Məqalələr Önəmli günlər

Məhərrəm ayını necə qarşılayaq?

Bismilləh, əlhəmdulilləh! Əziz müsəlmanlar!

Artıq məhərrəm ayı daxil olmuşdur! Bu ay İslam aləmində ilin ilk ayı olduğu üçün həm hicri təqvimə görə yeni ilin daxil olmasıdır, həm də bir çox mühüm tarixi hadisələrlə yadda qalmışdır. Biz yeni ilimizə yas və matəmlə başlamadığımız kimi, bayramla da başlamırıq. Çünki, İslamda Məhərrəm ayı digər aylar kimi adi günlərdəndir. Eyni zamanda insanın nəfsini hesaba çəkməsi, ötən ildəki əməlləri barəsində düşünməsi də məqsədəuyğun haldır! Həmçinin, bu ayda Peyğəmbərin (Sallallahu aleyhi və səlləm) tutduğu və tutulmasını tövsiyə etdiyi Aşura orucu vardır!

Bu ayı bəzi insanların şirkə, bidətə, xurafata dəvət etməkdə fürsət ayı hesab etməsini nəzərə alaraq biz də insanları tövhidə, sünnəyə və haqqa dəvət etməyə çağırırıq! Çünki, Uca Allah Qurani-Kərimdə buyurur:

«Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!» (ən-Nisə, 36)

«Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur».(ən-Nisə, 48)

«Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır”». (əl-Maidə, 72)

Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Kim bizim bu işimizə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar». (Buxari və Müslim).

Müslimin digər rəvayətində Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Kim bizim etmədiyimiz bir əməli edərsə, o rədd olunar». (Muslim).

Ey insanlar! Allahın əmanəti olan İslamı doğru öyrənin və xurafatdan, mövhumatdan uzaq olun! Peyğəmbərin etmədiyi əməlləri edərək Qiyamət günü Allahın qəzəbinə və peyğəmbərdən uzaq düşməyinizə bilə-bilə səbəb olmayın! Allahdan qorxun! Din Allahındır, bəndələrin deyil!

«Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir». (əz-Zümər, 3).

 

Yazdı: Mədinə Beynəlxalq İslam universitetinin tələbəsi Sahib Əsədov.