifadə edibsə, o bizimlə birlikdə işa namazını qılmasın.” (Muslim rəvayət etmişdir).

Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, mən sevimlim Əbul Qasimin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm:“Məscidə gəlmək üçün ətirlənən qadın evinə qayıdıb cənabət qüslü kimi qüsl almadıqca onun namazı məqbul olmaz.” (Əbu Davud rəvayət etmişdir. Şeyx Albani səhih olduğunu demişdir).

Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Allahın qadın bəndələrini məscidlərdən məhrum etməyin. Onlar da məscidə gedərkən ətirlənməsinlər.” (Əbu Davud rəvayət etmişdir. Şeyx Albani səhih olduğunu demişdir).

  • Xoşagəlməz qoxusu olan qidaları yemə, çünki bu, digər namaz qılanları narahat edir

Cabir bin Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “Kim sarımsaq, yaxud soğan yeyibsə, camaat arasına, yaxud məscidimizə gəlməsin, evində otursun…” (Buxari və Muslim rəvayət etmişdir).

  • Məscidə gedərkən bədən və libas təmizliyinə xüsusi diqqət yetir
  • Qəlbində Allahdan başqa heç kimsə olmasın

Uca Allah buyurur: Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır.” (əl-Həcc: 32).

  • Mobil telefonunu söndür ki, xüşulu olmağına mane olmasın

Məscidə daxil olarkən bu duanı oxu: “Bismilləh, vəs-səlatu, vəs-səlamu alə Rasulilləh, Allahumməftəh liy əbvabə rahmətikə. Allahumməğfir li zunubi vəftəh li əbvabə rahmətikə.” (Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisinə! Allahım mənim günahlarımı bağışla, rəhmət qapılarını mənim üçün aç!”

Məsciddən çıxarkən bu duanı oxu: “Bismilləh, vəs-səlatu vəs-səlamu alə Rasulilləh. Allahumməğfir li zunubi, Allahummə inni əsəlukə min fadlikə.”

«Allahın adı ilə! Salavat və salam olsun Allahın elçisi­nə! Allahım! Mənim günahlarımı bağışla. Allahım Sənin lütfündən diləyirəm.” (Muslim rəvayət etmişdir.)

Əbu Davud və digər hədis kitablarında bu kimi başqa dualar da deyilmişdir. Hansını istəsəniz oxuya bilərsiniz.

  • Namaza başlayarkən cərgələrin düzlüyünə diqqət et!

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Cərgələri düzəldin. Çiyinlərinizi bərabər tutun, boşluqları doldurun. Qardaşlarınıza qarşı mehriban olun. Şeytan üçün boşluqlar saxlamayın. Kim cərgəni birləşdirərsə, Allah da onu birləşdirər. Kim cərgəni qırarsa, Allah da onu qırar.” (Əbu Davud rəvayət etmişdir. Şeyx Albani səhih olduğunu bildirmişdir).

  • Bacardığın qədər namazı ayaq üstə qıl

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Namazı ayaq üstə qıl. Əgər bacarmırsansa otur qıl…” (Buxari rəvayət etmişdir).

  • Quranı uca səslə oxuma, rüku və səcdədə imamdan önə keçmə

Əbu Hureyrə  (Allah ondan razı olsun) Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: “İmam, tabe olmaq üçün təyin edilmişdir. (Namazda) imama müxalif olmayın. O rüku etdikdə siz də rüku edin, “səmiəllahu limən həmidəh” deyəndə, siz də “rabbənə valəkəl həmd” deyin. Səcdə etdikdə, siz də səcdə edin. Oturub namaz qılarsa, siz də oturub qılın. Namazda cərgələri düz tutun. Bu, namazın gözəlliyindəndir.” (Buxari və Muslim rəvayət etmişdir).

Əbu Hazim ət-Təmmar əl-Bəyadi (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) camaat arasına çıxanda onlar namaz qılır, uca səslə qiraət edirdilər. Bunu görən Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Namaz qılan kimsə uca Rəbbini çağırır. Necə çağırdığına diqqət etsin. Quran oxuyarkən uca səslə bir-birinizə mane olmayın.” (Əhməd rəvayət etmişdir. Albani səhih olduğunu demişdir).

  • Tənə vurmaqdan, göz-qaş etməkdən, qiybət və sözgəzdirənlikdən uzaq dur

Uca Allah buyurur: Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (əl-Hucurat: 12).

  • Məscidin giriş qapısında namaz qılma ki, başqalarına mane olmayasan
  • Məscidə girib-çıxarkən izdihama səbəb olacaq hərəkətlərdən uzaq dur
  • Bacardığın qədər körpə uşaqları məscidə aparma ki, namaz qılanlara mane olmayasan
  • Məscidin təmizliyinə diqqət et. Çünki o, uca və nöqsansız Allahın evidir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti